YAĞIŞDAN ƏRİYƏN
VƏ TUFANLAR ƏYMƏYƏN HEYKƏL
Həqiqətən, yüz il, əsr yarım tarix
üçün böyük vaxt deyilmiş. 110-120 il qabaq
bağda hər gün həyat qaynayırmış. Hələ
heç indiki kimi gül-çiçəyi, ağacları
da yoxmuş. Bakı Qala divarlarından dışarı
çıxmağa başlayandan bura elə adamlar
yığılan yer olmuşdu.
Qoşa qala qapısından az aralıda, qala
divarlarının (cəmdə deməyimlə
gördüyünüzün fərqinə görə mənim
yanıldığımı zənn etməyin. Vaxtilə
indikindən içəridə bir qat da divar varmış, elə
ötən əsrdəcə sökülənlər
sökülüb, bizim günlərdə də bir zamanlar
sökülmüşün yerinə içəridən
restoranlardan ibarət "divar" çəkilib)
yaxınlığındakı bu məkanda XX yüzilin əvvəllərində
"Kaspi" mətbəəsi yerləşirdi. Hər
gün Əlimərdan bəy Topçubaşov ora işə
gəlirdi və redaksiya Azərbaycan
ziyalılığının ən seçkin elçilərinin
vaxtaşırı üz tutduğu ünvan idi.
Bir əsr, əsr yarım bir tərəfdən baxanda
xeyli uzaqda görünür. Ancaq ayrı bir baxımdan
yanaşanda, xatirələrin cığırına
düşəndə sanki yüz illik, əsr yarımlıq
vaxt bizə xeyli yaxınlaşır. İndi sözdə adama
çox uzaq kimi gələn 1911-ci ilin son iyun günlərində,
iyulun lap əvvəlində Sabir indi heykəlinin
ucaldığı yerdən keçərək yolun o
tayındakı "İslamiyyə" mehmanxanasına
gedirmiş. Bir neçə gün gecələdiyi
"İslamiyyə"də hansı otaqda
qalırmış, o da bəllidir - 18-ci nömrə. Tarix belə
yaxındır. İndi sanki 1982-ci il də bugündən xeyli
aralıdadı. Zarafat-zarafat, 40 ildən artıq zaman
keçib, o vaxtdan bəri dünya başqalaşıb, nəsillər
dəyişib. Həmin ili Sabirə aidiyyəti olan tarix kimi
ona görə yada salıram ki, həmin ildən qalan bir foto
var. Görkəmli şərqşünas alimimiz Əkrəm
Cəfər, Mirzə Ələkbərin oğlu Məmmədsəlim
Tahirli, bir də mən Sabir heykəlinin yanında
dayanmışıq. Oradan televiziyaya, aparıcısı
olduğum, rusca efirə gedən "Azərbaycan
poeziyasının antologiyası" verilişinin
yazılışına gedəcəkdik. Veriliş iki həftə
sonra göstəriləcəkdi, amma növbəti həftədə
işıq üzü görəcək
"Danışır və göstərir Bakı"
adlı proqram qəzetində
buraxılışımızın Sabirə həsr edilməsi
ilə bağlı soraqça yazacaqdım. Ona görə də
həmin qəzetin fotomüxbirini də, qonaqlarımı da dəvət
etmişdim ki, burada şəkil çəkdirib studiyaya sonra
yola düşək. Fotoçu bir qədər gecikirdi,
bağda gəzə-gəzə söhbət edirdik, Məmmədsəlim
müəllim atası ilə bağlı xatirələri
bölüşürdü, Sabir köhnə əyyamlardan
ayrılmışdı, gəlib olmuşdu müasirimiz,
söz gəlib çıxmışdı şairin heykəlinin
üzərinə.
...1911-ci ilin iyulunda Azərbaycan böyük kədər
yaşadı. İyulun 12-də Şamaxıda Mirzə Ələkbər
Sabir vəfat etmişdi. Sabiri tanıyanlar, sevənlər az
deyildi. Ata-baba yurdu Şamaxıda da, Bakıda da, Azərbaycanın
müxtəlif guşələrində də, üstəlik,
Orta Asiyada da, İranda da. Amma əksəri yazı-pozu bilməyənlər
olduğundan Azərbaycanın çox insanı ona hələ
əsl nəhəngliyi ilə, sahib olduğu tükənməz
gücə yaraşan biçimdə bələd deyildi.
1911-ci ilin o qızmar iyulunda, böyük Sabirlə əbədi
ayrılığın acısı o çağın mətbuatının
səhifələrində köhnəlmədən
qalmaqdadır. Azərbaycanın ən tanınmış qələm
adamları, ən üstün ziyalıları Sabirin qiymətini
verməyə cəhd edirdilər. Həmin çoxsaylı və
qəmli yazılar arasında biri də vardı ki, şairin vəfatından
düz 9 gün sonra dərc edilmişdi və sərlövhəsi
də "Sabirin heykəli" idi. 1911-ci il iyul ayının
21-də "Məlumat" qəzetindəki o yazının
müəllifi milliyyətcə tatar olan Eynətullayev idi. Ad
yazmayıb, məqaləsini elə bu soyadla imzalayıb. Həmin
imza elə bu təhər odövrkü Azərbaycan mətbuatında
tez-tez görünürdü. Eynətullayev qibtəsini gizlətmədən
yazırdı ki, Qərb məmləkətlərində millətin
içərisindən çıxan mümtaz övladları,
yaratdıqlarıyla, qurduqlarıyla xalqın tərbiyəsinə
xidmət edənləri əziz tutur, onlara abidələr
ucaldırlar. Heyifsilənirdi ki, bizdə belə bir adət
yoxdur, ürək yanğısıyla təəssüflənirdi
ki, bizlərdəsə belə işlər görmək
üçün maddi imkanlılar Qərbdəkilərdən
bəlkə də qat-qat çoxdur, vaysınırdı ki, fəqət
biz mənəvi dəyərlərə qiymət vermək məqamı
yetəndə yerə yıxılmış şir kimiyik. Eynətullayevin
Sabiri öyən və oxşayan o ağı yazısı
böyük şairə Azərbaycanda abidə qoyulması
haqqında böyük arzunun ilk ifadəsi idi. Hərçənd
həmin günəcən Azərbaycanda heç bir şairə
heykəl qoyulmamışdı, ümumiyyətlə, hər
hansı şəxsiyyətə aid abidəmiz yox idi.
Sabir itkisinin xəbəri yayılınca,
böyüklüyünü anlayan hər kəs onun
vaxtsız gedişinə acıyırdı, lakin bu dərdə
ona bütün tanıyanlardan daha yaxın olan sadiq dostu Abbas Səhhətdən
artıq dərdlənib yanan olmazdı. Səhhət sevimli
sirdaşının ölümünə
gözüyaşlı məqalələr yazdı, şeirlər
qoşdu və Sabirin gec-tez heykəlləşəcəyinə
ilk və ən çox inananlardan birincisi də elə Səhhət
idi ki, vardı:
Ey mücəssəm duyğu, ey ülvi bəşər,
Ey çamurlar içrə düşmüş saf zər.
Sabirə heykəlləşmiş duyğu deyən,
onu ölümə məhkum adi insanlardan saymayıb ülvi bəşər
adlandıran, palçıqlı mühitə
düşmüş təmiz qızıl hesab edən Səhhətin
gözü önündə Sabirin bütün
ömrü-günü keçmişdi, o, şairin zəhərini
içdiyi bütün güzəran nisgillərindən agah
idi və məhz ustadın müstəsnalığına əmin
olduğundan onun layiq olduğu zirvələrə yetişəcəyinə,
elə yalnız könüllərdəki məcazi deyil,
gerçək heykəlinin də ucalacağına
inanırdı:
Tən ü lən eylərsə hər nadan sənə,
Ya müsaid olmasa dövran sənə,
Qəm yemə, təxfif ver alamına,
Az keçər heykəl yaparlar namına.
Zəmanən sənə tən gəlməsə də,
hər qanmaz səni lənətləyib qaxınclar vursa da, ələmlərini
toxtat - deyə əziz Sabirinin ruhunu ovudan Səhhət həm
də peyğəmbərcə dəqiq
görübmüş. Həqiqətən, az keçdi və
o gün Azərbaycanın ən mübarək bayramlarından
biri kimi gəldi - 1922-ci il aprel ayının 28-i.
"Aprel ayının 28-i" və "bayram" kəlmələrini
yanaşı işlətməyim sizi
çaşdırmasın. Bu, acı həqiqətdir ki,
müstəqilliyimizin 2 yaşına çatmadan
yarımçıq qırıldığı, Azərbaycanın
sovetləşməsinin başlandığı gün - aprel
ayının 28-i sovet dönəmində, 70 il boyunca millətimizə,
yurdumuza bir bayram kimi sırınmışdı. Amma 1922-ci ildə
həmin gündə bu millətin tarixində elə,
doğrudan da, həmişə fəxrlə anılmağa
layiq başqa bir hadisə də baş vermişdi. Bu, xeyiri ilə
şəri daim yanbayan olan dünyadır. O il, o gün Azərbaycanda
şairə ilk dəfə abidə qoyulub, Bakıda Sabirin heykəli
ucaldılıb. Dadaş Bünyadzadə, Sultan Məcid Qənizadə,
Nəriman Nərimanov, Hənəfi Zeynallı, Cəlil Məmmədquluzadə,
Tağı Şahbazi Simurq
yığışıblarmış və həmin nadir
gündə onların hamısını o bayram içində
birgə göstərən tək foto da qalıb - Sabir heykəlinin
açılışıdır. Şairin o heykəli ayaq
üstə idi, əksi həmin çağların
saxlancı olan bir açıqcada qalmaqdadır. Abidəni
1908-ci ildən Bakıda yaşayan, Florensiya Sənət
Akademiyasını bitirmiş heykəltaraş Yakov Keylixis
düzəltmişdi. Qəzetlərdə bu abidənin
açılışı ilə bağlı dərc edilən
məqalələrdə o da vurğulanırdı ki, bu
gündən həmin məkan həm də Sabir bağı
olacaq. Ancaq o gün tək heykəlin
açılışı olsa da, çıxan məqalələrdən
birinin adı "İki heykəl" idi. Heykəllərdən
biri ucaldılmışdı - Sabirin abidəsi, amma digər
bir abidə də yıxılmışdı. Bəs o
dağıdılan hansı abidə idi? Uçurdulanı
1854-cü ildə qurmuşdular. Həmin abidə çar
generalı Pavel Sisianovun şərəfinə inşa
edilmiş üstü yazılı xatirə dirəyi idi. O
Pavel Sisianovun ki, 1804-cü ildə Gəncəni qanına qəltan
etmişdi, o Sisianovun ki, Cavad xanın qatili idi, o Sisianovun ki,
soyuqqanlı amansızlıqla xanın bütün ailəsinin
və Gəncənin neçə mərd övladının
axırına çıxmışdı.
Sisianov Bakıya 1806-cı ilin fevralında yerimişdi
ki, Hüseynqulu xandan şəhərin açarlarını təhvil
alsın və Bakı xanı da ona razılıq
ismarışı göndərmişdi, açarların təhvil
veriləcəyi görüş yerini də təyin
etmişdi - sonralar Azərnəşr binasının qərar
tutacağı, o vaxtsa düzənlik olan məkanı. Təşəxxüslə
şərtləşilən yerə gəlib at belində
açarları gözləyən Pavel Sisianova Hüseynqulu
xan Bakının qıfıl-kilidi əvəzinə
ölüm göndərmişdi.
Hüseynqulu xan sirr qırağa sızmasın deyə
qəti məxfi tapşırığın icrasını ən
yaxın adamına - əmisi oğluna həvalə
etmişdi.
Hüseynqulu xanın Qoşa qala qapısından
çıxan əmisi oğlu İbrahim bəy qurbanına
doğru yaxınlaşmağa başlayır və lap
yaxına çatan kimi iki ölümcül atəş
açır. Pavel Sisianov yerindəcə qalır.
Bu cəllad Gəncədə digər şəhidlərlə
yanaşı Cavad xanın oğlu Hüseynqulu xanı da
öldürmüşdü.
Cavad xanın oğlunun adaşı, Bakı xanı
Hüseynqulu xan imperiya məkanına buludsuz gündə sədası
ildırım çaxışı kimi səs salan dikbaş
qətllə elə həmin qisası da almış olur.
Və 1856-cı ildə orada - Pavel Sisianovun qətlə
yetirildiyi həndəvərdə qətlə yetirilmiş
generalın adını qəhrəman kimi əbədiləşdirmək,
yəqin, həm də işğalçıdan zəbt etdiyi
yerdəkilərə daimi göz dağı olaraq
qalmasından ötrü obelisk ucaldılır və həmin
abidə onillər boyu - 1922-ci il aprel ayının 28-nə qədər
özünü buraların sahibi sayan yadellilərin hədə
nişanəsi kimi dikəlməkdə davam edir (ancaq
imperiyanın yaxındakı göz deşən həqiqətləri
görməyə aciz olan nəzərləri və yekəxana
beyninə batmırdı ki, bu abidə həm də yerli
camaatçün işğalçının nəhayətdəki
qaçılmaz aqibəti, nə qədər yekəpər
olsa da, düşmənə yenilməmək, amansız
intiqama müdam hazır olmaq dərsi və
çağırışıdır).
Və gerçəkdə millət ləyaqəti
baxımından o gün bir deyil, iki bayramdı - 1922-ci ilin
aprelində "Kommunist" qəzetində dərc edilən
xəbərdə Sabir heykəlinin ucaldılmasından əvvəl
Sisianovun abidəsinin yıxılmasından söz
açılırdı.
(Həmişə təəccüblənmişəm,
necə olub ki, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətdə
olduğu 2 ilə yaxın müddətdə Azərbaycan
xalqının düşməni Pavel Sisianova abidəni ləğv
etmək kimsənin ağlına gəlməyib və nə qədər
qəribə olsa da, bu təhqiramiz nişangahı bolşeviklər
uçurmuşlar. Söz yox ki, bu, məqsədə
çatmaqçün tədbirli tərpənib incə siyasətlə
Sisianovu bolşeviklərin düşmən hesab etdiyi
çarizmin nökəri kimi qələmə verən Nəriman
Nərimanovun ağıllı addımları sayəsində
mümkünləşmişdi. Elə "Kommunist"dəki
yazıda da hər ehtimala qarşı bu hadisəni sosializmin
daha bir təntənəsi kimi təqdim edərək xüsusi
vurğulamışdılar ki, fəhlə-kəndlilərin
deyil, çarizmin adamı olan Pavel Sisianovun uçurulan abidəsinin
əvəzinə millətin təmsilçisi, xalqın
içərisindən çıxmış böyük
şair Sabirin heykəli qoyulub.
Həmin Sabir heykəli orada 1958-ci ilə qədər
qalırdı. Şairin qarşıdan gələn 100 illiyi təntənələri
ərəfəsində düşünülən tədbirlər
sırasında onun bədii cəhətdən daha mükəmməl,
yeni möhtəşəm heykəlinin ucaldılması fikri də
vardı və yaratdığı gözəl əsərlə
bu niyyəti də görkəmli heykəltaraş Cəlal
Qaryağdı gerçəkləşdirir.
...Abbas Səhhət, şəksiz ki, XX əsrin əvvəlləri
Azərbaycan ədəbi düşüncəsinin ən
seçkin simalarından idi və onun hansı
böyüklükdə olmasını müəyyən etmək
üçün sərrast Sabir dəyərləndirməsi bəs
edər - nəhəng Sabir özündən 12 yaş
kiçik olan Səhhəti ustadı hesab edirdi.
Ağızdan-ağıza ötürülən
şişirtmə söz deyil, bu fikrin yazılı təsdiqi
qalır - Salman Mümtazın Sabirə verdiyi sual və
aldığı cavab ibrətlidir; Səhhət haqqında
soruşur və Sabir də qayıdır ki, yaşda mən
böyüyəm, başda o.
Abbas Səhhət 1911-ci ildə Sabirlə
ayrılığın atəşi hələ səngiməmiş
yazdığı məqaləsində Sabirin əvəzedilməzliyinə
sübut olası bir silsilə vacib məqamlara toxunurdu.
O, bir müddət Parisdə yaşamışdı -
fransız ədəbiyyatını da, fransızcanı da
yaxşı bilirdi, birbaşa orijinaldan etdiyi gözəl tərcümələri
də vardı və həmin məqaləsində Sabirə
avropalı gözü ilə baxmağa cəhd göstərir,
şairi fransız ədibi Şatobrianla müqayisə edirdi.
Burbonlar xanədanının kralı XVIII Lui deyibmiş ki,
Şatobrianın Burbonlar sülaləsini Napoleon Bonapartla
müqayisə edən əsəri mənə bir ordudan
artıq xidmət edib. Abbas Səhhət həmin ifadəni
Sabirə yönəldərək təsdiqləyirdi ki, eyni
şəkildə Sabirin ömrünün son 5 ilində
yazdıqları da Məşrutə inqilabına bir ordudan
artıq xidmət edib.
Sonralar çox ədəbiyyatşünaslarımız
Səhhətin Sabirlə bağlı söylədiyi bu fikri
öz fikirləri kimi başqa ədəbi hadisələr, o
sıradan "Molla Nəsrəddin" dərgisi haqqında
işlətmişlər. Yaxud, Abbas Səhhətin həmin məqaləsindəki
Sabirlə bağlı başqa bir dəyərləndirməsini
Cəfər Cabbarlı Mirzə Fətəli haqqındakı
məşhur məqaləsində istifadə edir. Səhhət
bəyan edirdi ki, Sabir köhnə ədəbiyyatın
içərisindən çıxsa da, büsbütün yeni
bir ədəbiyyat yaratdı və o köhnə ədəbiyyatla
yeni ədəbiyyatın arasında elə bir uçurum
vücuda gətirdi ki, daha bu yeni ədəbiyyatdan o köhnə
ədəbiyyata doğru atlanmaq heç kəsin qüdrətində
olmadı.
Sabirin hansı böyüklüyə, hansı
miqyaslara sahib olduğunu əyani olaraq ortaya qoymaqçün
Abbas Səhhət müqayisələrə əl
atırdı - fransız ədibi Viktor Hüqonu yada salır,
rus yazıçılarından Qoqolu, Saltıkov-Şedrini
xatırlayır və bildirirdi ki, onların əsərləri
hələ bizim mühitə yetərincə bəlli
olmadığından Sabiri onlarla tutuşdurmaq istəsək,
şairimizin əsl əzəməti hiss edilməyəcək.
Ona görə də Səhhət
qarşılaşdırmanı Azərbaycanın
oçağkı ədəbi ictimaiyyətinin daha
yaxşı xəbərdar olduğu ədiblərlə (həm
də ən yüksək zirvələrlə) aparırdı,
Sabiri 60 min beytlik "Şahnamə" icadçısı Əbülqasım
Firdovsi ilə, türk şairi, satirik, həcvgu Əşrəflə
müqayisə edirdi. Sabirin "Şahnamə"dən vəzni
olduğu kimi saxlamaqla etdiyi tərcüməni örnək gətirərək
Abbas Səhhət nəticə çıxarırdı ki,
yanaşı qoyulanda bu tərcümə elə şeirin əsli
qədər güclü səslənir və həm
farscanı, həm türkcəni, bütövlükdə həm
fars, həm Azərbaycan ədəbiyyatını yetərincə
bilən hər kəs Sabirin bu tərcüməsini oxuyunca o qənaətə
gələr ki, Firdovsi "Şahnamə"ni türkcə qələmə
almış olsaydı, məhz bu cür yazardı.
Sabirin müstəsnalığını, söz
içərisindən söz çıxara bilmək, bəlli
sözə tamam ayrı don geydirmək qüdrətini
nümayiş etdirməkçün Səhhət başqa
tutuşdurmalara da gedirdi.
O, "Füyuzat"da "Dəli şair"
imzası ilə çıxmış şeirin bir beytini təzmin
edərək ona cavab yazmış Sabirin ustalığına
heyran qalmışdı. Həmin şeir belə
başlanırdı ki:
Səmadan bir mələk heyrətlə der:
"İnsanlar! İnsanlar!
Nədir bu ruy-i ərzi qaplamış al qanlar,
insanlar?!"
Bu sətirlərdə üzünü insanlara tutaraq dərdini
bölüşən, könlünü açan bir mələk
idi, Sabirin "Molla Nəsrəddin"də dərc edilən
cavab şeirində isə insanlara müraciət edən
şeytandı və Sabir həqiqətlərə
büsbütün ayrı bir görüm bucağından
yanaşaraq istehza ilə deyirdi:
Səmadan bir dəli şeytan deyər:
"İnsanlar! İnsanlar!
Nədir dünyanı tutmuş elmlər, irfanlar,
insanlar?!"
Sabir bu şeirində də, başqa satiralarında da
eyhamla danışırdı, "yat" deyəndə əslində
insanları oyanmağa çağırırdı,
"oxuma" deyəndə öyrənməyə səsləyirdi,
"qanma" deyəndə dərkə, anlamağa dəvət
edirdi. Burada "elmdən, irfandan uzaq durun" səslənəndə
də sancırdı ki, insan olmaq istəyirsinizsə, biliyin, mərifətin,
irfanın ardınca düşün.
Və həmin şeirin atalar sözü kimi
müdrik, amma həm də ürək göynədərək
birbaşa hədəfə vuran misraları da vardı:
Sevərmi əhl-i istibdad millət huşiyar olsun,
Buna razı olurmu bir neçə vicdanlar, insanlar?!
Sabir haqqında ona qiymətlərin ən yüksəyini
verən bu qədər qənaətlərini bölüşəndən
sonra da Səhhətin ürəyi soyumurdu və etiraf edirdi ki,
bu nəhənglikdə şairə gərək onun nəhəngliyinə
uyğun gələn qələm qiymət verə, bu iş mənlik
deyil.
Və Sabir haqqında ona yaraşan əsl böyük
yazını doğurmaq vəzifəsini buraxırdı
ustadı Firidun bəy Köçərlinin öhdəsinə...
Ey məni təhdid edən min dürlü təkidat
ilə,
Öylə "xortdan gəldi, dur qaç"
sözlərin get tiflə de.
Yəni bu cür sözlərlə sən
uşaqları qorxuda bilərsən, belə cılız hədələmələr,
bu təhər uşaqyana vahimələndirmələr bizlərə
kar etməz.
Sabirin bu misraları səbəbsiz
yaranmamışdı. Təhlükə hiss edincə, ən təxirsiz
tədbir kimi, onu qorxutmaq istəyənləri hərəkətə
keçənədək qabaqlamağı qət etmişdi,
onların canına vicvicə salmağı daha kəsə yol
sayaraq sözünü mərd-mərdanə "Molla Nəsrəddin"dən
car çəkmişdi.
O vaxtlar idi ki, zavallı Sabir güc-bəlayla
Balaxanı məktəbində iş tapmışdı. Necə
müəllimlik edirmiş, bunu da təsəvvür eləmək
çətin deyil. Nə xoşbəxtmiş onun dərsində
əyləşən şagirdlər! Sabir onlara Azərbaycan
dilindən dərs deyirmiş, qrammatikanı tədris
edirmiş və bir də farscanı öyrədirmiş. O məşhur
uşaq şeirlərini Sabir məhz Balaxanı məktəbində
dərs deyərkən yazıb. Əlinin altında işinə
yarayacaq, canına yatan dərsliklər yoxdu, bu şeirləri
yaradırmış ki, uşaqların rahat əzbərləyəcəyi,
yaddaşlarına biryolluq hopacaq (elə özünüzdən
götürün, həmin qoşquların hər biri
uşaqlıqda necə əzbərləmişsinizsə, bu
gün də yaddaşınızda eynən diri deyilmi?) vətən
havalı, ana dilimizin saflığını, duruluğunu
daşıyan nəğmə kimi qoşqularımız olsun.
"Nəğmə kimi"ni də bica yazmıram. Sabir həmin
mənzumələrini şagirdlərinə elə sadəcə
şeir kimi əzbərlətdirmirmiş, həm də
mahnı kimi oxutdururmuş. Və Şairin oğlu Məmmədsəlim
Tahirli 1980-ci ilin əvvəllərində bunları
özü mənə söyləyirdi, Sabirin hamımıza
tanış məktəb şərqilərini avazla ifa edirdi
(və mən də hamısını lentə alırdım
ki, bu sübutlar tarixdə qalsın). Sabir şair idi, bəstəkar
deyildi ki! Ancaq zövqlü adamdı və o vaxtlar bəlli
olan, indi çoxu unudulmuş müəyyən təsniflərin,
el havalarının melodiyasını götürüb
yazdığı şeirlərlə qovuşdururmuş,
uşaqlara öyrədirmiş, təbii ki, nəğməyə
çevrilən şeirlər uşaqların yadında daha
asan qalırmış. İndi də hərdən köhnə
kasetləri qaldırıb Məmmədsəlim müəllimin
səsində həmin şərqiləri dinləyəndə
bunu da düşünürəm ki, Sabir o nəcib hərəkəti
ilə həm də bir neçə zərif xalq musiqi incisini
unuduluşdan xilas edib.
Sabir adi kənd məktəbindəki müəllimliyinə
də belə daxili vüsət bəxş etməyi
bacarırdı, ancaq bəxtiqara dahiyə, böyük Millət
Müəlliminə balaca kənd məktəbindəki müəllimliyi
də çox görürlərmiş. 1910-cu ildə
"Günəş" qəzetində o çağın
ziyalılarından Baxış Əhmədovun bir məqaləsi
dərc edilib. Məqsəd Sabiri müdafiədir, Sabiri hədələyənlərin
özlərinə barmaq silkələyir. Adını,
soyadını gizlədən, imzasını
"Qırmızıköynək" kimi göstərən
bir nəfər Sabir haqqında müxtəlif ünvanlara, o
sıradan "Günəş" qəzetinə məktublar
yazıb göndərir, tələb edirmiş ki, Tahirzadəni
Balaxanı məktəbindən qovun, bu adamdan müəllim
çıxmaz. Baxış Əhmədov da cavab verirdi ki, biz
Sabiri Balaxanı məktəbinə elm-i riyaziyyədən dərs
deməyə dəvət etməmişik, o, burada coğrafiya
və hesab dərsi də demir. Sabiri dəvət eləmişik
ki, o, şəriətdən, sərfdən, fars dilindən və
Azərbaycan lisanından uşaqlara dərs desin. O, müqtədir
bir müəllimdir, işinin öhdəsindən yaxşı
gəlir və gələcək də.
Məqalə müəllifi bu sözlərlə həm
o "donos" yazana və həm də başqa o cür
düşünənlərə açıqca elan edirdi: Sabir
bu məktəbdə qalacaq və işləyəcək.
Amma Baxış Əhmədov o məqaləsində
başqa təfərrüatlara da varırdı və kədərli
söhbət olsa da, bunu da yada salmağın yeri var.
Açıram köhnə arxivləri, qaldırıram
yüz ildən də oyananın sənədlərini,
görürəm ki, insan az dəyişib, parlayanların,
işığı bol olanların ayağının
altını qazanlar, onlara küdurət bəsləyənlər,
o faydalıların əlini işdən soyutmaqçün əlləşənlər,
ümumən, daha canqurtaranı - heç olmamalarını
istəyənlər sırtıq alaq otları kimi o vaxt da
sağda-solda nə qədər desən dəbərişirmişlər.
Sabir kimi pak bir vücud, Allahın yaratdığı
bir parça nur olan istedad barəsində o cür qara-qura
yazanları, əl altından murdar namərdliklər edənləri
necə bu millətdən hesab edəsən?
Baxış Əhmədov həmin məqaləsində
faş edirdi ki, Sabir əleyhinə məktubları yazan guya
onları Balaxanıdan göndərdiyini bildirsə də, biz
araşdırmışıq, xəttini də müəyyənləşdirmişik,
məktubları hansı poçtdan atdığını da
aşkarlamışıq, adamın kimliyini bilirik və ona xəbərdarlıq
edirik.
Sabiri hürküdüb Balaxanıdan didərgin salmaq
istəyən şəxs məktublarını təsadüfən
"Qırmızıköynək" deyə
imzalamırdı. Sabirə möhlət də müəyyənləşdirirdi
ki, bir aya buralardan çıxıb getməsən, səni
qanına qəltan edəcəyik.
İndi "Günəş" qəzeti həmin
donosbaz qoçunun özünə möhlət qoyurdu ki, sənə
bir həftə vaxt veririk, ya bu müddətdə qəzetə
məktub yaz, rəsmən üzr istə, ya da Sabirlə
görüş, ondan şifahi olaraq üzrxahlıq dilə.
Kimliyini bilirik, əks təqdirdə bütün
yazdıqlarını toplayıb məhkəməyə
müraciət edəcəyik.
Sabirin təsəllisi bu idi ki, tənha qalmayıb.
Yan-yörəsində o cür əqrəblər nə qədər
çox idisə də, belə etibarlı məsləkdaşlar,
gərəkli gündə dabanına tüpürməyib
köksünü qabağa verənlər də az deyildi.
Sabirin hərəsi bir ayna olan şeirlərindən hövllənən
ağcaqanadxislətlilər tükənən deyil, yəqin,
sabah da o löyün həşərat zəhərini tökməkdə
davam edəcək. Ancaq mütləq və mütləq Sabiri
və sabirliyi sevənlər, ürəkdən müdafiəyə
qalxanlar, qoruyub-yaşadanlar dəfələrcə çox və
qat-qat güclü olacaq!
...1911-ci il avqust ayının 25-də "Kaspi"də
Sabirin vəfatının 40-cı gündönümü
münasibətilə Mehdi bəy Hacınskinin "Müsəlmanlara"
başlıqlı məqaləsi dərc edilmişdi və o,
can yanğısı ilə hamıya, ən əvvəlsə
məsləkdaşlara müraciət edirdi ki, şair bu
dünyada körpəcə bir oğlunu yadigar qoyaraq gedib. O
uşağa Sabir qədər baxacaq, onun
qayğısını çəkəcək ikinci bir adam ola
bilməz. Sabirin etməli olduğu işi biz görək. Gəlin
Sabirə, onun ailəsinə kömək üçün vəsait
toplayaq.
Mehdi bəy Hacınski hansısa məbləği cəmləyib
Sabirin ailəsinə təqdim etməyi yox, ikiqat fayda verəcək
təklif irəli sürürdü. Deyirdi ki,
yığılan vəsait hesabına Sabirin əsərlərini
nəşr etdirək, kitabın gətirdiyi gəlir də ailəsinin
məsrəflərinə sərf olunsun. Başqa sözlə,
elə edilsin ki, ailəsinin qayğısını yenə
Sabir öz qələmi ilə, öz zəhməti ilə
çəkmiş olsun.
Üstündən üçcə gün
keçmiş "İrşad" qəzetində
"İdarəyə məktub" sərlövhəli
yazı yer alır, altında da bir qadının imzası -
Sara Vəzirova. O, Bakıdakı ikinci rus-müsəlman
ünas (qız) məktəbinin müdiri idi və daha
mühümü - Nəcəf bəy Vəzirovun qızı
idi. Yazırdı ki, Mehdi bəyin "Kaspi"də dərc
edilən müraciətini oxuyandan sonra qərara aldım ki,
çox da böyük olmayan məvacibimdən 5 manat
ayırıb Sabirin əsərlərinin çapı
üçün göndərim və öz növbəsində
Sara xanım da çağırış edirdi ki, hər kəs
bu xeyirxah işə gücü çatan qədər
yardım ayırsın.
Mətbuat səhifələrində sənədləşmiş,
tarixləşmiş bu çağırışları və
başladılmış vəsaittoplama əhvalatını məqsədli
xatırlayıram. Çünki dövrümüzdə bəzi
öz aləmində guya çoxbilmiş olanlar bu cür təşəbbüsləri
görməyərək XX əsrin əvvəllərində mətbuatımıza
xəbis niyyətlərlə ötürülmüş bir
saxta yazını ortaya çıxarmışdılar ki, sən
demə, o vaxt Sabirin "Hophopnamə"sini
buraxmaqçün vəsait toplamaq elanı veriləndə azərbaycanlıların
içərisindən kifayət qədər qeyrətli adamlar
tapılmayıbmış və erməni qadınları guya
lazım olan miqdarı yığaraq nəşrin baş
tutmasına dayaq durublarmış. Bu, milləti
aşağılamaq, özündən pisikdirmək, guya
xalqımızın üstün insanlarına qiymət verməməsini
gözə dürtməkçün uydurulmuş cəfəngiyatdır.
Vaxtında düşmənin, istəməyənlərimizin məkrli
məqsədi ilə belə bir təxribatı ortaya
tolazlaması anlaşılandır. Bic də tərpəniblər,
qondarma xəbəri qəzetə də soxuşdurublar ki, gələcəkdə
istinad edə bilmələrindən ötrü tarixə
düşsün. Onlar edib-edib, bəs bizim millətə ləkə
atan belə qara-quraya uyub 100 il sonra onu
xortlatmağımızın adı nədir?
Sabir də tənqid edirdi, gözünə dəyən
bütün nöqsanları ifşaya can atırdı, islah
arzulayırdı, ancaq tənqidini edə-edə,
qüsurları aça-aça, həm də xalqını
sonsuz məhəbbətlə sevdiyini hər an göstərirdi,
xalqının ülviyyətini hamının görməsinə
çalışırdı.
Millət və cəmiyyət kəm-kəsirlərindən
qəlb həyəcanı ilə yazmış Sabir də, Mirzə
Cəlil də, eyni yolun digər yolçuları da tənqidlərini
edə-edə xalqın böyüklüyünə
inanırdılar, əmin idilər və bunu elə qələmləriylə
də təsdiq edirdilər ki, bu xalq möhtəşəmdir,
elə böyükdür ki, o cür naqisliklər bu millətin
əzəmətinə heç vaxt kölgə sala bilməz
Bu gün və dünən cəmiyyətimizdə,
mühitimizdə, varlığımızda olan əyər-əskikləri,
kəm-kəsirləri, nöqsanları deyək də, yazaq
da, bəyan da edək. Bu, böyüklükdür. Amma bundan
daha artıq böyüklük də odur ki, nöqsanlara
göz yummayaq, bu xalqın, bu məmləkətin, bu dövlətin
möhtəşəmliyini də layiqincə əks etdirən
səhifələri də ortaya çıxarmaqdan heç
vaxt vaz keçməyək.
...Sabirin bir məharəti də, sərhədləri
dəqiq görməsi və bilməsi, həm də yalnız
yaxşıyla yamanın yox, yaxşıyla daha
yaxşının, pislə daha pis olanın
hüdudlarını da dəqiqliyi ilə duymaq qabiliyyəti
idi.
Axı o, həm də tariximizdə qalan ilk jurnalistlərdən
biridir. Qələmindən məhz bir jurnalist, qəzetçi
kimi çıxmış məqalələri də əlimizdədir.
O məqalələrdən biri ikihissəlidir və
"İki oğru" adlanır. Sabir o oğruyla bu
oğrunu müqayisə edir. Üzdən baxanda oğru
oğrudur, o da çırpışdırıb, bu da əkişdirib,
sanki eyni qələti ediblər, hər ikisinin suçu birdir.
Sabirsə həmin yazılarında oğruyla oğru
arasında da fərq qoyurdu. Təsdiqləyir ki, bəli,
oğurluq pis şeydi, hər oğru mahiyyətcə
oğrudur, amma oğrunun da insafı-mürvəti tamam
itirmişi olan kimi, abrını-həyasını hələ
yerli-dibli əldən verməmişi də var. Sabir bu mətləbini
həyati dəlillərlə, Azərbaycanın iki kəndində
baş vermiş hadisəylə nəql və şərh
edirdi. Kəndlərin adını da çəkir, mən
üstündən keçirəm ki, indi də var olan o
yaşayış məntəqələrindəki camaatın
qəlbinə toxunmasın. Hərçənd, o hadisənin o
kəndin indiki camaatına heç bir aidiyyəti yoxdur. Əhvalat
o kənddə deyil, bir başqa kənddə də vaqe ola bilərdi.
Amma Sabir dəqiqlik üçün, yəni bütün
bunların həqiqətən baş verdiyini göstərmək
üçün o yerlərin adını müxbir səliqəsi
ilə yazılarında verib. Xəbər verir ki, kəndlərdən
birində oğru iri külfətin
sığındığı balaca, kasıbdan-kasıb bir
komaya girir, bir çətən külfətin
bürünüb yatdığı tək yorğanı
götürüb gedir. Sabir qınayırdı və həm də
yalnız bu oğrunu deyil, başqalarının haqqını
baltanı dibindən çalaraq, bütün olanını əlindən
alaraq soyanları töhmət edirdi ki, ay oğru qardaş,
oğru olanda nə olar, insanda insaf da gərəkdir, o boyda ailənin
bircə yorğanı vardı, onu da sən yağmalayıb
getdin, bəs bundan sonra o biçarələr payızın
soyuğunda, qışın sazağında başlarına nə
çarə qılsınlar?
Və ardınca Sabir bir başqa - nisbətən
üzü bəri oğrunu təsvir edir. Deyir, bu oğru
qonşunun çəpərini aşıb bağa hoppanmaq,
oradan gözü tutacaq nəyisə götürüb xəlvətcə
aradan çıxmağı qəsd edibmiş. Ancaq çəpəri
aşanda şiş çubuqlardan biri batır onun qarnına,
ha əlləşir, ha çabalayır, çıxa bilmir,
bu arada evin yiyəsi həyətdə görünür.
Oğru köməyə səsləyərsə, həmin adam
gəlib onu rahatca qurtara bilərmiş, lakin oğru utanır,
qorxduğuna görə deyil, tutduğu əməlin qəbahətindən
xəcalət çəkdiyi üçün səsini
çıxarmır. Evin sahibi bir az həyətdə
dolaşıb çıxıb gedir. Oğru da qalır
qarnına girmiş həmin çubuğa ilişik halda,
qanı axıb tökülür, tədricən taqəti
tükənir və sabahı gün çəpərin
başında cəsədini tapırlar.
Və qələmini tənqid üçün
sıyıranda rəhmsiz olan Sabir bu yerdə - iki naqis hərəkəti
tutuşduranda, o oğruyla bu oğrunu müqayisə edəndə
mərhəmətli idi, o yerdə ki hələ ümid
işığı sozalırdı, o səmtə daha şəfqətlə
baxırdı.
...40 ildən də bir az əvvəl, 1982-ci ilin
oktyabrında dayanmışdıq indiki Sabir bağında və
həmin günün yadigarı olan ağ-qara foto elə
keyfiyyətlidir ki, hər dəfə baxanda zənn edirəm
sanki indi həmin anlardayam
Məmmədsəlim Tahirli mənə bu abidənin
açıldığı gündən
danışırdı. 1922-ci il aprel ayının 28-dən. O
vaxt artıq 10 yaşında imiş, baş verənlər
olduğu kimi yadındadır. Deyir, abidəni
açmışdılar, təntənəli mərasim
keçirilmişdi, gözəl nitqlər söylənmişdi,
uçmağa qanadımız yoxdu, evimizdə bayram idi. Ertəsi
gün səhər tezdən yenə qaçdım abidəyə
baxmağa, baxdıqca da sevinirdim, doya bilmirdim, həmin gün
də, sabahı da hey o tərəfə qaçırdım.
Növbəti gün bərk yağış
başlamışdı, ancaq selləmə yağışa
baxmayaraq, yenə həvəs üstün gəldi, yenə də
heykələ baxmağa yollanmışdım. Gəlib
çatdım, gördüyümdən dəhşətə
gəldim. Abidə ovulub tökülürdü. Heykəlin
açıqda yerləşəcəyini nəzərə
almadan onu gipsdən düzəldiblərmiş, odur ki, elə
birinci bərk yağışdan sonra bu hala
düşmüşdü.
Balaca Məmmədsəlim leysanın altında
yüyürür qonşuları, o çağlarda Azərbaycan
hökumətinin rəhbərlərindən biri, Ali
İqtisadi Şura və Xalq Komissarları Sovetinin sədr
müavini olmaqla yanaşı nazir - xalq ərzaq komissarı vəzifəsini
daşıyan Dadaş Bünyadzadəgilə.
"Dedim ki, Dadaş əmi, atam əriyir. O da gəldi,
baxdı, gördü ki, həqiqətən, yağış
heykəli əməlli-başlı zədələyib. Bu
gedişlə sabaha heykəl tamam təhrif olacaq. Ona görə
də bir neçə gündən sonra tədbir görməyə
başladılar. Az müddət sonra həmin məkanda eyni
heykəl artıq betondan ucaldıldı".
Məmmədsəlim müəllim qırx neçə
il əvvəl belə yada salırdı, bu günsə o xatirə
büsbütün ayrı - rəmzi düşüncələr
oyadır. Sabir yaşadığı ömürlə,
doğurduğu irslə lap çoxdan heykəlləşib, bu
yurdun köksündə, bu millətin bağrının
başında həmişə ucalacaq abidəyə
dönüb. Və bundan sonra nə qədər
yağışlar yağa, nə qədər qasırğalar
coşa, nə qədər tufanlar qopa, o abidəyə
heç nə edə bilməz. Azərbaycan insanının
ruhunda və düşüncəsində böyük Sabirin əbədi
heykəli həmişə vüqarla yüksələcək.
Seyl-i tən öylə təməvvüclə
alıb dövr ü bərim,
Bənzərəm bir qocaman dağa ki, dəryada durar.
Nə qəm, uğratsa da bir gün məni ifnayə
zaman,
Mən gedərsəmsə məramım yenə
dünyada durar.
Ən qatışıq dövrlərdə, yüz
cür təqiblərlə üz-üzə
qaldığı, ətrafını şahə qalxan
dalğalar bürüdüyü çalxantılı
zamanlarda sabahlardan arxayındısa, sadəcə ümidlə
deyil, inamla belə söyləyirdisə, demək, bu günləri
də, vüqarla dikələn abidəsini də Sabir elə o
vaxtdan görürmüş!
24 aprel 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.-27 aprel,№73.-S.14-15.