Qədim Tyan-Şan qarı

 Ağacəfər Həsənli - 70

 

 

Deyirəm, Ağacəfər Həsənli haqqında bu kiçik yazını elə birbaşa ortadan başlayım.

Şairin "Düşərgə" adlı şeirinin birinci misrası belədir: "Biçənəklər ölüm düşərgəsiydi otun-ələfin". Həmişə gözəlliyinə, doğmalığına öyrəşdiyimiz, otunu-gülünü sevdiyimiz biçənəkləri bu qədər zalım, sərt və yuxulu adamın üzünə bir qab soyuq su atmaq qədər gözlənilməzliklə tanıtmaq ilk anda çox çaşdırıcı görünür. Lakin bu həyatdır, burada hər bir olayın görünən tərəfindən başqa, bəzən heç ağıla gəlməyən görünməz tərəfi də var. Elə bu görünməz tərəfi də görə bilməyin özü də poeziyanın da "borclarından" biridir; qoy lap prozaik olsun, məqbuldur. İlk anda bu misradan sonra bu şeiri heç oxumaq da istəmirsən... Və sonra görürsən ki, ortada şairin zalımcasına dediyi sərt həqiqətlər varmış və şair haqlıdır. Mən predmetlərə, olaylara bu cür baxmağın da tərəfindəyəm. Çünki bu baxış poeziyanı göylərdən həyatın içinə endirmək üsuludur, acı həqiqətlərin etirafı və qəbulu yoludur... və maraqlıdır.

Şair Ağacəfər Həsənlinin yaradıcılığını maraqlı edən əlamətlərdən biri də mövzu genişliyidir. Onun qədər mövzu palitrası zəngin olan şairlər azdır. O, demək olar ki, bütün mövzularda yazır, amma yetkin şair əliylə yazır, mövzunun poetik damarını tutub yazır...

O, kifayət qədər uzun və zəngin yaradıcılıq yolu keçib. Maraqlı burasıdır ki, bu yolda o hələ də zirvəyə can atan alpinist inadıyla irəli getməkdədir. Və bu yolda o zamanın ədəbi zövqünə uyğun daim yeniləşə bilir, təzə qala bilir, çağdaş olmağı bacarır. Bir nümunə:

 

...Qaranlığı soyunmuş

çılpaq bir səhər

azad-azad nəfəs alır...

 

Misal çəkdiyim bu üç sətirdə gənclər həyəcanlandırıcı eyhamları görür, bir qədər yuxarı yaşlılar isə könül dincliyi ovqatına köklənirlər. Bu, mənim yozumumdur və yəqin ki, misraların ötürdüyü enerji də bu cürdür. Belə səhnələri yaratmaq fərqli duyum, fərqli yozum, fərqli üslub istəyir. Ağacəfər bunu da bacarır.

Söylədiklərimə daha başqa bir  nümunə kimi "Səyahət himni" mini-poemasını göstərə bilərəm. Bu, bir Vətən nəğməsidir. Bu Vətənin sərhədlərini tam şəkildə çəkib qurtarmaq da olmur. Qədim İtil (Volqa) çayı boyunca düşüncələr hansı zamlara, hansı olaylara və hansı sınırsızlıqlara qədər uzanmır?! Və uzana-uzana da bu günümüzə qovuşur. Bu poemanın sonunda İtil çayının Xəzər dənizinə qovuşan yerində ulu yurdlardan, tarixlərdən keçib gələn Vətən qədər doğma olan bu çayla şairin məyusluq dolu ayrılığı var;

 

"...ağlımı itirdim...

elə bildim

Xəzərə pərakəndə axan İtildim...

Off... aydın su -

mənə qaranlıq tarixi oxutdun,

məni oxa tutdun!"

 

Bu oxlar hədəfi məhv etmək üçün atılan oxlar deyil, bunlar yan-yörəsindən şütüyərək hədəfi ayıltmaq üçün atılan oxlardır, sanki Sabirin dediyi "atılan toplardır" bu oxlar. Bundan o yanasını oxucu özü düşünməlidir...

Biz 70-ci illərin ortalarından bəri ünsiyyətdəyik. Dəfələrlə, lap dəfələrlə yol yoldaşlığımız olub, müxtəlif yaradıcılıq seminarlarında, poeziya günlərində və başqa yerlərdə birgə olmuşuq, Ağacəfərin ata yurdu Rvaruda getmişik, bizim Yerfini ziyarət etmişik... Yəni kifayət qədər uzun bu yolda mən onu illər boyunca yaxşı tanımışam. Poeziyasındakı saflıq, birbaşalıq, böyük Vətən sevgisi onun özü kimi çox təbiidir.

Bir dəfə demişəm, yenə təkrar edirəm ki, onun şeirlərində daxili ləngər var: ən oynaq ritmdə yazdığı şeir də, baxırsan ki, ləngərlidir. Bu, onun xarakterindən və klassikaya dərin bağlılığından doğulan haldır və yerindədir və uğurludur.

Mən onun yaradıcılığını təhlil etmirəm, bu iş mənlik deyil. Məqsədim şairi oxucuya daha da yaxınlaşdırmaq və oxucuda belə bir maraqlı şairin ilk baxışda görünməyən tərəfləri haqqında müəyyən fikir yaratmaqdır.

Ağacəfər Həsənli çağdaş poeziyamızın ön cərgəsində dayananlardandır. O, poeziyanın ağır yükü altında ləhləmir, əksinə, burada özünü tam rahat və sərbəst hiss edir, onun çağdaş ədəbiyyatımızda özünün olan yeri var. Şair bir şeirində özü haqında belə deyir:

...Qədim Tyan-Şan qarıyam...

Təkcə bu misrada üst-üstə lay-lay qalanmış fikir çalarları bəs edir ki, Ağacəfər Həsənlinin şair tutumunu anlayasan...

Uğurlar, şair!

 

Tofiq NURƏLİ

525-ci qəzet.- 2024.-30 aprel,№74.-S.13.