Yüzlərin, minlərin anası...  

 

 

1893-cü il Tiflisin adlı-sanlı əsilzadə nəsillərindən birinin oğlu, Azərbaycan Cümhuriyyətinin gələcək qurucu babalarından olan Əlimərdan bəy Topçubaşinin həyatının ən xoşbəxt, yaddaqalan çağlarından idi. Həmin ilin sonunda sevib-seçdiyi qızla - Pəri xanım Məlikova ilə ailə həyatı qurmuşdu. Pəri xanım da sıradan nəslin nümayəndəsi deyildi. Atası Azərbaycan mətbuatının, teatrının, milli maarifinin banisi, bütün Qafqazda yaxşı tanınan ictimai xadim, xalqının milli-mənəvi lideri Həsən bəy Məlikov-Zərdabi, anası türk əsilli balkar knyazlarından Aslanbəy Abayevin qızı Hənifə xanım Abayeva-Məlikova idi.

 Kiçik yaşda valideynlərinin hər ikisini itirən, nənəsinin himayəsində böyüyən gənc Əlimərdan Həsən bəyin simasında özünə ikinci ata, Hənifə xanımın simasında isə ana tapmışdı.

"Çox hörmətli və əziz Ana, - deyə Əlimərdan bəy nikah mərasimindən bir ay sonra, 1894-cü il yanvarın 28-də Tiflisdən Hənifə xanıma yazırdı: - Sizə müraciətlə "Ana!" demək necə xoşdur! Həyatımda ilk dəfədir ki, ülvi məna daşıyan, yaddaşımda əbədi iz buraxan bu sözü belə böyük zövq və məmnunluqla işlədirəm. İlk dəfədir ki, bu sözü "şüurlu" şəkildə dilimə gətirirəm və inanıram ki, müraciətim Sizin ana ürəyinizdə də əks-səda tapacaq. Ümid etmək istərdim ki, bundan sonra o ürəkdə öz övladlarınızla birlikdə mənə də kiçik bir guşə ayrılacaq".

Aradan on illər keçdi. Çox sular axıb-duruldu. 1929-cu ilin mayında Bakı görkəmli maarif xadimi, Azərbaycanda qadın təhsilinin pionerlərindən biri, Həsən bəyin silahdaşı və dul qadını Hənifə xanımla vidalaşırdı. Oğlu Səfvət Məlik-Zərdabinin məsələsi (Azərbaycan Cümhuriyyəti hökumətinin hesabına xaricdə təhsil almağa göndərilmiş, bolşeviklər hakimiyyətə gələndən sonra isə "Ə.Topçubaşovun qohumu" kimi təqaüddən məhrum edilmişdi. Anasının müraciətindən sonra məsələ müsbət həllinin tapmışdı) ilə bağlı Hənifə xanımla ünsiyyətdə olmuş Azərbaycan MİK sədri Qəzənfər Musabəyov matəm mərasimindəki çıxışında demişdi: "Bu gün biz iki, üç, hətta beş, on deyil, yüzlərlə, minlərlə uşaq tərbiyə etmiş bir Ana itirmişik. Onun xeyirxah əməli xalqın yaddaşından heç zaman silinməyəcək!"

Məlum faktdır ki, istiqlal mücahidləri ilə bolşeviklər yalnız siyasət deyil, mədəniyyət, mənəviyyat, insanlara yanaşma məsələsində də bir-birləri ilə tam əks mövqelərdə dayanırdılar. Hənifə xanımın şəxsiyyətinə, fəaliyyətinə münasibətdə siyasi müxalifət və hakimiyyət liderinin nümayiş etdirdiyi həmrəylik - hər ikisinin  nəcib qadını böyük hərflə yazılan Ana adlandırması bu mənada nadir istisnalardan, mərhum dostum Aydın Məmmədov demişkən, müstəsna konsensus örnəklərindən sayıla bilər...

Hənifə Aslanbəy qızı Abayeva 1853-cü ildə qədim türk yurdu Balkar elində, Tersk vilayətinin İşkantı adlı yüksək dağ aulunda dünyaya göz açmışdı. Atası, adlı-sanlı taubiy (dağ bəyi, knyaz - V.Q.) Aslanbəy Abayev (1814-1868) 9 yaşında ikən amanat (əslində girov) kimi rus qoşunlarının nəzarətində olan Georgiyevsk şəhərinə aparılmışdı. Burada hərbi təhsil almış, imperatorun mühafizə alayında xidmətə qəbul olunmuşdu. İstefaya çıxıb vətənə qayıdandan sonra həyatını doğma xalqının maariflənməsinə həsr etmək qərarına gəlmişdi. Çox da uzağa getməyib nəcib işə ilk növbədə evinin içindən, öz övladlarından başlamışdı.

Ailənin böyük oğlu Soltanbəy Abayev (1845-1888) təhsil həyatına Nalçikdə atılmışdı. Şərq-Qafqaz üçün qeyri-ənənəvi görünən məşhur musiqi alətini - skripkanı da burada dinləmişdi. O qədər heyran qalmışdı ki, özü oxşar bir şey düzəldib çalmağa başlamışdı. Təhsildəki uğurları sayəsində Stavropol gimnaziyasına göndərilmişdi. İlk həqiqi skripkasını da Stavropolda əldə edə bilmişdi. Musiqiyə maraq onu 1862-ci ildə təsis olunan Peterburq İmperator Konservatoriyasına aparmışdı. Yəhudi əsilli polyak skripkaçısı və bəstəkar Henrix Venyavskinin (1835-1880) yanında, gələcəyin məşhur rus bəstəkarı P.İ.Çaykovski ilə eyni sinifdə təhsil almışdı. Lakin maddi çətinliklər üzündən konservatoriyanın tam kursunu başa vura bilməmişdi. Atasının ölümündən sonra (1868) Vətənə qayıdan S.Abayev Vladiqafqaz real məktəbi və Olqa qız gimnaziyasında musiqi müəllimi işləmiş, Tersk kazak qoşununun orkestrində çıxış etmişdi. Dövrün mətbuatının yazdığına görə, yaratdığı şagird musiqi kollektivi Rusiyada ən yaxşılardan biri sayılırdı. Qafqazın ilk peşəkar skripkaçısı Soltanbəy Abayev eyni zamanda geniş mədəni-ictimai və maarifçilik fəaliyyəti ilə tanınmışdı. Qafqaz dağlıları arasında ilk dəfə  balkar xalq melodiyalarını toplayıb  nota salmışdı. Bir-birindən uzaqda yaşasalar da, Hənifə xanım qardaşını çox sevirdi. Osetin tədqiqatçısı V.D.Dzidzoevin yazdığına görə, hər yay mütləq səfalı Balkar dağlarına gəlirdi. Aradan illər keçəndən sonra kiçik qızına Azərbaycan üçün  səciyyəvi olmayan Qəribsoltan adını qoyması da görünür, Soltanbəyin xatirəsini yaşatmaq arzusundan irəli gəlmişdi...

1862-ci ildə isə Aslanbəy Abayev qızı Hənifəni Tiflisə, Müqəddəs Nina qız məktəbində təhsil almağa göndərmişdi. Bu, öz dövrü üçün kifayət qədər radikal addım idi. Balaca dağlı qızı uzaq səfərə tək yollanmamışdı. Özündən iki yaş kiçik Fuza Şakmanova da onunla oxuyacaqdı. Bəzi mənbələr Fuzanı səhvən Hənifənin kiçik bacısı kimi qələmə verirlər. Əslində isə o, rus xidmətində olan başqa bir əsilzadə balkar hərbçisinin - poruçik Umar Şakmanovun qızı idi. Eyni zamanda Hənifə ilə yaxın qohum - xalaqızı idilər.

Müqəddəs Nina məktəbi pansion  tipli qapalı tədris müəssisəsi sayılırdı. Qızlar burada rus dilində dünyəvi təhsil almaqla bir sırada gələcək həyata hazırlanırdılar. Hənifə ilə Fuza məktəbin yalnız Şimali Qafqazdan deyil, bütünlükdə imperiyanın müsəlman əhalisi arasından çıxmış yeganə təmsilçiləri idilər. Bu mənada onları tam əsasla dünyəvi təhsil yolunu seçən ilk qafqazlı müsəlman qızlar saymaq olardı.

On illik təhsil həyatı 1872-ci ildə başa çatdı. Məktəb rəhbərliyi yerli ehtiyaclardan çıxış edərək hər iki balkar qızı gələcək müəllimlik fəaliyyətinə hazırlamaq məqsədi ilə bir illik pedaqoji kursda saxlamağı qərara aldı. Lakin elə bu zaman Hənifənin həyatında gözlənilməz dəyişiklik baş verdi. Özü "Əkinçi"nin ilk sayının çapdan çıxmasının 50 illiyi münasibəti ilə 1925-ci ildə qələmə aldığı "Həsən bəy Zərdabi haqqında xatirələrim" adlı avtobioqrafik qeydlərində (mətni mənim tərcüməmdə 2002-ci ildə "Böyük Əkinçi" kitabında nəşr olunmuşdur) hadisəni belə təsvir etmişdi: "Həsən bəyin diqqətini "Kavkaz" qəzetində Tiflisdəki Müqəddəs Nina məktəbini bitirən qızların siyahısı cəlb etmişdi. Məzunların arasında mən də vardım. Həyatını müsəlmanlar üçün yeni, daha düşünülmüş prinsiplər əsasında qurmağı qərara alan Həsən bəy özü də müəllim olduğundan təhsil görmüş qızla tanış olmağa can atırdı. Tanışlıq baş tutmuşdu. Hər ikimiz inanmışdıq ki, baxış və niyyətlərimiz eynidir. Beləcə, evlənib birgə işləməyə qərar vermişdik".

Eyni 1925-ci ildə mühacir həyatı yaşadığı Parisdə Həsən bəy (qismən də Hənifə xanım!) Zərdabinin milli-mədəni inkişaf uğrunda mübarizədəki mühüm rolu haqda "Azərbaycanın yol göstərəni" (rusca "Mayak Azerbaydjana"; mənim tərcümə və müqəddiməmlə 2010-cu ildə Bakı Slavyan Universiteti tərəfindən nəşr edilmişdir) adlı kitab yazan Əlimərdan bəy də məşhur tarixçənin təsvirindən özünü saxlaya bilməmişdi: "Həyatının mühüm bir faktı Həsən bəyə hücumları daha da gücləndirmişdi. Bu da ailə qurması ilə bağlı idi. Tale onun qarşısına gənc və yaxşı təhsil görmüş dağlı qızı Hənifə Abayevanı çıxarmışdı. Hənifə xanım mənşəcə balkar idi. Qarlı Elbrusun ətəklərində yaşayan kiçik balkar xalqının təmsilçisi idi. Abayeva familiyası bu xalq arasında geniş yayılmışdı. Abayevlər məşhur kabardin, çərkəz və osetin ailələri ilə də qohum idilər. Hənifə xanım 8-9 yaşlarında kiçik qız ikən Tiflisdəki Müqəddəs Nina qız məktəbinin pansionatına göndərilmiş, təhsilini böyük uğurla başa vurmuşdu. Lakin gənc xanım məktəbin kandarından kənara ayaq basmamış Həsən bəyin elçisi qapını kəsdirmişdi. Mövcud adət-ənənələrə uyğun görünməsə də, elçi elə Həsən bəyin özü idi. O, yanınca molla gətirmiş, kəbini də burada kəsdirmişdi..."

Yeri gəlmişkən, Həsən bəyin "qayınlarının haqq-hesab çəkmək üçün Balkariyadan yeni ailə quran gənclərin üstünə gəlmələri" haqda azərbaycanlı müəlliflərdən birinin iddiası həqiqətdən çox uzaqdır və görünür, məhəlli düşüncə tərzinə xas fantaziya məhsulundan başqa bir şey deyildir. Abayev qardaşları - Soltan və Kaytuk təhsil görmüş, müasir düşüncəli gənclər idilər. Hətta bir çox soydaşlarımızdan fərqli olaraq Həsən bəyin doğma xalqı və Rusiya imperiyasının "müsəlman" əhalisi üçün əhəmiyyətini daha yaxşı başa düşür, ona və ailəsinə, ictimai fəaliyyətinə hörmətlə yanaşırdılar.

Ön sırada Soltanbəy Abayev, Hənifə xanım Abayeva və Fuza Şakmanova

Beləcə, gənc dağlı qızı "sevimli Balkariya və onun ecazkar dağları əvəzinə Xəzərin sahillərinə" üz tutmuşdu. Hadisələrlə zəngin 1873-cü ildə ilk övladları - 45 il sonra Azərbaycan Cümhuriyyətinin Birinci Ledisi səviyyəsinə yüksələcək Pəri xanım Məlikova-Topçubaşi doğulmuşdu. 1875-ci ildə isə Həsən bəyin ikinci övladı - "Əkinçi" qəzeti dünyaya gəlmişdi. Hənifə xanım bu qısa ömürlü "növcavanın" fiziki anası olmasa da, onun nazını Həsən bəydən az çəkməmişdi, zəhmətinə ondan az qatlaşmamışdı. İlk Azərbaycan qəzetinin bütün ağırlığını əri ilə birlikdə öz zərif çiyinlərində daşımışdı.

Və bu məsələdə ortaya sonralar korifeylərin fəaliyyətində uğurla davam etdirilən gözəl bir nümunə qoymuşdu. "Əkinçi"nin beşiyi başında Həsən bəylə Hənifə xanım dayandığı kimi "Tərcüman"ın nəşri İsmayıl bəy Qaspıralı və Zöhrə xanım Akçurinanın, "Molla Nəsrəddin"in dörddə bir əsrlik mövcudluğu isə Mirzə Cəlil və Həmidə xanım Cavanşirin sarsılmaz ailə ittifaqı, ideya-mənəvi birliyi sayəsində mümkün olmuşdu.

Hənifə xanımın qadın təhsili sahəsində fəaliyyəti Bakıya gəldiyi 1873-cü ildə başlamışdı. Tezliklə o, mənzilində müsəlman-azərbaycanlı qızlar üçün məktəb təşkil etmişdi. Doğrudur, bu, rəsmi təhsil ocağı deyildi. Məşğələlərə cəmisi 10-12 nəfər gəlirdi. Yazıb-oxumağı və rus dilini öyrənirdilər. Cəhalətin acı zərbələrini hamıdan çox hiss edən azərbaycanlı qızların gözünü açmaq, onları gələcək həyata hazırlamaq baxımından lazımlı və qiymətli təşəbbüs idi. Gənc ailə daha qabağa gedərək qızlar üçün pansionat - Müqəddəs Nina məktəbinin kiçik modelini yaratmaq istəyirdi. Amma maddi çətinliklər buna imkan vermirdi. "Əkinçi" nəşrə başladıqdan sonra isə hansısa qazanc götürmək bir yana qalsın, Həsən bəyin  gimnaziyadan aldığı müəllim maaşından ibarət mütəvazi ailə büdcəsini də qəzetə sərf etmək zərurəti yaranmışdı.

Gizli deyil ki, "Əkinçi"nin iki illik mövcudluğu həm də və daha çox Həsən bəyin Bakı general-qubernatoru Dmitri Staroselski, Hənifə xanımın isə onun zövcəsi, Tiflisdəki Müqəddəs Nina qız məktəbindən tanıdığı Yekaterina Quramişvili ilə ailəvi dostluğu sayəsində mümkün olmuşdu. Yenə bu dostluq sayəsində şəhər rəhbərliyi Həsən bəyin "Müsəlman şagirdlərin təhsilinə yardım məqsədi ilə xeyriyyə cəmiyyəti yaradılması" təklifini qəbul etmişdi. Həsən bəylə Bakı gimnaziyasındakı tələbələrindən Nəcəf bəy Vəzirovla Əsgər Ağa Goraninin fədakarlığı sayəsində müəyyən işlər görmək mümkün olmuşdu. Lakin imkanlı "müsəlmanların" xalq maarifinə laqeyd münasibəti nəticəsində təşəbbüsü yarıda buraxmaq lazım gəlmişdi. Staroselski Bakıdan uzaqlaşdırılandan sonra rəsmi təzyiqlərin güclənməsi və ənənəvi erməni fitnəkarlığı nəticəsində qəzetin nəşri də müşkül işə çevrildi. Əlimərdan bəyin yazdığı kimi, "bütün bunları sədaqətli ömür-gün yoldaşı Hənifə xanım yaxşı görürdü. O, daxilən sarsılır, qəzəblənirdi. Lakin Həsən bəyi qayğı ilə əhatə etməkdən, ərinə mənəvi yardım göstərməkdən bir an da olsun geri çəkilmirdi".

Moskva Universitetinin XIX əsrin 70-ci illərində Azərbaycandakı yeganə məzunu və onun cəmiyyət arasına ənənəvi müsəlman geyimində çıxmadığına görə cahil kütlədə böyük qəzəb doğuran ziyalı xanımı ilkin mərhələdə qaragüruhun qarşısında duruş gətirə bilmədilər. Nəticədə xalqa daha çox fayda verdikləri mərkəz Bakıdan Göyçay qəzasının daldabucaq Zərdab kəndinə köçməli oldular. Məcburi "mühacirət" 16 il davam etdi. Bakı ilə Zərdabın miqyasları yerlə göy qədər fərqlənsə də, Həsən bəylə Hənifə xanım burada da əllərini yanlarına salıb oturmadılar. Bacardıqları qədər kəndlilərin haqlarını qorudular, maarifçilik fəaliyyətini davam etdirdilər.

1896-cı ildə Zərdabilər ailəsi Bakıya qayıtdı. Hənifə xanımın xatirələrindən də göründüyü kimi, Həsən bəy bu addımı məsləhət və yardımına ehtiyac duyan soydaşlarının Zərdaba göndərdikləri çoxsaylı minnətçi və qasidlərin xahişinə görə atmışdı. Xalq çətinlik və tərəddüdlə də olsa Həsən bəyin, Hənifə xanımın həqiqi xeyirxahları olduğunu başa düşmüşdü. Təbii ki, aradan keçən dövr ərzində şəhər və insanlar da dəyişmişdi. Əhali arasında az da olsa canlanma yaranmış, ictimai həyat formalaşmağa başlamışdı.

Hacı Zeynalabdin Tağıyevin "Kaspi" qəzetini mətbəəsi ilə birlikdə satın alaraq milli ziyalıların sərəncamına verməsi, ardınca isə Əlimərdan bəy Topçubaşinin nəşrin baş redaktoru təyin olunması bu fədakar ailə üçün də geniş fəaliyyət imkanları açdı. Həsən bəy tezliklə redaksiyada ikinci şəxsə çevrildi. Hənifə xanımın azərbaycanlı qızların təhsilinin təşkili ilə bağlı fikirləri yenidən ön plana çıxdı. 1896-cı ilin yanvarında, Zərdabdan qayıdandan az sonra H.Zərdabi Bakı qubernatoru A.P.Roqqeyə "müsəlman qadınların təhsil almaları üçün birsinifli rus-müsəlman qız məktəbinin" təşkili ilə bağlı müraciət ünvanladı. Ərizəyə müsbət cavab alınsa da, maddi imkansızlıq ucbatından məsələ yenə müşkülə düşdü.

1890-cı illərin ikinci yarısından etibarən qısa müddətdə fəal ictimai xadim və publisist kimi tanınan Əlimərdan bəy də xalq üçün ümumən təhsilin, xüsusən də qadın təhsilinin zəruriliyi məsələsində prinsipial mövqe tutmuşdu. Mənə elə gəlir ki, qayınata və kürəkənin təhsillə bağlı fəallığı ictimai mövqe və inancları ilə birlikdə həm də Hənifə xanıma mənəvi dəstək xarakteri daşıyırdı. Onun illərdən bəri ürəyində yaşatdığı arzunu gerçəkləşdirilməsinə, nəhayət ki, Bakıda spesifik qadın təhsili müəssisəsinin açılması ideyasına xidmət edirdi.

Sükut buzu 90-cı illərin ikinci yarısında qırıldı. Dövlətin yanında etibar sahibi olan Hacı Zeynalabdin Tağıyevin işə qarışması çıxış yolu tapmağa imkan verdi. 1896-cı ilin aprelində o, Qafqaz Təhsil Dairəsinin hamisi K.P.Yankovskiyə müraciətlə sonuncu rus çarı II Nikolay və xanımı Aleksandra Fyodrovanın tacqoyma mərasimi münasibəti ilə Bakıda imperatriçənin adını daşıyan müsəlman qız məktəbi təsis etmək niyyətində olduğunu bildirdi. "Müsəlman qadınını qapalı mühitdən xilas etməyin bir yolu var - təhsil!" - düşüncəsini paylaşan Hacının təşəbbüsünün arxasında çox güman ki, həm də Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşi və Sona xanım Tağıyeva vasitəsi ilə Hənifə xanım dayanırdı. H.Z.Tağıyev məktəbin tikintisinə ilkin olaraq 60000 manat ayırdı. Bundan əlavə, Dövlət Bankına 125 min manat toxunulmaz vəsait yatırıb ildə təxminən 5000 manatlıq faizinin imkansız şagirdlərinə xərclənməsinə şərt qoydu. Başqa şərtlər sırasına istisnasız şəkildə bütün şagirdlərin, məktəb müdirəsi, ana dili və şəriət müəllimlərinin, eləcə də rus dili və digər fənləri tədris edən pedaqoqların  "müsəlman" olması, imkansız ailələrin uşaqları üçün 20 nəfərlik pansionatın təşkili və s. daxil idi. Məktəbin yanında Hamilər Şurası yaradılırdı, təsisçi Şuranın üzvü və ömürlük Hami statusu qazanırdı. Məktubda daha sonra deyilirdi: "Müsəlmanları rus mədəniyyətinə yaxınlaşdırmaq üçün müsəlman qadınına təhsil vasitəsi ilə öz insan haqlarını anlatmaq lazımdır. Təsis etmək istədiyim məktəb də həmin məqsədi güdür və qarşısına böyük mədəni vəzifə qoyub. Lakin onun müsəlman həyatına uyuşması, minlərlə oxşar təhsil ocağının meydana çıxmasına təkan verməsi üçün rəhbərlik dövlət dilinə layiqli yeri ayırmaqla yanaşı, hər cür fanatizmdən azad şəkildə şagirdlər arasında ana dilinin tədrisinə də aydın və açıq şəkildə yardım göstərməlidir". Hacı "məktəb işinə yaxşı bələd olan rus və müsəlman dostlarının" da onun fikirlərini bölüşdüyünü də sözlərinə əlavə etmişdi. H.Z.Tağıyev perspektivdə təsisçisi olduğu birsinifli məktəbi gələcəkdə tam orta təhsil verən müsəlman qız gimnaziyası kimi görürdü. Bina layihələşdirilərkən də bu uzaqgörən niyyət nəzərə alınmışdı.

 Keçmiş Nikolay (indiki İstiqlaliyyət) küçəsində yer ayrıldı və 1897-ci ildə memar Y.Qoslavskinin layihəsi əsasında tikinti işlərinə başlandı. Deyilənə görə, şəhərin tam mərkəzində olan həmin sahədə  (indiki Əlyazmalar İnstitutunun binası) cümə məscidi inşa edilməli imiş. Lakin Hacının orada qız məktəbi tikdirmək istədiyini eşidən Qafqaz şeyxülislamı Axund Əbdülsalam Axundzadə dərhal fikrindən əl çəkmiş və Bakı Dumasından məscid üçün başqa ərazi verilməsini istəmişdi. Göründüyü kimi, bizə qaranlıq görünən keçmişdə xeyirxah zənginlərimiz, işıqlı din xadimlərimiz olmuşdu...

Azərbaycan maarif tarixində ilk rəsmi qız məktəbi təntənəli şəraitdə 1901-ci il sentyabrın 7-də açıldı. Hamilər Şurasının sədri və Fəxri Hami H.Z.Tağıyev, müavini xanımı Sona Tağıyeva idi. Bakı şəhər başçısı vəzifəsini icra edən A.M.Belyavski, Bakı quberniya qazısı Axund Hacı Cavad Molla Ağaəlizadə, Mariinsk qız gimnaziyasının direktoru M.M.Latkina, Bakı kişi gimnaziyasının direktoru A.İ.Pobedonostsev, şəhər Dumasından fəxri vətəndaş Həsən bəy Məlikov, habelə Haminin təyin etdiyi iki "müsəlman ziyalısı" - andlı iclasçı Əlimərdan bəy Topçubaşi və mühəndis Fərrux bəy Vəzirov Şuranın üzvləri oldular. Məktəb üçün bütün zəruri avadanlığın alınması H.Z.Tağıyev və Həsən bəy Zərdabiyə, şagird qızların geyim formasının hazırlanması isə Sona xanım Tağıyevaya həvalə olundu.

Qız məktəbinin təşkilində az əməyi olmayan Əlimərdan bəy (Hacının adından Peterburq və Tiflisdəki çoxsaylı dövlət idarələrinə, ayrı-ayrı şəxslərə göndərilən məktub və müraciətlərin onun qələmindən çıxdığı şübhə doğurmamalıdır) "Kaspi" qəzetində mühüm mədəni hadisəyə həsr olunmuş iki iri həcmli məqalə çap etdirmişdi. "Bakı rus müsəlman qız məktəbi" (21 avqust 1901-ci il) və "Bakıda rus-müsəlman qız məktəbinin açılması münasibəti ilə" (22-23 sentyabr 1901-ci il) adlanan həmin yazıları Azərbaycanda qadın təhsilinin ilk müxtəsər tarixçəsi də saymaq olar. İdeyanın gerçəyə çevrilməsinin bütün ağırlığı isə əlbir şəraitdə çalışan iki ailənin - Tağıyev və Zərdabi ailələrinin üzərinə düşmüşdü.

Hacı Zeynalabdin Tağıyevin zəmanəti ilə Hənifə xanım Abayeva-Məlikova məktəbin müdirəsi və rus dili müəllimi vəzifələrinə təyin edildi. Onun müavini Litva tatarı, Azərbaycanda qadın təhsilinin inkişafına böyük əmək sərf etmiş Məryəm xanım Sulkeviç (1861-1918) idi. Ana dili və şəriət fənlərinin tədrisi Ahıska türkü Əsmiyə Soltan Məhəmmədəmin Əfəndi qızına tapşırıldı. Məzhəb fərqləri nəzərə alınaraq bir neçə aydan sonra ikinci şəriət müəllimi - Səkinə xanım Axundova dəvət olundu. 1902-ci ildə etibarən Rəhilə xanım Terequlova, Smolnı məzunu Xədicə xanım Əbdürrəhmanova (Azərbaycan Cümhuriyyətinin qurucularından Həsən bəy Ağayevlə ailə qurandan sonra Xədicə Ağayeva) müəllim kimi işə başladılar. Görkəmli dramaturq Nəcəf bəy Vəzirovun qızı Sara Vəzirova da burada çalışırdı.

Qapalı tədris müəssisəsi olan Bakı qız məktəbində təhsil müddəti 4 il idi. Yeniyetmə qızları gələcək müstəqil həyata hazırlamaq məqsədi ilə təhsilin sonuncu ilində diqqət həm də evdarlıq məsələlərinə yönəldilirdi. Məktəbə birinci il 58, növbəti il 83 şagird qəbul olunmuşdu. Onlardan 20 nəfəri imkansız ailələrin övladları kimi təhsil haqqı və digər ödənişlərdən azad idilər. Şagird sayının artması nəticəsində Hənifə xanım rus dili müəllimliyindən ayrılaraq yalnız müdir kimi fəaliyyət göstərmişdi. 1904-cü ilin mayında yerini Məryəm xanım Sulkeviçə verərək məktəbdən uzaqlaşsa da, Azərbaycanda qadın təhsilinin müasir pedaqoji prinsiplərə əsaslanan bazasının yaradılmasında müstəsna xidmətləri olmuşdu. Aradan on il keçəndən sonra Bakıda artıq 2000 nəfərə qədər "müsəlman" şagirdin təhsil aldığı 5 qız məktəbi vardı. Hənifə xanım 1909-1919-cu illərdə həmin təhsil ocaqlarında birinə - Bakı Dumasının maliyyələşdirdiyi 1 saylı rus-müsəlman qız məktəbinə rəhbərlik etmişdi. Qurucularından  olduğu ilk qız məktəbi isə 1918-ci ilə qədər fəaliyyət göstərmişdi.

Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirilən I qurultayındakı çıxışında Hənifə xanım qadın təhsilinin vacibliyini vurğulayaraq demişdi: "Əgər kişi ailənin başçısıdırsa, qadın onun zəmini,  bünövrəsidir. Ailə ocağı ilə bağlı bütün qayğılar, ilk növbədə isə uşaqların tərbiyəsi qadının üzərinə düşür. Əgər müsəlman ana savadsız və cahildirsə, o zaman verdiyi tərbiyə nə olacaq? İmkanlı müsəlmanlar bu həqiqəti yaxşı başa düşürlər. Ona görə də ya savadlı qadınlarla evlənməyə can atır, ya da övladlarının təlim-tərbiyəsi üçün dayələr, quvernantlar tuturlar. Sadə xalq isə aydın məsələdir ki, bunu edə bilmir. Gələcəyimiz naminə biz oğlanlarla birlikdə qızlarımızın da təhsil almalarının qayğısına qalmalıyıq".

Azərbaycandakı rejim dəyişikliyi də onu sevimli işindən ayırmamışdı. Əksinə, yeni şəraitdə ikiqat qüvvə ilə çalışmağa başlamış, sovet hakimiyyəti illərində Azərbaycan SSR Xalq Maarifi Komissarlığında bir sıra məsul vəzifələr tutmuşdu.  Hənifə xanım 1925-ci ildə təxminən yarım əsrdən çox davam edən müəllimlik işinə, maarifçilik fəaliyyətinə yekun vuraraq məmnunluq hissi ilə yazırdı: "Həyatımın məqsədi hüquqları uğrunda və istismara qarşı mübarizədə insanlarımızın, ilk növbədə isə türk qadınlarının mədəni səviyyəsini yüksəltmək olub və bu gün də dəyişməz olaraq qalır. Xoşbəxtəm ki, türk qadınının əsarətdən xilas yolunun üfüqlərinin açıldığı günlərə qədər yaşamaq nəsibim oldu".

Hənifə xanım həm də iki qardaş türk xalqını - azərbaycanlılarla balkarları yaxınlaşdıran mənəvi körpülər qurmağa çalışırdı. Çox güman ki, onun məsləhəti və yardımı ilə XX əsrin əvvəllərində əmisi oğlu, tanınmış balkar publisisti, etnoqraf və tarixçi  Misost Abayev (1857-1928), görkəmli balkar ictimai xadimi Basiyat Şaxanov (1879-1919)  "Kaspi" qəzetində fəal çap olunurdular. Ailə ənənəsini övladlar da davam etdirmişdilər. 1930-cu illərdə Basiyat Şaxanovun oğlu Timur Şaxanov (1907-2000) Qəribsoltan Məlikovanın yardımı ilə Bakıda orta təhsil ala bilmişdi. Zərdabi ailəsi Misost Abayevin eyni dövrdə Bakıda müəllimlik fəaliyyəti ilə məşğul olan qızı Fatiməyə də imkan daxilində himayə göstərmişdi.

Hənifə xanımın bioqrafiyasını araşdırarkən diqqətimi iki fakt cəlb etdi. 1920-ci illərin ortalarında, sovet cəmiyyətində hələ nisbətən liberal qaydaların hökm sürdüyü vaxtda bu fədakar qadın o qədər də böyük olmayan maaşının çox hissəsini valyutaya çevirib Parisə - üzünü görə bilmədiyi nəvələrinə göndərirdi. Başqa maraqlı fakt isə ehtiyac və çətinliklərə baxmayaraq, Əlimərdan bəy Topçubaşinin Bakıda haqqın dərgahına qovuşan qayınanasının yasını - cümə axşamlarını, qırx və il mərasimini Parisdə azərbaycanlı və dağlı siyasi mühacirlərin iştirakı ilə keçirməsidir. Hər iki faktın əsasında yalnız qandan və gendən deyil, həm də mükəmməl təhsildən irəli gələn nəciblik, fədakarlıq, yüksək insani dəyərlərə bağlılıq dayanırdı.

 

Sarayevo

Vilayət QULİYEV

525-ci qəzet.- 2024.-27 aprel,¹73.-S.10-11;12.