Bölgələrdə kitab sərgiləri

 

Esse

 

Kitabsız bir ömrün nə mənası var?

Səməd Vurğun

 

Bundan bir neçə il qabaq təhsil aldığım Lənkəran rayonunda kitab qıtlığı hökm sürürdü. Lazım olan kitabları əldə etmək az qala müşkülə çevrilmişdi. Hansısa kitabı oxumaq istəyirdinsə, məcburən ya Bakıya getməli, ya da sifarişlə-poçtla filan girinc olmalıydın.

Son iki ildə burada təşkil olunan kitab sərgiləri problemi müəyyən qədər aradan qaldırdı. Son iki ilin aprel-may aylarında təşkil edilən kitab sərgiləri oxucuların az-çox kitaba olan tələbatını ödədi.

Keçən il görkəmli şair Salam Sarvan Lənkəranda kitab sərgisinə dəvət edilmişdi. O, oxucularla görüşündə maraqlı bir nüansa toxunmuşdu. Günlərin biri Bakıdakı sərgilərin birində iştirak edən şair satıcıdan soruşub ki, bəs gənclər kitab alırlarmı? Satıcı gileylənib ki, çoxları kitabı vərəqləyib eləcə yerinə qoyur. Salam Sarvanın cavabı isə maraqlı olub: "Eybi yox, qoy ən azından gənclərin kitaba əli dəysin. Kitabın ətrini duysunlar, enerjisi onlara yüklənsin..."

Hə, deməyim odur bölgələrdə belə sərgilər keçiriləndə, heç olmasa, gənclər kitab vərəqləyir, az-çox nəsə oxuyur, kitabın enerjisini hiss edirlər.

Ümumiyyətlə, kitab sərgilərinin təşkilində bölgələrə üstünlüyün verilməsi hazırda hava-su kimi lazımdır. Onsuz paytaxt sakinləri istədikləri zaman istədikləri kitabı rahatlıqla əldə edib oxuya bilirlər. Fəqət paytaxdan kənarda yaşayanlarçün yuxarıda qeyd etdiyim kimi, vəziyət bir az qəlizdir.

Məsələn, mən cəlilabadlıyam, gözümü açandan rayonumuzda bircə dəfə də olsun kitab sərgisi, kitab yarmarkası, kitab festivalına rast gəlməmişəm. Təkcə bizim bölgəmiz deyil, əksər regionlarımız bu gündədir, sözüm onda deyil.

Keçən həftə "Qanun" nəşriyyatının Lənkəran şəhərində təşkil etdiyi sərgidə könüllü kimi iştirak etdim. Mövcud situasiya ürəkaçan idi. Görünür, maraqlanan, oxumaq istəyənlər var.

Etiraf edim ki, oxucularla yaxından ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq, onların mütaliə zövqüylə tanış olmaq, kitab satmaqdan zövq alıram.

Üstəlik, dörd gün davam edən sərgidə oxucu izdihamı baş verdi. Bu, məni ruhlandırdı. Çünki tiktok-miktokda bayağılığın təbliğ edildiyi bir zamanda hələ də oxuyub-öyrənənlərin olması, doğrudan, sevindirici haldır...

Onu deyirdim axı, insanlar yerli və xarici müəlliflərin təptəzə kitablarını həmişə bir yerdə görmədikləri üçün belə demək mümkünsə, mütaliəyə, oxumağa acmışdılar.

Stendlərdə Azərbaycan dilində, rusca, ingiliscə, türkcə kitablar, uşaq ədəbiyyatı, poeziya, mini klassika, şəxsi inkişaf və s. ilə bağlı müxtəlif əsərlər oxucuların ixtiyarına verilmişdi. Kitablara iyirmi faizdən-yetmiş faizə qədər endirimlərin tətbiq edilməsi isə oxucuların lap ürəyincə oldu. Hətta, əlli qəpiyə, bir manata, iki manata belə kitablar təklif edilirdi. Hər cibə, hər istəyə uyğun kitabların satılması hər iki tərəfə sərf eləyir: oxucuya da, nəşriyyata da...

Qərəz, arzu edərdik ki, ölkəmizin digər bölgələrində də belə kitab sərgiləri, yarmarkaları təşkil olunsun və oxucular faydalansınlar.

Oxusunlar, oxutdursunlar...

 

İlkin Öz

525-ci qəzet.- 2024.-30 aprel,№74.-S.11.