Şərəfli
ömrün parlaq səhifələri
"İllər
ötdükcə, qarşımıza yeni ideya və planlar
çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir,
amma əsas amalımız - Azərbaycan xalqına xidmət
etmək amalı dəyişməz olaraq qalır və
qalacaqdır".
Mehriban Əliyeva
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti
Şərəfli
və mübarizə dolu tarixi inkişaf yolu keçərək,
bütün sınaqlardan daim alnıaçıq və
üzüağ çıxan Azərbaycan qadını bəşəriyyət
üçün hələ də oxunmamış sirli bir
kitabdır. Zərif əlləri ilə ipək saplarla
dünya mirasının nəfis nümunəsi olan xalılara
əsrarəngiz ilmələr vuran Azərbaycan qadını
naxışlarla ümid dolu arzu və diləklərini gələcək
nəsillərə çatdırır. Bu gün Azərbaycan
qadını yüksək dövlət pillələrində
çalışır, bir-birindən gözəl sənət
əsərləri yaradır, kitablar və monoqrafiyalar
yazır, qavalı, tarı, sazı dilləndirir. O, sonsuz Ana sevgisi
ilə körpəsinə sığal çəkir,
yuvasını isidir. Ən əsası isə, doğma Vətənimizin
hər qarışı uğrunda canından keçməyə
hazır olan qəhrəman və igid oğullar, yenilməz sərkərdələr
böyüdür...
XXI əsrə
ən yüksək nailiyyətlərlə qədəm qoyan Azərbaycan
qadını, heç şübhəsiz, müstəqil
respublikamızda demokratik cəmiyyətin həm də
aparıcı qüvvələrindən biridir. Sirr deyil ki,
dövlətimizin beynəlxalq aləmdə
qazandığı yüksək nüfuzda və
uğurlarında, ölkəmizin davamlı inkişafında
qadınlarımızın müstəsna rolu vardır. Milli
dövlətçiliyimizin daha da gücləndirilməsi
uğrunda mübarizədə və ölkəmizdə vətəndaş
həmrəyliyinin formalaşmasında qadınlarımız
daim ön sıralarda getmiş, əzmkarlıqları ilə
məqsəd və amallarına daima sadiq qalmışlar. Bəli,
Azərbaycan qadını yenilməzdir! O, yorulmaq bilmədən
çalışır, çünki köksündəki
ürək Vətən sevgisi ilə çırpınır.
Milli-mənəvi, əxlaqi dəyərlərimizin qorunub
saxlanması, yaşadılması və gələcək nəsillərə
çatdırılması kimi əsas vəzifələri ilə
yanaşı, dünyəvi mahiyyət kəsb edən
mühüm işlərin öhdəsindən də ləyaqətlə
gəlir Azərbaycan qadını!
O, Ana Vətəndir,
Ana Torpaqdır, Ana Dilidir, həm də fədakarlığı
ilə ailə ocağına bağlı müqəddəs və
ilahi varlıqdır. Məhz bu səbəbdəndir ki, sosial
yükünün ağırlığına baxmayaraq, O, cəmiyyətin
mənəvi dayağı, döyünən ürəyi,
vuran nəbzidir! Çünki O, Azərbaycan
qadınıdır!
Respublikamızın
Prezidenti möhtərəm cənab İlham Əliyevin
söylədiyi kimi, "Elm, təhsil, mədəniyyət, səhiyyə
və digər sahələrdə qazandığı nailiyyətlər,
Azərbaycan qadınının çox böyük potensiala
malik olduğunu bir daha təsdiq edir". Bu gün zərif və
güclü, sədaqətli və qürurlu, təmkinli və
təvazökar, səmimi və sadə, ədalətli və
prinsipial, xeyirxah və humanist, məğrur və əzmkar Azərbaycan
qadını dedikdə, ilk olaraq, göz önündə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti və ölkəmizin
Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti,
İSESCO-nun Xoşməramlı səfiri möhtərəm
Mehriban xanım Əliyevanın möhtəşəm
obrazı canlanır. İlk dəfə öz nəcib və
şərəfli amalını açıqlayarkən,
Mehriban xanımın "Mən öhdəmə
götürdüyüm hər bir işə çox
böyük məsuliyyətlə yanaşıram. Hər zaman
öz fəaliyyətimdə çalışmışam ki,
bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik,
insanpərvərlik və mərhəmətlilikdir" - bu səmimi
fikirləri ölkə ictimaiyyəti tərəfindən
çox böyük məmnunluqla
qarşılanmışdır. Elə ilk gündən də
müdrik Azərbaycan xalqı özünün vüqarlı
və ləyaqətli, sözünə sadiq qızına
inandı və ona etibar etdi, etimad göstərdi, hər zaman
onu dəstəklədi, arxa-dayaq oldu. Xalqının layiqli
qızı kimi, Vətən naminə gərgin əməyi və
yorulmaz fəaliyyəti ilə möhtərəm Mehriban
xanım Əliyevanın adı milli dövlətçilik
tariximizin parlaq səhifələrinə qızıl hərflərlə
yazıldı. Bununla da, O, çağdaş Azərbaycanın
ən Görkəmli və İlk Qadın Dövlət Xadimi
kimi, həm də əbədi olaraq xalqımızın qan yaddaşında
həkk olundu. Bu baxımdan, hər bir Azərbaycan və
Türk qadını üçün örnək olan,
möhtəşəm və zəngin hadisələrlə
dolu "ömür kitabı" nə qədər deyilsə
və yazılsa, nə qədər təqdir və təbliğ
olunsa da, Mehriban xanım Əliyevanın Vətən, Dövlət
və Xalq qarşısında misilsiz xidmətlərini tam
dolğunluğu ilə əhatə etmək
qeyri-mümkündür. Əminik ki, bəşər
sivilizasiyasına əvəzsiz töhfələr vermiş və
Azərbaycan qadınının şərəfini zirvələrə
ucaltmış bu əzəmətli Xanımın zəngin mənəvi
aləmini əks etdirən həyat yolu və fəaliyyəti
haqqında gələcəkdə daha sanballı tədqiqatlar
aparılacaq, yeni əsərlər qələmə
alınacaq, kitablar nəşr olunacaqdır.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti möhtərəm
Mehriban xanım Əliyeva öz zəkası və məramı,
əməli və fəaliyyəti, sözü və söhbəti
ilə hər zaman zirvədə olmağına baxmayaraq, o,
öz alicənablığı və sonsuz sadəliyi ilə
həm də doğulduğu Vətən torpağına, mənsub
olduğu xalqına, boy aldığı soyuna şərəf
gətirən görkəmli dövlət xadimidir. Sonsuz məğrurluğu,
müdrikliyi, hər işdə uzaqgörənliyi, nəhayət,
insansevərliyi, nəcib və həssas qəlbi, gözəlliyi
və nurlu baxışları ilə xalqın sonsuz sevgisini
qazanmış müasir Azərbaycan Dövlətinin ilk Birinci
xanımı Mehriban xanım Əliyeva sanki Massagetlər
hökmdarı Tomris, Atabəylər dövlətində
Möminə xatun, Qaraqoyunlularda Qara Yusifin xatunu Əleykə-Könüldaş,
dünyanın ilk diplomat qadını, Ağqoyunluların Sara
xatunu, Xanqızı Xurşidbanu Natəvan kimi Azərbaycanın
onlarla qüdrətli qadın tarixi şəxsiyyətlərini
özündə təcəssüm etdirir və əməli
ilə bu xatunların yarımçıq qalmış arzu və
diləklərini gerçəkləşdirir. Gördükləri
xeyirxah işlərlə milli dövlətçilik tariximizin
şanlı səhifələrinə yazılmış bu
xatunlarımız, bir sıra hallarda xaqan atalarının,
qardaşlarının, həyat yoldaşlarının fəaliyyətinin
kölgəsində qalmışdır...
Bu gün
isə Mehriban xanım həyata keçirdiyi bütün layihələrlə
sanki bu xatunlara həm də yenidən nəfəs və ruh
verir. Məhz möhtərəm Mehriban xanım Əliyeva
ümmanlara sığmayan əməlləri ilə, bugün
milli dövlətçilik tarixində məğrur və
yenilməz Azərbaycan qadınının obrazı kimi qəbul
edilir. Bu mənada tarixin qızıl səhifələrinə
yazılan Mehriban xanım
Əliyevanın şərəfli ömür yolu bu gün də,
gələcək üçün də hər bir azərbaycanlı
qadını üçün məktəb olacaqdır.
Allah-Təala
Mehriban xanım Əliyevaya dünyanın bütün gözəlliklərini
bəxş edir. O, böyük müəllim və alim,
yazıçı Mir Cəlal Paşayevin və böyük
nasir və ədib Nəsir İmanquliyevin ocağından pay
alıb. Mehriban xanımın elm xəzinəsindən və zəngin
mənəvi keyfiyyətlərindən bəhrələndiyi
valideynləri AMEA-nın həqiqi üzvü, fizika, texnika və
kosmonavtika elmləri sahəsində tanınmış alim Arif
Paşayev və nüfuzlu şərqşünas alim,
AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk
qadın direktoru olmuş, nəcib insan Aida xanım
İmanquliyeva kimi görkəmli şəxsiyyətlərdir.
Mehriban xanım Əliyeva milli dövlətçilik tariximizin
intibahı sayılan müasir müstəqil dövlətimizin
qurucusu və banisi dahi Heydər Əliyevin və onun
ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim,
ictimai xadim, akademik Zərifə xanım Əliyevanın
ocağının gəlinidir. Bu ocaq Azərbaycan
xalqının iki minillik tarixinin zəfər salnaməsini
yazmış, xalqımızı dünyaya Qalib Xalq kimi
tanıtmış, çağdaş dünyanın yenilməz
və qüdrətli LİDERlərindən biri, Müzəffər
Ali Baş Komandan, Respublikamızın Prezidenti möhtərəm
cənab İlham Əliyevi yetiribdir. Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin, valideynləri tərəfindən
"Mehriban" adlandırılması da, məhz bu möhtərəm
və mötəbər xanımın dünyaya ancaq xeyirxah əməllər
üçün gəldiyinə, kimsəsizə dayaq və
çarəsizə çarə olmaq missiyasına işarədir.
Ömür yolunun ilk cığırlarını açandan,
amalı və həyat kredosu bəlli olan Mehriban xanıma
Birinci vitse-prezidentlik vəzifəsini etibar edən Prezidentimiz
də, onun alicənablıq və xeyirxahlığa köklənmiş
amalını qiymətləndirərək, millət
üçün gözəl bir seçim edib.
Həyatda
hər kəs taleyinə düşən ömür
payını özü yaşayır. Mehriban xanım da
özünəməxsus zəngin həyat yolu və məramı
ilə İlahinin onun üçün yazmış olduğu
alın yazısı və tale qismətini daha bənzərsiz
edib. Elə bu səbəbdən də Mehriban xanım xalqı
qarşısındakı böyük xidmətlərinə,
eləcə də, dünya mədəniyyətinə verdiyi
misilsiz töhfələrinə görə,
Respublikamızın və dünyanın çox yüksək
və ali mükafatlarına layiq görülüb. Onun
çoxşaxəli fəaliyyəti sərhəd
tanımır. Bəli, elədir ki, var! Çünki Mehriban
xanımın müdrikliyinin özəlliyi odur ki, o,
ayrı-seçkilik salmadan, yalnız və yalnız
insanlığa, narahat dünyamızın humanist və tərəqqipərvər
olmasına yönəlib. Mehriban xanımı dünyanın
başqa Birinci xanımlarından və tanınmış
qadın dövlət xadimlərindən fərqləndirən
xüsusiyyət də məhz budur. Onun
çıxışlarının birində səsləndirdiyi
"Həyatda hər bir kəsin yerini və taleyini tarix
müəyyən edir. Odur ki, nə böyük, nə də
kiçik rollar olmur. Öz həyat kitabını yazmağa
ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin
imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi
həyatının və dünyanın
qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi
təcəssüm etdirir. Kimsənsə, elə də
olmalısan - bax, budur bizim həyatımız. Ona görə
də özgələrin rollarını və
obrazlarını gərək öz üzərinə
götürməyəsən. Çünki sən də,
dünyada yerin də yeganə və bənzərsizdir" - fəlsəfi
fikirlərini bugünkü dünyamız üçün ən
güclü
çağırış kimi qəbul etmək olar.
Əslində, Azərbaycan xalqının bu vətənpərvər
qızının həyata keçirdiyi layihələrin məqsəd
və məramı sülh naminə bəşəriyyəti
birliyə, dostluğa yönəldən, sivilizasiyaları
dialoqa dəvət edən, Şərqlə Qərbi
Böyük İpək Yoluna səsləyən
çağırışlardır.
Möhtərəm
Mehriban xanım Əliyevanın dövlət və xalq
qarşısında ən böyük xidmətlərindən
biri də yaratmış olduğu Fondun xətti ilə
Ümummilli liderimiz Heydər Əliyevin zəngin,
çoxşaxəli irsinin öyrənilməsi, tədqiq
edilməsi, onun milli dövlətçilik ideyalarının
yaşadılması, inkişaf etdirilməsi və yeni nəsillərə
çatdırılmasıdır. Məhz Azərbaycanın
Birinci xanımının rəhbərliyi ilə Fond tərəfindən
bu günə qədər də misilsiz işlər həyata
keçirilməkdədir. Gerçəkləşdirdiyi genişmiqyaslı layihələri
ilə özünə əbədiyaşarlıq
qazanmış Azərbaycanın Birinci Xanımı
xalqımızın qeyri-maddi və mədəni irsinə,
milli-mənəvi dəyərlərimizə həm də yeni
ahəng və çalar gətirdi. "Yeniləşən Azərbaycana
yeni məktəb", "Təhsilə dəstək"
kimi layihələr əsasında yüzlərlə orta məktəb
binasının təməlinin qoyulması və bərpası
kimi mühüm işlər görülmüşdür.
Müasir-texniki avadanlıqlarla, kompüterlərlə, idman
qurğuları ilə təchiz edilmiş təhsil
ocaqlarına diqqət ayrılması maarif, mədəniyyət,
elm sevdalısı möhtərəm Mehriban xanım tərəfindən
elm və tərəqqiyə verilən yüksək qiymətdir.
Belə möhtəşəm layihələr, hətta ən
ucqar dağ kəndlərində, çadır şəhərciklərində,
eləcə də, Vətənimizdə mövcud olan
azsaylı xalqların yaşadığı bölgələrdə
də gerçəkləşdirilir.
Bu bir həqiqətdir
ki, insanı yaşadan, həyatın keşməkeşli
yollarında büdrəsə də, onu yıxılmağa
qoymayan ümid, inam və sevgidir. Bu üç neməti həyatdan
küskün körpə fidanlara bəxş edəndə isə
həyat müxtəlif rənglərə boyanır. Məhz
bu səbəbdən də, Birinci xanım ölkəmizdə
fəaliyyət göstərən uşaq evləri və
internat məktəblərini qayğıkeş, mərhəmətli,
gözəl bir Ana kimi, öz himayəsi altına almaqla, bu məsum
yavruların qəlbində sabaha ümid çırağı
yandırdı. Beləliklə də, humanizmə doğru
atılan növbəti addım
yeniləşən Azərbaycanın bir
parçasına çevrildi.
Qeyd etmək
lazımdır ki, Mehriban Əliyeva mədəniyyətimizin
beynəlxalq aləmdə geniş təbliğinə istiqamətlənmiş,
eləcə də, elm, təhsil, səhiyyə və
idmanın inkişafına yönəldilmiş müxtəlif
layihələri dəstəkləməklə yanaşı, həm
də uşaq və gənclərin sağlam, milli-mənəvi
dəyərlərə sadiq və hərtərəfli biliklərə
malik vətəndaş kimi, aydın düşüncəli
yetişməsinə dair mühüm və böyük layihələrin
müəllifi kimi də tanınır.
Sonsuz
qürur və fəxarət hissi ilə deməliyik ki,
doğma Qarabağımızın erməni işğalı
altında olduğu dövrdə möhtərəm Mehriban
xanım Əliyeva istər ölkəmizdə, istərsə
də ölkə hüdudlarından kənarda ən mötəbər
kürsülərdə Qarabağ həqiqətlərini və
tariximizin qan yaddaşı və bəşəriyyət
üçün ləkə olan Xocalı faciəsini dünya
ictimaiyyətinə çatdırmaqla, insanlığın
haqq və vicdan səsinə çevrildi. Onun ən yüksək
kürsülərdən səsləndirdiyi "Qoy Uca
Tanrı hər bir azərbaycanlıya müqəddəs
Qarabağ torpağını öpməyi nəsib etsin!"
- diləyi isə uzun illər Azərbaycan xalqının
ürəyində kök salmış müqəddəs
arzuların ifadəsi oldu.
Bütün
xarici səfərlərində, keçirdiyi görüşlərdə
Dağlıq Qarabağ münaqişəsindən, dünya
mirasının bir parçası olan Azərbaycan
xalqının mədəni irsinin qəddarcasına
dağıdılmasından, Ermənistan silahlı qüvvələrinin
təcavüzündən danışan Azərbaycanın
Birinci xanımı Xoşməramlı səfir kimi, bəşəriyyəti
dialoqa və qarşılıqlı anlaşmaya
çağırırdı. Mehriban xanımın rəhbərliyi
və təşkilatçılığı ilə ölkəmizdə
və xaricdə davamlı olaraq keçirilən mötəbər
tədbirlərin hər birində Respublikamızın Birinci
vitse-prezidenti xan qızı Xurşidbanu Natəvanın əmanəti
olan Qarabağın görən gözü və səsi idi.
Bütün bunların məntiqi nəticəsidir ki,
Qarabağın dünya ictimaiyyəti tərəfindən Azərbaycanın
ayrılmaz torpağı kimi qəbul edilməsində,
möhtərəm Mehriban xanım Əliyevanın uğurla həyata
keçirdiyi mədəniyyət diplomatiyasının
böyük rolu oldu.
Rəhbərlik
etdiyi "Azərbaycan Mədəniyyətinin Dostları"
və Heydər Əliyev fondlarının həyata keçirdiyi
uğurlu layihələrlə, ölkəmizdə mədəniyyətimizin,
milli-mənəvi dəyərlərimizin müdafiəçisi
və himayəçisi kimi də tanınan Mehriban
xanımın məhz əvəzsiz xidmətləri sayəsində,
YUNESKO-nun xətti ilə Azərbaycanın tarixi abidələri,
muğam sənəti əbədi olaraq, dünyanın maddi-mədəni
inciləri sırasına daxil oldu. Mehriban xanımın
bilavasitə təşəbbüsü ilə Dənizkənarı
Milli Parkda Muğam Mərkəzinin, eləcə də, Milli
Xalçaçılıq Muzeyinin inşa edilərək,
xalqın istifadəsinə verilməsi, mədəniyyətimizin
inkişafına doğru atılan növbəti mütərəqqi
addım oldu. Ecazkar muğam sənətinin inkişafı və
təbliği məqsədilə həyata keçirilən və
Qarabağ həqiqətlərini "sənətin dili və
səsin sehri" ilə dünyaya bəyan edən "Azərbaycan
muğamları", "Qarabağ xanəndələri",
"Muğam-Dəstgah", "Muğam
Ensiklopediyası", "Muğam portalı"nın
yaradılması, Azərbaycanın milli mədəniyyət
tarixində yeni parlaq səhifə açdı. "Muğam
Antalogiyası", "Muğam dünyası",
"Qarabağ atları" kimi, onlarla layihələr, bundan
başqa, keçirilən müxtəlif beynəlxalq
konfranslar, festivallar, simpoziumlar Azərbaycan sənətşünaslıq
və musiqişünaslığına əvəzolunmaz
töhfələr bəxş etdi. Doğma Vətənimizin
ayrı-ayrı bölgələrində, eləcə də,
bəzi xarici ölkələrdə bir çox müqəddəs
abidələrin və müxtəlif inanclara məxsus dini məbədlərin
bərpa olunması da məhz Mehriban xanım Əliyevanın əvəzolunmaz
zəhməti və adı ilə bağlıdır. Nəcib
əməlli Mehriban xanım Əliyeva həm Azərbaycanda, həm
də beynəlxalq aləmdə mədəniyyətin, sənətin
himayədarı və dostu kimi, böyük şöhrət
və sonsuz rəğbət qazanmışdır.
Fəxrlə
deyə bilərik ki, tarixin müxtəlif dönəmlərində
qüdrətli şəxsiyyətlər, sərkərdə
xaqanlar yetirən Azərbaycan qadını həm də, ən
ağır döyüşlərdə həyat
yoldaşına, igid oğluna arxa olmuş, onunla
çiyin-çiyinə dayanmışdır. 44 günlük
Vətən müharibəsində gecəsini
gündüzünə qataraq, ömür-gün
yoldaşı möhtərəm Prezidentimiz, Müzəffər
Ali Baş Komandanımız cənab İlham Əliyevə, mənəvi
dayaq və cəsur silahdaş kimi Azərbaycan tarixinin
şanlı səhifəsinə qızıl hərflərlə
yazılan Mehriban xanım Əliyeva ləyaqətli və fədakar
Vətən övladı və sədaqətli həyat
yoldaşı kimi də dillərdə dastan oldu! Qadın zərifliyinə
baxmayaraq, ən təhlükəli məqamlarda belə, cəbhə
bölgələrində və işğaldan azad olunmuş ərazilərdə
Müzəffər Ali Baş Komandanımızla birgə hərbi
hissələrdə qəhrəman Milli Ordumuzun əsgər və
zabitləri ilə görüşən Mehriban xanım
onların qələbə əzmini daha da artırmaq
üçün xeyir-dualar verdi, qazilərə Bacı, şəhidlərə
Ana oldu! Məğrurluğu, qüruru və əzəməti
ilə O, dünya siyasətçi qadınları
üçün də bir yenilməzlik rəmzinə
çevrildi.
Məlumdur ki, bugün Qarabağın yenidən quruculuğu və bərpası ilə əlaqədar böyük işlər görülməkdədir. Mehriban xanımın rəhbərlik etdiyi "Heydər Əliyev Fondu" tərəfindən, onun şəxsi təşəbbüsü ilə, işğaldan azad edilmiş bölgələrdə yüksək zövqlü, bənzərsiz və əbədiyaşar layihələr həyata keçirilir. Heç şübhəsiz ki, böyük bir zəhmətin bəhrəsi olan bütün bu əzəmətli işlərin hər biri milli dövlətçilik tariximizin əfsanəvi səhifələrinə çevriləcəkdir.
Mehriban xanım Əliyevanın cəmiyyətimizin inkişafı naminə gördüyü mühüm işlər Azərbaycan qadınının ictimai-siyasi fəallığını getdikcə, daha da artırmaqdadır.
Bu gün həm də Azərbaycan qadınının haqq səsi olan Mehriban xanım sülhün, barışın, qardaşlığın və insanpərvərliyin bir rəmzidir. O, hər dəfə mötəbər kürsülərdə bütün dünyaya üz tutub, onu tolerantlığa, bəşəri dəyərlərə və insan haqlarına sayğıya çağırır. Azərbaycanda və onun hüdudları xaricində həyata keçirdiyi hər bir layihəni özünün müqəddəs amalı hesab edən Mehriban Əliyeva, gördüyü hər bir işdən böyük zövq alır. Onun gördüyü bütün işlər, ilk növbədə, doğma Azərbaycanımızın parlaq gələcəyi naminə görülən işlərdir.
O, həssas, bulaq suyu kimi, təmiz ürəyindən gələn harayı ilə Azərbaycan qadınının əsl obrazını dünyaya çatdırmaqdan yorulmur usanmır. Mehriban xanımın özünəməxsusluğu, onun həyat fəlsəfəsindədir. İlk baxışdan zərif görünən, lakin daxilən güclü, əzəmətli, vüqarlı olan Mehriban xanımın fikrincə, problemin böyüyü və kiçiyi olmur. Onun həyata baxışına görə, problem varsa, heç bir səbəb olmadan, heç nədən asılı olmayaraq, həll olunmalıdır. Məhz bu səbəbdəndir ki, ötən dövr ərzində böyük zəhməti və sonsuz əzmkarlığı ilə, eyni ahənglə əqidəsinə və amalına öz sadiqliyini nümayiş etdiribdir. Möhtərəm Mehriban xanım Əliyeva üçün insanların inamını, ümidini, etimadını və etibarını qazanmaq, onlara yorulmadan xidmət etmək ən böyük xoşbəxtlikdir. Onun gördüyü bütün işlər mahiyyətinə və əhəmiyyətinə görə tarixin təkcə bu günü üçün deyil, həm də gələcək nəsillər üçün də ərmağandır.
Bu gün mübaliğəsiz deyə bilərik ki, bütün dinlərə və sivilizasiyalararası dialoqlara etdiyi töhfələrinə, fikir və düşüncə azadlığına, insan şəxsiyyətinə, milli və mənəvi dəyərlərə olan ehtiramı ilə, Mehriban xanım həm də yeni minillikdə klassika ilə müasirlik arasında bir körpüdür! Dilindən, dinindən asılı olmayaraq, insanları bir-birinə sayğı ilə bağlayan körpü! Bütün varlığı, ruhu və duyğuları ilə Azərbaycanın, Şərqin və Türk dünyasının bir parçası olan Mehriban xanım Əliyeva bəşəri ideallara sədaqətlə xidmət edən dünya insanı, dünya vətəndaşıdır! Elə bir vətəndaş ki, onun üçün haqq-ədalət, insanpərvərlik daima önəmli və əsas olubdur. Ən uca Uğur Zirvəsinə ucalan İSESCO-nun Xoşməramlı Elçisi möhtərəm Mehriban xanımın həyat kredosu da məhz bu fəlsəfi düşüncələrdir.
Qəlbi gözəlliklə, insansevərlik və mərhəmətlə dolu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın arzuları nə bitməzdir, nə də tükənməz...
İllər, əsrlər keçəcək, qərinələr bir-birini əvəz edəcək, çox şeylər dəyişəcək...
Dəyişməyən tək bir şey tarixi yaddaşlara əbədi həkk olunmuş xeyirxah əməllər yaşayacaqdır. Uğurlu mədəniyyət və humanist diplomatiyası ilə Azərbaycanı dünyaya tanıdan, ülvi əməlləri ilə mərhəmətin canlı timsalına çevrilən, Vətəninə, Dövlətinə, Xalqına xidmətdən zövq alan, qazandığı ümumxalq məhəbbəti ilə hər kəsin Mehribanı olan, adı milli dövlətçilik və müstəqillik tariximizin əzəmətli səhifəsinə ilk Birinci Xanım, İlk Birinci vitse-prezident və ilk görkəmli Qadın Dövlət Xadimi kimi yazılan Mehriban Xanım Əliyeva isə nə unudular, nə də yaddan çıxar.
Məlahət İBRAHİMQIZI
Millət vəkili, Siyasi elmlər üzrə fəlsəfə doktoru
525-ci
qəzet.- 2024.- 23 avqust, ¹151.- S.8-9.