Dünya şöhrətli cərrah
Akademik Mustafa bəy
Topçubaşovun unudulmaz xatirəsinə
Azərbaycan xalqı həmişə ona şöhrət
gətirən görkəmli elm xadimləri, bacarıqlı
alimləri ilə öyünüb, fəxr edib. Belə elm
xadimləri sırasında Ulu öndər Heydər
Əliyevin "...Onun bizim üçün və gələcək
nəsillər üçün qoyduğu irs milli sərvətimiz,
milli iftixarımızdır" deyə haqqında
danışdığı akademik Mustafa bəy
Topçubaşovun xüsusi yeri var.
Mustafa bəy Ağabəy oğlu Topçubaşov
1895-cı il avqustun 5-də qədim Azərbaycan torpağı
olan, sonralar isə erməni daşnakları tərəfindən
mənimsənilən və onlar üçün paytaxt elan
edilən İrəvanda dünyaya göz açıb. XIX əsrin
sonu- XX əsrin əvvəllərində İrəvanda dini məktəblərlə
yanaşı, dünyəvi savad verən yeni tipli məktəblər
də açılmışdı. Dövrünün mütərəqqi
ziyalıları tərəfindən açılan bu yeni məktəblərdə
təbiət, coğrafiya, hesab, dil dərsləri əsas fənn
kimi keçirilirdi. Balaca Mustafanın dünyaya gəldiyi ailədə
elmə, maarifə marağın böyüklüyündən
və həm də bu azyaşlı uşağın
oxumağa çox ciddi meyilliliyindən, onu bu dövrdə yenicə
yaranan, görkəmli Azərbaycan rəssamı Mirzə Qədim
İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun
azyaşlılar üçün açdığı məktəbə
qoyurlar.
1904-cü ildə ibtidai təhsilini başa vuran Mustafa
Topçubasov İrəvanda fəaliyyət göstərən
rusdilli kişi gimnaziyasında orta təhsilini davam etdirməyə
başlayır və 1914-cü ildə təhsilini başa
vurur. Hələ məktəb illərindən elmi biliklərə
yiyələnməyə meyilli olan Mustafa bəy Azərbaycanın
maarifpərvər oğulları tərəfindən
yaradılan İrəvan gimnaziyasını bitirdikdən sonra
Kiyev Darülfünunun tibb fakültəsinə daxil olub. Gələcək
alimin tələbəlik illəri tarixin ən çətin
dövrlərindən birinə - I Dünya müharibəsinin
getdiyi, Rusiyada çar üsul-idarəsinin devrildiyi və
Oktyabr İnqilabının baş verdiyi illərə təsadüf
edib. Vətəndən uzaqlarda təhsil alan gənc möhkəm
iradə və dözüm nümayiş etdirərək tibbi
biliklərə tam yiyələndikdən sonra - 1919-cu ildə
Azərbaycana qayıdıb. Mustafa bəy elə həmin ildə
Bakı Dövlət Universitetinin tibb fakültəsində
işə dəvət olunub. O dövrdə Azərbaycanda kəskin
surətdə milli tibb kadrlarının qıtlığı
hökm sürürdü.
Mustafa Bəy BDU-nun tibb fakültəsində fəaliyyətə
cəlb edilən ali tibb təhsilinə malik ilk milli kadr olub.
M.Topçubaşov 1926-cı ildə bir qrup gənc həkimlərlə
birlikdə Almaniyaya elmi ezamiyyətə göndərilən və
oradan qayıtdıqdan sonra doktorluq dissertasiyasını
müdafiə edən ilk milli kadrlardan biri kimi də iz qoyub. Gənc
alim 1930-cu ildə doktorluq dissertasiyası müdafiə edərək
tibb elmləri doktoru alimlik dərəcəsinə və
professor elmi adına layiq görülüb. Elə həmin ildə
o, Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə cərrahlığı
kafedrasının müdiri vəzifəsində işləməyə
başlayıb. Bacarıqlı alim 1981-ci ilə qədər həmin
kafedranın müdiri vəzifəsini şərəflə
yerinə yetirib, bu yolda həm elmi, həm təlim-tərbiyə,
həm də ictimai həyatda misilsiz xidmətlər göstərib,
adını ölkəmizin səhiyyə tarixinə
yazmışdır.
Akademik Mustafa bəy Topçubaşov daim yeniliklərə
can atır, bir-birinin ardınca cərrahiyyədə möhtəşəm
ixtiralar, yeniliklər edir, dünya tibb elmini yeni nailiyyətlərlə
zənginləşdirirdi. O, 1938-ci ildə "Analgezin" adlı
efir-yağ ağrikəsicisini və ondan istifadə üsulunu
kəşf etdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə
Komissarlığının Elmi-Tibbi Şurasının
Farmakologiya Komitəsinin iclasında Topçubaşovun kəşf
etdiyi sürəkli analgeziyada istifadə olunan efir-yağ
qarışığının "Analgezin" adı
altında buraxılmasına icazə verilmişdir. Təklif
olunan efir-yağ qarışığı (ağrıkəsici)
inyeksiyalarından təkcə cərrahi əməliyyatlarda
deyil, həm də öddaşı sancıları, travmatik
şok, tetanus, doğuş zamanı
ağrısızlaşdırma vasitəsi kimi istifadə olunurdu.
1964-cü ildə SSRİ miqyasında bu üsulun tətbiqində
qazanılan uğurlu nəticələrə görə
akademik M.Topçubaşov keçmiş SSRİ
dövründə elm adamlarına verilən, ən yüksək
mükafatlardan olan A.Vişnevski adına mükafata layiq
görülüb.
Mustafa bəy Topçubaşov SSRİ-də ilk dəfə
olaraq evakohospitalların ixtisaslaşdırılması və
növbələşdirilməsinin təşəbbüskarı
kimi çıxış edib, müharibə illərində
(1941-1945) hərbi-səhra cərrahiyyəsi işinin təşkilində
bu üsuldan geniş istifədə olunub. Evakohospitallarda
apardığı çoxsaylı əməliyyat və
müşahidələr M.Topçubaşova öz
konstruksiyası əsasında portativ stereoskopik aparat
yaratmağa imkan verib. O, bir-birinin ardınca mürəkkəb
cərrahi əməliyyatlar apararaq yüzlərlə
döyüşçünü həyata qaytarıb.
Müharibə illərində periferik sinir zədələnmələrinin
cərrahi müalicəsində onun təklif etdiyi bir sıra
yeni preparatların tətbiqinə geniş yer verilib.
Bütün bunlar onu nəinki respublikamızda və
keçmiş SSRİ-də, eləcə də dünya tibb
elmi sahəsində məşhurlaşdırıb, virtuoz cərrah
kimi tanıdıb. 1940-cı ildə M.Topçubaşova
Əməkdar elm xadimi fəxri adı verilib, 1943-cü ildə
isə o, Dövlət mükafatı laureatı olub. Azərbaycan
SSR Elmlər Akademiyasının ilk 15 həqiqi üzvündən
biri olan Mustafa Bəy Topçubaşov, eyni zamanda, 1945-ci ildə
Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan
Milli Elmlər Akademiyasının) yaradıcılarından, təsisçilərindən
idi.
Akademik M.Topçubaşov 1945-50-ci illərdə
respublikanın baş cərrahi və Azərbaycan SSR Səhiyyə
Nazirliyi Tibb Xidməti İdarəsinin sədri vəzifəsini
yerinə yetirib, 1947-49-cu illərdə
Eksperimental Təbabət İnstitutuna rəhbərlik edib. O,
1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının
müxbir üzvü, 1960-cı ildə isə həqiqi
üzv seçilib.
Mustafa bəy 1951-ci ildən ömrünün sonunadək
Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olub və
1952-ci ildə Bolqarıstan Elmlər Akademiyasının
müxbir üzvü, 1954-cü ildə XI Lissabon Konqresində
Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü
seçilib. O, Ümumittifaq Cərrahlar Cəmiyyətinin
üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin
fəxri üzvü, Respublikada Siyasi və Elmi Bilikləri
Yayan Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və
Uroloqlar Cəmiyyətinin fəxri sədri, SSRİ
Böyük Tibb Ensiklopediyasının redaktorlarından biri,
"Abdominal cərrahiyyə" jurnalının redaktoru,
respublika və İttifaq miqyaslı elmi-tibb jurnallarının
redaksiya heyətlərinin üzvü olub.
1956-cı ilin sentyabrında M.Topçubaşov Berlində
Cərrahların Beynəlxalq Konqresində sovet tibb elmini təmsil
edən görkəmli alim, novator-cərrah kimi
çıxış edib. Onun "Öddaşı xəstəliyinin
efir-yağ keyitməsi ilə müalicəsi"
mövzusundakı məruzəsi mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilib. Məruzə əsasında
tərtib edilən elmi məqalə həmin ildə Leypsiqdə
çıxan beynəlxalq tibb jurnalında dərc olunub.
Mustafa Bəyin tələbələri respublikada və
onun hüdudlarından kənarda bacarıqlı cərrah kimi
fəaliyyət göstərir, müəllimlərinin
adına layiq çalışırlar. Onun rəhbərlik
etdiyi klinikada müasir cərrahiyyənin problemləri, öd
yollarının, xərçəng xəstəliyinin cərrahiyyəsi,
travma məsələləri, bərpa cərrahiyyəsi və
s. problemlər üzərində daim axtarışlar
aparılıb.
Ömrünün 62 illik əmək fəaliyyəti
dövründə akademik M.Topçubaşov 100 mindən
artıq uğurlu cərrahiyyə əməliyyatı
aparıb. Onun gərgin elmi və praktik fəaliyyəti ilə
yanaşı, tibb kadrlarının hazırlanması işində
böyük xidmətləri var. O, 300-dən artıq elmi
işin və elmi-kütləvi məqalənin, 8
monoqrafiyanın, "Xüsusi cərrahlıq" adlı
beşcildlik dərsliyin və dərs vəsaitlərinin
müəllifi olub. Onun rəhbərliyi altında 12 elmlər
doktoru və 30 elmlər namizədi alimlik dərəcəsi
almaq üçün dissertasiya müdafiə edib.
Bakıda inşa edilən Akademiya şəhərciyi,
həmçinin, hazırda akademik M.Topçubaşovun
adını daşıyan Elmi-Cərrahiyyə Mərkəzi,
AMEA-nın nəşriyyatı və mətbəəsi
bilavasitə Mustafa bəyin təşəbbüsü və rəhbərliyi
ilə yaradılıb. Akademik M.Topçubaşov görkəmli
ictimai xadim və bacarıqlı təşkilatçı kimi
respublikada çox əhəmiyyətli işlər
görüb. O, uzun müddət respublika Ali Sovetinin sədri vəzifəsində
çalışıb, SSRİ Ali Sovetinin deputatı olub, Azərbaycan
KP MK bürosu üzvlüyünə namizəd seçilib.
Akademik M.Topçubaşov 1950-ci ildən
ömrünün sonunadək Azərbaycan Sülhü
Müdafiə Komitəsinin sədri, Sovet Sülhü
Müdafiə Komitəsinin, Asiya və Afrika Ölkələri
ilə Həmrəylik Komitəsinin üzvü olub. Bu sahədə
gördüyü ardıcıl və səmərəli fəaliyyətinə
görə o, 1959-cu ildə Ümumdünya Sülh
Şurasının gümüş medalı və Sovet
Sülhü Müdafiə Komitəsinin fəxri fərmanları
ilə təltif edilib.
1975-ci ildə anadan olmasının 80 illik yubileyi ərəfəsində
SSRİ-nin ali mükafatına - Sosialist Əməyi Qəhrəmanı
fəxri adına layiq görülən akademik
M.Topçubaşov çoxillik məhsuldar fəaliyyətinə,
xalqın rifahı naminə göstərdiyi əvəzsiz xidmətlərinə
göra 4 dəfə Lenin Ordeni, Bolqarıstanın III dərəcəli
"Kirill və Mefodi" ordeni, eləcə də
"Qırmızı əmək bayrağı",
"Şərəf nişanı", "Qızıl
ulduz", "Oktyabr İnqilabı" ordenləri,
"Qafqazın müdafiəsinə görə",
"Almaniya üzərində qələbəyə görə",
"Fədakar əməyə görə" medalları ilə,
SSRİ-nin "Sanitar müdafiəsi əlaçısı"
döş nişanı və çoxsaylı digər
mükafatlarla təltif edilib
Tibb elminin inkişafinda misilsiz xidmətləri olan,
SSRİ-nin varlığı zamanı beynəlxalq aləmdə
sovet alimi kimi tanınan, insanlara tibb və səhiyyə xidmətləri
göstərdiyi 62 illik yaradıcı fəaliyyəti
dövründə 30 ilə yaxın bir müddətdə Azərbaycan
Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində
çalışan, 51 il Azərbaycan Dövlət Tibb
İnstitutunun fakültə cərrahlığı
kafedrasına rəhbərlik edən, elmi kəşf və
ixtiraları, tədqiqat işlərinin nəticələri
tibbi təcrübəyə tətbiq edilən Mustafa Ağabəy
oğlu Topçubaşovun anadan olmasının 100 illik
yubileyinin dövlət səviyyəsində keçirilməsi
haqqında 31 iyul 1995-ci il tarixində sərəncam imzalayan
Ümummilli liderimiz dahi Heydər Əliyev həmin yubiley gecəsindəki
möhtəşəm çıxışında demişdi:
"Mustafa bəy Topçubaşovun həyat yolu,
yaradıcılığı, onun bizim üçün və
gələcək nəsillər üçün qoyduğu
irs milli sərvətimiz və milli iftixarımızdır...
Mustafa bəy XX əsrdə Azərbaycanın ən görkəmli
şəxsiyyətlərindən biridir".
1995-ci ilin yubiley təntənələrinin davamı
kimi Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan
Elmlər Akademiyası və SSRİ Tibb Elmləri
Akademiyasının həqiqi üzvü, Bolqarıstan Elmlər
Akademiyasının müxbir üzvü, Əməkdar elm
xadimi, Sosialist Əməyi Qəhrəmanı Mustafa bəy
Ağabəy oğlu Topçubaşovun anadan olmasının
100 illiyi münasibətilə ATU-nun III Cərrahi xəstəliklər
kafedrasında - 51 il çalışdığı iş
otağında (Əfəndiyev adına 2 saylı şəhər
xəstəxanası) Xatirə Muzeyinin təntənəli
açılışı olub. Hazırda muzey öz fəaliyyyətini
davam etdirir.
M.Topçubaçov geniş
dünyagörüşü, hərtərəfli biliyi və
yüksək musiqi zövqü olan bir şəxs idi. Azərbaycanın
görkəmli şairləri Səməd Vurğun və
Süleyman Rüstəm ilə, həmçinin görkəmli
incəsənət xadimləri Müslüm Maqomayev və
Bülbül ilə dostluq əlaqələri olub. Üzeyir bəy
istedadlı həkim dostunu "təbabətin filosofu və bəstəkarı"
adlandırırdı. İştirak etdikləri məclislərin
birində dahi bəstəkar demişdi: "Əgər təbabəti
musiqi kimi səsləndirmək mümkün olsa idi, bizim
Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından
biri olardı".
Dünya şöhrətli alim M.Topçubaşov
1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat
edib.
Görkəmli alim, ictimai-siyasi və dövlət
xadimi, akademik Mustafa bəy Topçubaşovun həm indiki, həm
də gələcək nəsillərə örnək olan zəngin
irsi daim yaşayacaq.
Fariz CAMALOV
III Cərrahi Xəstəliklər kafedrasının
müdiri, tibb elmləri doktoru, professor
Şəfa ƏLİYEV
III Cərrahi Xəstəliklər kafedrasının
dosenti, Akademik M.A.Topçubaşov Xatirə muzeyinin rəhbəri
525-ci qəzet .- 2024.-2 avqust.(№136).- S.11.