Müasir və Orta əsrlərdəki Yaponiya  

 

 

(Əvvəli ötən sayımızda)

 

Şoqun isə Yaponiyada həyatda əldə edilən ən yüksək rütbə hesab olunurdu. Şoqun Ali Hərbi Diktator demək idi. Yalnız bir daymyo həmin vaxt bu titula sahib ola bilərdi. Və yalnız İmperial Əlahəzrəti - hakimiyyətdə olan İmperator, Göyün İlahi Oğlu öz imperial ailəsi ilə Kioto şəhərində təcrid olunmuş qaydada yaşamaqla yanaşı, bu titulu verə bilərdi.

Şoqun təyin olunma mütləq hakimiyyətə yiyələnməyə aparıb çıxarırdı. İmperatorun möhürü və mandatı ilə Şoqun onun adından idarə edirdi. Bütün hakimiyyət imperatordan gəlirdi, çünki o, mənşəyini birbaşa Allahlardan götürürdü. Bununla yanaşı, Şoquna müxalif olan hər bir daymyo avtomatik qaydada taxt-taca qarşı qiyamda iştirak etmiş kimi qiymətləndirilirdi. Və elə həmin vaxt o, sürgün edilir və onun torpaqları müsadirə edilirdi.

Hökmranlıq edən İmperatora ilahi qüvvə kimi sitayiş edilirdi, çünki o, öz mənşəyini Günəş İlahəsi Amaterasu Omikamidən qırılmayan xətt əsasında götürürdü, İzanaqi və İzanami adlı Allahların uşaqlarından biri idi. Onlar Yaponiya adalarını göy qübbəsindən əmələ gətirmişdilər. İlahi hüquqa görə hökmranlıq edən İmperator bütün torpaqların sahibi idi və ona heç bir şəkkə yol vermədən itaət edirdilər. Lakin praktiki olaraq altı əsr ərzində, 1867-1868-ci illər inqilabına qədər real hakimiyyət taxt-tacdan kənarda qalmaqla, şoqunlara məxsus idi. Ümumiyyətlə, hakimiyyət bu ölkədə yeganə vacib şey hesab olunurdu.

İmperator və bütövlükdə İmperial saray bütünlüklə təcrid olunmuş qaydada saxlanırdı, Kiotodakı divarlarla əhatə olunmuş kiçik ərazidə yerləşən, bağlı olan saraylarda yaşayırdı. Onların ömrünün çoxu ehtiyac içərisində keçirdi və fəaliyyətləri isə yalnız Yaponiyanın daimi animistik dini olan Şintonun davam edən rituallarını seyr etməklə məhdudlaşırdı. Əqli əyləncələrə gəldikdə onlar kalliqrafiya ilə, rəsm çəkməklə, fəlsəfə və poeziya ilə məşğul olurdular. Bəzi imperatorlar isə öz imzalarını ərzaq almağa dəyişirdilər, belə qəribə barter əməliyyatı aparmağa məhkum idilər. Çox vaxt hətta tac qoyulması mərasimi üçün də pul çatışmırdı. İmperator daha çox daymyoların yaratdığı şəxsə çevrilirdi. Axırıncılar o qədər qüdrətli idilər ki, Kiotonu da fiziki qaydada öz mənsubluqlarına keçirə bilərdilər. İmperatorlar Şoqunatın istəyi ilə evlənir, taxt-tacdan əl çəkir və ya taxt-taca yüksəlirdilər.

Beləliklə, Şoqun devrilənə qədər olduqca böyük qüdrətə sahib olurdu. Lakin onlar da təhlükəsiz həyat yaşamırdılar. Şoqun İkaua Yukkinsin aşpazlarını min gümüş parçası məbləğindəki rüşvətlə ələ alıb, onu zəhərləmişdilər.

Yaponlar tez-tez bədbəxtliklərlə üzləşməli olurdular, zəlzələlər böyük dağıntılarla və insan itkisi ilə müşayiət olunurdu. Axı Yaponiya zəlzələlərin bolluğu ilə seçilən Sakit okean sahillərini əhatə edən "Odlu dövrə"də yerləşirdi. Bu dövrlər vaxtaşırı bu xalqın üstünü alırdı, ən qorxulusu aclıq illərinin baş verməsi idi. Ərzaq çox qıt idi, demək olar ki, hamı əsgər idi. Banditlər bataqlıq ağcaqanadı kimi çox olmaqla əhaliyə əziyyət verirdi. Kəndlilərin imtiyazı isə balıq tutmaq, torpaq əkib-becərmək, məhsulu yığmaq və bir də vergi ödəmək idi. Bir kəndlinin böyük qızı altı yaşına çatanda gözəl olduğundan onu satmaq üçün əlverişli imkan yaranmışdı. Yaponlar üçün, ümumiyyətlə, həyatın heç bir dəyəri yox idi. Tarixi qanun belə idi. Oğlan uşağı on beş yaşına çatanda o, artıq yaşlı və varis hesab olunurdu.

Yaponiyaya ilk dəfə gələn yad adamların birinci vəzifəsi buradakı davranış qaydalarını öyrənmək idi. Ölkə əhalisi həmişə qaydalara əməl etməyə və nəzakətə çox yüksək qiymət verirdi. Etiketin böyük əhəmiyyət kəsb etdiyi bu ölkədə davranışda azacıq ehtiyatsızlıq təhqiramiz hərəkət kimi qəbul oluna bilərdi, bu isə öz növbəsində həyatı itirməyə də aparıb çıxarırdı. Onlar, ümumiyyətlə, barbarları nəzakət qaydalarından xəbəri olmayan, qeyri-adi adamlar kimi qəbul edirdilər, xristian dininin mənəvi prinsiplərini də bəyənmirdilər. İisus Xristin "Bir-birinizi sevin" çağırışına istehza edir, çünki bu normada adamlara borc və şərəf haqqında heç nə öyrədilmədiyini, yalnız sevginin təbliğ edildiyini vurğulayırdılar. Xristianların dini cərəyanlara görə bir-birilərinə düşmən kəsildiyindən təəccüblənsələr də, özlərindəki buddist sektaları da bir-biriylə düşmənçilik edirdilər.

Daymyo Yabu qardaşı oğlu Omiyə dənizçilərlə necə lazım bilirsə, elə davranmağa icazə verdikdən sonra ona həvalə etdi ki, onlardan faydalı bir şey öyrənə bilsə, məlumatı ona çatdırsın. Beləliklə, Bləksorn kənddə digər yoldaşlarından ayrı məskunlaşdırıldı. Onun müşahidə imkanları daha böyük idi, çünki ona kənddə sərbəst gəzməyə icazə vermişdilər. Samurayların özlərini necə apardığını gördükdən sonra belə qənaətə gəldi ki, xidmət onların borcudur, borc özü samuray deməkdir, Samuray - ölməzdir. Onu təəccübləndirən xüsusiyyətlərdən biri, burada heç bir zəncirin, qandalın və heç bir qulun olmaması idi. Qərblilər Şərqi nə qədər qəddar adamlar məskəni kimi qələmə verməyə çalışsalar da, tarixçilər sübut etmişlər ki, Şərq ölkələrində quldarlıq ötəri xarakter daşıyırdı, inkişaf etməmişdi, hətta iri imperiya olan Çinin özündə də çox az sayda qul var idi. Avropada isə quldarlıq qədim tarixə malik idi. XVII əsrdən başlayaraq isə qul ticarəti Afrika zəncilərinin Amerikaya və Karib adalarına daşınması hesabına yeni vüsət aldı, həmin biabırçı ticarət və quldarlıq praktikası Yeni Tarixin ən qara səhifələrindən biri hesab olunur.

Lakin adamlara qarşı haqsızlıq, zorakılıq bu ölkədə öz xüsusiyyətlərinə, öz standartlarına malik idi. Yaponiyada ən aşağı dərəcəli samuray belə, istənilən samuray olmayan adamı, kişi, qadın və uşaq olmasından asılı olmayaraq, öldürə bilərdi. Bu vaxt hansısa səbəb ola da, bu, olmaya da bilərdi. Bütövlükdə samuraylar hindlilər kimi kastalara bölünürdü. Samuray yüksəkdə dayanırdı, kəndlilər isə mühümlük iyerarxiyasında sonrakı pillədə idi. Yalnız kəndlilər torpağa sahib ola bilərdi. Lakin samuraylar istehsal edilən məhsulun hamısına sahib olurdu. Onlar düyünün bir hissəsini kəndlilərə geri qaytarırdılar. Yalnız samuraya əvvəllər icazə verilirdi ki, özü ilə ox gəzdirsin. Sonra onu əvəz edən qılınc samurayın ruhu, könlü idi, onu yaddan çıxarsa və ya itirsə o, heç vaxt bağışlanmazdı.

Yaponların qidalanması da avropalılarınkından tam fərqli idi. Onların hamısı çiy balıq, şirin sirkədə saxlanmış çiy tərəvəz yeyirdilər.

Yaponlar indi də dəniz məhsullarına başqa xalqlara nisbətən üstünlük verirlər. Dünyada yapon restoranlarında və öz adı altında yayılan xüsusi barlarda çox satılan suşi də belə qədim ənənəyə əsaslanır. Qiymətli okean balığı olan tunesin dünya üzrə ovunun bütün həcminin 80 faizini yaponlar istehlak edirlər. Müxtəlif qadağalara baxmayaraq, balina ətinə də həvəs bu ölkədə azalmır.

Buna görə onlar avropalılara həm də ət yemələrinə görə nifrət edirdilər. Düyü yaponların həyatında mühüm rol oynayırdı, əsas ərzaq idi. İlahə Amaterasu öz nəvəsini göndərmişdi ki, yaşıl düyü tarlaları olan ölkəni idarə etsin. Düyü bu adamlara yeyilmək üçün qida, yatmaq üçün tatami (həsir), ayağa geyinmək üçün səndəl, yağışdan və soyuqdan qorunmaq üçün paltar verirdi. Küləşdən düzəldilən dam yaponların evlərini isti saxlayırdı, düyü həm də yazmaqdan ötəri olan kağız istehsalı üçün xammal verirdi. Onlar düyüsüz mövcud ola bilməzdilər.

Həmin dövrdə Yaponiya çox əhalisi olan ölkə hesab edilə bilərdi. Bütün İngiltərədə bu vaxt üç milyondan artıq adam yaşamadığı halda, burada 12 milyon adam var idi. Kyuşyu adasında isə əhalinin sayı 3-4 milyona çatırdı. Çində isə o vaxtkı bütün dünyada olduğundan daha çox əhali yaşayırdı.

Bləksornun bəxti onda gətirmişdi ki, tayfun vaxtı ölümdən xilas etdiyi ispan dənizçisi Rodriges və Osakada dustaqxanada olarkən məhbus avropalı rahib yerli xalq barədə çox şeylər danışmış, onu bəzi məsələlər barədə agah etmişdilər. İspan şturmanı ona demişdi ki, yaponların altı sifəti və üç ürəyi vardır. Əlbəttə, ispan da yaponları eyni qaydada təqlid edərək əvəzində onlara yuxandan aşağı baxdığına görə bu qənaətə gəlmişdi. Öz fikrini izah etmək üçün əlavə etmişdi ki, belə deyirlər ki, onlar bütün dünyanın görməsindən ötəri ağızlarındakı saxta ürəyə, tam xüsusi dostlarına və ailələrinə göstərmək üçün döş qəfəslərindəki digər bir ürəyə və həm də özlərindən başqa heç kəsə məlum olmayan, gizləndiyi yeri yalnız Allahın bildiyi, real, həqiqi və gizli bir ürəyə malikdirlər. Bununla yanaşı, xəbərdar edirdi ki, yaponlarla sən kral kimi hərəkət etməlisən. Öz ləyaqətinin qayğısına qalmayanları onlar heç adam hesab etmirlər. Onların səsi isə intonasiyanı və daxili mənanı biruzə verən fövqəltəbii bir güzgüdür. Yaponların dilində "1" səsi yoxdur.

Həmin il iki böyük daymyo - Toranaqa və İşido şoqunluğa yüksəlmək uğrunda bir-biriylə kəskin mübarizə aparır, amansız düşmənçilik edirdilər. İşidonun təsiri yanğın kimi yayılırdı. Toranaqa isə Makiavelli kimi ağıllı, hun sərkərdəsi Attila kimi rəhmsiz idi. O, düşmənlərini və dostlarını yaxşı tanıyırdı. Əvvəlki ağalarına xəyanət etməklə, cəbhədən cəbhəyə keçməklə şoqunluğun kandarına gəlib çıxmışdı. İşido isə güman edirdi ki, öz düşmənlərini hökmən əzəcəkdir. Qəti qələbə çalmaq üçün yalnız bircə vacib həmlə qalırdı, ölkənin səkkiz əyalətinə nəzarət edən Toranaqa yeganə maneə idi. Ona görə də iki düşmən Osakada görüşdükdə İşido özünü nəzakətdən kənar apardıqda, onu vurmaq üçün irəli yeriyən mühafizəçi samurayı ev sahibi Toranaqa ona aid olmayan söhbətə qulaq asdığına görə cəzalandırmağı qərara aldı: "Bu adam səhvən samuray kimi doğulmuşdur. Onun adına son qoyulmalıdır". Ən yaxın silahdaşının kürəkəni olan bu samuraya seppuku etməyə icazə verildi və onun körpə oğlu da cəzanın bir hissəsi kimi öldürüldü.

Yaponlara görə, həyat yalnız şehcik daxilindəki şehcikdir. Axı şeh günəş çıxan kimi yoxa çıxır. Bu xalqa məxsus olan əxlaq qaydalarından birində deyilirdi ki, "Yaddan çıxarma ki, tale və talesizlik göydən və təbii qanundan asılıdır. Onları dua etməklə və ya istənilən adamın və ya özünəməxsus müqəddəsin düşüncəsindən yaranan hiyləgər icadla satın almaq mümkün deyildir". Hind sözü olan "karma" yaponlar tərəfindən özününküləşdirilmişdi. Buddizm fəlsəfəsinin bir hissəsi olmaqla o şəxsin bu həyatdakı taleyini müəyyən edir, bu sarsılmaz bir qaydada fiksasiya edilirdi, çünki insanın əməlləri əvvəlki həyatda baş vermişdi, yaxşı əməllər bu həyat plastına ən yaxşı mövqe kimi verilmiş, bəd əməllər isə əks qaydada keçmişdi. Yalnız bu həyatın əməlləri tam şəkildə sonra gələn yeni doğulmaya verilir. Şəxs o vaxta qədər bu dünyada göz yaşları içərisində doğulacaqdır ki, dözməklə, əzab çəkməklə və çox sayda həyat zamanlarından öyrənməklə o, axırda kamil insana çevriləcəkdir, Nirvanaya, Həqiqi Dinclik Yerinə gedəcəkdir və beləliklə heç vaxt bir daha yenidən doğulmanın əzabını çəkməyəcəkdir. Həyat, doğrudan da, nə qədər gözəl və nə qədər kədərlidir. Altı əsr ərzində bu səltənət həm də daim davam edən vətəndaş müharibələri ilə rəhmsizləşmişdi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.-3 avqust.(№137).- S.22.