Mətnşünas
alimin elmi uğurları
Səbuhi İbrahimov respublikanın tanınmış
mətnşünasları içərisində dəyərli
mövqeyə malik bir tədqiqatçıdır. Səbuhi
müəllim gənclik illərindən başlayaraq həyatının
25 ilini xalqımızın yazılı abidələri
sayılan əlyazma mətnlərinin tədqiqinə həsr
edib. Onda olan bu sevgi, həvəs onu Respublikanın mətnşünas
alimlərindən biri kimi tanıdıb.
Səbuhi Məmmədəli oğlu İbrahimov 1971-ci
ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin
kəndində anadan olub. O, Bakı İslam Universitetində
bakalavr (1998), Naxçıvan Dövlət Universitetində isə
magistratura (2004) pillələrini bitirib. 2005-ci ildə AMEA Fəlsəfə
və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı
olub. 2008-ci ildə Bakı Dövlət Universitetində
"İslamda İmamilik" adı mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək fəlsəfə
üzrə fəlsəfə doktoru elmi dərəcəsi
alıb.
S.İbrahimov 2006-cı ildən AMEA Naxçıvan
Bölməsi Əlyazmalar Fondunun əlyazmaların
kataloqlaşdırılması, tədqiqi və nəşri
şöbəsində fəaliyyət göstərməyə
başlayıb. Hazırda O, Naxçıvana məxsus qədim
əlyazma mətnlərinin tədqiqi, tərcüməsi və
onların elmi-fəlsəfi mahiyyətinin araşdırılmasında
mühüm əhəmiyyətli işlər görməkdədir.
Bunu alimin Naxçıvana dair əlyazma mətnləri ilə
bağlı 150-ə yaxın çap olunan elmi məqaləsindən
də görmək olar. Səbuhi müəllim Respublika mətnşünaslıq
elminin inkişafında zəhmətlə ərsəyə gətirdiyi
kitab, monoqrafiya, dərs və metodik vəsaitləri və
ölkədə və xaricdə çap olunan bir sıra elmi
məqalənin müəllifidir. "Şərq peripatetizmi və
islamda imamilik" (1385-2006), "İsna əşəri (12
imamilik)" (2007), "Munisnamə" (2008), "Yusif və
Züleyxa" (2008), "Hacı Molla Məhəmməd
Naxçıvaninin "Səhab əd-Dümu" əsərində
fəlsəfi düşüncələr I cild" (2009),
"Hacı Molla Məhəmməd Naxçıvaninin "Səhab
əd-Dümu" əsərində fəlsəfi
düşüncələr I-II cild" (2011),
"Naxçıvanın milli-mənəvi sərvəti olan
əlyazma mətnlərinin araşdırılması"
(2011), "Şərq peripatetizm fəlsəfəsində
insan amili" (2011), "Heydər Əliyev və əxlaqi dəyərlər"
(2013), "Naxçıvanın mənəvi-mədəni
irsinə dair əlyazma mətnləri" (2017), "Nemətullah
Naxçıvani: XV əsrin görkəmli təsəvvüf
və təfsir alimi" (2018), "Naxçıvan
mühitinin yaratdığı kitab və kitabxana mədəniyyəti"
(2019), "Naxçıvan əlyazmaları: tədqiqlər"
(2021), "Hacı Molla Məhəmməd Naxçıvani
"Səhabəd-Dümu" (2022), "Naxçıvan əlyazmalarının
mənəvi əsaslarla araşdırılmasının səbəbkarı"
(2023) və sair əsərləri bunlara nümunədir.
S.İbrahimov bu illər ərzində də boş
dayanmayıb, gərgin elmi fəliyyətini daha da irəlilədib.
Belə ki, o, "Naxçıvana dair əlyazmaların
filoloji-tekstoloji tədqiqi (XIX əsrin axırı - XX əsrin
əvvəlləri)" mövzusunda doktorluq dissertasiyası
müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi
alıb. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidenti
Yanında Ali Attestasiya Komissiyasının onun doktorluq
dissertasiyasının təsdiqi haqqındakı qərarı
fond əməkdaşlarını və onu tanıyanları
sevindirib. S.İbrahimov bu tədqiqat işində
Naxçıvanla bağlı məsələlərə
xüsusi diqqət yetirib, müxtəlif arxivlərdə,
elmi-tədqiqat müəssisələrində
yaradıcılıq axtarışları aparıb, yeni faktlar
aşkar edərək öz dissertasiyasında onlardan
bacarıqla istifadə edib. Bu elmi işi ilə bağlı əhəmiyyətli
məqalələr ərsəyə gətirib. Onun bu tədqiqat
işini mütəxəssislər yüksək qiymətləndirib.
S.İbrahimovun bu dissertasiyası Naxçıvan əlyazma mətnlərinin
tarixini, dəyərini özündə əks etdirən qiymətli
elmi tədqiqat işidir. Alim bu dissertasiyasında bir mətnşünas
və tərcüməşünas kimi bacarıq və
istedadını göstərməyə nail olub.
Mətnşünas alim 2023-cü ildə AMEA
Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı
ilə "İlin alimi" fəxri adı (2023) və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında
2023-cü ilin "Heydər Əliyev İli" edilməsi
haqqında 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli Sərəncamı
ilə əlaqədar Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin
zəngin siyasi irsinin, dövlətçilik ideallarının
tədqiqi və təbliği sahəsində xidmətlərinə
görə AMEA-nın "Təşəkkürnamə"si
ilə təltif edilib. 2024-cü ildə AMEA Rəyasət Heyətinin
27 Mart - Elm Günü münasibətilə Azərbaycan Milli
Elmlər Akademiyasının elmi mühitində və ictimai həyatında
fəal iştirakına görə də "Təşəkkürnamə"
ilə təltif olunub.
Mətnşünas alimin mütəmadi olaraq
respublikada və xarici ölkələrdə - Türkiyə, İran, Rusiya,
Almaniya, Hindistan, Rumıniya, İngiltərə və
Qazaxıstanda keçirilən beynəlxalq konfranslarda
mühüm əhəmiyyət kəsb edən mövzular
üzrə fəal iştirakı da diqqəti cəlb edir.
Onun məqalələrinin çoxu nüfuzlu elmi jurnallarda
çap olunub. Həmçinin S.İbrahimov gənc nəslin
inkişafına, kadr potensialının formalaşmasına da
töhfə verərək bilik və təcrübəsini tələbələrlə
paylaşan nümunəvi bir müəllimdir.
S.İbrahimov Azərbaycan mətnşünaslığının
öyrənilməsi və tədqiqində müəyyən
xidmətləri olan alimlərdən biridir. O, elmin çətin
yollarında tədqiqat işlərini Əlyazmalar Fondunda
yorulmadan davam etdirir. Səbuhi müəllimi
qazandığı uğurlar münasibətilə təbrik
edir və bundan sonrakı elmi-pedaqoji işlərində yeni
müvəffəqiyyətlər
arzu edirik.
Kübra VƏLİYEVA
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun əməkdaşı
525-ci qəzet .- 2024.-2 avqust.(№136).- S.13.