COP29 Azərbaycan və
region üçün geniş inkişaf imkanları
açır
Azərbaycanın paytaxtı Bakı şəhərinin
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına Tərəf Dövlətlərin 29-cu
Konfransına (COP29) ev sahibliyi etməsi son dərəcə
mühüm hadisədir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək
növbəsi Şərqi Avropa regional qrupuna
düşürdü. Sözügedən qrupa daxil olan ölkəmiz
konfransın Azərbaycanda keçirilməsini təklif edib.
Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da
öz namizədliklərini irəli sürüb. 2023-cü il
dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi
arasında aparılmış birbaşa
danışıqların nəticəsi olaraq verilmiş birgə
bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz
namizədliyini geri çəkdi. Bolqarıstan da bundan sonra
öz namizədliyini geri götürdü və nəticədə
dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı
2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi
müəyyənləşdirdi.
Azərbaycanın dünyanın ən böyük və
mühüm dövlətlərarası tədbirlərindən
biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək
üçün seçilməsi Azərbaycan Prezidentinin
növbəti beynəlxalq qələbəsidir. Bu,
Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik
Şurasına üzvlük kimi, dövlət
başçısının xarici siyasətdə ən
böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana
qarşı çirkin kampaniya aparan bəzi dairələrə
tutarlı cavabdır. Dövlət başçısı bir
daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın
müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini
sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə
Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi
və beynəlxalq aləmdə böyük etimad
qazandığını nümayiş etdirdi. Ölkəmiz
qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə
qarşı səyləri səfərbər etmək və bu
mübarizəyə töhfə verməklə dünyanın
diqqət mərkəzində olacaq.
Millət vəkili Könül Nurullayevanın sözlərinə
görə, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi
nüfuzlu beyin mərkəzləri tərəfindən də
dəstəklənir. ADA Universitetində keçirilən
"COP29 və Azərbaycan üçün Yaşıl
Baxış" konfransında aparılan müzakirələr,
nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin
dövlət başçımıza
ünvanladığı suallar bunu bir daha təsdiqlədi.
Onun sözlərinə görə, bu nüfuzlu tədbirə
ev sahibliyi etməyin strateji kommunikasiya planı xüsusi maraqla
qarşılandı. Belə ki,
düşünülmüş siyasət, düzgün taktika
və siyasət, diplomatiyanın bir sıra digər aspektləri
burada vacib rol oynayır: "Əsas məqsəd iqlim dəyişikliyi
ilə mübarizə baxımından COP29-un uğurlu
olmasına nail olmaqdır. Dövlət
başçımızın da söylədiyi kimi, bu, bizim
üçün fürsətdir. Çünki bizim dünyaya
deyəcək sözümüz çoxdur. Təbii ki, ev
sahibliyi etməyin əsas üstünlüklərindən biri
onminlərlə qonağın ölkəmizə gəlməsi
olacaq. Azərbaycan COP29-u həm də sülh prosesinin nəticəsi
hesab edir. Ev sahibi kimi COP-un gündəliyinə bəzi əlavələr
edə bilərik. Prezident İlham Əliyev bəyan etdi ki, belə
məsələlərdən biri sülh olacaq. Birincisi, ona
görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a
ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan
vetosunu aradan qaldırdı və biz də
qarşılıqlı addımlar atdıq. Rəsmi Bakı
bu kontekstdə etimadın yaranmasını xüsusi qiymətləndirir.
"Bu hal isə bizim heç də hər dəfə hər
müstəvidə bir-birimizə qarşı addım
atmalı olmadığımızı nümayiş etdirir.
İlk dəfə idi ki, biz beynəlxalq arenada bir-birimizə
qarşı addım atmaq məcburiyyətində qalmadıq.
Yəni biz qarşılıqlı dəstək verməsək
də, bitərəf qaldıq və bunun özü də bir
nailiyyət idi", - deyə ölkə
başçımız bildirdi".
O əlavə edib ki, bu mənada, COP29-un Azərbaycanda
keçirilməsi münaqişənin həll
olunmasının və sülh danışıqlarında irəliləyişin
nəticəsidir: "COP 29 Cənubi Qafqazın 3 ölkəsi
arasında gələcək əməkdaşlıq
üçün yol aça bilər. Azərbaycan qlobal
miqyasda hadisələrin sürətlə inkişaf etdiyi
bölgə olan Cənubi Qafqazda hadisələrin
düzgün məcraya yönəldilməsi üçün
proaktiv olmağın tərəfdarıdır. Beynəlxalq
konfransda dövlət başçımız COP29-dan əvvəl
Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən
azı baza prinsipləri üzrə razılığa gəlməyin
tam real göründüyünü bəyan etdi. Bu yanaşma
rəsmi Bakının sülhə tam hazır olduğunu bir
daha təsdiqləyir. COP29 üç Cənubi Qafqaz ölkəsi
arasında ən azı məsləhətləşmələr
üçün fürsət yaradacaq və gələcək
əməkdaşlığa yol açacaq. Təbii ki, bu, həm
də regionda, Qafqazda, Xəzər hövzəsində, Mərkəzi
Asiya regionunda diqqət mərkəzində olmaq
üçün bir fürsətdir. Azərbaycanın əsas
üstünlüklərindən biri COP29 bizə həvalə
edilməmişdən əvvəl ekoloji problemlərlə
ciddi məşğul olması, iqlim dəyişikliyinin mənfi
fəsadlarını azaltmaq istiqamətində
çalışmasıdır. Belə ki, əvvəlki illərlə
müqayisədə Bakıda yaşıl ərazilərin
coğrafiyası genişlənib. Eyni zamanda, Qarabağda və
Şərqi Zəngəzurda su resursları üzərində
fəal iş aparılır. Konfransın Laçında
işini davam etdirməsi buradakı reallıqları beynəlxalq
ictimaiyyətə təqdim etmək baxımından xüsusi əhəmiyyət
kəsb edir".
Millət vəkili vurğulayıb ki, Azərbaycan
COP29-un ev sahibi kimi iqlim problemlərinə mənfi təsirlərin
açıq şəkildə müzakirəsinin tərəfdarıdır:
"Həmçinin, ölkəmiz neft və qazla zəngin
olan ölkələr üçün məsuliyyət
platforması yaratmağa çalışır. Dövlət
başçımızın da bəyan etdiyi kimi, Azərbaycan
COP29 üçün bir yenilik olan üçlük mexanizmini
yaradıb. Belə ki, COP28-i keçirmiş Birləşmiş
Ərəb Əmirlikləri (BƏƏ) və COP30-u
keçirəcək Braziliya ilə birlikdə bu formata malik
olmaq Azərbaycanın təşəbbüsü idi. Bu
mexanizm bizə planlaşdırmaya kömək edəcək. Yəni
Azərbaycan COP29-a sədrliyə, ilk növbədə, beynəlxalq
arenada ən təxirəsalınmaz məsələnin praktiki
həllinə töhfə vermək imkanı kimi baxır. Beynəlxalq
forumda əsas diqqət yetirilən məsələlərdən
biri də Azərbaycanın qlobal enerji səhnəsində ən
böyük tərəflərdən biri olması və yeni
rol aldığı ekoloji səhnədə əsas
oyunçulardan birinə çevrilməsi oldu. Dünyanın
nüfuzlu beyin mərkəzlərinin nümayəndələri
də bu qənaətdədir ki, Azərbaycanda keçiriləcək
COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin
həlli üçün daha səmərəli olacaq".
Millət vəkili Aydın Hüseynov bildirib ki,
dünyanın ən böyük beynəlxalq konfransı hesab
edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda
keçirilməsi ilə bağlı qəbul olunmuş qərar
olduqca mühüm əhəmiyyət daşıyır. Bu,
bir çox nüfuzlu beynəlxalq tədbirlərə ən
yüksək səviyyədə ev sahibliyi etmiş ölkəmizə
olan beynəlxalq etimadın növbəti göstəricisidir və
Azərbaycanın daha da artan nüfuzunu nümayiş etdirir.
180-dən çox dövlətin nümayəndəsinin
iştirak edəcəyi bu nəhəng tədbirdə ətraf
mühitin mühafizəsi, ekologiya, "yaşıl
enerji" sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin
geniş müzakirəsi bu sahələrə sərmayə
axıcılığını stimullaşdırır,
"yaşıl iqtisadiyyat" quruculuğu yolunda təşəbbüsləri
bir araya gətirir. Bu baxımdan COP29 sammiti Azərbaycanın
etibarlı tərəfdaş ölkə kimi dünyada
açıq təşəbbüslərin açıq məkanına
çevrilməsini şərtləndirməklə, gələcək
yeni enerji proqramlarında bölgənin aparıcı sərmayə
nöqtəsinə çevrilməsini də təmin edəcək.
Millət vəkili qeyd edib ki, alternativ enerji ilə
bağlı layihələr və "yaşıl
enerji"nin dünya bazarına nəqli Azərbaycanın
enerji siyasətində prioritet sahələrdən biridir və
bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın
maraqlarına xidmət edir: "Bu mötəbər tədbirin
"Yaşıl dünya naminə həmrəylik ili"ndə
keçirilməsi nəticəsində Azərbaycan
özünün ən müsbət tərəflərini
dünyaya çatdıra biləcək. Eyni zamanda, ölkəmiz
həmin istiqamətlər üzrə yaxın bir neçə
10 illiyə hesablanmış yeni siyasətin
formalaşdırılması üçün çox əlverişli
imkanlar qazanacaq. Yəni bu baxımdan düşünürəm
ki, konfrans çox əhəmiyyətli tədbirdir.
"Yaşıl dünya naminə həmrəylik ili"ndə
isə Azərbaycanın bütün dövlət, özəl
qurumları bu və ya digər formada birbaşa və ya
dolası ilə adıçəkilən proseslərdə fəal
iştirak etməklə dövlətin bununla bağlı
mövcud siyasətinə də dəstək vermiş olacaqlar".
A.Hüseynov bildirib ki, COP29-a beynəlxalq nəhəng
iqtisadi tədqiqat və investisiya mərkəzlərinin, maliyyə
institutlarının da böyük marağı vardır:
"Onların sırasında Dünya Bankının (DB)
xüsusi dəstəyi mövcuddur və Azərbaycan
arasında faydalı münasibətlər fonunda DB-nin bu zirvə
görüşü prosesində ölkəmizdə hərtərəfli
dəstək göstərəcəyi şübhəsizdir. DB
"yaşıl iqtisadiyyat" böyük önəm verir,
sərmayələr cəlb edir. Xüsusilə ətraf
mühitin mühafizəsi, ekologiya, "yaşıl
enerji" sahələrində ixtisaslaşan qurumlarla sıx əməkdaşlıq
edir, iqlim dəyişmələrinə həsr edilmiş
konfranslara dəstək verir. Azərbaycanın da hədəfləri
bu istiqamətə yönəlib, "yaşıl
iqtisadiyyat" qurucluluğu istiqamətində davamlı
proqrmalara start verilib, 2024-cü il "Yaşıl dünya
naminə həmrəylik ili" elna olunub. Ona görə də
DB-nin COP29 ili çərçivəsində ölkəmizlə
üst-üstə düşən hədəf prioritetlərinə
dəstək verəcəyi istisna deyil, bank artıq bu barədə
öz niyyətini bəyan edib. Azərbaycanın ev sahibliyi edəcəyi
COP29 turizmin inkişafına da töhfə verəcək. Bir
aya yaxın dövrdə 80 mindən çox turistin Azərbaycanda
olması iaşə sektorunun, xidmət və turizmin əlavə
dividentlər qazanması deməkdir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.-30 aprel,№74.-S.12.