Vətən sevgisindən yaranmış kitab

 

 

Dünya şöhrətli V.Şekspir deyirdi ki, kitab mənim üçün tacdan qiymətlidir. Frensis Bekon isə bu fikirdəydi ki, kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir. Şübhəsiz, bu dəyərli fikri çap edilmiş hər kitaba şamil etmək olmaz, amma Bekon bu sözləri istisnalar haqqında deyil, dəyərli kitablar üçün deyib. Bu günlərdə "Azərbaycan - dünyanın qızıl körpüsü" kitabı adı ilə diqqətimi çəkdi. Müəllifi Hüseyn Bayramov kitabını müstəqil Azərbaycan Respublikasının qurucusu, dünya azərbaycanlılarının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf edib. Ulu öndərə həsr olunmuş hər məqalə, hər kitab, müəllifinin kimliyindən asılı olmayaraq məsuliyyət yüküdür, çünki Ulu öndərin ölməz irisi bu gün və gələcək nəsillər üçün çox zəngin bir xəzinədir. "Azərbaycan - dünyanın qızıl körpüsü" kitabı elə bu baxımdan da diqqətimi çəkdi. Öncə, gənc nəslin nümayəndəsi olan Hüseyn Bayramovun bu kitabı yazmaqda məramını bilmək istədim. Ürəyimdən keçən sorğunun cavabını kitabın "Müəllifdən" bölməsindən müəllifin öz dilindən oxudum: "Mən Azərbaycan haqqında düşüncələrini qələmə alarkən doğma yurdumuzun keçdiyi çətin yolların səlnaməsini vərəqləyib nəyə sahib olduğumuzu, ölkəmizin bir dövlət olaraq tarix səhnəsində hansı yerdə dayandığını diqqətə çatdırmağı özümə borc bildim, çünki indi bu bizim dayaq nöqtəmizdir". Düzü, bu sözlər məni sevindirdi: gənc nəsil keçmişimizi öyrənir, həyatımızı həsr etdiyimiz, nail olduğumuz hər şeyin fərqindədir və bunu söyləməyi özünə borc bilir. Kitabı vərəqlədikcə müəllifin vətəninə, onun tarixinə, yaradıcı insanlarına böyük sevgisini hiss etdim. İlk qələm təcrübəsində duyğularını ifadə etməyi bacardığını bilmək marağı ilə onun yazılarına bir az da dərindən nüfuz etdim. Açığını deyim ki, bu marağıma görə, sərf etdiyim vaxta görə təəssüflənmədim.

Kitabın ilk fəsli "Bura Azərbaycandır" adlanır. Müəllif Ulu öndər Heydər Əliyevin "Azərbaycanım qibləgahımdır!" məşhur aforizimindən yola çıxaraq tarixə ekskursiya edir. Səfəvilər dövlətinin əsasını qoyan Şah İsmayıl Xətaidən, Şərqin sonuncu fatehi Nadir şah Əfşardan, Qacarlar dövlətindən, Türkmənçay müqaviləsinin ağır nəticələrindən, Qafqazdakı rus qoşunlarının komandanı İ.Paskeviçdən, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsində xüsusi canfəşanlıq göstərmiş A.Qriboyedovdan, o zaman tərcüməçi kimi fəaliyyət göstərmiş şair-tarixçi Abbasaqulu ağa Bakıxanovdan, Mirzə Şəfidən, İsmayıl bəy Qutqaşınlıdan, "Şərq məzlumlarını cəhalət qaranlığından çıxarmaq" üçün həyatını xalqı yolunda fəda etmiş Mirzə Fətəli Axundovdan, ilk mətbu orqanımız olan "Əkinçi" qazetinin yaradıcısı Həsən bəy Zərdabidən, Cümhuriyyət dövründən, bolşevik işğalından... bəhs edir.

Kitabın hər fəslində bu günlə keçmişin vəhdətini görürük. Adama elə gəlir ki, bu kitabda tariximizin önəmli elə bir hadisəsi yoxdur ki, xatırlanmasın. Maraq doğuran cəhət burasıdır ki, hər bir tarixi məqam, hadisə kitabda çox yığcam, dəqiq ifadələrlə əks olunmuşdur. Neft tariximizə nəzər salan müəllif VIII əsrdən başlamış günümüzə qədər baş verən olayları, Neft Daşlarının yaranması, Azərbaycan neftinin və neftçilərinin musiqidə, rəssamlıqda, heykəltaraşlıqda, ədəbiyyatda, sənədli və bədii filmlərdə yaradılan obrazlarını çox yığcam və dəqiq ifadələrlə oxuculara çatdırır. Dörd fəsildən ibarət olan bu kitabda sərlövhələri oxumaq kifayətdir ki, mövzu əhatəsinin genişliyini görəsən. Diqqət edin: "İncəsənətdə neft mövzusu", "Azərbaycan mədəniyyətinin parlaq simaları", "Dünyanı fəth edən Azərbaycan musiqisi", "Heydər Əliyevin M.Maqomayev sevgisi", "Azərbaycan muğamı", "Azərbaycanı dünyaya tanıdan rəssamlar", "Milli heykəltaraşlığımızın görkəmli simaları" və s.

Bu başlıqları oxuyan məlumatlı oxucu dərhal söhbətin nədən və kimlərdən getdiyini başa düşür. Axı tarixləşmiş hadisələrin bir çoxu yaşlı və orta nəslin gözləri önündə tarixləşib. Ümummilli lider Heydər Əliyevin dahi Üzeyir bəyə, bəstəkarlardan Tofiq Quliyevə, Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, görkəmli müğənnilərdən Rəşid Behbudova, Müslüm Maqomayevə, Zeynəb Xanlarovaya və başqalarına göstərdiyi diqqət və qayğı şəxsən mənim gözlərim önündədir. Bütün bunlar bugünkü və gələcək nəsillər üçün unudulmayacaq bir dəyərdir.

Hüseyn Bayramov etiraf edir ki, oxuculara təqdim etdiyi bu kitabı araya-ərsəyə gətirməkdə əsas məqsədi yaşadığımız dövrün gerçəkliklərini, tarixi reallıqlarını bacardığı qədər təhlil etmək, önəmli faktları diqqətə çatdırmaq və onların sabahımız üçün əhəmiyyətindən söz açmaqdır. Göründüyü kimi, müəllif təsadüfən kitabını "Azərbaycan - dünyanın qızıl körpüsü" adlandırmayıb. Axı bu kitabda Azərbaycanın müstəqilliyə doğru inamlı addımları, Əsrin müqaviləsinin necə bir səbr və dözümün nəticəsində reallaşdığını, Heydər Əliyev estafetinin layiqli davamçısı İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici  siyasətinin bəhrəsini görürürük. Müəllif İlham Əliyeviin yeni dövrün lideri olmasını haqlı olaraq vurğulayır.

Bəli, ölkəmiz üçün, xalqımız üçün bir çox önəmli məsələlərin həlli məhz Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Hüseyn Bayramov çox böyük fərəh hissi ilə dövlət başçımızın 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından 20 gün sonra - dekabrın 1-də Azərbaycan xalqına ünvanlandığı tarixi müraciətini yada salır: "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".

Bəli, həqiqətən də bu gün işğaldan azad olmuş şəhər və kəndlərimizdə aparılan bərpa və quruculuq işlərinin necə böyük vüsət aldığını, ölkədaxili, beynəlxalq tədbirlərin və formların keçirildiyi məkana çevrildiyinin şahidiyik.

Hüseyn Bayramovun geniş bir dövrü əhatə edən "Azərbaycan - dünyanın qızıl körpüsü" əsərini salnamə-esse kimi oxudum. Bu kitabı müəllifin ilk uğuru kimi təqdir edir və ona bu yolda uğurlar diləyirəm.

 

Mustafa ÇƏMƏNLİ

525-ci qəzet .- 2024.-1 avqust.(№135).- S.12.