İki yoxluq
arasında bir varlıq
Görkəmli musiqişünas-alim, şair
Mirmöhsün Nəvvab Qarabağinin yüz əlli illik
yubileyi ilə bağlı irihəcmli veriliş hazırlamaq
üçün bir qış günü Azərbaycan
televiziyasının rəhbərliyi məni Şuşaya
ezamiyyətə göndərdi. Hələ yol gedərkən
lazımi kadrları harda və necə çəkəcəyimizi
düşünür, götür-qoy edirdim. Buranın təbiətinə
beş barmağım kimi bələd olduğumdan bilirdim ki,
Şuşada belə vaxtlarda çəkiliş aparmaq çətin
və müşkül məsələdir. Əvvəllər
də bunun şahidi olmuşdum. Öz-özümə fikirləşirdim:
tutaq ki, bəzi kadrları Mirmöhsün Nəvvabın evində,
soyuq aylarda məclisini keçirdiyi "Ağzıyastı
kaha"da, ümumiyyətlə, qapalı bir yerdə çəkdik,
bəs açıq səma altında çəkilişlər
necə olsun?! Axı burda hava bir anın içərisində
neçə sifətə düşür?! Qəflətən
şəhəri duman-çən bürüyür, gah
narın-narın qar ələnir, gah
şıdırğı yağış yağır, gah
da... Onda gərək əlini qoynuna qoyaraq şıltaq
qışın bu atributlarının öz yerini günəşə
nə vaxt verəcəyini, günün nə vaxt
çıxacağını, havanın nə vaxt
açılacağını, çəkiliş
üçün münasib və əlverişli şərait
yaranacağını oturub gözləyəsən,
çünki başqa çarən yoxdur.
Səhər ertə mənzil başına
çatanda, günəşin gözqamaşdırıcı
qızılı şüalarının şəhər
üzərinə yayıldığını gördük.
Qış burda hökmranlıq eləsə də, sanki yaz
idi, yaz havasıydı. Bu, Allahın işiydimi, yoxsa bizim bəxtimizdəndimi,
bilmədim.
Operatoru və işıqçını da
(rejissorumuz üzrlü səbəbə görə bizimlə
gələ bilməmişdi) götürüb, qeydə
alınmaq üçün rayon partiya komitəsinə tələsdim.
Təbliğat-təşviqat şöbəsinin müdiri
Tacir Əliyevin yanında olduq. Məqsədimizdən agah olan
şöbə müdiri:
- Yəqin Mirzəni də çəkəcəksiniz,
hə?! - deyə məndən sual elədi. - Axı o, Nəvvabın
hazırda sağ qalan sonuncu yetirməsidir!
Şuşada ziyalılar, xüsusilə də, müəllimlər
yaşca və başca böyük həmkarlarına (amma
hamısına yox!) hörmət və ehtiram əlaməti
olaraq "Mirzə" deyə müraciət elədiklərindən,
düzü, söhbətin kimdən - hansı Mirzədən
getdiyini əvvəlcə bilmədim. Şöbə müdiri
bunu hiss eləyib:
- Balam, səndən çıxmayan iş,
doğrudanmı bizim Mirzəni tanımırsan?! Yəhya
müəllimi deyirəm də, Əliyev Yəhyanı! - deyə
təəccübünü gizlədə bilmədi.
- Yox, yox, nə danışırsınız, Tacir
müəllim, tanıyıram, özü də yaxşı
tanıyıram. İndi bildim ki, söhbət hansı Mirzədən
gedir. Onu tanımamaqmı olar?! Bir neçə dəfə
söhbətlərində də olmuşam. Özü də
Qurdlar məhəlləsində yaşayır. Cabbar
Qaryağdıoğlunun evinin yanında.
- Di, onda durun gedin onlara, çəkilişinizi
aparın. İndi Mirzəyə zəng vurub, deyəcəyəm
sizi qarşılasın. Günorta sizi gözləyəcəyəm...
Yəhya müəllimin evinə piyada getdik. Və
operatorumuz da fürsəti fövtə verməyib, bizə
lazım ola biləcək mənzərələri yol boyu lentə
köçürürdü. Yarım saatdan sonra bizi gözləyən
ev sahibinin artıq hüzurundaydıq.
Salamlaşıb, tanışlıq verəndən
sonra hardan və nə məqsədlə gəldiyimizi
bildirdim. Dediyimiz kimi, hava çox xoş və münasib
olduğundan söhbətimizi elə həyətdəcə
davam etdirdik.
...Həştad səkkiz yaşlı Yəhya müəllim
əsrin əvvəllərindəki ziyalıları
xatırladırdı. Xatırladırdı niyə?! Elə həmin
dövr ziyalılarının tipik nümayəndəsi idi,
canlı olaraq durmuşdu qarşımızda. Mirmöhsün
Nəvvab barədə, müasirləri haqqında maraqlı və
kövrək xatirələrini danışdıqca sanki əlimizdən
tutub, bizi o əlçatmaz illərə, o gözəl
çağlara aparır, o dövrün mədəniyyət,
maarif aləmini, ədəbi məclislərini, şair və
musiqiçilərini gözlərimiz önündə
canlandırırdı. "Məclisi-fəramuşan" dərnəyinin
sonbeşik nümayəndəsi olduğunu, ustad sənətkarlar
qarşısında dəfələrlə
çıxış elədiyini xüsusi iftixar hissi ilə
danışırdı... Operatorumuz isə qabaqcadan
razılaşdığımız kimi bizim söhbətimizi əvvəldən-axıra
ara vermədən lentə alırdı (Amma veriliş efirə
gedəndən sonra onun fondda
saxlanılıb-saxlanılmamasından dəqiq xəbər
tuta bilmədim, çünki bəzi nadan televiziya əməkdaşları
verilişlərin dəyərini və keyfiyyətini nəzərə
almadan lent qıtlığını bəhanə gətirərək
ordakı yazıları pozur, lentlərdən təkrarən
istifadə edirdilər). Nəhayət, çəkilişimiz
başa çatdı və söhbətimizi çay stolu
arxasında davam etdirməyə başladıq. Mən Mirzə
Yəhya müəllimə başqa suallar da verir, qeydlər
aparırdım. Və beləliklə də, onun keçdiyi
çətin və şərəfli həyat yolu və
xüsusən, pedaqoji fəaliyyəti barədə öz
dilindən xeyli maraqlı söhbətlər eşitdim. Biz bu
qocaman müəllimdən ayrılarkən:
- Övladlarım, nə yaxşı gəldiniz! Mənə
keçmiş günləri, özü də heç vaxt
unudulmayacaq şirin, kövrək xatirələri
yaşatdınız! - dedi.
Onda min doqquz yüz həştad dördüncü
ilin ilk həftəsiydi...
Yəhya Əliyev Qarabağın
üçüncü nəsil şanlı müəllimlər
ordusunun sıralarında özünəlayiq yer tutan
ziyalılardan idi. O, on doqquzuncu yüzilliyin doxsan
altıncı ilində Şuşada doğulmuş, burda
boya-başa çatmış, böyümüş,
ömrünün çox hissəsini doğma şəhərində
keçirmişdi. Özü danışırdı ki,
valideynləri onu ailə qurandan düz doqquz il sonra tapıblar
və ilk övladlarının dünyaya gəlişi
neçə-neçə illər övlad yolu gözləyən
atası Kərbəlayı Kərimə, anası Səltənət
xanıma böyük sevinc bəxş eləmişdi.
Uşağın dindar ata babası Alı da əhd eləmişdi
ki, oğlunun övladı olsa, onu özüylə Xorasana
ziyarətə aparacaq. Belə də oldu. Babası kiçik Yəhyanı
üç yaşındaykən Məşhədə, on
yaşında olarkən isə Kərbəlaya apardı. Hələ
uşaqlıqdan İranda və İraqda dini titullar qazansa da,
sonralar "Mirzə" deyə
çağırılması Yəhyaya daha xoş gəlirdi.
Elə lap gəncliyindən də bu müraciət forması
artıq onun adının qarşısında yazılır və
işlədilirdi.
Atası Kərbəlayı Kərim
övladlarının dünyəvi təhsil almalarına daha
üstünlük verir, onları cəmiyyətdə əsl
ziyalı kimi görmək istəyirdi. Ona görə də
ilki Yəhyanı məktəb yaşına çatanda
mollaxanaya yox, rus-tatar məktəbinə qoydu. O, məktəbi
uğurla başa vurdu. Təhsilini davam etdirmək həvəsində
olduğunu bilən qohumu, həkim və xeyriyyəçi
Əbdülkərim bəy Mehmandarovun yaxından köməkliyi
ilə Yəhya Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasına oxumağa göndərildi. Amma heç bir il
keçməmiş atasının qəfil ölüm xəbərini
alıb, Şuşaya qayıtdı və beləliklə, təhsili
yarımçıq qaldı. Bu zəhmətkeş gənc
maddi cəhətdən çətinlik çəkən ailəsini
dolandırmağa və sönməkdə olan ata
ocağının çırağını
yandırıb-şölələndirməyə, üstəlik
də, anasının, bacısının,
qardaşının və əmisinin yetim qalmış
üç övladının qayğısına qalmağa
başladı...
Çox çəkmədən gənc Yəhyanı
vaxtilə oxuduğu məktəbə müəllim işləməyə
dəvət etdilər və o, burda uzun illər xalqın
balalarının təlim-tərbiyə işləri, təhsilləri
ilə məşğul oldu. Eyni zamanda öz üzərində
də ciddi, səylə çalışdı, rus, ərəb
və fars dillərini daha dərindən mənimsədi,
beş dildə sərbəst danışmağı və
yazmağı mükəmməl öyrəndi. İllər
keçdikcə yaşamaq, yaratmaq ehtirası ilə
alışan gənc pedaqoqun arzuları çoxalıb-şaxələnir,
o, yeni-yeni amallar, məsləklər uğrunda
çalışırdı. Yəhya müəllim
qızğın mütaliədən də qalmır,
oxuyub-öyrənir, təlim və metodiki
ustalığını durmadan artırırdı. Onun pedaqoji
uğurlarının səsi-sorağı hər yana
yayılmışdı. Artıq respublikada təcrübəli
pedaqoq və tərbiyəçi kimi məşhurlaşan bu
poliqlot müəllim Azərbaycan Dövlət Universiteti
açılarkən şərqşünaslıq fakültəsində
dərs demək üçün Bakıya dəvət olunmuş,
lakin nədənsə bu təklifdən imtina edərək
Şuşada qalıb işləməyi daha üstün
tutmuşdu.
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti quruldu və
elm, mədəniyyət, maarif, təhsil qapıları zəhmətkeş
balalarının üzünə həmişəlik
açıldı, onlara səadət gətirdi, xoşbəxtlik
bəxş elədi. İnqilab Yəhya müəllimin də
həyatını nura boyadı, arzularına qol-qanad verdi,
ümidlərini daha da artırdı. Gənc müəllim,
ilk növbədə, yarımçıq qalmış təhsilini
davam etdirmək qərarına gəldi. Şuşada yeni
açılmış müəllimlər hazırlayan kursu əla
qiymətlərlə bitirdi. Əvvəlcə Qarabağın
kəndlərində zəhmətkeş balalarına dərs
dedi. Elə əsl pedaqoji fəaliyyətə də burda
başladı. Sovet hakimiyyətinin ilk illəri olduğundan məktəblərin
fəaliyyət göstərməsinin, inkişafının
qarşısını hər vəchlə almağa
çalışan qaraguruhçulara qarşı o da
mübarizəyə qoşuldu. Çoxlu çətinliklərlə
üzləşdi, lakin bu yolda büdrəmədi, savadı,
işgüzarlığı və bacarığı sayəsində
həlli çətin problemləri aradan qaldıra bildi.
Heç nədən, heç kəsdən qorxub-çəkinmədən
məktəbə, maarifə, müəllimə rəğbət
bəsləyənləri, ilk növbədə, kənd
ağsaqqallarını, nüfuzlu adamları başına
topladı. Təhsilin əhəmiyyətini onlara izah elədi,
faydasını başa saldı, uşaqlarını məktəbə
qoymaq üçün kənd camaatı ilə söhbət
apardı. Hətta bir çox kəndlərdə ibtidai məktəb
təşkil elədi. Bu işlərdə uşaqlar da,
valideynlər də, ağsaqqallar, ağbirçəklər də
kömək əllərini uzatdılar. Məktəb tərəfdarları
gündən-günə çoxalır, onun ən yaxın
köməkçilərinə çevrilirdilər. Gənc
müəllim həm dərs deyir, həm də yeni-yeni məktəblərin
açılmasında yaxından iştirak edirdi. Üstəlik,
kəndlərdə savadsızlığın ləğv edilməsində
də, fəallıq göstərirdi.
Respublikada savadsızlığın ləğv edilməsi
kampaniyası yenicə başlanmışdı. Ona görə
də bir sıra tədbirləri həyata keçirmək
üçün Azərbaycan SSR Maarif Komissarlığı
müxtəlif rayonlardan savadlı, təcrübəli,
işgüzar, yaradıcı müəllimləri Bakıya
çağırmışdılar. Yəhya müəllim də
onların arasında idi. Komissarlıqda
savadsızlığı ləğv etmək barədə
onların fikirləri öyrənilir, təklifləri
müzakirəyə qoyulurdu. Şuşadan gəlmiş müəllimin
də fikirləri və təklifləri bəyənilmişdi.
Yəhya müəllim təklif edirdi ki, rayonlarda savad
kursları açılsın, bu kurslara gənc fəhlələr
cəlb edilsin. Oranı başa vuran gənclər dərhal kəndlərə
göndərilsin, onlara orda məktəblər açmaq
tapşırılsın. Həm də bu işlərdə həm
maarif komissarlığı, həm də rayonların rəhbərləri
öz köməyini əsirgəməsin. Yəhya Əliyevin
bu təklifi yekdilliklə bəyənilmiş və tez bir
zamanda rayonlarda fəhlə-gənclər kursları fəaliyyətə
başlamışdı. Komissarlıq tərəfindən
Qarabağ zonasında belə kursların yaradılması məhz
Yəhya müəllimə həvalə olunmuşdu. Az
müddət ərzində onun rəhbərliyi və təşkilatçılığı
ilə Şuşada təhsil müddəti bir il olan fəhlə-gənclər
kursları açılmışdı və bu kurslara təkcə
şəhərdən yox, ətraf kəndlərdən də
uşaqlar qəbul edilirdi. Təhsillərini başa vuran gənclər
öz kəndlərinə qayıdıb, məktəb
açır, həmkəndlilərinin balalarının təlim-tərbiyəsi
ilə məşğul olurdular. Yeri gəlmişkən, qeyd
eləyək ki, belə məktəblər respublikada birinci
olaraq Şuşada və onun kəndlərində
açılmışdı. Məhz bu fədakar işinə
görə maarif komissarlığı Yəhya müəllimə
dəfələrlə təşəkkür elan etmiş və
təşkilatçılıq bacarığını nəzərə
alınıb ona Ağdam, Bərdə və Tərtər
rayonlarında da belə kurslar açmağı
tapşırmışdı. Bu cəfakeş müəllimin gərgin
əməyi sayəsində həmin rayonların bəzi kəndlərində
də məktəblər açılmışdı...
Yəhya müəllim aldığı təhsillər
kifayətlənməyib, Şuşa seminariyasına daxil oldu və
1927-ci ildə oranı bitirərək şəhər məktəbində
pedaqoji fəaliyyətə başladı. Burda Səttar Əsədov,
Validə Tutayuq, Zakir Bağırov, Əşrəf Abbasov,
Paşa Rüstəmov, Lətif İmanov, Qamboy Məmmədov,
Süleyman Ələsgərov, Bəylər Məmmədov
kimi gələcəyin görkəmli şəxsiyyətlərinə
dərs dedi. Öz sevimli müəllimləri ilə
öyünən, fəxr edən istəkli şagirdləri də
heç vaxt onun əməyini unutmur, sonralar daim əlaqə
saxlayaraq həmişə ona hörmətlə
yanaşırdılar. Mirzə Yəhya müəllim də
öz növbəsində, öz yetirmələrindən fəxarət
duyur, onların uğurlarından xəbər tutanda ürəyi
dağa dönürdü.
Otuzuncu illər Yəhya Əliyevin həyatına
unudulmaz səhifələr yazdı. Həmin dövrdə o,
Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat
fakültəsini qiyabi yolla bitirdi. Universitet həyatı,
qaynar tələbəlik illəri gənc müəllimin
dünyagörüşünü daha da
formalaşdırdı, pedaqoji təfəkkürünü
daha da dərinləşdirdi.
1941-ci ildə başlayan müharibə Yəhya
Əliyevi doğma kollektivindən ayırdı. Vətənpərvər
müəllim könüllü olaraq cəbhəyə
yollandı. İki ilə yaxın əlində silah səngərlərdə
yatdı, alman faşistlərinə qarşı vuruşdu.
Ukraynanın Dnepropetrovsk şəhəri uğrunda gedən
döyüşlərdə ağır yaralandı.
Uzunmüddətli müalicədən sonra Vətənə
döndü, doğma məktəbində işləməyə
başladı. İstedadlı pedaqoq müəllimliklə
yanaşı, həm də rayonda çıxan "Kolxoz
bayrağı" qəzetində ədəbiyyat şöbəsinə
rəhbərlik edir, "Yəhya Mehman" ədəbi təxəllüsü
ilə şeirlər yazırdı. Əfsuslar olsun ki, onun
çap olunmamış şeir dəftəri məlum səbəblər
üzündən Şuşada qalmış, yalnız bir
neçə şeiri bizə gəlib-çatmışdır.
Yəhya müəllim Qarabağın tarixini çox
dərindən və mükəmməl bilirdi. Amma bəzən
onu narahat edən anlar da olurdu. "Gövhər ağa məscidi"ndən
ərzaq anbarı kimi istifadə edilməsi ilə heç
cür barışa bilmirdi. Bu barədə əlaqədar təşkilatlara
müraciət etmişdi, lakin bu məsələ öz
müsbət həllini tapa bilməmişdi. Yəhya müəllim
prinsipiallıq göstərib, Bakıya gedərək bu
"Allah evi"nin, heç olmasa, muzey kimi fəaliyyət
göstərməsinə nail olmuşdu və çox çəkmədən
məscid öz qapılarını
tamaşaçılarının üzünə muzey kimi
açmışdı. Arzusunun yerinə yetməsindən
ruhlanan qocaman müəllim əl-qolunu çırmalayıb,
bu mədəniyyət ocağının təşkilində
və eksponat toplanmasında fəal iştirak eləmiş,
şəxsən özünə məxsus əllidən
artıq tarixi əşyanı təmənnasız olaraq muzeyə
bağışlamışdı.
Şuşanın ictimai həyatının ən fəal
iştirakçılarından olan Yəhya müəllim
şəhər səkkizillik məktəbinin valideynlər
komitəsinin və 2 nömrəli yoldaşlıq məhkəməsinin,
rayon ağsaqqallar şurasının üzvü və sonralar
sədri kimi bir çox tədbirlərin həyata
keçirilməsində və bəzi mürəkkəb
problemlərin həll edilməsində həmişə
öndə gedirdi. Eyni zamanda o, şəhərdəki tarixi
abidələrin qorunmasını özünə borc bilir və
onların nadan adamlar tərəfindən
dağıdılmasının qarşısını hər
vasitə ilə almağa çalışırdı...
Yəhya müəllim onunla
görüşdüyüm həmin o həştad
dördüncü ilin bahar ətirli bir yaz günü əbədiyyətə
qovuşdu. Özünə Cıdır düzünü əbədi
məskən seçdi. Baş daşına isə müəllifi
olduğu və sağlığında tez-tez səsləndirdiyi
aşağıdakı mənalı və
düşündürücü kəlamlar həkk olundu:
"İnsan ömrü iki yoxluq arasında bir
varlıqdır. Bu varlığı - ömrü namusla, qeyrətlə,
zəhmətlə, Vətəni sevməklə başa vurmaq
lazımdır".
Vasif QULİYEV
525-ci qəzet .- 2024.-1 avqust.(№135).- S.12;13.