Ədəbiyyatın
təsir dairəsi: fərdi düşüncədən ictimai
şüura
(Əvvəli ötən sayımızda)
Ədəbiyyat insanlara tezçatan olması ilə
misilsiz funksiya yerinə yetirir. Söz sənətkarları,
dahi şəxsiyyətlər də tarix boyu ədəbiyyatın,
sözün bu böyük gücündən lazımi səviyyədə
və ölçüdə istifadə edə biliblər. Bəziləri
sözün qüdrətindən sırf cəmiyyəti idarə
edən hökmdarlara ibrət vermək və onları ədalətə
çağırmaq məqsədilə istifadə etmiş
(Nizami Gəncəvi), bəziləri insana
böyüklüyünü dərk etdirmək və beləliklə,
onu ali varlıq kimi dünyanın gözəlliklərinə
layiq olduğunu anlatmağa çalışmış (Nəsimi),
bir digəri isə insanı, insanlığı xilasa
çatdıra biləcək ülvi hisslərə, məhəbbətə
olan inamını ifadə etmişdi (Füzuli).
SÖZÜN QÜDRƏTİ İLƏ DÜNYAYA
NİZAM GƏTİRƏN NİZAMİ
Söz mülkündən, onun qüdrətindən danışarkən,
ədəbiyyatın böyük mahiyyətindən bəhs edərkən
böyük Nizamidən danışmamaq, ilk olaraq ondan bəhs
etməmək bağışlanmaz qəbahət olardı. Hətta
bu ulu sənətkar haqqında söz açmamaqla sanki ədəbiyyatımızın
qol-qanadını da kəsmiş olardıq. Nizami son dərəcə
böyük və bənzərsiz sənətkardır. Onu ədəbiyyatın
Everesti də adlandırmaq olar... Dahiliyi Everest qədər
yüksək, fəlsəfəsi isə Marian çökəkliyi
kimi dərin olan Nizami sənətini ən yaxşı şəkildə
əks etdirən hind şair Əmir Xosrov Dəhləvi
yazırdı ki, hər sözü birinci deyən Nizami
cilasız bir incinin qalmasına imkan verməyib. Yəni dahi
söz ustadı hər mövzuya toxunmuş, onları
sözün qüdrəti ilə, necə deyərlər,
cilalayıb.
Böyük Nizaminin sənətini anlamaq
üçün, ona layiqli qiymət vermək naminə biz hələ
əvvəlcə bəzi mətləblərə nəzər
salmalıyıq... Əvvəla, ədəbiyyat yalnız ədəbiyyat
deyil, söz sənətkarı da yalnız söz sənətkarı.
Ona görə də söz sənətini elm və sənətlərin
ən alisi (şahı) hesab edirik. Söz ən qüdrətli
elm və sənətsə, deməli, bundan istifadə edən
söz sənətkarları da eləcə qüdrətli və
nəhəng şəxsiyyətlərdir. Sözün qüdrətli
nümayəndəsi Nizami isə bu mənada bənzərsiz
ustaddır.
XII əsrdə yaşamış böyük Nizami ədalət
axtarışına çıxmışdı desək,
yanılmarıq. Bu çətin yolda dahi sənətkar ən
alt təbəqədən yox, üst təbəqədən
başlayaraq cəmiyyəti "tərbiyə" etməyə
çalışırdı. Bu böyük söz sərrafından
çox danışılıb, yazılıb. Görkəmli
söz ustadı ilə bağlı onu deməliyik ki, Nizaminin ən
böyük arzusu və amalı ədalətli cəmiyyətin
mövcud olduğu "Xoşbəxtlər ölkəsi"
hesab edilir. Bu isə ustadın poeziya
axtarışlarının, mən deyərdim, yeganə ideya
istiqamətini müəyyənləşdirmişdir.
Böyük Nizaminin ədəbi görüşləri
cəmiyyəti ideal mərtəbəyə yüksəltməkdən
ibarət olmuşdur. Başqa bir deyişlə, Nizami nə
yazmışdısa, mayasını ədalət və onun
yaratdığı xoşbəxtlik və firavanlıqdan
götürmüşdü. Ustad sənətkar onu da
yaxşı bilir və dərk edirdi ki, cəmiyyətə ədalət
və nəticə etibarı ilə xoşbəxtlik və
firavanlıq gətirməyin ən əsas amili
"yuxarıların" ədalətli olub-olmamasından
asılıdır. Yəni dövləti idarə edən,
xalqa rəhbər olan şəxslər vicdanlı və ədalətlidirlərsə,
həmin cəmiyyətdə yaşayan insanlar da eləcə
xoşbəxt yaşamaq imkanına malik olarlar. Cəmiyyətşünas
şəxsiyyət kimi Nizami ictimai mühitin bu əsas
"qanununu" çox yaxşı görür və
anlayırdı. Bunun üçünsə o, hələ ilk
dövrlərdə qələmə aldığı
kiçikhəcmli əsərlərini hökmdarlara göndərir.
Onların diqqətini ədəbiyyata çəkir və
ardınca onları "tərbiyələndirməyə"
başlayırdı.
Sözün gücündən, üzünə
bütün qapıların açıq olduğu ədəbiyyatın
böyük imkanlarından istifadə edən Nizami "Xəmsə"
adlanan 5 poemasını dövrünün hökmdarına həsr edərək onları, ən
sadə şəkildə desək, düşünməyə
sövq edirdi. Dahi sənətkar dövrünün
böyük idarəçilərinin qarşısında ədalətli
və zülmkar, insansevər və qaniçən hökmdar
obrazlarını yaratmaqla, əslində, onlara göstərmək
istəyirdi ki, baxın, görün, hansı olmaq daha
yaxşıdır?! Nizaminin gözündə
"Hökmdar" anlayışı "İsa peyğəmbər
kimi insanı yaşadandır", yetər ki, o, ədalətli
olsun. Bəs ədalətli hökmdar (idarəçilər)
necə olmalı, bu ədalətin sərhəddi haradək
uzanmalı? Bu suala ustad ikinci poemasında Hörmüz
obrazı vasitəsilə cavab verirdi. Rəiyyətin xeyrinə
qoyulmuş qanunu pozan oğlunu cəzalandıran Hörmüz
şah qanun qarşısında bərabərlik prinsipinə əməl
etməklə ədalətliliyini və bu ədalətin sərhəddini
müəyyən etmiş olurdu (Hanı o ədalət, o insaf
hanı? Verə öz oğluna belə cəzanı!).
Böyük Nizaminin dünyanı fəth etmək istəyən
fateh hökmdarlara da sözü var idi. Dünyanı orduyla,
qılınc gücü ilə tutmaq mümkün deyil.
Dünya heç qılınc gücü ilə tutulacaq qədər
qolsuz-ayaqsız da deyil. Amma bu qoca dünyanı ram etmək
mümkündü. Necə? - Kim ki bu dünyanın nəbzini
İsa kimi tutarsa, insafı və mürvətiylə
dünyanın hakimi olar. Dünyaya zülmkarlıq, rəzalət
fateh ola bilməz. Yer üzünün bir fatehi var, o da ədalət
və ədalətdir.
Böyük Nizami hökmdarlar qarşısında
başqa pəncərələr də açırdı:
Ölkədəki gözəlliklər kimi, xaraba vəziyyətdən
də onlar cavabdehdir; ən ucqar vilayətdə belə, bir
dövlət məmuru zülm etsə, bunun səbəkarı
da hökmdarlardır; ölkəni əyyanlarına tapşıraraq
gününü eyş-işrətdə keçirən və
bunun nəticəsində əyan-əşrəfin ölkəni
viran qoymasının da məsuliyyəti hökmdarların
boynunadır.
Dahi şəxsiyyət onu da yaxşı bilir və
anlayırdı ki, insan (təbəqəsindən asılı
olmayaraq) düşünə bilirsə, yaşayır və
yaxud o düşündüyü andan etibarən
yaşamağa başlayacaq. Bunun üçün dahi sənətkar
yalnız "yuxarı" təbəqələri deyil,
bütün insanları, hətta
"aşağıları" da düşünməyə
vadar edirdi. Çünki ədalətli cəmiyyət,
xoşbəxt və firavan insan mühiti "yuxarılar"
və "aşağıların" birgə fəaliyyəti
(mübarizəsi) nəticəsində mümkün ola bilərdi.
"Xoşbəxtlər ölkəsi"nin "resept"i də
məhz bunlardan ibarət olmalıydı.
Söz mülkünün şahı kimi Nizami
ömrü boyu bu amal istiqamətində var gücü ilə
mübarizə apardı. Həmin dövrkü tarixə nəzər
saldıqda Nizaminin məqsədinə müəyyən dərəcədə
çatdığını görürük. Amma ustad sənətkarın
dünyadan köçməsindən sonrakı dövrlərdə
zülm və ətalət yenə "meydan sulamağa"
başladı. Bu dəfə isə
"aşağıları" haqsızlığa
qarşı mübarizəyə səsləyən Nəsimi fəlsəfəsi
məsuliyyəti öhdəliyinə götürdü. Beləliklə,
bəşər övladına "Sən kimsən?",
"Nəyə qadirsən?"i anladan Nəsimi poeziyası
ictimai ədalət axtarışında ən öndə getməyə
başladı.
"MƏN KİMƏM?"DƏN İCTİMAİ
MÜBARİZƏYƏ
Ədəbiyyat tariximizə nəzər saldıqda
Nizami Gəncəvi yaradıcılığı ilə
söz sənətinin daha da inkişaf etdiyini və cəmiyyətin
tərbiyəsi və təşkilində mühüm rol
oynamağa başladığını görürük. Hətta
bu səbəbdən Nizamidən sonra onun
davamçıları da meydana çıxır və
"Nizami ədəbi məktəbi" yaranırdı. Amma
bununla belə, ədəbiyyat bizim hələ XX əsrin əvvəllərində
müşahidə edə bildiyimiz "Molla Nəsrəddin"
və "Füyuzat" kimi ədəbi cərəyan (əslində,
təşkilatlanma) səviyyəsinə yüksələ bilməmişdi.
Çünki "Molla Nəsrəddin" və
"Füyuzat" xalqın maariflənməsi, ictimai ədalət,
haqsızlığa qarşı mübarizə sahələrində,
o cümlədən, milli oyanış, milli birlik istiqamətində
tarixi missiya üzərlərinə götürdü və bu
missiyanı bir təşkilat kimi şərəflə yerinə
yetirə bildilər. Başqa bir deyişlə, Nizami Gəncəvi
dövründə ədəbiyyat hələ də ədəbiyyat
(söz sənəti) kimi fəaliyyət göstərirdisə,
XX əsrlə birlikdə ədəbiyyat ən güclü təbliğat
aləti funksiyasını yerinə yetirməyə
başlamışdı. Yəni ədəbiyyat XII əsrdən
XX əsrə və sonrakı dövrlərə doğru
böyük təkamül prosesi yaşayaraq yeni bir Era yarada
bildi.
XX əsrin əvvəllərində böyük tənqidi
realist ordu yaratmış mollanəsrəddinçilər və
xalqın fikir dünyasının üfüqlərini daha da
genişləndirən romantik (əslində idealist)
gücün mərkəzinə çevrilmiş
füyuzatçılar bir qrup şəklində birləşmişdilər.
Amma qədim və orta dövr ədəbiyyatında biz bu
halı müşahidə edə bilmirdik. Bununla belə, bu
dövrlərdə ayrı-ayrı söz sənətkarları
öz yaradıcılığı və fəaliyyətləri
ilə bütöv bir ədəbi məktəb
funksiyasını yerinə yetirə bilmişdilər. Bu mənada
böyük İmaddədin Nəsimi (1369-1417) şəxsiyyətinə
ayrıca nəzər salmaq lazım gəlir... Bir öncəki
yazımızda biz Nizamini söz sənətkarından daha
çox filosof və cəmiyyətşünas şəxsiyyət
hesab edirdiksə, İmadəddin Nəsimi şəxsiyyətini
də ictimai haqsızlığa və ədalətsizliyə
qarşı mübarizə aparan böyük ictimai xadim olaraq
qeyd etməliyik.
İmadəddin Nəsiminin
yaradıcılığı və sanki konsepsiya şəklində
işlənib hazırlanmış fəaliyyəti Nizami ilə
müqayisdə əks qütblərdə (bir-birinə təzadda)
dayanır. Nizami birbaşa yuxarı təbəqəni "tərbiyə"
etməyə çalışırdısa, Nəsimidə bu
hal-vəziyyət mövcud deyildi. Əksinə, o, əsər
və fəaliyyətində "aşağılara"
müraciət edir və onları mübarizəyə səsləyirdi.
Bunun üçünsə Nəsimi özünə yol və
üsul da seçmişdi: "aşağılara" öz
böyüklüyünü anlatmaq.
İnsan o zaman onu buxovlayan ədalət və
haqsızlığa qarşı çıxa bilər ki, o,
öz böyüklüyünü anlaya bilir. İmadəddin
Nəsimi yaradıcılığı məhz bu amala köklənmiş
təbliğat və təşviqat mexanizmi idi. Biz bu görkəmli
şəxsiyyətin yaradıcılığını bu
cür qiymətləndirməyi düzgün hesab edirik. Ona
görə ki, Nəsimi yaradıcılığının əsas
hissəsini təşkil edən əsərlərində
insana üz tutur, onun böyük varlıq olduğunu söyləyirdi:
İnsanoğlu o qədər böyükdür ki, o hətta
bu iki dünyaya sıxmır. Göy və yer, kaf və nun
hamısı onda özünə yer edib, insan hətta gizli xəzinənin
görünən gözüdür ("Sığmazam" qəzəli).
Mən (burada ümumən insanlar nəzərdə tutulur)
mülki-cahanam, Haqq məkanıyam. Göy və yerəm,
kövnü məkanam. Surət və məna şəklində
Haqq və onun sübutuyam. Zaman və məkanam. Gizli xəzinəyəm
("Mən mülki-cahan" qəzəli). Mən o qeybi
gözəl sevgiliyəm ki, kainatın gözüyəm. O Rəbbin
nitqiyəm ki, dillərdə söylənən əzbər
olmuşam ("Daim ənəlhəq söylərəm..."
qəzəlindən).
İnsana üz tutaraq ona bu qədər böyük və
bənzərsiz varlıq olduğunu anlatmaqda Nəsiminin məqsəd
və məramı da bəlli idi. O, insana demək istəyirdi
ki, sən bu qədər böyük varlıqsan, hətta iki
dünyanı içinə sığdıracaq qədər nəhəngsən.
Belə olan halda sən heç bir haqsızlığa, ədalətsizliyə,
zülmə məruz qalmamalısan. Bütün bu naqisliklərdən
pak və təmiz ömür sürməlisən... Bunları
insanlara söyləməklə Nəsimi onları
haqsızlığa, ədalətsizliyə, ümumən
şər əməllərə qarşı mübariz
olmağa səsləyirdi. Beləliklə, ictimai ədalətsizliyə
qarşı Azərbaycan hüdudlarını da çoxdan
aşmış xalqlar hərəkatı meydana
çıxırdı. Bu mübarizənin əsas təbliğat
vasitəsi isə Nəsiminin (onun öncəsində isə
ustadı Nəiminin) rəhbərlərindən olduğu
Hurifilik cərəyanı idi. Bu cərəyən çox
keçmir ki, zülmə, haqsızlığa, maddi və mənəvi
əsarətə qarşı
"aşağıları" birləşdirir və xalqa
zülm edən "yuxarıların" qorxulu
röyasına çevrilir.
(Ardı var)
Anar QASIMOV
Naxçıvan
525-ci qəzet .- 2024.-1
avqust.(№135).- S.11.