COP29: Azərbaycan bütün istiqamətlərdə işləri uğurla davam etdirir

 

Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri davam etdirilir. Bakı bu tədbirin yüksək səviyyədə təşkili, qlobal xarakter daşıyan iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması, bir sözlə, nəticəyə nail olunması üçün bütün imkanlarını səfərbər edib. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan təkcə təşkilati baxımdan işlər görmür, mahiyyət baxımından da təşəbbüslər irəli sürür, inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyir. Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurur. Bakı, həmçinin inkişafda olan kiçik ada ölkələri ilə əməkdaşlıq edir. COP29 çərçivəsində bununla bağlı tədbirin keçirilməsi nəzərdə tutulub və orada ittifaq ölkələri də iştirak edəcək. İttifaq ölkələri ilə birgə fond yaradılması, inkişafda olan həmin kiçik ada ölkələrinə kömək də gündəlikdədir.

Şübhəsiz ki, bu gün bütün dünyanın diqqəti COP29-un sədri olaraq Azərbaycanın üzərindədir. Ənənəvi enerji resurslarına malik olan ölkəmiz həm də yaşıl enerji gündəliyini sürətlə inkişaf etdirərək, bu istiqamətdə uğurlar əldə edir və beynəlxalq səylərə öz töhfəsini verir.

Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Ən böyük Günəş Elektrik Stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verib, hazırda 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə onun açılışı olacaq. Birinci layihə "Masdar" şirkəti, ikinci layihə isə "Acwa Power" şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Həmçinin, Bakıda üç Günəş və külək elektrik stansiyasının təməli qoyulub, ümumi həcm bir qiqavatdır. Texniki baxımdan Azərbaycanın dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, 27 qiqavat həcm istehsal etmək mümkündür.

Bütövlükdə Azərbaycan hökuməti 2030-cu ilə qədər enerji tələbatının 30 faizini bərpa olunan mənbələr hesabına ödəməyi qarşısına məqsəd qoyub. Bərpa olunan enerji iqlim məqsədlərinə nail olmaq üçün ən perspektivli həlli təklif edir. Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı öhdəsinə götürüb. Yaşıl enerjinin yaradılması və dünya bazarlarına nəqli hazırda enerji siyasətimizdə prioritet məsələdir.

Qeyd edək ki, Azərbaycan "yaşıl tikinti" təşəbbüsünü də inkişaf etdirir. Bu günlərdə yerli tikinti şirkətləri, inşaat materiallarının istehsalı ilə məşğul olan müəssisələr, xarici şirkətlər və ekspertlər, eyni zamanda, dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə davamlı və sıfır karbonlu tikintiyə keçidlə bağlı müzakirələr aparılıb, eyni zamanda "Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi" imzalanıb. Bəyannaməni COP29 Təşkilat Komitəsinin bir neçə üzvü və Azərbaycanda fəaliyyət göstərən bir neçə tikinti şirkətinin rəhbərləri imzalayıblar. Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətini dərk etdiyini göstərməsidir. Bəyannamə bu istiqamətdə atılan addımın ilk mərhələsidir. Daha sonra isə məsuliyyəti dərk etmək mərhələsindən əməli fəaliyyətə keçid olacaq.

Onu da vurğulayaq ki, hazırda CO2 (karbon-dioksid) qazının 21 faizi tikinti sektorunda formalaşır.

Milli Məclisin VI çağırış deputatı Naqif Həmzəyev mövzu ilə bağlı bildirib ki, Azərbaycanın yaşıl gündəliyi çox zəngindir. Xüsusilə də, son illərdə Azərbaycanın alternativ enerjinin istehsalı və ixracı ilə bağlı həyata keçirdiyi meqa-layihələr onu deməyə imkan verir ki, tezliklə ölkəmizdə günəş enerjisi sayəsində çox böyük irəliləyişlərə nail olacağıq.

Onun sözlərinə görə, hətta Azərbaycanın alternativ, yaşıl enerjinin Avropa bazarlarına çıxarılması üçün müqavilələr imzalaması, Qara dənizin dibi ilə Rumıniyaya kabel vasitəsilə bu enerjinin ötürülməsinin planlaşdırılması onu deməyə imkan verir ki, Azərbaycan artıq bu sahədə aparıcı dövlətlərdən birinə çevrilmək istəyir: "Məhz yaşıl enerjinin Azərbaycanda istehsal və istifadəsinin həcminin artması imkan verəcək ki, ölkədə təbii qazın qənaət edilməsinə gətirib çıxarsın. Bu da Avropada çox böyük ehtiyac duyulan təbii qazın ixracı, miqdarı, həcminin artırılması ilə nəticələnə biləcəkdir. Bir sözlə, Azərbaycan ənənəvi enerji resurslarının Avropa, dünya bazarına çıxarılması ilə yanaşı yaşıl enerjinin də dünya, Avropaya ötürülməsində çox maraqlıdır".

N.Həmzəyev xatırladıb ki, hazırda Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında alternativ enerji mənbələrinin işlənməsi ilə bağlı layihələr icra etməsi və bütün bu əraziləri yaşıl ərazi elan etməsi Azərbaycanın məhz yaşıl enerjiyə keçidini sürətləndirəcək bir proses olacaq: "Azərbaycanda bu il COP29-un keçirilməsi də çox əlamətdar bir hadisədir. İlk növbədə dünya dövlətlərinin Azərbaycana etimad göstərməsi və bu tədbirin keçirilməsi, ev sahibliyi etməsi üçün dəstək göstərmələri, ölkəmizin artan nüfuzu, son illərdə beynəlxalq təşkilatlara rəhbərlik etdiyimiz dönəmdə qazandığımız etimadla əlaqələndirilir. Xüsusilə də, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici və daxili siyasətin uğurlu nəticələri bu qərarların verilməsinə də böyük təsir göstərib. COP29 zamanı bu günə qədər qəbul edilmiş bir çox qərarların icrası ilə əlaqədar mühüm nəticələr gözlənilməkdədir. Xüsusilə, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda Ermənistanın təcavüzkar bir dövlət olmasına baxmayaraq, sülhə dəvət edilməsi və Azərbaycanın səyləri nəticəsində Ermənistanın da zamanla bu reallıqları qəbul etməsi, bir çox addımlarda xoş niyyətin ortaya qoyulması onu deməyə əsas verir ki, Azərbaycan regionda dayanıqlı və uzunmüddətli sülhün əldə olunmasını ən çox istəyən tərəfdir. Bunun üçün də real addımlar atır. Biz ümid edirik ki, heç bir vasitəçi olmadan Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesinin də şahidi olacağıq. Ancaq bunlarla yanaşı, ilk növbədə Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ən əsası isə Azərbaycana qarşı ərazi iddialarından tamamilə əl çəkməlidir. Bunu öz qanunlarında da dəyişiklik edərək isbatlamalıdır. Azərbaycanın regionda və qlobal məkanda artan nüfuzu, yaratdığı yeni reallıqlar nəticə etibarilə ölkəmizin gücünə güc qatır. Xüsusilə də, Azərbaycanın bu günə qədər reallaşdırdığı logistik imkanlar, yeni yollar, yükdaşımaların həcminin artırılması və qlobal məkanda baş verən münaqişələr fonunda Azərbaycan ərazisindən keçən Orta dəhlizə marağın günü-gündən artması dövlətimizin çox doğru və düzgün siyasət həyata keçirdiyini, çox uğurlu layihələr reallaşdırdığını bir daha sübut etdi. Bu gün Azərbaycan Orta dəhlizin şaxələndirilməsi və Orta dəhliz vasitəsilə yükdaşımaların həcminin artırılması üçün bütün səylərini səfərbər edib. Region dövlətləri də artıq Azərbaycanın layihələrinin reallaşmasını dəstəkləməkdədirlər. Ümid edirik ki, tezliklə bu proseslər də uğurla yekunlaşacaq. Azərbaycan həyata keçirdiyi bütün layihələrin məntiqi nəticəsi olaraq Azərbaycanın daha da güclənməsi və xalqımızın sosial rifahının yaxşılaşdırılmasını reallaşdıra biləcək. Nəticədə biz daha güclü, daha qüdrətli Azərbaycan görə biləcəyik".

 

Pərvanə

525-ci qəzet .- 2024.-1 avqust.(№135).- S.5.