Ədəbi köşk: Nə var, nə
yox?
Aktyorlar yazıçılarla niyə dava edir?
Mirmehdi Ağaoğlu aktyor Səmimi Fərhadın
"APA"ya müsahibəsindəki bir nüansla
bağlı köşə yazıb. Səmimi Fərhad
müsahibədə mütaliə etməyə, filmlərə
baxmağa vaxtı olmadığını, səbri
çatmadığını qeyd edib. M.Ağaoğlu aktyorun
bu yanaşmasını tənqid edib: "Acınacaqlı mənzərədir.
Bir aktyor, özü də istedadlı, perspektivli bir aktyor
mütaliə etmədiyini, filmlərə
baxmadığını deyir. Elə bil bir idmançı
deyir ki, mən yalnız yarışlara çıxıram, məşq
etməyə vaxtım yoxdur. Bir aktyor necə kitab oxumaya, filmə
baxmaya bilər? Bu axı onun işinin bir
parçasıdır".
Təbii ki, M.Ağaoğlunun yazısına Səmimi
Fərhad və dostlarının münasibəti birmənalı
olmayıb. Aktyor həmrəyliyi nümayiş etdirərək
M.Ağaoğlu və onun kimi düşünənləri tənqid
atəşinə tutublar. Samirə Əşrəf
aktyorların qəzəbli reaksiyasına cavab kimi bir
köşə yazıb və M.Ağaoğlunun
yazısının məramını daha ətraflı izah
etməyə çalışıb: "Mirmehdi
Ağaoğlu nə Səmimi bəydən, nə də digər
aktyorlarımızdan, sənət adamlarımızdan fəlsəfi
fonda mütaliə istəmir. Bir azca, bir balaca özünü
inkişaf etdirmək üçün oxusalar, kifayət edərdi.
Ancaq qəfildən kimsə ayağa qalxıb "oxumuram, əl
çəkin!" deyə bilər. Desin, bir
sözümüz yoxdur..."
Belə bir mənzərə... Rəylərdəki
fikirlər, bəzi aktyorların yazıçılar barədə
səsləndirdiyi fikirlər, az qala, M.Ağaoğlunu dar
ağacına çəkmək arzuları təəssüf
doğurur. Yaxşı bir fikir, ideya olanda heç bu qədər
birlik alınmaz, amma intriqa ətrafına toplaşmaq istəyənlərin
sayı-hesabı yoxdur.
"Yazıçı-rejissor-aktor-rəssam-bəstəkar
zəncirlərini necə bərpa edək?" sualı ilə
çıxış etsək, bu dedi-qodulu məsələdə
aktyor dostlarının müdafiəçisini çevrilənlər,
yaxud əksinə, M.Ağaoğlunun təəssübünü
çəkənlər bu qədər şövqlə
müdaxilələr edəcəklərmi?
"Peşimanı kim olacaq, nə bilim?"
lll
Şeirlərin mütləq hekayəsi
olmalıdır?
Cavanşir Yusifli gənc şairlərə məktub
yazıb. C.Yusiflinin yazılarını maraqla oxsam da, bəzən
özü də fərqində olmadan, qəliz ifadə tərzi
seçir. Bu onun "əzələ göstərmək"
istəyindən irəli gəlmir, çünki C.Yusifli
imzasını çox-çox əvvəldən uğurla təsdiq
edib. Amma tanınmış tənqidçimiz üzünü
gənc şairlərə tutub bir esse qələmə
alıbsa, konkret olmalıdır ki, faydalı olsun. Bu abzasa diqqət
yetirək: "Şeirin yazıldığını yox,
doğulduğunu bilmək üçün "test"
aparmaq olar, onu oxuyursan, sakit şəkildə, təklikdə,
onun içində oynanılan dram, yəni şeirin hekayəsi
sənin xəyalında canlanıb gözünə
görünə bilirsə, bu şeir, hardasa sənin bir
parçan olur, bizdəki şeirlərin bir çoxunun hekayəsi
yoxdu, hansının ki içində dediyimiz dram
oynanılır, yaddaşımızda giliz kimi qalır,
başımıza nəsə gələndə, qəfil nəynənsə
rastlaşanda, ya da qeybdən bir səs eşitmiş kimi
olanda... yaddaşdakı o giliz oyanır, yaddaş
ağrısı insanı yaşadan nəsnədir, Vaqif Səmədoğlunun
əksər uğurlu parçalarında bu hekayə var, amma həm
də ilğım içində, ona görə ki, nəsrdən
fərqli olaraq şeir dünyada hekayə olmaq istəyən
bütün əhvalatları xəyalın içində, təxəyyül
sularında batırır, nəsrdə isə əksinə,
şeir ola bilən bütün xəyalların əynindən
ilğım libasını soyundurur, vurğunu məhz bunun
üstünə salır..."
Mübahisəli məsələdir; şeirin hekayəsi
olmalıdırmı, olmasa olmazmı? Yaxud ümumiyyətlə
buna ehtiyac varmı? Belə vacib məsələ haqqında
hörmətli tənqidçimiz daha anlaşıqlı,
nümunələrlə çıxış etsəydi, daha
çox öyrənmək şansımız olardı.
lll
Ədəbiyyatçı ilə ədəbiyyatçı
olmayan adamın fərqi
Birinə ritm kimi gələn o birinə aritmiya kimi gəlir...
Qismət Rüstəmovun bu cümləsi barədə
çox danışmaq olar. Bir cümlə ilə çox
böyük mətləbi öz rakursundan izah edir... Onun təkrarlar
barədə fikirlərini oxuyanda bir neçə şeir
ağlıma gəldi: "Bədii ədəbiyyatdan zövq
almaq, müəllif şüuruna, onun estetik perspektivinə
yaxınlaşmaq üçün söz duyumu, ritm hissi
çox vacibdir. Yadıma gəlir, bir dəfə hansısa
essedə "ağ-ağ masalar" yazmışdım, kimsə
irad yazmışdı ki, iki dəfə "ağ"
sözünə nə ehtiyac var? Əlbəttə, soyuq məntiqlə
heç bir ehtiyac yoxdur. Ancaq bədii mətni cari yazılardan
fərqləndirən elə bu cür xırda detallardır.
"Ağ masalar" ilə "ağ-ağ masalar"
arasında söz artıqlığı yoxdur, ritm fərqi
var. Bədii mətndəki söz/cümlə sırası
hamıya məlum sintaktik qaydalardan başqa özündən əvvəlki
və sonrakı cümlələrin yaratdığı təcilə,
ritmə, intonasiyaya əsasən tənzimlənir. Ədəbiyyatçı
ilə ədəbiyyatçı olmayanın fərqi də
budur: birinə ritm kimi gələn o birinə aritmiya kimi gəlir".
Bəlkə, belə yaşamaq daha çətindir?
lll
Qələm adamlarının obrazını ləkələyən
dilənçilər kimlərdir?
Nə qədər haqqında danışılması
qəribə olsa da, artıq bu mövzu hər kəsi narahat
etməyə başlayıb. Kifayət qədər nüfuzunu
qoruyan yazıçı və şairlər var. Onlar zəhməti
hesabına şəxsiyyətlərinə xələl gətirəcək
nüanslardan çəkiniblər. Amma bəzilərinin hərəkəti
ümumi imicə zərbə vurur.
Rauf Qərib Alagöz imicə zərbə vuran bir
nüansdan bəhs edib: "Hörmətli" şairlər
və yazarlar. Şairliklə və yazarlıqla dolana
bilmirsinizsə, deməli, bu sizdə alınmır, gedin
"soğan əkin", ya da "daş
daşıyın". Nə bilim nə edirsiniz edin, bircə
DİLƏNMƏYİN! Heç kimin sizə borcu yoxdur! Azərbaycanda
hər zaman şairə və yazıçıya hörmət
olub. O hörməti də siz dilənçiliklə yerlə
bir etmisiniz. Sayənizdə şair və yazıçı
görən dodaq büzür, uzaq gəzir ki, bu dəqiqə
pul istəyəcək. O gün bir nəfər status
yazmışdı ki, peşman olursan bir şairin şeirini
"like" edib rəy yazmağa. O dəqiqə
"inbox"da borc istəyirlər. Bax, bu sizin ən
böyük "ƏSƏRİNİZDİR".
lll
Heç biri də yaxşı deyildi?
"Ədibin evi" Mir Cəlal adına IV hekayə
müsabiqəsinin iyirmiliyə düşən hekayələrinin
adı açıqlanıb və münsiflər heyətində
yer alan Aqşin Yeniseyə hekayəsi iyirmiliyə düşməyən
müəlliflərdən çoxsaylı iradlar
ünvanlanıb. Aqşin Yenisey münsiflər arasında ən
gənc sima olduğundan bütün şikayətləri o
dinləməyə məhkumdur.
261 hekayəni oxuduqdan sonra A.Yeniseyin gəldiyi nəticə:
"1. Heç bir müəllif mövzunu mədəniyyət
tarixi ilə əlaqələndirə bilməmişdi.
Heç bir hekayənin mifik və ya arxetipik, yaxud psixoanalitik qatı,
arxası yox idi. 2. Heç bir hekayə müəllif dilində
yazılmamışdı. Bütün hekayələr Azərbaycan
dilində yazılmışdı. 3. Bütün hekayələrdə
estetik həqiqət ənənəvi ümumiliyə xidmət
edirdi. Bir neçə müəllif ekzistensial detala müraciət
etsə də, estetik həllini verə bilməmişdi,
çünki bu müraciət təsadüfi idi. 4.
Bütün hekayələrdə gerçəklik faktı
gerçəklik faktı olaraq qalmışdı. Məsələn,
müharibədən bəhs edən hekayələrdə
bütün qəhrəmanların bir qolu yox idi. Şəhərdə
istənilən adama desəniz ki, müharibədən
qayıdan bir adamı təsvir et, ilk ağlına gələn
qolsuz biri olacaq. Hekayə həddindən artıq mürəkkəb
janrdır. Asan və sadə olan onun həcmi və
görünüşdür ki, bizim müəlliflər bu tələyə
düşürlər. Sıravi əhvalatların dilin deyil,
nitqin imkanlarıyla sıravi təhkiyəsi ədəbiyyat
deyil. İstisnasız olaraq əksər, hətta bütün
hekayələrdə kişilər əmi, dayı, qadınlar
xala, bibi statusundaydılar. "Zakir əmi belə dedi",
"Südabə xala otağa girdi", "Zırpaket
dayı dözə bilməyib partladı" və s. Bu,
ibtidai sinif uşaqlarına öyrədilən Azərbaycan
dilidir. "Paşa dayı uşaqlara qarpız kəsdi" və
s. Böyük ədəbiyyatda Paşa dayı deyil, əmi
deyil. Paşadır, ya faciəvi, ya komuk bir insandır.
Sözsüz ki, bütün hekayələr birinci yerə
layiq idi, amma o birinci yer özü hara layiq idi, onu deyə bilməyəcəyəm".
A.Yenisey meyarlarının istinasız heç bir hekayədə
gözlənilmədiyini deyir. Yəni heç biri də
yaxşı deyildi?
lll
Təzə nə var?
Qurban Yaquboğlu "Məsumiyyət muzeyi"
haqqında yazır: "Yaxşı mətn heç vaxt bir dəfəyə
udulmur, zaman-zaman üstünə gəlir, sətir-sətir,
epizod-epizod, mətləb-mətləb ozünu
xatırladır, indi sənin olduğun yerdən vaxtilə
sürüb getdiyini anladır. Yaxşı mətn bitib tükənmir".
lll
Cəlil Cavanşir yeni idealarla çıxış
edib: "Əziz dostlar, "Mütaliə Marafonu"
keçirmək qərarına gəlmişəm. Deməli,
sonuncu kitabım "Gənc şairin dilemması"nı
oxuyub, suallara cavab verib 500 manat qazanacaqsınız. Şərtlər
sadədir. Kitabımı əldə edirsiniz, oxuyursunuz, sonra
bizim uşaqlar sizinlə bir az sual cavab edir, birinci yerin qalibinə
500 manat verirəm. Bundan sonra Cəlil Cavanşir oxuyub pul
qazanacaqsınız".
Əcəb işdir...
lll
Rəbiqə Nazimqızı yenə qəzəblənib.
Haqqı da var... Ona belə bir mesaj yazıblar: "Salam,
şair, necəsən? Antalogiyaya şeir vermək istəyirsənmi?
5 şeir 25 manat... Təşəkkür".
R.Nazimqızı isə buna tərbiyəsizlik, dilənçilik,
nadanlıq, əxlaqsızlıq adı verib.
Nadir YALÇIN
525-ci qəzet.- 2024.-27 aprel,№73.-S.13.