Azərbaycan xanımının parlaq siması

 

Xatirələrimiz zaman ötdükcə öz-özünə zənginləşən bir sərmayədir...

2013-cü ilin isti bir iyul ayında, Parisin cazibədar küçələrində addımlayırdıq. Biz Azərbaycan Fransız dili Müəllimlər Assosiasiyasının xətti ilə Parisdə təkmilləşdirmə kursunda iştirak edirdik. Bu şəhər bizə yeni biliklərin, təcrübənin qapılarını açmaqla yanaşı, bir çox unudulmaz xatirələr də bəxş etdi.

İyulun 17-də qrup rəhbərlərimiz Azelma xanım və Çəmən xanım bizi bir araya toplayaraq çox vacib bir xəbəri çatdırdılar. Sabaha olan həyəcanımızı artıran bu xəbər belə idi: Azərbaycanın birinci xanımı və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun binası qarşısında çıxış edəcək. Bu mühüm tədbirdə bizim nümayəndə heyətimizdən altı nəfərin iştirakı nəzərdə tutulurdu.

Alman filosofu Robert Benjamən deyir ki, Paris XIX əsr dünyanın paytaxtıdır. Meksika yazıçısı Nobel Mükafatı laureatı Oktavio Pas isə yazır ki, Paris XX əsr dünyanın paytaxtıdır. Görüşün bir üstünlüyü də onda idi ki, məhz bu şəhərdə baş tuturdu (Lakin bu gün çox təəssüflə qeyd etmək lazım gəlir ki, belə bir nəhəng dövlətin, yerində olmayan liderinin apardığı məntiqsiz siyasət nəticəsində ölkə öz nüfuzunu itirməyı doğru gedir).

Ertəsi gün böyük həyəcan və gözləntilərlə həmin tədbirə qatıldıq. Parisin mərkəzində, UNESCO-nun möhtəşəm binası qarşısında Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə xüsusi mərasim keçirilirdi. Tovuz rayonunun Aşağı Ayıblı kəndində tapılmış, XII-XIII əsrlərə aid daş at və daş qoç heykəlləri bu tanınmış təşkilata hədiyyə olunurdu. Günəşin parlaq işıqları altında, mərasimin təntənəli ab-havası bizi özünə cəlb edirdi. UNESCO-nun o zamankı baş direktoru İrina Bokova çıxış edərək Azərbaycanın bu təşkilata üzv olmasının 20 illiyini qeyd etmək üçün bir araya gəldiklərini söylədi. Onun nitqi zamanı Azərbaycanın birinci xanımını Parisdə salamlamaqdan duyduğu qürur hissi bütün iştirakçıların qəlbində bir iz buraxdı. Azərbaycanın mədəni irsinin UNESCO üçün nə qədər önəmli olduğunu vurğulayan Bokova bu tədbirin əhəmiyyətini bir daha ortaya qoydu.

Sonra Mehriban xanım Əliyeva çıxış etdi. Onun zərif və məğrur duruşu, səsindəki təmkin və güvənlik hər kəsi heyran qoymuşdu. Mədəni irsimizin qorunmasının Azərbaycan hökuməti üçün prioritet istiqamət olduğunu vurğulayan Mehriban xanım Əliyeva dedi: "Biz fəxr edirik ki, Azərbaycan muğamı, aşıq musiqisi, tar ifası, Novruz bayramı UNESCO-nun Qeyri-maddi İrs siyahısına daxil edilib. Eyni zamanda Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii qoruğu UNESCO-nun Dünya İrsi siyahısına salınıb".

Mehriban xanımın nitqi sadə, lakin düşündürücü idi. O, ingilis dilində çox rahat və axıcı danışırdı. Hər kəs - istər yerli, istərsə də xarici iştirakçılar - onu diqqətlə dinləyirdi.

UNESCO-nun əməkdaşları, Fransanın Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri Jan Perrən və Azərbaycandan gəlmiş nümayəndə heyəti də bu tədbirdə böyük fərəhlə iştirak edirdi.

Bu tədbir Azərbaycanın dünyadakı nüfuzunu və Mehriban xanım Əliyevanın beynəlxalq arenadakı mühüm fəaliyyətlərini əks etdirməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Bu çıxış həm Azərbaycan mədəniyyətinin, həm də ölkəmizin təhsil sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün vacib bir platforma idi.

Mehriban xanımın çıxışı alqışlarla qarşılandı. Oradakı hər bir azərbaycanlı bu mənzərədən qürur dolu anlar yaşayır, ürəyində fəxarət hissi keçirirdi. Budur, Azərbaycan xanımının parlaq siması və əsl nümunəsi!

Çıxışdan sonra Mehriban xanım biz müəllimlərlə səmimiyyətlə görüşdü. Onun hər birimizlə xoş və yığcam şəkildə söhbət qurması, sadəliyi və səmimiyyəti bizi heyran etdi. Sonda müəllimlər Mehriban xanımla şəkil çəkdirmək istədiklərini dilə gətirdikdə, o, yenə də məmnuniyyətlə razılıq verdi. Bu tarixi şəkil həmin tədbirin yaddaşımızda necə dərin iz buraxdığının sübutudur. Mehriban xanımın əsilzadələrə xas sadəliyi və təvazökarlığı xoş xatirələrin, şirin söhbətlərin mövzusuna çevrilərək yaddaşımıza həkk olundu.

Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın 60 illik yubileyi - yenə də özünəməxsus tərzdə - sadəlik və təvazökarlıqla qeyd olunur. Bu yubiley münasibətilə Mehriban xanımı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, şərəfli fəaliyyətində tükənməz enerji və yeni-yeni uğurlar arzulayırıq!

 

Əsgər ZEYNALOV,

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2024.- 24 avqust, №152.- S.12.