Adını əməli
ilə qazanan şair
Ağacəfər Həsənli-70
İnsan var ki, ömür yollarında rastına təbiətin
və taleyin ən böyük bəxşeyişi qismində
çıxır... Bir çox qələm dostları kimi, mənim
də Ağa deyə xitab etdiyim Ağacəfər Həsənli
də belə dəyərli və nadir insanlardan biridir. Adı
ilə əməli həmişə tən gələn
Ağacəfərlə çox sonralar dostluğa çevrilən
tanışlığımızın düz 40 illik
tarixçəsi var.
İlk tələbəlik illərindən üzübəri
bədii sözün təsir gücünə güvənib
könüldən-könülə körpü salan Ağacəfər
Həsənli bu gün artıq öz imzasını
çağdaş ədəbiyyatımızda çoxdan təsdiqləmiş
peşəkar bir qələm əhlidir.
Təbii ki, hər bir yaradıcı insana güc verən
qoynunda doğulub boya-başa çatdığı yurd, dədə-baba
ocağıdır. Ağacəfərin ulu babalarının
şəcərəsi seyid-peyğəmbər nəslindən
zinətlənib. Nadir şah Əfşarın zamanında
Ərdəbilədən Muğana, ordan da ecazkar təbiəti
olan Lerikə köçüblər. Ağacəfər də
yetmiş il əvvəl günəşli bahar günü
sözünün sahibi olan ağır ləngərli,
ağzı xeyir-dualı ata-babalarının məskunlaşdığı
Rvarud kəndində dünyaya göz açıb. Ağacəfər
Həsənli dağlara, el-obasına, doğma kəndinə qəlbən,
ruhən bağlıdır. Ona görə də yarım əsrdən
çox şəhərdə yaşasa da, "Mən
köklü-köməcli bir kənd oğluyam" deyir...
Sözün zirvəsinə yüksələn yoluna şəhərdə
davam edən şairin poetik dünyasından ədəbi tənqidin
görkəmli nümayəndələri saysız-hesabsız sanballı
məqalələr yazıblar. Mən isə gənc
yaşlarından qələmi müxtəlif mətbuat
orqanlarında cilalanmış Ağacəfərin özünəməxsus
dəst-xətti ilə seçilən publisistik
yaradıcılığından qısa da olsa, söz
açmaq istərdim.
Sovet dönəminin 70-80-ci illəri Azərbaycanda,
Ağacəfərin təbirincə desək, jurnalistikanın
qızıl çağları, ən parlaq
dövrüydü. Ağacəfər də o vaxtlar "Sovet
kəndi" qəzetində çalışırdı və
əks-səda doğuran yazıları ilə oxucuların
diqqətini cəlb edə bilirdi. Poeziyada olduğu kimi,
publisistikada da Ağacəfər bədii amalına sadiq
qalır; dilə, sözə həssaslıqla yanaşır,
lirik duyğulardan məharətlə istifadə edərək
dolğun təsvirlər, canlı lövhələr
yaradır.
Mətbuat səhifələrində bizi əhatə
edən ətraf mühitin qorunması haqda zaman-zaman
yazılır, danışılır, "həyəcan təbili"
çalınır. Çünki təbiət ədəbiyyat
və incsənətin əbədi mövzu mənbəyidir.
Bir çox publisistik məqalələrində, o cümlədən,
"Cənub meşələrinin həyəcanı"
ekoloji-oçerkində Ağacəfər təkcə ana təbiətin
taleyindən narahatlığını dilə gətirməklə
kifayətlənmir, həm də mövzunun
aktuallığını önə çəkərək
milli təəssübkeşlik hissi ilə
qabartdığı məsələnin nə qədər
ciddi olduğunu müvafiq qurumların diqqətinə
çatdırır. Yeri gəlmişkən qeyd edim ki, həmin
oçerk 23 il əvvəl "Azərbaycan" ədəbi
dərgisində də dərc olunub (2001, №9).
Ağacəfər vətənpərvər ziyalı,
mübariz publisistdir. O, nəinki ölkədə,
respublikamızın hüdudlarından uzaqlarda gəzib-gördüklərini,
içində olduğu hadisələrin mahiyyətini,
qürbətdə yaşayan soydaşlarımızın həyat
və fəaliyyətini, bir sözlə, təbiət, cəmiyyət,
sənət həqiqətlərini oxucularla bölüşməyi
özünə borc bilir.
Müqəddəs ruhların behişt yeridir,
Ocaq Azərbaycan, pir Azərbaycan.
Harda baş ucaldan övladı varsa,
Orda bərqərardır bir Azərbaycan.
...Müxtəlif qəzet və jurnallarda çap
olunmuş publisistik məqalələrində, sənətə,
ayrı-ayrı sənətkarlara həsr etdiyi
yazılarında poetik dil, bədii söz Ağacəfər Həsənlinin
ruhunu, mənəvi dünyasını əks etdirən şəffaf
aynaya bənzəyir. Bu aynada onun özü və sözü
ilə bərabar dünənimizin və bu
günümüzün mənəvi mənzərəsi,
yaradıcı simalarının obrazları canlanır.
Ağacəfərin bələdçiliyi ilə Xalq
şairi Məmməd Arazın: "Sən bölgə
şairi deyilsən, ölkə şairisən" dediyi Şəkər
Aslanın, "Dağlar oğlu" romanınım müəllifi
Məmmədhüseyn Əliyevin, "Mənə vaxt
verin" deyən, fəqət dünyadan çox erkən
köçən Vaqif Hüseynovun, AzTV-də "Hünər"in
əsasını qoyan Məmməd Kazımın,
bugünkü "nəsildaşları, tale ortaqları -
Vaqif Bəhmənli, Adil Cəmil, Tofiq Nurəli, Maarif Soltan,
Əjdər Ol, Balayar Sadiq və neçə-neçə əhli-qələmin
söz dünyasına səyahət edirsən.
Xatirələr aynasında Ağa ilə Masallıda,
Lənkəranda, Lerikdə unudulmaz görüşlərimiz,
Bakıda "Mars" ədəbi dərgisində
çiyin-çiyinə
çalışdığımız günlər
canlanır. İlk dəfə Ağa məni cənub bölgəsinin
mədəni mərkəzi Lənkəranda respublikanın
Əməkdar artisti, rəhmətlik Əli Salahlının
yaratdığı "Muğam" teatrına aparıb.
Əli klassik və müasir Azərbaycan şairlərinin
şeirlərini əzbərdən, həm də çox məharətlə
ifa edirdi. "Muğam" teatrındakı
çıxışında Ağacəfər qeyd etdi ki,
bütün söz məclisləri Füzuli kəlamları
ilə açılmalıdır və musiqinin müşayiəti
ilə dahi şairin qəzəllərindən birini dedi. O
gün mən də Ağacəfərin "Can böyük təslim
aktıdır, bədəndən ağrıyla
çıxır" mətləli şeirini söylədim.
Böyük zövq aldığım o məclisdə Ağacəfərin
bir çox şeirini əzbər söyləyəndən
sonra Əli Salahlı üzünü bizə tutub ərklə
dedi: "Ağanın qədrini bilin, bu kişi böyük
şairdi!"
Etiraf edim ki, iyirmi il əvvəl mənim Bakıya gəlməyimin
əsl səbəbkarı Ağacəfər Həsənli
olub. Elə ona görə də özünü "əziyyətə"
salıb, 55-60-65 illik yubileylərimin həm rəsmi, həm də
bədii hissələrinə aparıcılıq edib...
Ağacəfər Həsənli Azərbaycan ədəbiyyatını
bir sıra beynəlxalq tədbirlərdə uğurla təmsil
edib. O, Qaracaoğlan poeziya festivalının qalibi, TÜRKSOY və
"Qızıl kəlmə" (Azərbaycan)
mükafatlarının laureatı, Mahmud Kaşğari
adına Beynəlxalq Fondun baş məsləhətçisidir.
50-dən çox kitabın müəllifidir. Əsərləri
dünyanın müxtəlif dillərinə tərcümə
olunub. Müxtəlif ədəbi janırlarda yazılan
yüzlərlə kitabın redaktorudur.
Göründüyü kimi, şair-publisist Ağacəfəri
Həsənlinin ədəbi fəaliyyəti çoxşaxəlidir.
Geniş diapazona malik yaradıcılığı çoxcəhətli
çalarları və mövzu rəngarəngliyi ilə
seçilir...
...Deyirlər, insanın doğulduğu yer, fəsil,
adı, soyadı onun xarakterinə və taleyinə təsir
edir, hətta qədim inanclara görə, onun gələcəyini
müəyyən edir. Bu mənada ilin bahar çağı
dağlar qoynunda dünyaya gələn Ağacəfər Həsənlinin
adı ədəbi aləmdə ən məhsuldar və
görkəmli qələm sahiblərinin cərgəsində
çəkilir.
70 yaşlı müdrik qələm dostum özü
bir şeirində deyir ki, heç kəs azadlığın
tamını axıracan dadmır - yoxsa ağzının ləzzəti
qaçardı... İlk növbədə mənim Ağaya
arzum budur ki, ömrünün son anına qədər
ağzının dadı-duzu qaçmasın! Hər zaman
gözəl, mənalı yaşasın, sözü və qələmi
ilə yeni gözəlliklər yaratsın!
Nurəddin ƏDİLOĞLU
525-ci qəzet.- 2024.-30 aprel,№74.-S.13.