Heykəllərimizə bir baxış

 

 

Hərdən paytaxtın mərkəzindəki Axundov bağına dönüb beş-on dəqiqə istirahət edirəm. Parkda xalqımızın iftixarı, yazıçı-dramaturq, filosof M.F.Axundovun heykəlinə baxıram. Heykəlin postamentində yazılıb: Mirzə Fətəli Axundov. O yazı da elə yazılıb ki, güclə oxunur. Onu oxumaq üçün gərək heykəlin lap yanına gedəsən. Tatu yazısına oxşayan həmin yazını sadə bir alətlə çox rahatlıqla pozmaq da olar. Bəs şəhərimizə gələn qonaq nə bilsin ki, M.F.Axundov kim olub? Doğum və ölüm tarixi neçədir?

Şəhərimizin digər heykəllərinə baxmaq üçün İstiqlal küçəsi ilə aşağı düşürəm. İsmailliyə binasının solundakı akademik Yusif Məmmədəliyevin heykəlidir. Bu heykəldə də həmin mənzərə... Akademik haqqında başqa məlumat yoxdur. Halbuki bu görkəmli kimyaçı-alimin neçə-neçə ixtiraları olub. Hətta o, Nobel mükafatına namizəd imiş. Son anda  bədxahların "canfəşanlığı" nəticəsində akademikimiz bu mükafatdan məhrum edilib.

Bir az da aşağı, adını daşıdığı bağa düşürəm. Heykəlinin postamentində yazılıb: Mirzə Ələkbər Sabir (Tahirzadə) (1862-1911). Vəssalam. Bakımızda müsafir olan və heykəlin yanından ötən nə bilsin bu heykəli qoyulan yazıçıdır, rəssamdır, bəstəkardır?.. Amma heykəlində Azərbaycanda inqilabi satiranın banisi və şeirlərindən heç olmasa bir bənd olsaydı, gələn qonaq böyük şair haqqında məlumatlı olardı.

Sonra üzbəüz yolun solundakı Nizami parkında ucalan Nizami Gəncəvinin heykəlinə yaxınlaşıram. Üz-gözündən müdriklik yağan heykəlin duruşu Milli Azərbaycan Ədəbiyyatı Muzeyindəki sıralanan heykəl-xələflərinə sarı olmaqla ətrafda gözəl bir harmoniya yaradıb. Heykəlin səkkizguşəli postamentinin birinə şairin adı, təxəllüsü, olum-ölüm tarixi yazılmış metal lövhə yapışdırılıb, Nizami Gəncəvi (1141-1209), qalan yeddisində isə şairin "Xəmsə"sindən müəyyən epizodlar həkk olunmuş mis lövhələr bərkidilib. Təəssüflənirsən ki, 17 ildən sonra 900 illik yubileyi olacaq Şeyx Nizaminin düşündürücü, fəlsəfi, elmi bir cümlə ilə çox mətləbləri açan, hikmətli misralarından nə əcəb bu baxımlı heykəli bəzəmir.

Xurşidbanu Natəvan (1830-1897). Xan qızının xeyriyyəçiliyindən, yanıqlı qəzəllərindən bir misra da yoxdur. Məncə, bu beyt heykəli daha da mənalandırardı:

 

"Yoxdur bir kimsə məgər dərdimi bilsin, yarəb,

Ki, mən öz qanım ilə dərdimə dərman etdim!"

 

Ən qəribəsi İmadəddin Nəsiminin heykəlidir. Filosof şairin heykəlində heç adı da yazılmayıb. Heykələ baxan əcnəbi bilsəydi ki, bu dərisi soyulmuş əqidə şairi Nəsimidir, yəqin ki, ona heyrətlənərdi. Heykəldə şairin məşhur dillər əzbəri olan: "Məndə sığar iki cahan, mən bu cahana sığmazam"ı da yoxdur.

Növbəti görüşüm Akademik Milli Dram Teatrının qarşısında ucalan Füzuli babamızın heykəlidir. Heykəlin ətrafında dolanıb, təkrarən heykələ diqqət edirəm. Heykəltaraş onun dərin fikirlərə qərq olduğunu və məşhur "Leyli-Məcnun"unu heykəlin nəhəng daşında elə mükəmməl əks etdirib ki, naməlum heykəltaraşın sənətinə ehtiramla baş əyməyi özünə borc bilirsən. Bu beytin heykəldə olması yerinə düşərdi:

 

Heyrət ey büt, surətin gördükdə lal eylər məni,

Surəti-halım görən surət-xəyal eylər məni.

 

Sonra da həmin küçə ilə istiqamət alıram Üzeyir bəy Hacıbəylinin heykəlinə sarı. Üzeyir Hacıbəyovun abidəsində təkcə doğum, ölüm tarixi var (1885-1943). Bu dahi bəstəkar haqqında abidəsində ətraflı məlumat - Azərbaycan professional musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi sözləri yoxdur. Bəlkə də "Koroğlu", "O olmasın, bu olsun", "Arşın mal alan"dan heykəldə müəyyən elementlər də verilə bilərdi.

Yolun soluna keçib, adını daşıdığı sarayın qarşısında uzanan parkdakı Ulu öndərin heykəlinə tamaşa edirəm. Heykəlin yaraşıqlı, möhtəşəm olduğunu görənlər yaxşı bilirlər - Heydər Əliyevin adı heykəlin öz daşında həkk olunduğundan heykəlin əzəmətini daha da artırıb. Düşünürəm ki, o nəhəng şəxsiyyətin 60 illik ictimai-siyasi fəaliyyəti dövründən müəyyən fraqmentlər öz əksini tapmalı idi.

Artıq metronun 28 May stansiyası, Dəmiryol vağzalı və Neft Akademiyasının üçbucaq yaratdıqları sahədə ucalan, əzəmətiylə seçilən Cəfər Cabbarlının (1899-1937) heykəlinə çatıram. Dramaturq düşüncələr içindədir. Yəqin qəhrəmanları Sevillərin, Almazların talelərindən narahatdır. Bunları da heykəltaraşlarımız Mirəli Mirqasım yaxşı duyub və yaradıb. Eşq olsun!

Səməd Vurğun (Vəkilov), (1906-1956). Məşhur "Azərbaycan" şeirindən bir bənd verilib. Bu, çox yaxşı, hikmətli kəlamlarından da heykələ həkk olunsaydı, əla olardı:

 

"Günəşi örtsə də qara buludlar,

Yenə günəş adlı bir qüdrəti var".

 

Bu da hökmdar və şair Şah İsmayıl Xətainin (1486-1524) heykəli.  Bu yazı da ayrıca bir lövhədə heykəlin postamentinə bərkidilib. Bu lövhə nə vaxtsa itə bilər, oğurlana bilər. Postamentin dörd bir tərəfini dolanıram. Düşünürəm ki, şairin bütün dövrlər üçün aktual olan bu kəlamı: "Söz vardır kəsər savaşı, söz də var kəsdirər başı" heykəldə öz əksini tapmalı idi.

 

Bakıda Xətai metrostansiyası yaxınlığında Xocalı soyqırımı qurbanlarının şərəfinə ucaldılan "Ana harayı" abidəsində bu faciənin detalları öz əksini tapmaqla yanaşı, həmin qurbanların hamısının adı və soyadları heykəlin ətrafındakı qranit lövhələrə həkk olunub. Bunlar çox təqdirəlayiqdir.

Əliağa Vahid (1894-1965). Heykəlində haqqında kifayət qədər məlumat var. Həm Azərbaycan, həm də ingilis dilində. Heykəl təkrarsızlığı ilə möhtəşəmdir. Heykəlin müəllifləri Rahib Həsənov, Natiq Əliyev və Sənan Salamzadədir. Onların hamısına eşq olsun! Bürüncdən hazırlanmış bu heykəlin bəlkə də əvəzi yoxdur. Düşünürəm ki, Ə.Vahidin bütün yaradıcılığı heykəldə öz əksini tapıb. Heykəl elə bil canlıdır. Adama elə gəlir ki, Ə.Vahid bu dəqiqə yapımlı, xırıltılı səsi ilə qəzəl deyəcək... O, vaxtıyla bədahətən şux gözəlləri vəsf eləyən çox qəzəllər deyib. Ürəyimdən keçir ki, o qəzəllərdən heç olmasa: "Sevgilim eşq olmasa varlıq bütün əfsanədir, Eşqidən məhrum olan insanlığa biganədir" beyti bu bürünc büstün üstündə bərq vuraydı.

Əzim Əzimzadə, ölüm-olum tarixi və abidənin kim tərəfindən hazırlanması və bu məşhur rəssam haqqında heç bir məlumat yoxdur. Yaxşı ki heykəlin ətrafında onun əsərlərindən daş nümunələr var.

Tofiq Bəhramov (1925-1993). Hazırda bu heykəl adını daşıdığı stadionda ucalır. Ancaq heykəlində onun futbol hakimi kimi fəaliyyətindən bir məlumat olmadığından indiki nəslin əksəriyyəti T.Bəhramovu futbolçu zənn edirlər.

Koroğlu. Bu heykəl də əzəmətli və möhtəşəmdir. Ancaq heykəldəki Qıratın üzəngisi və yəhəri yoxdur. Koroğlunun qalxanı özünə görə çox kiçikdir.

Mehdi Hüseynzadə (1918-1944). Alman faşizminə qarşı amansız mübarizə aparıb və 26 yaşında qəhrəmancasına həlak olan bu qəhrəmanın şərəfinə ucaldılmış əzəmətli abidəsi önündəyəm. Heykəl müəllifi Mehdi haqqında məlumat versə də, heykəltaraşın öz adı yoxdur.

Zivərbəy Əhmədbəyov (1873-1925). Metronun Nizami stansiyasının qarşısında qoyulan bu heykəl ilk alitəhsilli azərbaycanlı heykəltaraşımızın şərəfinədir. Əhsən heykəlin müəllifi Natiq Əliyevə. Zivərbəy haqqında tam və ətraflı məlumat var.

Hüseyn Cavid. Heykəlində olum-ölüm tarixi göstərilmir. Əsərlərindən nümunələr heykəldə yetərincədir. Hikmətli sözləri parkın ətrafında olsa da, heykəlində yoxdur. Parkın on illərdən sonra görkəmi dəyişdirilə bilər. Heykəllər isə daha uzunömürlü olduğundan, məncə, ədibin kəlamlarından:"Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü" olması heykəli daha da zinətləndirərdi.

Münəvvər xanımın müəllifi olduğu heykəllərdən birinin - Mikayıl Müşfiqin heykəlinin qarşısındayam. Deyim ki, heykəlin yeri dəyişdirildikdən sonra daha baxımlıdır. Bu mənada ki, ərazi genişləndirilib, heykəlin ətrafı gözəgəlimli qranitlə döşənib. Baxıb fikrə dalırsan, kaş bu nakam şairin heykəlində musiqi süzülən şeirlərindən bir bənd olaydı.

Nəriman Nərimanovun heykəlinin həm özü, həm də postamenti çox böyük olduğundan və şəhərin hündür yerində qoyulduğundan daha əzəmətlidir. Ancaq haqqında heç bir məlumat yoxdur. N.Nərimanov kimi görkəmli şəxsin gələcək nəsillərin yaddaşında qalması üçün heç olmasa heykəlində: Həkim, yazıçı, görkəmli dövlət xadimi olub sözləri yazılmalı idi.

Hacı Zeynalabdin Tağıyev (1834-1924). Əlvan metaldan hazırlanan  və bir neçə il bundan qabaq "İçərişəhər" metrosunun qarşısına qoyulan bu ən cavan heykəldir. Heykəlin müəllifi və hazırlanma tarixi qeyd olunmasa da, qoyulan abidə çox nümunəvidir. Hacı haqqında müfəssəl məlumatlar həm Azərbaycan, həm də ingilis dillərindədir ki, bu da çox önəmlidir. Şəhərimizə gələn əcnəbilərin də bu məşhur xeyriyyəçi haqqında ətraflı məlumatları olur.

Şəhərimizdə tanınmış şəxslərimizin vaxtilə yaşadığı binaların üzərində vurulmuş barelyefini oxuyub o şəxslər barəsində müəyyən bilgilər əldə edirlər. Təbii ki, oradan ötənlər istər-istəməz barelyefi oxuyub, o şəxslərdən müəyyən bilgilər əldə edirlər. Ancaq əzəmətli heykəllərin əksəriyyətində sahibi haqda heç barelyefdəki qədər məlumat yoxdur.

Heykəllərin kimə aid olduğu, doğulduğu yer, olum-ölüm tarixi, sənəti, abidənin hansı materialdan və kim tərəfindən, nə vaxt hazırlandığı dəqiq göstərilməlidir. O yazılar dilimizdən başqa bir neçə dildə - heç olmasa, rus və ingilis dillərində olarsa, daha cəlbedici olar. Yəqin bu yazıların sonradan asanlıqla dəyişikliyə məruz qalmaması üçün heykəlin özündə həkk olunması etibarlılığını artırardı.

Düşünürəm ki, heykəllərdə olan xırda qüsurları (əlbəttə, bu, mənim şəxsi fikrimdir) aradan qaldırmaq vaxt və xərc baxımından elə də çətin olmaz. Hazırda ölkəmizdə keçiriləcək böyük tədbir - COP-29-la əlaqədar şəhərimizdə sürətlə quruculuq və bərpa işləri gedir. Fürsət düşmüşkən, heykəllərə də əl gəzdirmək yerinə düşərdi. Əlbəttə, bunlar mən tərəfdən bir təklifdir. Bunları aidiyyəti qurumlar, onların mütəxəssisləri daha yaxşı bilirlər.

 

Nəriman Fərman

525-ci qəzet .- 2024.-2 avqust.(№136).- S.14.