Ceyranın aqibəti

 

 "Olmuş əhvalatlar" silsiləsindən

 

 

10-11 yaşım olanda bizim Ceyran adında çox ədəb-ərkanlı, mərifətli, hətta mən deyərdim ki, utancaq bir inəyimiz vardı. Hər axşam naxırdan qayıdan Ceyranın pişvazına mən çıxır, onu şəhərin şimal tərəfindəki dağların ətəyindən evimizə qədər mən müşayiət edirdim. Ceyranın yerişində, baxışında başqa inəklərdə görmədiyim qəribə bir cazibə vardı - həmişə naxırın axırında gəlir, ayaqlarını yerə asta-asta, xüsusi bir templə vura-vura nazla yeriyirdi və həmişə mənə elə gəlirdi ki, o, torpağın yox, havanın üstü ilə addımlayır. Artıq iki ilə yaxın idi ki, naxıra gedirdi, amma təxminən bir il əvvəl ətliyə verdiyimiz ilk balasını itirəndən sonra, deyəsən, bir də doğmaq istəmirdi və mən bunu təkcə onun balasını itirməyinə  etirazının yox, həm də tərbiyəsinin, ədəb-ərkanının ayağına yazırdım.

Ceyran evimizə çatanda iri darvazamızın bala qapısını çox vaxt buynuzları ilə itələyib özü açırdı. Belə anlarda mən onun içəri - həyətə rahat keçib-keçməməsinə diqqətlə göz qoyurdum. Bilirdim ki, inək gün ərzində yaxşı otlayanda qarnı böyüyür. Bu isə o demək idi ki, axşam bol süd verəcək. Elə ki, Ceyan həyətə rahat yox, bir az əziyyət çəkə-çəkə girirdi, cəld anamın yanına qaçıb onu muştuluqlayırdım ki, çuqun vedrəsini hazırlasın, axşam yaxşı süd sağacaq və Ceyran da heç vaxt məni yalançı çıxardıb pərt vəziyyətdə qoymurdu. Bir azdan anam çuqun vedrəni götürüb həyətə düşür, mən də dünyada ən xoşladığım mənzərə olan süd sağımına tamaşa eləmək üçün onun dalınca gedirdim.

Anam hələ Ceyrana çatmamış dodaqları altında həmişə eşitdiyim sözləri zümzümə etməyə başlayırdı: "Mənim qəşəng Ceyranım, nazlı-duzlu Ceyranım, gəlmisən?" Sonra  onun buynuzlarının dibini qaşıya-qaşıya, əlini qəhvəyi rəngli dərisinə, şişib böyümüş yelininə çəkə-çəkə Ceyranın yerinə özü yenə də zümzümə ilə cavab verirdi: "Hə, əlbəttə gəlmişəm, döşümdə bol süd gətirmişəm..."

Ceyran hər gün təkrarlanan bu oxşamalara öyrəncəli idi, anamın nəvazişini cavabsız qoymur, başını azca irəli uzadıb astadan məmnunluqla möyüldəyirdi və həmişə də mənə elə gəlirdi ki, o bu jestlə anamın dediklərini təsdiqləyir.

Sonra anam köhnə taxta kətilin üstündə əyləşib Ceyranın şişib az qala partlamaq həddinə çatan döşünü sığallayır, ardınca hər iki əlinin barmaqları ilə əmcəklərini asta-asta yuxarıdan aşağı dartırdı. Əvvəlcə ətrafa təzə süd iyi yayılırdı. Sonra təzə südün çuqun vedrənin dibinə dəyib çıxardığı ilk şırıltıdan ta vedrəni ağzınacan doldurmuş südə qarışaraq tədricən kallaşan səsinə qədər qeyri-adi və adını "Südün səsi" qoyduğum gözəl, ritmik bir nəğmə dinləyirdim və  heç ağlıma da gəlməzdi ki, nə vaxtsa o nəğmənin ahəngi dəyişə, bizim bu xoşbəxt, nəğməli günlərimizin boyu qısala bilər.

Amma necə deyərlər, ağlımıza gəlməyənlər həmişə başımıza gəlir.

Bir gün səhər Ceyranı naxıra ötürəndən yarım saat sonra həyət qapımız açıldı, əvvəlcə Ceyran həyətə girdi, sonra qonşumuz Əli kişi içəri keçib belə bir lo xəbər çatdırdı ki, gecə naxırçı Qulam kişi keçinib.

Bu, əlbəttə, pis xəbər idi. Amma boynuma alıram ki, bu xəbərin mənim üçün daha pis tərəfi o idi ki, Qulam dayı vicdanlı, gözütox, sözünə sadiq adam idi, hər baş inək üçün aldı bir manatların halallığını qazanmaq üçün inəkləri yalnız özünün bildiyi bol, dadlı otu olan  yerlərə aparırdı və bu mənada evimizdən süd, qatıq, şor, kərə yağının əskik olmamağında  Ceyranla yanaşı, onun da xidmətləri vardı.

Üç gündən sonra Qulam dayının boş qalmış yerinə təzə naxırçı gəldi və adamlar yenə də hər səhər gün doğmamış inəklərini naxıra göndərdilər... Mən yenə də axşamlar Ceyranı qarşılamaq üçün kanal tərəfə üz tutdum.

Təxminən on gündən sonra hiss eləməyə başladım ki, Ceyran naxırdan daha əvvəlki kimi gözü-qarnı tox, məmnun qayıtmr. Bunu onun elə zahiri görkəmindən - üzünün, gözünün ifadələrindən, yerişindən, ən başlıcası isə heç cür gizlədə bilmədiyi narahatlığından asanca hiss etmək olurdu. Onun əvvəlki "aristokrat" yerişindən əsər-əlamət qalmamışdı, evə çatanda daha əvvəlki kimi irəli cumub  qapını buynuzları ilə açmırdı, məcburən irəli keçib açdığım qapının ağzında dayanır, sanki nəyisə götür-qoy edir, nə barədəsə qərar gəlməyə çalışırdı. Onu arxadan zorla itələyə-itələyə həyətə salanda da daha əvvəlki kimi əziyyət çəkmirdi - hər iki tərəfdən qarnı ilə qapının qıraq çərçivələri arasındakı boşluq gündən-günə böyüyürdü.

Qulam kişinin qəfil vəfatının, təzə naxırçının isə xamlığının, əhlikefliyinin nəticəsi ağır oldu - əvvəlcə hər axşam çuqun vedrəyə sağılan südün, ardınca da həftə sonu  nehrəyə tökülən qatığın şərəfinə anamın etdiyi zümzümələr yavaş-yavaş kəsildi. Ardınca şorumuz, kərə yağımız qıtlaşdı. Nə sirr idisə mənə elə gəlirdi ki, bütün bunları Ceyran da hiss edir və əsas  günahkar kimi xəcalət çəkir.

Görün sonra nələr oldu.

Bir axşam başım küçədə futbol oynamağa qarışdığından Ceyranı qarşılamağa ləngidim, naxırı həmişəki kimi kanalın üstündə yox, ora təxminən üç yüz metr qalmış - ləzgi Piralının evinin həndəvərində haqladım və gördüm ki, Ceyran yoxdur! Ayaqlarım yerə yapışdı, dilim bircə anın içində qupquru qurudu. Ax Ceyran bu mərifətin yiyəsi deyildi, heç vaxt qayda-qanundan kənara çıxmazdı. Bəs indi nə oldu? Evə qayıdıb atama nə  deyəcəm? Tərs kimi naxırçı da kanalın üstündə naxırdan ayrılıb evinə getmişdi. Bilmirdim nə edəm. Amma burda heykəl kimi donub dayanmaq da çıxış yolu deyildi. Əgər Ceyran dağda azıb qalmamışdısa, deməli, naxırdan buralarda aralanmışdı. "Yaxşı, nə üçün və hara?" Mənim bu suallara cavab tapmağa nə vaxtım, nə də heyim vardı. Dönüb ayaqlarımı sürüyə-sürüyə, atamın qapazı hansı qulağımın dibinə vuracağı barədə fikirləşə-fikirləşə evə qayıtdım. Tərs kimi atam işdən tez qayıtmışdı.

Büzüşüb qorxa-qorxa dedim ki, Ceyran naxırdan qayıtmayıb. Atam bir yox, hər iki qulağımın dibində şaqqıldayacaq sillələri əvəz edən bir baxışla məni süzüb dedi:

- Tez get raykomun qarşısındakı bağa, yəqin qaçıb ora girib.

Bir anlığa çaşıb qalsam da, atamın nə demək istədiyini tez də başa düşdüm - kanalın üstündən sağa ayrılan dar yol - əvvəllər dağdan gələn və çoxdan qurumuş çayın bir qolunun yatağı olan, bizim "çaylaq yolu" adlandırdığımız yol həmin bağa yaxın əraziyə çıxırdı.

Amma mənim kəşfiyyata getməyimə lüzum qalmadı - qəfildən həyət qapısı açıldı, əvvəlcə Ceyran, ardınca əlində uzun bir çubuq tutmuş orta yaşlı bir kişi - tanıyırdım, raykomun gözətçisi idi - həyətə girdi, salam-kalamsız ucadan:

- Bu inəyinizin başına bir az ağıl qoyun - dedi. Kişinin ötkəm səsi adamın əsəblərini dalayırdı. Elə bil özgə səslə hansısa göstərişi, əmri oxuyurdu. - Əgər sabah da gəlib bağçaya girsə, birbaşa ətliyə verəcəm. Katibin göstərişi belədir.

Kişi əlindəki çubuğu həyətə atıb gedəndən sonra atam çubuğu qaldırdı və çox güman ki, Ceyranı vurmaq, hirsini soyutmaq üçün bir-iki addım ona tərəf getdi. Amma qəfildən dayandı, dönüb ağzını açaraq bu səhnənin necə bitəcəyini gözləyən mənim sol qulağımın dibinə yağlı bir sillə ilişdirdi - yəni bütün bunların günahı səndədir.

Sillə gözlənilməz olsa da, məni nə diksindirdi, nə də ağrıtdı, əksinə, Ceyranı çubuq cəzasından qurtardığıma görə hələ desəniz fəxarət duyub sevindim də.

Amma bu, kiçik təsəlli idi. Ceyranı ətlik təhlükəsindən qorumaq lazım idi. Ona görə də ertəsi gün naxırın gəlməyinə yarım saat qalmış gedib kanalın üstünü kəsdirdim ki, həm özümü sığortalayım, həm də  Ceyranı açıq-aşkar ölümə aparan yoldan döndərim. Amma Ceyran yenə də naxırda yox idi. Görünür, gözətçinin sözlərini qulağında sırğa edib bir az "ağıllanmış", qarnını doyurub xəcalətdən çıxmağın başqa yolunu tapmışdı. Çünki buradan raykomun bağına aparan üçüncü yol yox idi və deməli, inək dağda qalmışdı. Ona görə də bu dəfə evə bir az ürəklə qayıdıb dedim ki, Ceyran naxırdan qayıtmayıb. Anam dərindən bir ah çəkib astadan dedi:

- Yazıq heyvan...

Öz qənaətimi dəqiqləşdirmək üçün çoxdan bəri ürəyimi didən sualı verdim:

- Ana, Ceyran niyə belə edir axı? Əvvəllər özü gəlib buynuzları qapını açırdı.

- Bala, xəcalətindən, utandığından belə edir, - deyə anam üzümə baxdı. - Ceyran halal heyvandır, yaxşı süd verə bilmədiyinə görə bizdən utanır, özünü bizim qarşımızda günahkar bilir.

Dağların ətəyində az qala bir sutkalıq axtarışlardan sonra Ceyran günorta (!) vaxtı yenə də əvvəlki kimi buynuzları ilə qapını açıb özünü içəri salanda onun şişib qabarmış qarnına, dolu yelininə göz qoyub düşündüm ki, bu dünyada mən də nə isə bilirəmmiş.

Həmin gün Ceyranın bu fədakarlığının, səxavətinin mükafatı  "sağ ol" yox, həmin o gözətçinin gətirdiyi çubuqla belinə, qabırğalarına dəyən zərbələr oldu - görünür, Ceyranın gecə sahibsiz itlərin, çaqqalların hücumuna məruz qalıb onlara asan yem ola biləcəyinindən narahatlıq keçirən atam inəyi tam ağıllandırmağın yeganə yolunu bunda görürdü və düzü, günü bu gün də bilmirəm ki, atama agah olsaydı ki, o zərbələr həm də mənim ürəyimin başına dəyir, əl saxlayardı, ya yox.

Ceyran əvvəlcə mətanətlə dözdü, amma sonda özünü saxlaya bilmədi, başını azca irəli uzadıb elə qəribə bir səslə möyüldədi ki, tüklərim biz-biz oldu.

Bu səsdə həm qəzəb vardı, həm də imdada çağırış. Ceyran sanki eyni vaxtda həm nəyəsə etiraz edir, həm də nə isə deyirdi. Bəlkə kömək istəyirdi? Amma kimdən? Təəssüf ki, biz bu köməyi ona etmək imkanından məhrum idik - evimizin ağası olan atamın yazdığı qanuna görə bu evdə heç kimin onun işlərinə qarışmağa, çıxardığı qərarları dəbbələməyə ixtiyarı yox idi: səhv, ya düz - fərqi yoxdur.

Elə bilirdim bu tənbehdən sonra Ceyran tutduğunu buraxacaq, amma gözlədiyimin əksi oldu. Ertəsi gün hadisə yenə təkrarlandı. O biri gün də eləcə. Atam son çarə kimi pəl düzəltdi, həyətimizin aşağısından şaxı, budaqları təmizlənmiş köhnə bir tir tapıb gətirdi, bir ucunu dəhrə ilə çərtib ora kəndir bənd elədi, sonra kəndirin o biri ucunu Ceyranın boynuna bağlayıb tiri ayaqlarının ortasından yerə uzatdı.  Həm tirin ağırlığı, həm də yeriyəndə ayaqlarına dəyib yaradacağı ağrı axşam Ceyranı evə tələsdirməli idi ki, tiri açıb onu bu əzablardan xilas eləsinlər. Birinci gün elə də oldu. Ceyran axşam özünü həyətə salanda sanki baş tərəfdən qaməti irəli əyilmiş, boynu da bir az uzanmışdı. Yerişinin nizamı da pozulmuşdu. Ürəyim ağrısa da, sevindim ki, Ceyran daha özünü də, bizi də narahat etməyəcək. Di gəl bir gün sonra tir boynundan açılan kimi Ceyranın yenə də tərs damarı tutdu və nədənsə mənə elə gəldi ki, onun əsəbləri tamam pozulub, daha  özünü idarə edə bilmir. Axşam mən ürəyim əsə-əsə növbəti cəzanın nə ola biləcəyi barədə fikirləşib bir qənaətə gəlməyə macal tapmamışdım ki, atam kəndiri tirin başından açıb tövlənin yay damını saxlayan dirəyə bağladı.

- Bu gündən daha sənə naxır-filan yoxdur - dedi. - Canavara, çaqqala yem olmaqdansa, həyətdə qalıb quru çörək, saman yemək yaxşıdır.

Hirsindən özünə nəzarəti itirdiyindənmi, ya bilmədiyim başqa bir səbəbdənmi atam kəndiri elə bağladı ki, dirəklə Ceyranın boynu arasında çox az məsafə qaldı. Bu o demək idi ki, dizlərini qatlayıb yerə çökmək, dincəlmək imkanından məhrum olan heyvan gecəni elə belə ayaq üstə keçirməli olacaq.

Həmin məqamlarda Ceyranın gözlərinə baxdım - bu dəfə o gözlərdə çarəsizlikdən doğan bir qüssə, kədər vardı.

Gecə qəribə bir yuxu gördüm. Gördüm ki, Ceyranla içi su əvəzinə südlə dolu hansısa böyük bir gölün sahilindəyik, hər tərəf də yamyaşıl otdur. Amma Ceyran nəyə görəsə otlamır, qəmli gözlərini gölün üfüqlərinə zilləyib baxır və qəfildən yerindən tərpənib gölə tərəf getməyə başlayır - həmin o əvvəlki nizamlı, incə addımlarla... Qışqırıb onu geri çağırmaq istəyirəm, amma səsim çıxmır, irəli cumub qarşısını kəsmək, geri qaytarmaq istəyirəm, amma alınmır, elə bil ayaqlarımın, əllərimin bütün sinirləri ölüb. Ürəyim az qalır partlasın. Ceyran isə artıq süd gölünün içində yavaş-yavaş üfüqə doğru gedir. Son gücümü toplayıb "Dayan" - deyə bağırmaq istəyirəm, yenə də lal adam kimi səsim çıxmır, əvəzində hardansa mənə tanış səs gəlir. Diqqət verib görürəm ki, anamın səsidir - elə bil ağlaya-ağlaya kimisə oxşayır...

Qəfildən bədənimdən sanki elektrik cərəyanı buraxdılar və diksinib ayıldım. Yuxuda eşitdiyim anamın həyətdən gələn səsi imiş. Şalvarımı cəld əynimə keçirib həyətə düşdüm və gördüyüm mənzərədən dəhşətə gəldim - Ceyran qabaq dizləri üstə çöküb hərəkətsiz qalmışdı, ağzının qıraqlarında ağ köpük vardı, gözləri şüşə kimi parlayırdı.

- Ana, Ceyrana nə olub? - deyə az qala bağırdım.

- Bala, daha Ceyran yoxdur. Yazıq heyvan özünü öldürüb canını qurtardı...

 "Necə yəni özünü öldürdü? Bu nə demək idi axı?" - indi bu suallara cavab tapmaq bu dəhşətli mənzərəni seyr etmək qədər çətin idi. Amma mən canımı dişimə tutub baxdım. Yorulub oturmaqmı istəmişdi, ya ayaq üstə yuxulayanda yorulmuş ayaqları öz-özünə qatlanmışdı, yaxud özü bilərəkdən belə eləmiş - bilmirəm - dizləri qatlananda kəndir dartılmış, boğazındakı ilgək sıxılıb onu boğmuşdu.

Atam əlində bıçaq gəlib ipi kəsəndə Ceyran elə o vəziyyətdə də sol böyrü üstə yıxılıb qaldı.

Gəlib boğazıma dirənən qəhəri zorla boğub həyətimizin aşağı tərəfinə qaçdım və dəli kimi o tərəf-bu tərəfə addımlamağa başladım. Hiss edirdim ki, içimdən çölə püskürmək istəyən sözlər var, amma mən o sözləri tapıb nizama sala, cümləyə çevirə bilmirdim. Ta o vaxtacan ki, darvazamız açıldı, həyətə sınıq-salxaq bir yük maşını girdi və o maşından düşən kişi yük yerindən götürdüyü uzun trosun bir ucunu Ceyranın boynuna doladı. Bildim ki, trosun o biri ucunu maşının qoşqu yerinə bağlayıb Ceyranı sürüyə-sürüyə aparıb dağlıq tərəfdə hansısa bir dərəyə, yarğana atacaq ki, sahibsiz itlərə, çaqqallara yem olsun. Bax onda özümü saxlaya bilmədim, başımı əncir ağacının gövdəsinə söykəyib dana kimi böyürdüm və içimdən püskürən sözlər bağımızdakı ağacların gövdəsinə, yarpaqlarına, yerdəki xəzəllərə, daşlara, torpağa dəyib ürəyimin qanı və gözlərimin yaşı  ilə həmişəlik yaddaşıma yazıldı:

"Bizi bağışla, Ceyran, Biz səni duya, başa düşə, qoruya bilmədik. Sən öz intiharınla bizə  dərs keçdin. Şəxsən mən bu dərsi heç vaxt unutmayacam, Ceyran, həmişə səni xatırlayacam”.

Unutmuram, unuda bilmirəm də..

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet .- 2024.-2 avqust.(¹136).- S.12;13.