Ədəbiyyatın
təsir dairəsi: fərdi düşüncədən ictimai
şüura
(Əvvəli ötən sayımızda)
Nəsimi bir dərviş və hurifiliyin ən
güclü rəhbərlərindən biri kimi ömrü
boyu haqsızlığa qarşı mübarizə apardı.
Gəzdi, dolaşdı, insanları mübarizəyə səslədi.
Amma dünyada haqq-ədalət üçün mübarizə
aparmaq çətindir, bəlkə, ən çətin
işdir. Çünki qurbanlar tələb edir. Ucunda hətta
diri-diri soyulmaq da var. Nəsimi də haqq-ədalət yolunun
qurbanı oldu, təqib edildi, diri-diri soyuldu. Amma Nəsimi
şəxsiyyətini və onun dünyanın təlatümlərinə
sinə gərərək hələ də yaşayan və
sonsuzadək var olacaq söz və fikir dünyasına qəsd
etmək mümkün olmadı. Şair demişkən:
"Günəşi örtsə də qara buludlar, yenə
Günəş adlı bir həqiqət var"... Beləcə,
qarşımızda böyük Nəsimi portreti dayanır. Bu
portretdə onun boyu, rəngi, üz cizgiləri olmasa da
(heç, bəlkə də, bu, bizə lazım da deyil), onun
bütöv şəxsiyyəti, əyilməzliyi, cəsarəti,
haqsızlığa qarşı duruşu əks
olunmuşdur... Qarşımızda daha bir portret də var. Budəfəki
portretimizdə isə insanlığın xilasında sevgi
gücünə inanan bir şəxsiyyət dayanır.
İNSANLIĞI SEVGİ XİLAS EDƏCƏK
Biz ədəbiyyatın böyük mahiyyətindən
danışdıq. Danışmağa da davam edəcəyik.
Çünki ədəbiyyatdan bəhs ediriksə, gərək
onun şanına layiq, həm də haqqını verərək
danışaq. Amma unutmaq olmaz ki, ədəbiyyat böyük
ictimai mətləblərin "müalicəsini"
araşdırmağın və yolunu göstərməyin
yanında, həmçinin ruhu islah etmək ideyası ilə
insana sevgi-məhəbbət hissləri də
aşılayır. "İnsanlığın xilası
sevgidədir" anlayışına sadiq qalaraq (həm də
inanaraq) bu dəfə sevgi-məhəbbət dedikdə
ağla ilk gələn söz ustadı Füzulidən bəhs
edəcəyik. Ədəbiyyatın böyük ideallar
daşıyıcısı missiyasına ara verib ruhun
müalicəsindən, onun əsas dərmanı olan sevgidən
və "Məndə Məcnundan füzun aşiqlik
istedadı var, Aşiqi-sadiq mənəm, Məcnunun ancaq
adı var" deyən Füzulidən söz açmaq bu anda
yerinə düşəcək.
Dünya söz tarixinin nəhənglərindən olan
Məhəmməd Süleyman oğlu Füzuli (1494-1556) nəinki
yaradıcılıq istiqaməti, həmçinin həyat tərzi
və fəlsəfəsi ilə də insanlığa örnək
şəxsiyyət ola bilib. Dərin və çoxistiqamətli
Füzuli yaradıcılığından danışmazdan əvvəl,
onu deyək ki, bu söz sərrafı həyatını sadə,
dəbdəbədən uzaq və var-dövlətin qulu olmadan
yaşayaraq başa vurub. Bu gün zənginlik hərisliyinin,
var-dövlət aludəçiliyinin tüğyan etdiyi bir
dövrdə geriyə dönüb Füzuli həyatına nəzər
saldıqda bu aza qane olan könlü tox insanın həyat fəlsəfəsinin
bizə çox şeylər anlatdığını
görürük. İnsanlığı uçuruma aparan pul
hərisliyi, sahibi-mənsəblik istəyi dünyamıza
(müştərək evimizə) hansı bədbəxtliklər
gətirdiyi göz qabağındadır. "Hər şey mənimdir,
özgəyə heç nə qoymaram" anlayışı
Füzuli həyatına baxdığımızda puç və
viran olur. Dahi söz ustadı var-dövlətdən,
dünyanın dırnaq içərisində gözəlliyindən
imtina edərək sürdürdüyü həyatı da bu mənada
yaradıcılığı kimi bizlərə çox
sirri-gizlidən xəbər verir. Bu qədər böyük
istedad sahibi saraylarda, zənginlik içərisində
yaşaya bilməzdimi?! Yox, o, belə həyatı istəmədi
və Sultan Süleyman Qanuninin ona təyin etdiyi 9 axça təqaüdlə
ömrünü başa vurdu (bu təqaüdü də
heç əməlli-başlı ala bilməmişdi)...
Füzulinin 60 illik həyat tərzi də əsərləri
kimi öyrənilməli...
İnsan övladı hər bir məsələdə
mərkəzə özünü yerləşdirdikcə,
özündən başqasını görmədikcə
(eqoizm) dünyamız daha da pisləşəcək, qanlı
qırğınlar, müharibələr meydanına
çevriləcək. Eqoizm xəstəliyindən
uzaqlaşıb insanları sevə bilsək, ən azından
onları anlamağa çalışsaq, daha xoşbəxt bir
dünyada yaşayarıq. Başqa bir deyişlə, bu gün
dünyada xeyir üçün çalışan qüvvələrin
"Humanizm" çağırışları mənbəyini
sevgi dəryasından götürür. Bax Füzulinin nəhəng
yaradıcılığı bizə bu mətləbləri
öyrətməyə çalışıb.
Eşq-məhəbbət şairi olan Füzuli
yaradıcılığındakı bu ülvi hiss iki
insanın bir-birinə olan məhəbbəti ilə çərçivələnmir.
Heç Füzuli deyəndə ağla gələn "Leyli
və Məcnun" poemasının ana xəttini də, əslində,
bu qayə təşkil etmir. Həmin əsərdə
insanların sevgisinə maneçilik törədən adət-ənənə,
köhnə baxışlar və məhdud görüşlər
tənqid olunur. "Leyli və Məcnun" əsəri ilə
dahi söz sərrafı insanlığı kölə
halına salan, mütiləşdirən hər şeyi tənqid
edərək, azadlığı, bu azadlığın əsas
göstəricisi olan sevgini, məhəbbəti ön plana
çıxarmaq istəyib. Yəni "Leyli və Məcnun"la
Füzuli bizə göstərir ki, insan hisslərini,
düşüncələrini azad şəkildə ifadə
edə bilmirsə, orda sevgi yoxdur, sevgi yoxdursa, cəmiyyət də
viran olacaq (necə ki Leyli və Məcnunun ata-anasının həyatları
viran oldu).
"Leyli və Məcnun poemasında geniş şəkildə
işlənmiş sevgi-məhəbbət motivi Füzulinin
türkcə divanının da əsas mayasını və
qayəsini təşkil edir. "Eşq aşiqlər
üçün hidayət yolunu
işıqlandırır" deyən Mövlana
(böyüyümüz) Füzulinin fikrincə, həqiqət
yolunun yolçusu eşqə iqtida etməlidir. Eşqə
iqtida edən şəxs isə nicat tapacaqdır. Dahi sənətkarın
bir qəzəlini nəsrləşdirməklə nəzər
salaq: Həqiqət yolunun yolçusu məqsədinə nail
olmaq istəyirsə, gedəcəyi yolda ancaq eşqi rəhbər
tutmalıdır. Çünki o yolu işıqlandıran da,
o yolda yol göstərən də yalnız eşq nurudur. Ariflərin
nəzərində aşiqi (oxu: insanı) ağıl yox,
eşq idarə edər. Eşq elə bir kamil,
tamamlanmış, yetkinləşmiş nəşədir ki,
elə bir təsiredici qüvvədir ki, meydə hərarət
göstəricisi, neydə isə sədanın təsiri həmişə
və yalnız ondadır. Vəhdət vadisi həqiqətdə,
əslində, eşq məqamıdır. O səhrada sultanla gəda
şəxslənməz (varlı ilə yoxsul fərqlənməz,
hamı birdir). Birlik tənhalığının sirrinə məhrəm
olanlar aşiqi məşuqdan, məşuqu aşiqdən
ayıra bilməzlər.
Füzulinin insanlığı xilasa çatdıra
biləcək, onun qurtuluşunun əsas vasitəsi olan
eşq-məhəbbət anlayışına həsr etdiyi
irili-xırdalı onlarla əsəri var. Biz bu yazımızda
onlardan cüzi şəkildə nümunə gətirdik.
Ümumiyyətlə, Füzuli yaradıcılığını
biz bəsirət gözü ilə görməyə
çalışsaq, onda məqsədimizə (Füzuli də
öz məqsədinə) çatmış olarıq.
Çünki dünyaya sevgi hisslərini aşılayan
Füzuli qurtuluşu da onda görüb. Dahi sənətkarın
qənaəti də bu mənada tamamilə doğrudur. Kim
içərisində sevgi, eşq-məhəbbət
anlayışının olmadığı bir gözəllik,
yaxşı nəsnə göstərə bilər?! Elə
bir anlayış varmı ki, orda sevgi olmasın, amma müsbət
məqamları özündə ehtiva etsin?! Cavab, xeyr!.. Biz təkcə
Füzulini yox, bütün ədəbiyyatı bəsirət
gözü ilə oxumalıyıq. Söz sərrafları da
bizdən bunu gözləyiblər. Belə olan halda, kim bilir, nə
qədər sirli mətləblərdən agah olacağıq.
Görmədiyimiz, duymadığımız neçə-neçə
qapılar üzümüzə açılacaq.
Biz, beləliklə, eşqin, məhəbbətin
"Vətəni" olan Füzuli
yaradıcılığına bir nəbzə də olsa, nəzər
saldıq. Amma qurtuluşu arayan insanlar bu böyük söz sərrafını
sətirbəsətir oxumalı, mütaliə etməli...
Füzuliylə sağollaşıb yol almağa
başlayırıq. Bu dəfə qurtuluşu başqa "Vətəndə"
axtaran maarfçilərdən danışacağıq. O
maarifçilər ki, xalqı qəflət yuxusundan oyatmaq, onu
bütün şər işlərə qarşı ayıq
salmaq üçün elmi-biliyi təbliğ edirlər. Bu
haqda növbəti yazımızda...
HƏR CÜR ŞƏRƏ QARŞI
MÜBARİZƏ
Ədəbiyyatın ayrı-ayrı səhifələrini
nəzərdən keçirəndə, söz sənətkarlarını
mütaliə etdikcə, onların geniş
yaradıcılığını oxuduqca bir şey aydın
olur: Elmlərin şahı adlandırdığımız ədəbiyyatın
bir amalı var, hər cür şərə qarşı
mübarizə etmək, insanlığı
aydınlığa çıxarmaq. Müəllifindən,
dövründən, janr və mövzusundan asılı
olmayaraq, hər bir bədii nümunəninin mayasında, əslində,
bu sadaladıqlarım dayanır. Bunu ötən
yazılarımızdaca görmək mümkün idi... Beləliklə,
dövrün hökmdarlarını, əyan-əşrəflərini
ədalətli olmağa çağıran Nizami, insana
böyüklüyünü anlatmağa səy göstərən
Nəsimi və bəşəriyyətin xilasını sevgidə
görən Füzuli dünyasından yol alırıq XIX əsrə...
Dünyanın binəsi qoyulandan şər, cəhalət
daim var olmuş, amma bu XIX əsrdə özünü daha
güclü şəkildə büruzə verməyə
başlamışdı (ən azından Azərbaycanda bu belə
idi). Yeni dünya düzəninin təməllərinin
atıldığı, İngiltərənin sənaye inqilabi
ilə (elmin gücü ilə) dünyada söz sahibi
olmağa başladığı bir dövrün astanasında
idik. Elmin, texnikanın inkişafına nail olan xalqlar,
xüsusilə də Avropa xalqları sürətli dirçəliş
və tərəqqi dövrünə qədəm qoymuşdu.
Dünyanın bir tərəfində bunlar yaşanarkən, Azərbaycan
da daxil olmaqla, digər tərəfində isə cəhalət
və gerilik mövcud idi. Xalqın ağır həyat tərzi,
müstəmləkə zülmü, əsarət, gerilik, cəhalət
həyatın özü olan ədəbiyyatı narahat etməyə
bilməzdi. Söz sənətkarları da
xalqımızın bu ağır həyatına və
yaşayış tərzinə biganə qalmadılar.
Dövrün qabaqcıl ziyalıları bütün bu xəstəliklərin
dərmanını axtarırdılar. Nəhayət, dərman
tapılmışdı: Xalqın dərdinin dərmanın
yolu Maarifçilikdən keçirdi. Yalnız maariflənmə
xalqı cəhalət və gerilik məngənəsində
sıxılmaqdan qurtara bilərdi. Bunun üçünsə
dövrün ziyalı təbəqəsi maarifçilik hərəkatına
start vermişdi.
Güclü bir ədəbiyyat bir xalqı
bütünlüklə hərəkətə gətirə
bilər. Cəhalət girdabına tuş gəlmiş, milli
şüurunu itirmiş, hətta özünü tanımamaq
xəstəliyinə düçar olmuş və əsarətinə
etiraz etməyən xalqımız XIX əsrdə ədəbiyyatın
böyük təkanı ilə hər cür şərə
qarşı mübarizəyə başladı. Amma
böyük çətinliklərlə qarşılaşan,
daşlı-hamarlı yolda ədəbiyyat heç də
öz məqsədinə asanlıqla nail ola bilmirdi.
Çünki cəhalət qarşısında bütün
"silahlar" çarəsizdi. Onun müalicəsini
heç də asanlıqla davam etdirmək olmur. Bununla belə ədəbiyyat
cəhalət qarşısında geri çəkilmirdi. Ona
görə ki söz sənəti hər bir çətinliyin
öhdəsində gəlmək iqtidarına malikdi...
XIX əsr maarifçilik ədəbiyyatının
böyük güc və fəaliyyətinə toxunmazdan əvvəl
həmin dövrdə ölkəmizdəki ictimai-siyasi vəziyyətə
nəzər salmaq lazım gəlir. Belə olan halda biz həmin
dövrkü ədəbiyyatın əhəmiyyətinə
vara bilərik. Qeyd edilən yüzillikdə Azərbaycanda
vahid dövlət mövcud deyildi və ölkəmiz müxtəlif
xanlıqlara (ayrı-ayrı dövlətlərə)
parçalanmışdı. Daha pisi isə qədim
torpaqlarımız yadelli işğalçıların
tapdağı altına düşmüşdü. Belə ki,
ölkənin cənubu İranın, şimalı isə
Çar Rusiyasının nəzarətinə keçmişdi.
Cəhalət məngənəsi xalqı bu ağır vəziyyətə
qarşı mübarizə aparmağa imkan vermirdi. Xalqa
düşdüyü bu ağır vəziyyəti
anlatmağa, onu milli oyanışa və nəticədə
xoşbəxtliyə doğru istiqamətləndirməyə təşviq
edən bir vasitəyə ehtiyac vardı. Bu isə elmlərin şahı
ədəbiyyat idi. Beləliklə, söz sənəti
xalqı bütün bu ağır vəziyyətə
qarşı hərəkata səsləyirdi. Dövrün
böyük ziyalı təbəqəsi söz sənətindən
bir neçə istiqamətdə faydalanmaqla xalqı
mübarizəyə ruhlandırdı.
(Ardı var)
Anar QASIMOV
Naxçıvan
525-ci qəzet .- 2024.-2 avqust.(№136).- S.15.