Ədəbiyyatın
təsir dairəsi: fərdi düşüncədən ictimai
şüura
(Əvvəli ötən sayımızda)
Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy
Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Qasım bəy
Zakir, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə
kimi XIX yüzillik nəhənglərinin lokomotivliyi ilə xalq
milli oyanış yoluna qədəm qoya bildi. Maarifçilik hərəkatının
əsas nümayəndələri hesab edilən bu söz sənətkarlarının
yaradıcılıq amalı və ideya istiqaməti əzilən
kütlənin, xüsusilə də kəndlinin mənafeyinin
müdafiəsinə yönəlmişdi. Bu hərəkatın
nümayəndələrinin mühüm amallarından biri də
savadsız kütləni maarifləndirmək yolu ilə
hüquqlarını onlara anlatmaq idi. Bu mənada çox sayda
bədii əsərlər meydana çıxırdı. Məsələn,
Axundzadənin "Kəmalüddövlə məktubları"
haqqında "Cəhalət və geriliyə qarşı
mübarizədə bir ordudan ziyada iş gördü" bənzətməsi
işlədilirdi.
Xalqı milli oyanış yoluna yönləndirən ədəbiyyat
yalnız bədii əsərlərin yazılması istiqamətində
çalışmırdı. Xalqa çatmaq, sadə
insanlara, "aşağı" təbəqələrə
yol tapmaq da söz sənətinin əsas amallarından idi.
Axı dövrün ideoloqları adlandıra biləcəyimiz
maarifçilər yazdıqları əsərlərindəki
ideyanı bütün kütləyə çatdırmaq istəyirdilər.
Bunun üçün 1873-cü ildə ədəbiyyatın
böyük dəstəyi ilə milli teatr meydana
çıxdı. Milli dramaturgiyamızın əsasının
qoyulması ilə milli teatra yol açılmış və
beləliklə, tarix boyu kütlələri maarifləndirən
teatr Azərbaycana yalnız XIX əsrin ikinci yarısında gəlib
çıxa bilmişdi. Milli teatrın ölkəmizdə fəaliyyətə
başlaması geniş xalq kütlələrinin
oyanışı yolunda nəhəng addım idi. Həsən
bəy Zərdabi, Nəcəf bəy Vəzirov kimi qabaqcıl
maarifçi ziyalıların gərgin fəaliyyəti
xalqımızı bu böyük teatr məktəbinə
qovuşdura bilmişdi. İndi maarifçi
ziyalılarımız xalqa daha asan çata bilirdilər. Amma
bu bəs etmirdi. Yeni vasitələrə ehtiyac vardı. Nəhayət,
dünyanın eradan əvvəl 59-cu ildə Qədim Romada
tanıdığı qəzet 1875-ci ildə Azərbaycan həyatına
daxil oldu.
1875-ci ilin 22 iyulunda fəaliyyətə başlayan
"Əkinçi" qəzeti Azərbaycanda maarifçilik
hərəkatının geniş vüsət almasında və
hər kəsə çatmasında müstəsna rol
oynadı. Həsən bəy Zərdabinin redaktorluğu ilə
nəşr olunan bu mətbu orqan həmin dövrdə bir
çox maarifçi ziyalıları öz ətrafında
birləşdirə bildi.
Ədəbiyyat tariximizin xüsusi bir mərhələsini
təşkil edən XIX əsr maarifçilik hərəkatı
dövrü ədəbiyyatın böyüklüyünü
bir daha ortaya qoymuş oldu. Beləliklə, biz bu və ya digər
əsərləri yalnız bədii əsər kimi oxumasaq,
onun nə qədər böyük amallara xidmət etdiyini, nə
qədər misilsiz ideyalar daşıdığını
görə bilərik. XIX əsr maarifçilik ədəbiyyatı
bu baxımdan Azərbaycan ədəbiyyatının ən
çox araşdırılmalı və üzərində
dayanmalı olduğu bir ədəbi
yaradıcılıqları özündə ehtiva edir. Onu da
qeyd edək ki, bu dövrdə bütün vasitələrdən
istifadə etməklə xalqı milli oyanışa səsləyən
və onu cəhalət girdabından qurtarmaq istəyən
söz sənəti istəyinə qarşıdakı illərdə
nail ola bilir. Nəticədə, XX əsrin əvvəllərində
Azərbaycan milli müstəqilliyini əldə etdi. Elə
bir müstəqillik ki, Müsəlman Şərqində ilk
demokratik, dünyəvi dövlət modelidir, hüququn
üstünlüyü bu dövlətdə əsasdır.
Qadınlara ilk dəfə səs vermək hüququ
tanınmışdır. Bütün bu qazancların
kökündə söz sənəti olan ədəbiyyatın
və onun XIX yüzillikdə yaratdığı maarifçi ədəbiyyatın
rolu böyük və danılmazdı.
XIX əsr ədəbiyyatından, onun
yaratdığı maarifçilik hərəkatından deyəcəklərimizi
bitirməmişik. Bu dövrə qədəm qoyarkan, onun
qonağı olarkən böyük maarifçi xadim Mirzə
Fətəli Axundzadənin üzərindən keçmək
doğru olmazdı. Bu dəfə onun "Aldanmış kəvakib"
əsərinə nəzər salacağıq. Biz bu əsəri
hələ kəşf edilməmiş mücəvhər,
yerin altında qalmış və üzə
çıxmağı gözləyən böyük xəzinə
hesab edirik.
ALDANMIŞ DÜŞÜNCƏLƏR TABLOSU
Povest həcmcə hekayədən böyük, romandan
isə kiçik olan epik janrdır. Dünyada bu janrın ən
mükəmməl nümunələri içərisində
Ernest Heminqueyin "Qoca və dəniz"i, Qabriel Qarsiya
Markesin "Polkovnikə məktub yoxdur"u və Çingiz
Aytmatovun "Dəniz kənarı ilə qaçan alabaş"ı
xüsusi yer tutur. Bu üç povesti mütaliə etmiş
birisi kimi onu əminliklə deyə bilərəm ki, ədəbiyyatımızın
bu janrda yazılmış ilk nümunəsi
"Aldanmış kəvakib" özündə ehtiva etdiyi
məqamları ilə bu üç povestdən daha
güclü ədəbi nümunədir. Bunu bir azərbaycanlı
kimi yox, ədəbiyyatsevər və çoxlu mütaliə
edən birisi olaraq söyləmək istərdim...
Xalq (cəmiyyət), hətta kütlə böyük
qüvvədir. Ona görə də xalqa (cəmiyyətə),
hətta kütləyə rəğmən hər hansı bir
uğurlu addım atmaq mümkün deyil. Başqa bir deyişlə,
inkişaf etmiş bir cəmiyyət qurmaq, ədaləti bərqərar
etmək və insanların qanunlara, demokratik dəyərlərə
tabe şəkildə yaşayışını təmin etmək
üçün, ilk növbədə, onların
düşüncə tərzini, həyata
baxışını da dəyişmək və həyata
keçirilən dəyişikliklərə
uyğunlaşdırmaq lazımdır. Böyük ədəbi
xadim Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib"
povestinin ideyasında sadə oxucu üçün gizli qalan tərəf
də məhz bu söylədiklərimi ehtiva edir... Deyirlər,
insanın üç gözü var. Bunlardan ikisi bizim
bildiyimiz gözlərdir ki, insanlar onların vasitəsiylə
zahiri nəsnələri görmək və müşahidə
etmək imkanına malikdirlər. Bir də iki gözün bir
az yuxarısında, alnın tən ortasında bir göz də
var ki, ona bəsirət gözü deyirlər və o göz
görünmədiyi kimi, həm də görünməyənləri
görməkdən ötrüdür. Mükəmməl ədəbi
əsərlərdə də belə bir hal-qəziyyə
mövcuddur ki, bu sıraya daxil olan bədii nümunələrdə
iki ideya əks olunur və onlardan biri zahiri şəkildə
işlənir, digəri də bəsirət gözü ilə
görülə bilən, ağlın gücü ilə dərk
edilən ideya hesab olunur...
1857-ci ildə qələmə alınan
"Aldanmış kəvakib" povestinin bəsirət
(ağıl) gözü ilə görülə bilən
ideyasından danışmazdan əvvəl, onun zahirdə
işlənən mövzusu və oxucuya çatdırılan
ideyasına da toxunmaq yerinə düşər. Əsərdə
Səfəvi hökmdarı Şah Abbasın hakimiyyəti illərində
baş verən hadisələr və onun ortaya
çıxardığı nəticələr əks olunur.
Belə ki, ölkəni zalımlıqla və
yarıtmazlıqla idarə edən Şah Abbasın
yarıtmaz fəaliyyəti nəticəsində xalqın
var-yoxu talanıb, hər yer xarabalığa çevrilib.
Yüksək miqdardakı vergilər, günbəgün artan
zülm, haqsızlıq və ədalətsizlik insanlara
olmazın çiləsini çəkdirir. Xalq gələcəkdən
ümidini kəsib. Şah Abbas kimi onun əyan-əşrəfi
də zalım və işbilməzdirlər. Şahın vəziri,
sərdarı (ordu başçısı), xəzinədarı,
mollabaşısı (dövlətin din işləri üzrə
cavabdeh şəxsi) yarıtmazdırlar. Onlar yarıtmaz
olduqları kimi, daxildə bir-birləri ilə çəkişmə
içərisindədirlər... Yazıçı bu çəkişməni
təsvir etməklə həm də onu göstərir ki,
dövlətin inkişafı, əhalinin rifah halının
yüksəldilməsi üçün vəzifədaşların
bir-birləri ilə qarşılıqlı əlaqə
içində fəaliyyət göstərmələri
vacibdir... Şah Abbasın və əyan-əşrəfinin bu
zülmü və yarıtmaz fəaliyyətləri xalqı
narahat etmir. Sadəcə üç-beş nəfər
şah və digər idarəçilərin
zalımlıqlarına və ədalətsizliklərinə
qarşı öz etirazlarını bildirir. Əsərin
davamında Yusuf Sərrac adlı ədalətli,
xalqını sevən bir insan hakimiyyətə gəlir.
Ölkəni ədalətlə və qanunun
üstünlüyü prinspi ilə idarə etməyə
başlayan Yusif şah insanların xoşbəxt və firavan
yaşayışı üçün bir-birinin ardınca
islahatlar həyata keçirir. O, ilk növbədə, nadan və
yaltaq məmurları saraydan uzaqlaşdırır, dövlət
üçün lazımsız olan mənsəbləri ləğv
edir, vilayət hakimlərinə xalqa ədalətli
davranmağı tapşırır. Ölkədə xalqın
mənafeyinə uyğun vergi sisteminin tətbiq edilməsi,
şəhər və kəndlərin, yolların
abadlaşdırılması, eləcə də susuz yerlər
su çəkilməsi, məktəblərin, xəstəxanaların
tikilməsi və sair də Yusif şahın islahatlarına
daxil olan məsələlərdən idi. Amma xalq bu islahatlara
hazır deyildi. Şah Abbasın qəddarlığına adət
etmiş avam xalq, Yusif şahın bu mütərəqqi
addımlarını dərk etməkdən uzaqdı. Bu anda
bizim "bəsirət gözü ilə görmək
mümkündür" dediyimiz ikinci (zahirdə görünməyən)
süjet xətti ortaya çıxır. Deməli, mütərəqqi
ideyaları həyata keçirmək üçün, cəmiyyətin
inkişafına nail olmaqdan ötəri xalqın da, kütlənin
də buna hazır olması vacibdir. Xalq yüksək
uzaqgörənliyi ilə onun üçün xeyirli olanı
dərk etməlidir. Gələcəyini, müqəddəratını
özü təyin etmək qabiliyyətində
olmalıdır. Bunun üçünsə o, gərək hər
şeyin, prosesləri dərk etmək iqtidarında olsun. Belə
olan halda xalq əsl qurtuluşa vara bilər. Əgər xalq
aldanarsa, aldanmış düşüncəsi də ona mane
olacaq, gələcəyini qaranlığa doğru istiqamətləndirəcək...
Beləliklə, böyük bir maarifçi şəxsiyyət
kimi Axundzadə "Aldanmış kəvakib" əsərində
bu ideyanı bizə çatdırmışdı: Xalq islahata
hazır olmalıdır. Xalq hazır olduqdan sonra nələrəsə
qadir olmaq mümkündür. Bütün bu dediklərimizə
bəsirət (ağıl) gözü ilə baxdıqda,
yazılanları bir-bir ələkdən keçirdikdə
görə bilirik... Ədəbiyyat nə qədər
böyük vasitə və mexanizmdir. Həyatı, onun
enişini, yoxuşunu bizə ondan daha yaxşı anladan nə
var?! Ədəbi əsərlər bizə bu kimi sirli, sehrli mətləblərdən
xəbər verir. Söz sənətini oxuduqca, kim, bilir, onun
daha hansı möcüzələri ilə qarşılaşacağıq...
Beləliklə, Mirzə Fətəli Axundzadə
"dünyasından" ayrılıb tarix boyu bizə haqq-ədalət
yolunda bələdçilik edən, yaxşını, pisi bizə
anladan aşıq yaradıcılığı
dünyasına üz tuturuq.
HƏYAT AYNASI, DOĞRULUQ BƏLƏDÇİSİ
Biz bəzən yanılaraq keçmişi bu
günün nöqteyi-nəzəri ilə, hazırkı
şəraiti əsas götürərək qiymətləndiririk.
Bu, tamamilə yanlış olan yanaşma tərzidir.
Çünki hər bir hadisəni, prosesi öz tarixi şəraiti
və mövcud olduğu zamanla birlikdə qiymətləndirmək
doğru və ədalətli olar. Bu yanaşma tərzi ədəbiyyatla
da bilavasitə bağlıdır. Şair və
yazıçıların, hər hansı bir ədəbi
istiqamətin qiymətləndirilməsi zamanı da bu
qanunauyğunluğa riayət etmək yaxşı olar...
Düşünün ki, internetin olmadığı bir zamanda
yaşayırsınız, bir neçə saniyə içərisində
istənilən məlumatı əldə etməkdən məhrumsunuz.
Bundan başqa, telefon, televizor da mövcud deyil. Yəni bu
gün məlumat, informasiya əldə etdiyimiz əsas vasitələrin
olmadığı bir zaman kəsimində ömür
sürürsünüz. Məktəblər də, təhsil
müəssisələri də indiki kimi hər yerdə
yoxdur. Qəzetlər nəşr olunmur, minlərlə nüsxəli
ədəbiyyatların olduğu kitabxanalara rast gəlinmir (tək-tük
istisnaları çıxmaq şərti ilə). Əhalinin
çox az faizi təhsil ala bilir. Onda belə bir sual doğur
insan beynində: Bəs insanların digər kəsimləri
necə olacaq?! Onlar bilik və bacarığı,
dünyanın yaxşı və pis tərəflərini,
xeyir və şəri necə öyrənəcəklər?!.
Başqa bir yoldan davam edək. Əsl elm, əslində, bu
gün bizim öyrəndiyimiz elm deyil, əsl elm həyatı
öyrədəndir, bizə yaxşı və pisi anladandır.
"Biz nə üçün yaşayırıq?!",
"Yaşamaq amalımız və məqsədimiz nədən
ibarət olmalıdır?!" kimi suallar da elmin əsas obyekti
olmalı deyilmi?!Buna görə də gərək ədəbiyyatın
ən böyük qollarından olan və bizə qeyd etdiyimiz
sualların cavabını anladan aşıq
yaradıcılığından da ətraflı
danışaq.
(Ardı var)
Anar QASIMOV
Naxçıvan
525-ci qəzet .- 2024.-3 avqust.(¹137).- S.23.