Gözlərinin içindən gülən şair

 

 

Faiq Balabəyli "Eh ayrılıq, nə yamansan" (1993), "Kəsilməyən həyəcan fiti" (2003), "Sənə yazılan şeirlər" (2005), "Burda darıxmaq olmaz" (2008), "Yaşıl yuxulu dəniz" (2010), "Bayıldan bayıra"(2017), "Yağışdan sonra" (2020), "Bakı buxtası - 20 yanvar" (2022), "Dənizçilərimiz Vətən müharibəsində" (2022), "Bir ovuc kədər" kitablarının müəllifidir. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdünə, Türkiyənin və Azərbaycanın ədəbi ödüllərinə layiq görülüb.

Hazırda şair Balabəyli imzası poeziyanın publisistika ilə qaynayıb-qovuşma istiqamətində ədəbiyyatımızda, mətbuatımızda, ictimai fikrimizdə çox böyük yeri olan bir imzadır ki, onu bütün böyük-kiçik, fərqi yoxdur, qələm adamları qəbul edir.

Necə yaranırdı sənətin müxtəlif sahələrini əks edən bu maraqlı və rəngarəng yazılar? - Şairanə fantaziyası, sönməyən-səngiməyən poetik duyğuları, canlı həyat müşahidələri və onun güclü məntiqə söykənən qənaətləri ilə, əlbəttə.

Təkcə yazıları iləmi tanınır? Faiqin səhifəsində onunla bir müsahibəni oxudum: "Kapitan, şair və jurnalist Faiq Balabəyli..." Bu ad, bu başlıq onun fəaliyyətini, qazandığı adı, tutduğu mövqeni necə də dəqiq ifadə edir. Uşaqlıqdan tanıyıram Faiq Balabəylini. Kənddə baba adı ilə adlanan doğulduğu Mirzi kişinin - üzü günçıxana, ikimərtəbəli, dövrələmə eyvanlı - evi evimizlə qonşu idi.

Amma deyim ki, yaxından tanıdığın adam haqda yazmaq asan olsa da, məsuliyyəti daha böyükdür o yazının. Çünki o, yaddaşına, duyğu və düşüncənə təsir etmək gücündə olan bir şəxsiyyətdirsə, sən onun haqqında hamıdan yaxşı yazmalısan. Axı bir məhəllədə, yaxın evlərdə pərvəriş tapmaqla bərabər, biz həm də uzun illərdir ki, həm yaradıcılıq meydanında, həm də böyük məqsədimiz olan Azərbaycan uğrunda bir səngərdə sanmışdıq özümüzü. Faiq təbiətcə şən, nikbin adamdırsa, bu, onun görünən tərəfidir. Əslində ağrı-kədərə aşina dərdbilən, can yandıran bir həssas qızıl ürəkli oğlandır. Elə ki, yaralı, nisgilli duyğularla yazılsa belə, həyata bağlı, insan sevgili, cantəzələyən təəssüratlar yaradan yazılar çıxır meydana. Elə bundandır ki, onunla görüşlərimdə, söhbətlərimdə ədəbiyyatımızın, sözümüzün, tariximizin, incəsənətimizin, musiqimizin, rəng dünyamızın işığını alıram ondan. Bu, bizim sağımızın, solumuzun hər yerdə, hər vaxt bir-birimizə verdiyimiz düşüncə işığıdır, sadəcə düşüncə işığı. Şeirləri də ürəkdən etdiyi söhbətləri qədər səmimidir:

 

Mənim qoca şəhərim, mənim uca şəhərim,

neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!

Özümüzdən çox uzaq, könlümüzə çox yaxın,

gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!

Axır ki, qayıtdıq, gözlərin aydın!..

 

Azad edilmiş Şuşamıza yazılmış bu şeir parçası ana ilə balanın, qardaşın qardaşla görüşü qədər təəssüratlıdır. Layladan gələn, anaların eydirmələrindən, nazlamalarından axışa-axışa gələn bu səmimiyyət, şirin kədər hopmuş təsviri, dənizin özü qədər ilıq, təravətli üslub hələ onun ilk şeirlərindən hiss olunurdu:

 

Üzməyi bacarmayan uşaq kimi ləpələr

əl-qol atıb, axırda batacaq bu dənizdə.

Sonra da qağayılar sakit olub bir qədər

ruh kimi uçub gedib yatacaq bu dənizdə...

 

Bildiyimiz kimi, bədii yaradıcılıq fərdi düşüncəyə, müşahidə və dəyərləndirmələrə görə elə fərdi də xarakter daşıyır.

 

Yelkəni küləklə dolan ağ gəmi,

başının üstündə bir əlçim bulud,

açar qanadını göyərçin bulud

göyərtə ovcunda bir içim bulud

dönər ağ yağışa isladar səni...

 

Bu gənclik şeirləri, yəni yaradıcılığının ilk illəri demək istədim - bu qədər yetkin, şəkil qədər əyani bənzətmələr... heyrət və heyranlıq doğurur. Belə nümunələr Faiqdə çoxdur; onları çəkinmədən ruha uyğun "nəğmə-şeirlər" adlandırmaq olar.

Faiq əmək fəaliyyətinə dənizçiliklə başlayıb. Özünün dediyi kimi, dəniz həyat və dözüm, mətanət məktəbidir. Dəniz qorxmazları, təmizliyi sevir. Elə buna görə də dənizçilərin demək olar ki, hamısı ağır günün dostlarıdır, deyir.

Faiq Balabəyli daim qəlbində Vətəninə, xalqına tükənməz məhəbbəti olan böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, cani- könüldən, vicdanla xalqına xidmət etməkdədir. Bir az böyük çıxmadı ki? Yox, çıxmaz. Oradan başlayaq ki, bu həm romantik, o qədər də bir döyüşçü, ön sıra əsgəri qədər realist olan gənc Faiq 20 yanvarın hər yeri tank istilası qapayanda mavi dəniz boşluğundakı tam limana-sahilə az qala gəlib dirənmiş gəmilərdə öz "üsyan bayrağı"nı çəkmişdi.

Vətəni, torpağı tərənnüm edən, xalq təfəkkürünün dərinliklərindən süzülüb gələn şeirləri, azərbaycançılıq məfkurəsi, sevgisi, vurğunluğu, sinəsindən qopan sözü var Faiq Balabəylinin... Bu dəyərləri yaradıcılığının tutumlu hissəsini təşkil edən publisistikasında işıqlandırır daha çox. Nəticədə bədii, həm də publisistik janrların əhatə etdiyi bu əsərlərində keçdiyi yolun zəhməti, zəhməri, eyni zamanda ziyası, işığı, nuru vardır. Və yazdıqları öncə onun öz həyat kredosudur. Belə olmasaydı, çoxumuzdan öncə ata-babalarının sahib olduğu, yüzilliklərdən yüzilliklərə daşıdığı, sovet rejiminin əllərindən alıb əvəzində -ov, -yev ilə dəyişilən soyadını bərpa edə bildi gənc Faiq. Yazısı ilə əməli arasında bağı, calağı var onun.

Həm dənizdə və quruda çiyninə götürdüyü vəzifələrlə bir sırada bir də Müstəqil.az saytının yaradıcısı və redaktoru olaraq da cəmiyyətin güzgüsü olan milli mətbuatımıza töhfələrini verməkdədir. İndi Faiq Balabəyli təcrübəli mətbuat işçisi olaraq fəaliyyət meydanını genişləndirməklə müxtəlif səpkili materiallar - ictimai-siyasi məsələlər, mədəni-mənəvi problemlər, ədəbi-bədii düşüncə sahiblərinin, habelə tənqidçi və tədqiqatçıların, ədəbiyyatşünasların, o cümlədən, politoloqların, ölkənin siyasi mənzərəsini cızan siyasi-publisistik düşüncənin əks olduğunu, hərbi uğurlarımız, təsərrüfat sahələrimizdə olan yeniliklərimizin yayılmasına yol açır. Xalqımızın fikir dünyasının, adət-ənənələrinin, etnik-milli düşüncəsinin, müxtəlif tarixi olayların, bəzən isə az qala bizim üçün unudulmaqda olan dəyərləri, Faiq bu səhifələrdə unudulmağa qoymur.

Lakin ömrün, necə deyərlər, bir tərəfdən də insanoğlunun şər-böhtanla "bəzədiyi" "keçi keçməz" dolaylarından, enişindən, yoxuşundan, gədiklərindən, aşırımlarından kənar insan ömrü varmı? Həbsxana həyatı Faiq Balabəyliyə "Bayıldan bayıra" adlı bir gözəl memuar əsəri və ...həyatı tanımaq bacarığı, "dost" tanımağı öyrətdi, vəfa və dönüklüyün dadını daddırdı, çox istədiyi dostlar qazandırdı. Heç də təsadüfi deyil ki, ondan arzusunu soruşanda: "İstəyirəm, dostlarımın sayı çox olsun" - demişdi. Elə dostu da çoxdur Faiqin; bütün kəndi, el-obanı dost bilən, qardaş sayan atası və anası kimi...

Şair çoxu bu məqamda həmin həssas mövzuya həsr etdiyi bir şeirini da bir növ elə heyrətamiz dərəcədə bir dil həssaslığının hesabına da düzüb-qoşur, nəticəsi bu olur ki, şeirdə "dil həssaslığı" aydın tərzdə əks-səda verir:

 

Bayıl türməsinin həyətini

azadlığın könül oxşayan

havasından qoruyan

soyuq və qalın divar boyunca

əkilən qızılgüllər

qızıl qana boyanmışdı, sanki,

ləçəkləri qıpqırmızı,

yarpaqları isə yamyaşıl idi.

 

Acı bir təəssürata şairanə dil elementlərinin vasitəsilə "poetik libas" geyindirir və könül sıxıntısından doğan ritm və intonasiya gətirib ora çıxarır ki, şairə görə də: "Məhkum güllər idi o güllər..." dəyərini alır. Mən burda lirik duyğulara qapı açan Ana ruhu görünür demək istədim.

Bunlar tək onun deyil, biz oxucuların da malı oldu: mənəvi-psixoloji baxımdan həssas anların, ayların, illərin təəssüratları... hər xatırladıqca ruhumuzu silkələyir, silkələyəcək də...

Qoy yenə lirik janra məxsus intonasiya uğurları ilə bir daha poetikləşərək xariqə rəssam boyaları ilə cızılan mənzərəni, bir də şairin canlı insan nəfəsinin titrəyişlərini andıran şeirindən bir parça deyim:

 

Qəfil yağan yağış isladacaq

uşaqlığımın

ayaqyalın keçdiyi yollarını

anamın hər axşamüstü

ayağımı yuduqdan sonra

belimə dolanan qollarını

 

yelçəyinin altından çıxan saçlarını...

Faiq Balabəyli şeirlərində burada dönə-dönə qeyd etdiyim intonasiya və ritm varlığı əlverişli bir keyfiyyət qazanır ki, bu xüsusiyyət sərbəst (verlibr) adlandırılan şeiri bölünməz, sındırılmaz bir kütlə halına gətirir, bu da şeirin yüksək keyfiyyətini təsbitləyir. Bunun kimi:

 

Əriyib insanların üzünün təbəssümü

yerində qapqara kədər qalıb.

Sonuncu lələyini tökən quşlar

yuva qurmur,

sərgərdan ruhlar kimi

gün keçirir

evlərin damında,

kirəmidlərin arasında

gecələyir,

yaddaşlarında

ötənlərin isti yuvaları qalıb,

xumarlanır xatirələri...

Sağlam ürək döyüntüləri kimi bir ritm tutdum yenə, hətta əsgər marşına, ordunun nizamlı ayaq səsinə bənzətdim.

 

O səmada qanad açan quş bizim

torpaq bizim, bulud bizim, daş bizim

Nə vaxta tək səbrim üstə daş düzüm

Vur də, komandir, vur!

 

Faiq elə-torpağa canı qədər bağlı şairimizdir, həmişə doğulub, boya-başa çatdığı evin həyəcanı, nigaranlığı ilə yaşayır. Hər xəbər tutduğumda kəndi tez-tez ziyarət etdiyini, toyundan, ağır-yüngül məclisindən qalmadığın görürəm. Bilmirəm, bəlkə yurdun bir udum havası üçün qaçır kəndə, bəlkə qoyub çıxdığı uşaqlığının, gəncliyinin hal-xətrini xəbər almaq üçün?!

Doğru demişlər: İnsan yeriyib yüyürdükcə ləpirləri torpaq üstə qaldığı kimi, yaşam boyu həyatda da əməlləri və yaratdıqları ilə iz qoyur. Faiq Balabəyli! Qoy bundan sonra da yazılarınız  - yenə ürək səsiniz olsun, yüksək məfkurə daşıyıcılarına çevrilsin.

Gözlərindən gülən oğlan, yeni yaşın, təzə ömrün də barlı-bəhərli, sevgili-sevincli olsun.

 

Minaxanım NURİYEVA-TƏKLƏLİ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

525-ci qəzet .- 2024.-1 avqust.(№135).- S.14.