Babək - ilk Azərbaycan hökmdarı Məlik Ərbəng  

 

Xilafət ordusu 836-cı ilin avqustunda türk soylusu, "Əfşin" ləqəbi ilə tanınan Kavus oğlu Xıdırın sərkərdəliyi altında xürrəmilərə qalib gəldi və Bəzz qalasını zəbt etdi. Xürrəmilərin lideri Babək təxminən 50 nəfərlik bir tağımla anası, arvadı, iki qardaşı və şəxsi cangüdəni ilə birlikdə qaladan qaçdı. Qalanı tərk etdikdən sonra Babək son dərəcə mətin və cəsur bir insan olan qardaşını Beyləqan qalasına göndərdi. Yol boyu düşdüyü mühasirələrdə digər ailə üzvləri əsir alınsa da, özü və mühafizəçisi Konstantinapola varmaq üçün Süni mahalına qədər gəlib çıxdı.

O, burada Səhl ibn Sumbatla qarşılaşdı və onun vədlərinə inanaraq hazırda Zəngəzur ərazisində olan Şəki kəndi yaxınlığındakı qalaya getdi. Hesab edirəm ki, ilk növbədə Səhl ibn Sumbatın mənşəyini və statusunu nəzərdən keçirməliyik. Çünki bu məqamlar bizim Babəkin şəxsiyyəti ilə bağlı doğru mülahizələr yürütməyimiz üçün ciddi aruqmentlər yaradır.

Ərəblər Cənubi Qafqaz xristianlarını ümumi şəkildə "erməni" adlandırırdılar. Bunun siyasi və ərəblərin coğrafi bölgüsünə əsaslanan səbəbləri vardı. Halbuki həmin dövrdə hayların mənsub olduğu monofizit Qriqoryan kilsəsi Süni, Arran, Girdman və digər alban coğrafiyasında, ümumiyyətlə, yayılmamışdı. Səhl ibn Sumbat Movses Kalankatlının açıq ifadə etdiyi kimi, alban xristianlığını təmsil edirdi. Etnik mənşəyinə görə, Sasaini hökmdarları ilə eyni kökdən gələn Mehranilərin Zərmixr qoluna mənsub idi.

Babəkin məğlubiyyəti təkcə Azərbaycan tarixini deyil, bütövlükdə Yaxın və Orta Şərqin, hətta dünya tarixinin şəkillənməsinə birbaşa təsir göstərən olaydır.

Xəlifə Mötəsim Əfşinin başçılığı ilə Babəkin üstünə şəxsi aşpazı, bərbəri və digər qulamları ilə birlikdə bütün gücünü göndərmişdi. O, çox yaxşı başa düşürdü ki, Babəkin bu savaşdan qalib çıxması onun və sülaləsinin sonu olmaqla bahəm, ərəb dövlətinin və islamın aradan qaldırılması deməkdir. Əgər xilafət süqut etsəydi və islam bir din olaraq sıradan çıxsaydı, IX əsrdən başlayaraq dünya tarixi tamamilə fərqli bir istiqamətdə inkişaf edəcəkdi. Tarix, əlbəttə, baş verməyənlər əsasında inkişaf etmir. Bununla belə, xilafət ordusu üzərində qazanacağı qələbənin Babək üçün əhəmiyyətini göz önünə gətirəndə onun şəxsiyyətinə və tarixdəki roluna dair obyektiv elmi mülahizələr yürütmək üçün daha bir neçə arqument əldə edirik.

Mən bu məqalədə tarix elminin pozitiv prinsip və metodlarından geniş bəhs etmək istəmirəm, sadəcə, onu vurğalamağı vacib sayıram ki, haqqında ancaq düşmənlərinin yazdıqları günümüzə çatmış bir liderin həyat və fəaliyyətini sistemli analiz metodu ilə araşdırmadan qaynaqlardakı saysız-hesabsız qərəz və manipulyasiyaların içindən çıxmaq mümkün deyil.

Babəkin xilafət qoşunları üzərində növbəti və həlledici qələbəsi ilk növbədə onun dövlətinin paytaxtını daha əlçatan bir şəhərə köçürəcəkdi. Babəkin baş qalası - Bəzz uca dağların zirvəsində tikilmiş istehkam tipli sığınacaq idi, qışda və yağmurda ora yol olmurdu. Nəticədə xürrəmi bürokratiyası payız və qış aylarında öz doğma obalarına getmək zorunda qalırdılar. Bu isə dövlət üçün vacib bir institutun - bürokratik aparatın dayanıqlılığına və çevikliyinə mənfi təsir göstərirdi.

Digər yandan, Babək qələbə qazanacağı təqdirdə, iqtidarı ən azı bir neçə yüz il çəkəcək yeni bir imperiya formalaşacaqdı. Ərəb xilafətini məğlub etmiş Babəkin bölgədəki digər feodal evlərini və ərəb torpaqları da daxil olmaqla çevrəsindəki ölkələri fəth etməmək ehtimalı azdır.

Əlavətən, Babəkin zəfəri həm şimaldan, həm də Xorasan istiqamətindən türk tayfalarının bölgəyə axınını gücləndirəcək, daha sonrakı əsrlərdə Səlcuqlarla yaşanan türk miqrasiyası Babək dövründə baş verəcəkdi.

Bəli, Babək bir dövlət başçısı - HÖKMDAR idi. Onu Spartak və Robin Hud kimi üsyan başçısı, yaxud ərəb tarixçilərinin iddia etdiyi sayaq eşqiya, qaçaq-quldur hərəkatının öndəri kimi qəbul və təqdim etmək kökündən yanlışdır. Səhl Sumbatla rastlaşan Babəkə alban feodalın "Hökmdar" deyə müraciət etməsi barədə qaynaqlarda xeyli fakt var. Hətta Babəkin onunla eyni süfrədə nahar edən Səhlə həddini aşmasını xatırlatması da dəfələrlə qeyd olunur. Babək bir hökmdar olaraq "məlik" titulu daşıyırdı və bunu onun oğluna söylədiyi "bir gün məlik kimi yaşamaq 40 il kölə olmaqdan yeydir" cümləsi də təsdiq edir.

Ərəblərin "Babəkin üsyanı" dediyi olayların mahiyyəti bundan ibarətdir:

Cavidanın ölümündən sonra Bəzz qalasına hakim olan və xürrəmilərin liderinə çevrilən Babək əvvəlcə öz rəiyyətini silahlandırdı, gecə basqınları təşkil edərək yerli və ərəb müsəlmanları qətlə yetirdi, xilafətin nəzarət məntəqələrini dağıtdı, yolları ələ keçirdi.

Bölgədəki feodalları öz vassalına çevirdi, onlardan vergi, xərac və digər növ dəstək aldı, tabe olmayanları cəzalandırdı, idarəçilik sistemi yaradaraq canişinlər- tudanlar təyin etdi.

Digər dövlətlərlə - Bizans və Xəzər imperiyaları ilə diplomatik münasibətlər qurdu, nüfuzlu lokal feodal xanədanlarını öz müttəfiqinə çevirdi.

Öz məmləkətində İslamı aradan qaldırdı, xürrəm inancını yaydı, ərəb ordularını darmadağın etdi.

Babək bir dövlət başçısı olaraq tarixdə ilk dəfə olaraq sosial, iqtisadi, siyasi, hərbi, mədəni və s. baxımdan AZƏRBAYCAN AREALI yaratdı.

Babək öz sosial mənşəyinə görə, aşağı təbəqədən bir adam idi. Cavidanın ölümündən sonra mülk sahibi və icma başçısı olaraq - onun arvadlarından biri ilə evlənmiş və ruhunun ona keçdiyini söylətdirmişdi - ərəblərin Azərbaycandakı canişininin vassalı idi. Hətta Babək ilk dəfə üsyana Məmunun Aran valisi Hərsəmənin oğlu Hatəmin məktubundan sonra başlamış, ancaq görünür, buna qədər qiyam üçün yaxşıca silahlanmış və məqam gözləmişdi. Babəkin sosial mənşəyi, Bəzz qalasına sonradan sahib olması və xürrəmilər icmasına başlanğıcda yad bir insan olması onun həyatının erkən dövrünə işıq tutan nüanslardır. Biz bu nüansları Babəkin xürrəmilərin liderinə çevrildikdən sonrakı fəaliyyəti ilə bağlı üzdə olan məlumatlarla tutuşdurub onun etnik mənşəyi, ana dili və Babəkin Azərbaycan dövlətinin rəsmi dili barədə fikir yürüdə bilərik.

Babəkin öz etnik mənşəyinə görə ari olmadığı dəqiqdir. Belə ki, Bəzz qalasının sahibi Cavidan Zəncan bazarında mal-qara satıb evinə qayıtmaq istəyərkən adı qaynaqlarda "Bilalabad" kimi keçən kənddə ərəblərdən qorxan yerli feodalın üz göstərməməsindən inciyərək Babəkin ailəsinə qonaq olmuşdu. Anasına ayda 50 dirhəm göndərmək şərti ilə zirəkliyini bəyəndiyi gənci özü ilə Bəzzə aparmazdan öncə söhbət etmişdi. Bu söhbət zamanı Cavidan görmüşdü ki, gələcəkdə tarixin ən böyük qəhrəmanlarından olacaq gənc "arilərin dilində çətinliklə və qırıq-qırıq olsa da" danışa bilir. Bu fakt bizə Babəklə Cavidanın eyni etnik kökə və ana dilinə məxsus olmadığına inandırır. Babəkin İran dil ailəsinə aid kürdcəni yeniyetməlik çağlarında bir kürd feodalın malikanəsində nökərçilik edərkən öyrəndiyini də yada salanda Babəki ari qrupuna - fars, kürd və digər etnosa mənsub şəxs kimi təqdim etməyin heç bir elmi əsası olmadığı üzə çıxarır.

Bölgənin o zamankı demoqrafiyasını göz önündə canlandırsaq, Babək öz etnik mənşəyinə görə, nəzəri cəhətdən ərəb, yəhudi, türk və alban ola bilərdi.

Babək ərəblərlə yəhudiləri eyniləşdirir və onları ümumi şəkildə "cuhud" adlandırırdı. Bu qəbildən olan eyniləşdirmələrə orta çağda geniş rast gəlinir. Yunan və erməni mənbələrində nəinki İrandilli xalqlar, hətta türklər də bəzən onlarla birlikdə "taciklər" adlandırılır. Babəkin ərəb və yəhudiləri "cuhud" adlandırması onların ana coğrafiyası, qohum xalqlar olması, səmavi kitablara inancları, nəhayət kişilərin sünnət olunması ilə bağlı idi. Babək ərəb dilini bilmirdi və bunun da ən bariz örnəyi Samirəyə aparıldıqdan sonra vəzir Əbu Davudla və xəlifə Mötəsimlə tərcüməçi vasitəsi ilə danışmasıdır.

Babək Bizans imperatoru Feofilə yazdığı məktubda atasının xristian olduğunu qeyd edir. Bu hər nə qədər diplomatik blef olsa da, Babəkin ata tərəfdən əcdadlarının Midiya aborgeni olmadığına işarə edir.

Bunu yadda saxlayaraq qaynaqlardakı məlumatları ümumləşdirsək, Babəkin tərcüməsiz danışdığı, birbaşa ünsiyyət saxladığı üç şəxs var: Afşin, Buzbar və Səhl ibn Sumbat.

 

Səhl ibn Sumbat Mehranilərdən idi, öz əcdadlarının dilində, yəni farsca danışırdı. Yuxarıda qeyd etdiyimiz kimi, Babək bu dili gənclik illərində zəif bilirdi, amma heç şübhəsiz, daha sonra yüksək səviyyədə mənimsəmişdi. Odur ki, Babəklə Səhlin fars dilində danışdığını təsəvvür etmək çətin deyil.

Afşinin komandirlərindən olan Buzbar Babəki əsir götürərkən onunla öz ana dilində - türkcə danışmış, ona atdan enməyi əmr etmiş, Babək isə qarşılığında "sən kimsən" deyə soruşmuşdu.

Afşin Babəklə bir neçə dəfə üzbəüz görüşmüş və tərcüməsiz dialoq qurmuşdu. Afşinin Babəklə birbaşa türkcə danışdığını sübut edən qiymətli bir məlumat var. Samirə şəhərində xəlifənin hüzuruna çıxarılan Babəkə Mötəsim suallar verir, ancaq cavab almır. Bu zaman Afşin ONUN QULAĞINA ƏYİLƏRƏK tənbeh edir ki, xəlifəyə cavab versin. Beləliklə, biz Babəkin ana dilinin türkcə olduğu qənaətinə gəlirik.

Həmin dövrdə hunların bir qolu olan ağaçərilər Cənubi Azərbaycanda, o cümlədən, Ərdəbil çevrəsində məskunlaşmışdılar. Hunların bir qismi Cənubi Qafqazda xristianlığı qəbul etmişdi və yuxarıda qeyd etdiyimiz məktubda Babəkin xristianlığına işarə etməsi məhz bu məqamdan qaynaqlanan blef idi

 

Ehtimal etmək çətin deyil ki, Babəkin həm anası - yer gəlmişkən onun ismini "Börümən" kimi qəbul etmək lazımdır - həm də adı "Mərdəs" kimi qeyd olunan atası məhz ağaçərilərdən idilər. Babəkin atasının "yağsatan Abdulla" və ya hansısa dilənçi olması barədə iddialar özünü doğrultmur. Bu iddiaya görə, Abdulla Babək anadan olmazdan öncə öldürülmüşdü, ancaq Babəkin özündən kiçik qardaş(lar)ı da var. Üstəlik, Babəkin anası bir müddət süd analığı və dayəlik edərək güzəranını təmin etmişdi. Bu fakt Babəkin anasının əxlaqlı və zəngil ailələrdə qəbul olunan bir qadın olduğunu göstərir və onu "əxlaqsız" kimi təqdim edən ərəb tarixçilərinin qərəzini sübut edir. Süd analığı edə bilmək üçün qadının bir neçə dəfə ard-arda doğması lazımdır. Bu da Babəkin qardaşları haqqında iddialara uyğundur. Qardaşlarından birinin adı "Abdulla", digər ismi "Müaviyə" kimi göstərilir. Ancaq sonuncu onun Bəzzi tərk edərkən özü ilə götürdüyü oğlu da ola bilər. Çünki qaladan çıxdıqdan sonra düşdüyü birinci mühasirədən ancaq 5 adamla çıxa bilmişdi, bu 5 adamdan biri məhz "Müaviyə" idi. Babəkin öz oğluna "Müaviyə" ismi qoyması inandırıcı deyil, çox güman ki, onun və qardaşının əsl ismi xilafət tarixçiləri tərəfindən ərəbləşdirildiyi kimi, həmçinin oğlu və ya qardaşı olan şəxsin adı da dəyişdirilərək təqdim olunub.

Babəkin əsl isminin "Həsən" olması barədə qaynaqlarda cüzi məlumat var. Ancaq bu məlumat həqiqəti əks etdirmir. Bəzi tarixçilər filoloji yanaşma ilə Babəkin əsl adının "Əsən" ola biləcəyini deyirlər, ancaq sözün açığı, bu, konyuktura təsiri bağışlayır.

"Babək" bir təxəllüsdür. "Babək" təxəllüsünü Sasanilərin əcdadı "Papağ"la eyniləşdirmək ciddi elmi əsaslara malik deyil. "Əbədi zaman" mənası verən "Cavidan" adı göstərir ki, xürrəm icmasının lideri ideoloji məzmunlu təxəllüslər daşıyıblar. Odur ki, "Babək" təxəllüsünü alt təbəqədən çıxmış bir insanın Sasani nostalgiyasında axtarmaq metodoloji olaraq da səhvdir. Zənnimizcə, bu təxəllüs türklər üçün "müdrik başçı" anlamı daşıyan "Babay" kəlməsinin ərəbləşmiş formasıdır.

Heç şübhəsiz, Azərbaycan türklərinin qəhrəman oğlu Babəkin Bəzzə sahib olmadan öncə bir ismi vardı. Bu isim barədə ərəb qaynaqlarında yuxarıdakı qeyd xaricində birbaşa məlumat yoxdur.

Səid Nəsifi yazır: "Ərəb tarixçisi Cəmaləddin Əbulqasım Abdulla Kaşani "Zübdət ət-Təvarix" adlı əsərində xürrəmilər və Babək haqqında bir sıra dəqiq məlumatlar vermişdir".

Həmin məlumatlardan biri də budur ki, 835-ci ildə Mötəsimin qoşunları ilə Babək arasında Marağa yaxınlığında döyüş baş verir. Xürrəmilər həmin döyüşdə xilafət ordusunu böyük itkiyə məruz qoyur:

"Bu il Böyük Buğa Babəklə döyüşdü. Bir çox müsəlman qırıldı və Əfşin Marağa hüdudunda ƏRBƏNGİN ÜSULU ilə sülh bağlad".

 

Bu sülh müqaviləsi hər iki tərəf üçün taktiki gediş idi. O üzdən sonrakı dövrdə onun hər hansı əhəmiyyəti olmadı. Bununla belə, biz eyni cümlədə BABƏK və ƏRBƏNG adlı iki ismə rast gəlirik - deməli, yazı xətasından danışmağa dəymir.

Bu isimlərdən ikincisini izah edə bilmədiyi üçün Səid Nəfisi addan sonra mötərizə açaraq sual işarəsi qoyur. Bu suala biz cavab verək.

Hadisənin mahiyyətindən anlayırıq ki, Əfşinin ordusu böyük itki verib, sülh danışıqları gedib və tərəflər döyüşü dayandırmaq barədə razılaşıblar. Şərtləri diktə edən tərəf Babək olub. "Ərbəngin üsulu" ilə sülh bağlamaq, mətnin məzmununa görə, Babəkin şərtləri ilə döyüşü dayandırmaq deməkdir.

Bu zaman Babəkin əsl adının "Ərbəng" olduğu üzə çıxır!!!

"Ərbəng" ismini iki mənada şərh etmək mümkündür.

Birincisi, bu söz qədim türk dillərində "at arabası" mənasında işlənirdi. Hazırda noğay türklərində məna olduğu kimi qalır.

İkincisi, "ər" və "bəng" kəlmələrinin birləşməsindən əmələ gələ bilər. Bu zaman kəlmə "nəşəli ər" mənasını verir. Orta çağlarda "bəng", yəni tiryək tibbi-müalicəvi bitki sayılırdı, bu üzdən müasir dövrdə olduğu sayaq, neqativ məna vermirdi.

Belə bir ehtimal da irəli sürmək olar ki, xürrəm sektasına lider seçilməsindən sonra o "Bab" təxəllüsünü götürmüş, bundan dolayı "Ər" başlanğıcı "Bab"la əvəzlənmiş, "BABBƏNG " isə ərəbləşərək Babək formasını almışdır. Bu, indiki məqamda bir fərziyyə olsa da, erməni qaynaqlarında Babəkə həm "Bab", həm də "Baban" deyilməsinin yeganə ciddi izahıdır

 

Ən başlıcası, Qaramaonoğlular arasında Damad Ələddin Bəngi bəyə rast gəlirik. Türkiyənin Balıkəsr elində "Zeybək" rəqslərinə "Bəngi" deyilir və bu deyim Orhan yazılarında rast gəlinən eyni sözlə əlaqələndirilir. Maraqlıdır ki, orhan kitabələrində bu söz "əbədi" mənasında işlənir.

Babəkin türk mənşəyinin onun Əfşinlə münasibətlərində təsirli olduğunu da görürük.

Əvvəla, Əfşin Babəkə və ailəsinə son dərəcə sayğılı davranır, əsir düşdükdən sonra ondan arzularını soruşur və yerinə yetirir. Ən başlıcası, bir türk soylusu olan Əfşin Babəki məğlub etmək istəmir, sona qədər onunla dil tapmağa və öz müttəfiqinə çevirərək ərəb xilafətini devirməyə çalışırdı. Əfşinin bu niyyəti həm onun ordusunda, həm düşməni olan saray əyanları arasında, həm də xilafət məqamında dəfələrlə müzakirə olunmuşdu. Afşin yalnız son anda - Babəklə razılaşa bilmədiyini görəndən və xəlifənin hücuma yeni qüvvə göndərməsindən sonra xəlifənin yanındakı etibarını itirəcəyindən qorxaraq hücuma keçdi. Əfşinin məhkəməsində onun, Babəkin və Məzyarın birləşərək xəlifəyə qarşı çıxmaq barədə danışıqlar apardığı müxtəlif ifadələrlə təsdiq olunur. Lakin bu ifadələrdə yer alan "Sasaniləri bərpa etmək" iddiası səthi və əslsiz yanaşmadır. Çünki kifayət qədər qüdrətli üç şəxs anlaşaraq ittifaq qurardılarsa, öz soyundan və əlində olan hərbi gücdən dolayı iqtidar sahibi olmağa Əfşin özünü, coğrafi, sosial və əlində olan real hakimiyyət baxımından isə Babək özünü haqlı sayırdı. Onların razılaşması baş tutmadığından Məzyar da Əfşinlə birbaşa anlaşa bilmirdi.

Babəkin məğlubiyyətinin arxasında dayanan ən əsas səbəb onun Xəzər imperiyasından aldığı hərbi, siyasi və maliyyə dəstəyini itirməsidir.

Mötəsim öz sələflərindən fərqli olaraq, Azərbaycan dövlətini ilk növbədə arxasındakı gücdən məhrum etdi, Xəzər İmperiyası ilə dostluq və ticarət müqaviləsi imzalayaraq Babəkə şimaldan verilən dəstəyi kəsdi.

Məlik Babəkin dövləti bir institut olaraq Xəzər dövlətinin ənənələri əsasında formalaşmışdı.

Bu təsiri ilk növbədə biz Cavidanın oğulları olduğu halda, Babəkin məclis tərəfindən təsdiq olunaraq lider seçilməsində görürük. Xəzərlərdə xaqan məhz belə seçilirdi

"Məlik" xəzərlərdə xaqanın titullarından biri idi.

İkincisi, lider seçildikdən sonra xürrəmilər öküz kəsir, öküzün dərisini tapdalamaqla və şərab içməklə ritual təşkil edir. Öküz dərisini tapdalamaq və müxtəlif bitkilərdən mistik məqsədlərlə (mərasimdə reyhan dəstəsindən simvol kimi istifadə olunur) yararlanmaq qədim türk-şaman mərasimlərində geniş yayılmışdı. Bu da onu deməyə əsas verir ki, Cavidaniyyə və Babəkiyyə inancı Mani-Məzdək etiqadının xristian, yəhudi, islam təsirinə məruz qalmış şamanist versiyası idi.

Üçüncüsü, Marağadan olan azad türk "Tarkan" titulu ilə Babəkin ordusunun müasir dillə desək ordu generalı idi. Bu, Babəkin ordu sisteminin Xəzərlərin hərb ənələri əsasında qurulduğunu mübahisəsiz şəkildə təsdiq edir. Ondan savayı, Azin adlı qəhrəman sərkərdə də ordunun idarə olunmasına məsul şəxslərdən biri idi. Hətta Babəkin iki oğlu onun tabeliyində vuruşurdu.

Dördüncüsü, bu günə qədər Babəkin əsir götürülən, eynilə onun kimi edam qarşısında yüksək iradə göstərən, Mötəsimin "böyük dövlət adamı və sərkərdə" adlandıraraq qətlinə fərman verdiyi üçün peşimançılıq keçirdiyi "Abdulla"nın Xürrəmilərin sistemindəki yeri və roluna ötəri nəzər salınıb. Ancaq məlumatların sintez təhlili göstərir ki, Abdulla Babəkin dövlətində "Bəg/y", bir növ Baş nazir vəzifəsini icra edirdi. Bu da Xəzər ənənələrinə tam uyğundur.

Beşincisi, Babəkin dövlətində də eynilə Xəzərlərdə olduğu kimi, Dövlət Şurası mövcud idi. Əsas hərbi, siyasi və digər qərarlar bu şurada qəbul olunurdu.

Altıncısı, Babəkin sistemində dini tolerantlıq vardı. Bəzz qalasında saxlanan müsəlmanlar azad edildikdən sonra Babəki görəndə ağlaşmış və ona rəğbət ifadə etmişdilər.

Nəhayət, Babəkin hüquq sistemi törələrə əsaslanırdı. Avesta, Quran və digər dini kitabların şəriəti deyil, icma ənənələri əsas götürülürdü.

Sonda iki maraqlı məsələyə də toxunaq.

Babək Mötəsim tərəfindən işgəncə ilə edam olunduqdan sonra başı kəsilərək Xorasana göndərilmişdi. Başsız bədən Samirənin Məclisi-Şürtə adlanan nahiyəsinin yaxınlığında, sonradan "Kəniseyi-Babək" kimi məşhurlaşacaq qamışlıq bir ərazidə asılmışdı.

Zənnimizcə, Babəkin sümüklərini həmin ərazidə arxeoloji tədqiqat apararaq üzə çıxarmaq mümkündür.

Nəhayət, Babəkin oğullarının bir qismi Abbasilər tərəfindən qətlə yetirilsə də, onun az yaşlı oğullarından bir neçəsi mötəzi ideoloqu Əbu Davudun fətva verməməsi səbəbindən sağ qalmışdı. Onlardan biri öz anası - Babəkin zəngin bir ailədən olan arvadı ilə Mötəsim tərəfindən öz vətəninə - Azərbaycana göndərilmişdi. Bu da Babəkin soyunun fiziki olaraq günümüzdə davam etdiyinə güman yaradır.

 

Taleh ŞAHSUVARLI

AzNews.az portalının baş redaktoru

525-ci qəzet .- 2024.-6 avqust.(№138).- S.10;11.