Gərəkli adam
Tanınmış ədəbiyyatşünas alim, tədqiqatçı,
pedaqoq, şair, publisist, dəyərli ziyalı, filologiya elmləri
doktoru, professor İslam Qəriblinin 70 yaşı tamam olur. 70
illik yubileyini AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri kimi qarşılayan, sadə kənd
müəllimliyindən alimliyə qədər şərəfli
həyat yolu keçən İslam Qəriblinin pedaqoji, bədii,
elmi, pulisistik fəaliyyəti əsl həyat məktəbidir,
bu məktəbi araşdırmağa, bu məktəbdən
öyrənməyə dəyər.
İslam Qəriblinin şəxsiyyətini bir ifadəyə
sığışdırmaq olar - gərəkli adam! Harda
oxumasından, işləməsindən asılı olmayaraq
daim seçilə, sevilə bilib, özünəməxsus iz
qoymağı bacarıb İslam Qəribli. Niyə məhz müəllimlik
peşəsinə könül
vermişdi - bu seçimi kənd uşağının öz
müəllimlərinə olan sevgisimi doğurmuşdu, müəllimlərinə
olan hörmətdənmi qaynaqlanmışdı, bu peşəyə
olan ehtiyacdanmı - nədənini, niyəsini İslam müəllimdən
heç vaxt soruşmamışam, cavabını da bilmirəm.
Amma bildiyim bir həqiqət var ki, həyatda təsadüfi
heç nə yoxdur və İslam Qəriblinin müəllimlik peşəsini
seçməsi taleyin xoş qisməti, uca yaradanın ona
lütfüdür bəlkə... Həyat göstərdi ki,
müəllimlik prof. İslam Qəribli üçün həyati
ehtiyaclarını ödəyən peşə,
"çörək ağacı"ndan çox, ruhən,
qəlbən bağlandığı könül işi oldu,
gəncliyindən ahıllıq çağlarına qədər
cəmiyyətlə özü arasında hörmət,
ehtiram, sevgi körpüsünə çevrildi.
"Dünyada hər şeyə dəyər vermək
mümkündür, lakin müəllimin əməyinə əsla
dəyər verilə bilməz" deyiminin məsuliyyətini
sevimli müəllimim haqqında yazanda bir daha hiss etdiyimdən
bu ağırlığı
ürəkdən gələn saf, səmimi hisslərimin
təmizliyində əritmək istəyirəm...
...ADPU-nun filologiya fakültəsinin fərqlənmə diplomlu məzunu
pedaqoji fəaliyyətlə məşğul olduğu illər
ərzində çalışdığı bütün
pedaqoji kollektivlərdə sevilən, seçilən biri
olmağı bacardı. Biləsuvar, Lerik rayonlarının
ucqar kənd məktəblərində tədrisdə yeni
öyrənmə metodlarını, şagirdlərə fərqli
yanaşma tərzini ortaya qoymaqla, fənnini ürəkdən
tədris etməklə yetirmələrinin yaddaşında əsl
müəllim kimi iz qoymağı bacardı. Aylar, illər
keçdikcə İslam müəllimin yetirmələrinə,
ilahi seçimi olan müəllimliyə, ədəbiyyata-poeziyaya
olan sonsuz sevgisi ürəkləri isitdi, öyrətmənə,
öyrənməyə olan sevgiyə döndü, həyat
yolunu nurlandırdı, onu cəmiyyətin nurlu
ziyalısına çevirdi nur, işıq topası kimi
özünə qayıtdı.
Bilmirəm, bu yanaşmamda nə qədər
haqlıyam - İslam Qəriblinin 1990-cı ilin dekabrından
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna dəvət
olunması ilə Azərbaycanda ədəbiyyatşünaslıq
elmi nə qədər qazandısa, pedaqoji sahə bir o qədər
itirdi... hər şeydən əvvəl, kənd
uşaqları dərsə yeni nəfəs gətirən
sevimli müəllimlərindən uzaq düşdülər.
Düzdür, sonralar İslam müəllim bu boşluğu
doldurmaq üçün orta məktəblər
üçün dərsliklər yazdı, kitablar nəşr
etdirdi, amma gedişindən
yaranan boşluğu doldura bilmədi... Niyə? İllər
öncə Lerikin dağ kəndlərində təhsilin
problemləri ilə bağlı TV üçün
araşdırma material hazırlayanda bu sualın
cavabını aldım. Çəkiliş zamanı kənd
sakinlərinin gileylə dedikləri indiki kimi yadımdadır,
çünki bu gileyin konkret ünvanı vardı - İslam Qəribli
kimi peşəkar pedaqoqların gedişi uşaqlarımız,
kənd məktəbləri üçün böyük
itkidir və belə nurlu insanları nəyin bahasına olursa
olsun mütləq kənddə
saxlamaq lazımdır! Vaxtı ilə
çalışdığı kənddə sakinlərin illər
sonra da İslam müəllimi hörmətlə
xatırlamasına həsəd aparmışdım və
ürəyimdə onu kənd üçün gərəkli
hesab edən insanları qoyub getdiyinə görə
qınamışdım da. Amma illər sonra, İslam müəllimin
dissertantı olanda bu qınağımda haqlı
olmadığımı gördüm. Tam səmimiliyi ilə
deyirəm - bu gediş lazımlı idi, vacib idi, hələ bəlkə
bir az da gecikmişdi! Çünki bu gün Azərbaycan ədəbiyyatşünaslığında
prof. İslam Qəribli əvəzolunmaz imzadır, öz dəsti-xətti
olan böyük araşdırmaçı alimdir, tələbələrin
mühazirələrini sevə-sevə dinlədiyi gözəl
müəllimdir!
Və İslam müəllimin həyat yolu bir daha
göstərdi ki, peşəsinə qəlbən bağlanan,
işini bilən, əqidəsi, amalı gözəl olan insan
olduğu hər yeri gözəlləşdirir, hər yerdə
gərəkli olmağı bacarır. Elə təkcə buna
görə İslam Qəriblinin
doğulduğu, çalışdığı dağ kəndlərini
qoyub paytaxta gəlişini itki kimi yox, uğur kimi dəyərləndirmək
lazımdır. Bu zəhmətkeş alimin elmə gəlişi
Azərbaycanın ədəbiyyatşünaslıq elmində
xüsusi səhifə açdı - mübaliğəsiz,
filansız! İslam Qəribli 35 ildən çoxdur ki,
yorulmadan, usanmadan ədəbiyyat tarximizə baş vurur, o
taylı, bu taylı Azərbaycan ədəbiyyatının
açılmayan səhifələrini tədqiq edir, ədəbi
qaynaqları səbirlə araşdırır, yeni fikirlərini
ortaya qoyur, heç kimi təkrarlamır, öz yolu, öz
cığırı ilə ədəbiyyatşünaslıq
elminin zirvələrinə doğru yol alır. Təkcə
bir faktı vurğulamaq kifayətdir ki, Məhəmməd
Hadinin həyatının, elmi, bədii irsinin köklü araşdırılması professor
Əziz Mirəhmədovdan sonra İslam Qəriblinin adı ilə
bağlıdır. İslam müəllim bütün
yaradıcılıq gücünü sərf edərək Azərbaycan
ədəbiyyatının ən talesiz şairi Məhəmməd Hadinin həyat və
yaradıcılıq yolunu ilmə-ilmə çözərək
"M.Hadinin İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah"
poeması" mövzusunda namizədlik (1990), "M.Hadinin ədəbi-bədii
irsi Azərbaycan dövrü mətbuatında (1905-1920)"
mövzusunda (2013) doktorluq dissertasiyalarını müdafiə
edib. Akademik Bəkir Nəbiyevin İslam Qəriblinin "Məhəmməd
Hadi və mətbuat (1905-1920)" monoqrafiyasını
"Hadişünaslığa yeni töhfə"
adlandırması təqdiqatçının böyük zəhmətinə
verilən dəyərdir. Prof. İ.Qəribli M.Hadi ilə
bağlı araşdırmalarını bu gün də eyni həvəs
və bu nakam ədibin ruhuna məhəbbətlə davam
etdirir. Onun "Məhəmməd Hadi: Həyatı və
yaradıcılığı" adlı son monoqrafiyası XX
əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir
tarixinin görkəmli nümayəndələrindən biri,
milli Azərbaycan romantizminin yaradıcılarından olan Məhəmməd
Hadinin həyat və yaradıcılıq yolunun tədqiqinə
dair ən sanballı tədqiqat hesab olunur. Tədqiqatda
M.Hadinin ömür yolu, 1905-1920-ci illərdəki Azərbaycan
və Türkiyə dövri mətbuatı ilə əlaqələri,
"Həyat" qəzetindən başlayaraq "Azərbaycan" qəzetinə
qədər müxtəlif təmayüllü iyirmidən
yuxarı mətbuat orqanında, sağlığında və
ölümündən sonra kitablarında çıxan 400-dən
yuxarı bədii, elmi, publisistik və tərcümə əsərləri
sistemli şəkildə araşdırılaraq onların
elmi-filoloji təhlili aparılır. Geniş oxucu kütləsinin
əsasən şair kimi tanıdığı M.Hadi
yaradıcılığından
yeni monoqrafiyada həm də nasir, alim, publisist, tərcüməçi
kimi bəhs olunur, əsərlərinin mövzu, forma, məzmun,
ideya və sənətkarlıq məsələləri ətraflı
şəkildə şərh olunur. Professor İslam Qəribli həm də M.Hadinin yeni çapdan
çıxmış II cildlik "Seçilmiş əsərləri"nin
də tərtibatçısı, məsul redaktoru,
toplayanı, ərəb qrafikasından transliterasiya edib
çapa hazırlayanı, şərhlərin müəllifidir.
Xatırladaq ki, 2020-ci ildəki elmi araşdırmalarına, tədqiqatlarına
görə prof. İ.Qəribli
"İlin alimi" seçilib.
...Bu günlərdə feysbuk sosial şəbəkəsində
bir sorğu-paylaşım diqqətimi çəkdi - ali məktəb
tələbələri ən çox sevdikləri müəllimlərlə
bağlı müzakirədə yaddaşlarında iz
qoymuş sevimli müəllimlərini xatırlayır, barələrində
yazırdılar. Və tələbələrin sevdikləri,
seçdikləri müəllimlərin içində professor
İslam Qəriblinin adı ön sıralarda idi. Vaxtı ilə
dərs dediyi ali təhsil ocaqlarında tələbə və
magistrantların onun haqında yazdıqları səmimi,
xoş sözləri oxumaq istər-istəməz insanda gözəl
ovqat, əhval-ruhiyyə yaradır, müəllimlik peşəsinin
necə uca olduğunu bir daha sübut edir. Qeyd edim ki, professor
İ.Qəribli Lənkəran
Dövlət Universitetinin də sevilən müəllimlərdən
olub. Son illərdə İslam müəllim AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitutunda
çalışdığı şöbədə
işinin çoxluğundan LDU-da
mühazirələrini davam etdirə bilməsə də,
bu ali təhsil ocağında gənc alim kadrlarının,
mütəxəssislərin hazırlanmasında köməyini
əsirgəmir, elmi rəhbəri olduğu dissertant və
doktorantlara elmi araşdırmalarında dəstək olur.
Sözsüz ki, 70 illk yubileyi ilə bağlı
filologiya elmləri doktoru, prof. İslam Qəribli haqqında
çoxsaylı yazılar yazılacaq, elmi, publisistik, ədəbi,
pedaqoji fəaliyyəti çox rakurslardan
araşdırılacaq, tədqiq ediləcək. Mənim
baxış bucağımdan sevimli müəllimim, dəyərli
tədqiqatçı alim İslam Qəribli həm də
gözəl şairdir, həssas, kövrək, ürəkdən
gələn saf, səmimi hisslərini bəzək-düzəksiz
əks etdirən, öz deyim tərzi olan lirik şair. Elə
şair ki, illər öncə yazdıqları bu gün də
əvvəlki təravətindədir, oxunur, sevilir. Baxmayaraq ki, İslam müəllim
heç vaxt şairlik iddiasında olmayıb və
yazdıqlarını da uzun müddətdən sonra ədəbiyyatşünas
dostlarının məsləhəti ilə "Gecikmiş
görüş" adı ilə 2012-ci ildə çap
etdirib:
O ötən günlərim bir iztirabdır,
Saçıma ələnən qırovdur, qardır.
O qədər intizar çəkmişəm ki, mən,
Ürəyim həsrətdən qabar-qabardır.
Və bu həsrət şairi dağlara, daşlara da
doğmalaşdırıb:
Mən səni o qədər səsləmişəm
ki,
Dağlar da öyrəşib bu səsə indi...
İslam Qəriblinin gəldiyi
ilahi məntiq budur - məhəbbət, sevgi heç vaxt
unudulmur, insanı bir ömür boyu səssiz-səmirsiz, izsiz
təqib edir, son nəfəsinədək ruhuna hopur:
Ulu Tanrı, bəlkə, məni eşidə bir
gün,
Dünya böyük, bu dünyada nə yaxşı
varsan.
Unutmasan, əgər sənin yadında varsa,
Mənim sözüm: Sən arzumun arzularısan!
İnsanı yaşadan ümidlərdir, ümidin
qırıldığı nöqtədə insan da yox olur,
cismani olmasa da mənən, ruhən dağılır,
qırılır:
Bir içim sevinc ver, bir qətrə ümid,
Həkk edim mən onu bəbəklərimə.
Sən ümid ver mənə, bir ovuc ümid,
Bir ovuc ömrümə bir ümman olsun.
Bağlayım bir dəstə gül çələngitək,
Asım yatağımın baş tərəfindən.
Qoy həmin çələngdən yuxularıma
Gülüş çilənsin,
Ümidsiz günümə ümid ələnsin!
İslam Qəribli olduqca məhsuldar alim, tədqiqatçı
olduğundan müəllifi olduğu, redaktə etdiyi
kitabların, məqalələrin dəqiq sayını
yazmaqda çətinlik çəkirəm. Təqribi də
olsa deyə bilərəm ki, çapdan çıxmış
elmi əsərlərinin sayı 200-dən artıqdır, 20-dən
artıq kitabın müəllifidir, onlarla kitabın redaktoru
olub və zəhmətkeş alim bu gün də qələmini
yerə qoymur, daim yazır, yaradır, yeni
araşdırmaları ilə ədəbiyyatşünaslıq
elmimizi zənginləşdirir.
Nə qədər böyükmüş səndəki
ürək,
Sən elə arxasan, millətə gərək,
Yanmısan odlara sinə gərərək,
Belə tanımışam, belə mən səni!
Bu sətirlər İslam Qəriblinin müəlliminə
həsr etdiyi şeirdəndir. Biz də sizi belə
tanıdıq, sevdik, İslam müəllim! Yaxşı
müəllim tanrının bəndəsinə
lütfüdür. Müəllimə olan sevgi yaradana olan sevgi
qədər möhtəşəmdir, alidir. Siz də bu sevgini
haqq edən gözəl müəllim, ziyalı, alimsiniz.
Doğum günündə - 70 illik yubileyində sizə nə
arzu edə bilərik? Uzun, sağlıqlı, mənalı
ömür. Millətə gərəkli, dürüst, səmimi
insan-Sizi çox sevirik, öyünürük, qürur
duyuruq! 70 illik yubileyiniz mübarək!
Esmira İSMAYILOVA
Lənkəran Dövlət Universiteti mətbuat xidmətinin
rəhbəri
525-ci qəzet.- 2024.-30 aprel,¹74.-S.14.