Yaxşı qurtardıq

 "Ötənlərdən-keçənlərdən"

 Hekayə

 

...Demə, ömrün elə çağları var imiş ki, ötənlər-keçənlər az qala dünən olubmuş kimi yada düşür... Yada düşdükcə də gah qımışırsan, dodağın qaçır, gah da gözlərin nəmlənir...

Nə yaxşı ki, hər yada düşdükcə hələ də əhval-ruhiyyəni yüksəldə-yüksəldə ötən günləri xatırladan belə "olaylar" çoxdur.

 

Bu da onlardan biri...

lll

 

Allahverdi lap çoxdanın sürücüsüdür, həm də yaxşı sürücü... Ötən əsrin bir kəsiyində "işimiz, xidmətimiz"lə bağlı neçə illər o kişi ilə daimi ünsiyyətdə olmuşuq. Yəni o zamanlar Allahverdinin idarə elədiyi "UAZ" markalı yığcam yük maşını əsla, hansısa başqa yük-filan yox, yalnız sərnişin daşıyardı, həm də çox hörmətli kişiləri, sayılıb-seçilən adamları. Qonşu kənddən olan bu həmyerlimiz məsul işçilərin qulluğundaydı, müdir sürücüsü idi. Etiraf edim ki, xidmətdən kənar, şəxsi işlərimdə də nə zaman ehtiyacım olsaydı, üz tutub bir qulluq desəydim, nə müdirləri, nə də elə Allahverdinin özü mənə "yox" deməz, hara getmək istəsəm, əlbəəl ünvana o idarə etdiyi maşınında aparıb-gətirər, ərinib eləməz, sidq-ürəklə əziyyətimizi çəkərdi. Beləcə həmin vaxtlar Allahverdi kabinəsində özündən başqa tək bircə sərnişin yeri olan o "qurzavoy" "UAZ"ı ilə, oturub-durduğum, yoldaşlıq etdiyim müdirləri ilə yanaşı, mənə də indiki "Mersedes", "BMV" dəyərində VİP xidmət göstərib.

lll

 

"UAZ" maşınından söhbət düşmüşkən, yadıma gələn bir əhvalatı da danışım. Ucqar əyalətin, özündən də ucqar kollektiv təsərrüfatlarından birinə mövsumi məhsulların tədarükü, biçin-yığım işlərinə nəzarət etmək üçün göndərilmişdim. Səhər erkən evdən çıxır, bir də şər qarışanda, kəndin o gününün iş hesabatına yekun vurulub haqq-hesab çəkiləndən sonra evə dönürdüm. Getdiyim, görülən işlərə məsul olduğum o təsərrüfatda da elə Allahverdinin idarə etdiyi maşının eynisi olan, ancaq göy rəngli (Allahverdinin maşınının kabinəsi fil sümüyü rəngindəydi) bir "UAZ" maşını sədrin, təsərrüfat böyüyünün xidmətindəydi. Və mən də gün ərzində bir ayağım yerdə, bir ayağım da o "UAZ"ın təkadamlıq kabinəsində (mən sərnişin yerində, sədr də sürücü ilə mənim aramda, motorun üstündə), gah Arandakı biçin yerinə, gah Leylandakı ot tayalanan yerə, gah da "sosialist əmlakını" xəlvəti talayıb dağıdanların ardınca Teşkandan başlayıb ta Yelligədiyəcən qaçaqaçda-qovhaqovda olurduq. Dincəlməyə-filana vaxt, macal olmurdu. Bircə "evinə vaxtı" - yəni günorta ya bir ağac kölgəsində, ya da "zərbəçi" zəhmət adamları üçün qurulmuş talvarda oturur, "barxanamızı" açıb ortaya qoyur, "kasıbın olanından" naharımızı edirdik. Günlərin birində, nə qədər təkid etsəm də, sədr daha maşının kabinəsində, ortada, motorun üstündə oturmadı, hara getsək, yük yerinə qalxıb maşının bortundan yapışaraq elə ayaq üstəcə durdu. Əlbəttə, sədrə ehtiram nöqteyi-nəzərindən bu, düzgün deyildi, ancaq mənim də başqa, elə bir imkanım yox idi. Yük yerinə qaxa bilməzdim, bu, yerinə yetirdiyim görəvə və təmsil etdiyim quruma həqarət kimi yozulardı. Həə, yerimi sədrə verib özüm motorun üstündə otura bilərdim, ancaq dediyim kimi, buna da bu böyük təsərrüfatın ağsaqqal başçısı razı olmurdu, "Sən fəxrimizsən" - deyib kabinənin qapısını açır, məni yarızor-yarıxoş içəri itələyir, özü isə yük yerinə qalxırdı.

 

Sədrin bu hərəkətinə görə çox düşünüb-daşınıb axırda bu qənaətə gəldim ki, bu kişi işgüzar, ayıq-sayıq adamdır. Maşının kabinəsində oturmayıb yük yerinə qalxır ki, ətrafda olub-bitəni, göz görəsi nə varsa, daha aydın görsün, heç nə diqqətindən yayınmasın, nəzərindən qaçmasın. Beləcə, bir müddət ötüb keçəndən sonra hətta, sədrin bu təqdirəlayiq "nəzarət" üsulunu nümunə göstərib təşviq etməyə də başladım. Əsl məsələ də elə bu zaman açılıb ortalığa çıxdı. Bu elin-günün içində məgər cidanı çuvalda saxlamaqmı olardı... Deyilib-danışılanlardan belə bəlli oldu ki, sən demə, sədr araya salıb, arxayın vaxtlarında, çox böyük əziyyətlə ərsəyə gələn, ağır zəhmətlə yığılıb toplanan məhsulun "yerbəyer" edilməsinə bizlərdən gizli, əlavə də "qayğı" göstərirmiş. Günlərin birində isə ferma müdirinin, dişləri daim qan qoxulu olan, köpəyi zəncirdən qurtulub tullanır sədrin üstünə. Başını qorumağın hayına qalan sədr üzü üstə yerə yıxılır, arxası düşür itin ağzına, ta ki ferma müdiri gəlib özünü yetirənəcən, köpək o arada sədrin yanının şirin yerindən bir parça qoparıb elə şalvarqarışıq çeynəyə-çeynəyə qaçıb uzaqlaşır...İndi də sədr bu halı ilə kabinədə, qızmar motorun üstündə otura bilməməyi səbəbindən yük yerinə qalxırmış...

 

lll

 

Qayıdıram sözün əvvəlinə: Allahverdinin o maşınına sonuncu dəfə minməyim lap indiki kimi yadımdadır. Kənddən rayon mərkəzinə gedirdik. Sors kəndindən keçərkən yarıyolda, düz Sabir həkimin evinin yanında bu usta sürücünün maşını birdən guruldayıb xırpdan dayandı. Maşından endik, Allahverdi "UAZ"ın bir orasına baxdı, bir burasını qurdaladı və başını bulayıb:

 - Mostu dağılıb - dedi, - ilişib qaldıq burada.

Mən də heç üzümü bozardıb: - Ay Allahverdi, axı bu maşınların iki mostu olur, bir qabaq, bir də arxa. İndi biri dağılıb, onu ayır, o birisi ilə çıxıb gedək, - demədim, qəti hay-küy salmadım, duyuq düşsəm də, işin əslini açıb-ağartmadım.

Ancaq orası da var ki, Allahverdi indi mənim də daha onun yanında dayanıb maşının düzəlməsini gözləməyimi rəva bilmədi, qıymadı mənə, sağollaşıb ayrıldıq. Yaxşı ki, maşınımız dost həyətinin yaxınlığında "xarab" olmuşdu, yoxsa, yəqin ki, mənzil başınacan yoluma tək-tənha, payi-piyada davam edəcəkdim. Ancaq bəxtim gətirmişdi, Sabir həkim evdəymiş, indilərdə işə gedəcəkmiş. Elə onun miniyi ilə də yoluma davam elədim...

lll

 

Allahverdi hələ də kənddə yaşayır, ata ocağını tərk eləməyib, şəhərə-filana köçüb getməyib. Yəqin ki, bundan sonra, bu yaşda daha elə bir fikrə düşməz. Yenə də sürücüdü, "UAZ"ını sürür. Ancaq indi sürdüyü "UAZ" "qurzavoy" deyil. Həm də bu maşını çoxdan özəldir, özününküdür. Deməli, kişi indi elə özü özünün müdiri, "xozeyinidi". Eşitmişəm, ora-bura adam daşıyır, yəni sərnişinlərə xidmət göstərir. Marşrutu da özü seçib: Şirinqum - Masallı bazarı. Hərəkət qrafiki isə gündəlikdir. Lerikin Dırıq Elindən çıxıb Yardımlının Ponıyim mahalından ötür, neçə dağdan qalxıb neçə dərədən, ya yal-yamacdan enərək, Viləş çayını iki dəfə keçəndən sonra, yetmiş verstlik bu yolu qət edib Masallı bazarına çatır. Dostumuz bu ağır dağ yolunu, dediyim kimi, hər gün, bəzən də gündə bir neçə dəfə gedib-gəlir, qarlı qışda da, çiskinli-dumanlı yazda da, tozlu-torpaqlı yayda da, hələ payızı heç demirəm...

 

lll

 

Burasını da eşitmişəm ki, sərnişin sayı, elə özü də daxil, vur-tut beş nəfər olan maşınına, vəziyyətə müvafiq, bəzən on nəfər də mindirdiyi vaxtlarda olur. Yük yeri də ki, öz qaydasında, həmişə dolu. Kişi daha neynəsin, dostu-tanışı, qonum-qonşunu, fəqir-füqəranı yolda qoyub gedəsi deyil ki...

Mövcud yol hərəkəti qaydalarını, qanunu pozub özünü, eləcə də sərnişinlərinin həyatını təhlükəyə atsa da, comərdliyinə görə, zənnimcə, Allahverdinin bu hərəkətinə göz yummaq olar.

 

 lll

 

...Yaxın vaxtların söhbətidir, ağlına, eləcə də dilinə heç yalan gəlməyən qardaşım mənə Allahverdidən birmaraqlı əhvalat danışdı.

...Günlərin bir günü Allahverdi yenə yollarda, Masallı bazarı ilə Şirinqumun arasında sərnişin dolu maşını ilə hərəkətdəymiş. Qəribləri ötəndən sonra Yardımlıya doğru İstisu istiranət mərkəzinə ayrılan yoldan gah yoqquşa qalxan, gah da enişə aparan sərt döngələr başlayır. Hər gün bəzən bir neçə dəfə keçdiyi yola yaxşı bələd olan peşəkar sürücü sərrast və aram hərəkətlə sıldırım qayaların sinəsi ilə irəliləyir. Baxdığı mənzərələrdən qorxub üşənən sərnişinlərdən:

 - Qardaş, başına dönüm, ehtiyatlı ol, - deyən yaşlı qadına və sonra da elə həmin qadın kimi həyəcan keçirib qorxusunu dilinə gətirən, "əsas mənzil başına salamat çatmaqdı, ay bala, tələsmə, toxdaq sür", - deyə səslənən birisinə Allahverdi əmin-arxayın bir tövrlə: - Əşi, mən bu yolları gözübağlı sürüb keçərəm, ürəyinizi buz kimi saxlayın, qorxmayın - deyib, ayağını əyləcin üstə saxlayır. Halbuki sərnişinləri gənclər olanda Allahverdi fağır "UAZ"ı mələdir, az qala əyləcin harada olduğunu unudur, ayağı ancaq sürət pedalında qalırdı.

 

lll

 

Allahverdi o gün evə çox yorğun dönübmüş. Gəlimli gün olub, məlum marşrut üzrə iki reys eləyən Allahverdinin sərnişinləri də əli babat, cibləri "yuxarı" adamlardan düşdüyündən kisəsi aşqarrı imiş.

Həmişə olduğu kimi uşaqların anası kişini: - Harda qaldın, ay Allahverdi, gəlib çıxsana? - deyə qayğı və nəvazişlə qarşılayır, lap elə əziz-xələfi kimi əzizləyib oxşaya-oxşaya əlinə-ayağına ilıq su tökdü, tərtəmiz məhrəba ilə qurulayandan sonra birbaşa süfrə arxasında oturdur. Yorğun sürücü qardaşı elə ağzında tikə, süfrə başında yuxu basır. Özünü birtəhər taxta çarpayıya çatdırıb yatağına uzanır. Ev əhli də - kəndin, həm də dağ kəndinin bərəkətinə qurban, nə oğul qıtlığı var, nə də qız övladının kəmliyi, bir ağır külfət, otaq dolusu, - hərə bir tərəfdə başını qoyub mışıl-mışıl yuxuya gedir.

Yol yorğunu, şirin-şirin yatan Allahverdi gecənin bir aləmində röyasında görür ki, şəhərin "Mersedes", kəndin imkanlısının "Niva", "Cip" əvəzi öz qoca "UAZ"ı ilə, ailə üzvləri də maşında, Şirinqumdan yola çıxıb, Göyəmlini ötüb Bilnədən Vərgədüzə tərəf enir. Əhvalı çağ, əli sükanda, ayağı qazda, uşaqlarla deyib gülə-gülə Masallıya sarı yol gedir. Beləcə Vərgədüzü də ötüb Çibinniyin başına çatanda üzü enişə birdən-birə maşın, Həmənnili Mərdinin boynu giv görməyən dəli öküzləri kimi, yerindən götürülür. Allahverdi döngələrin birini birtəhər, o birini isə iki təkər üstə "Allah! Allah!" deyə-deyə keçir, maşını yanı üstə aşmaqdan birtəhər qurtarmağa çalışır. Azqala doxsan dərəcəli enişdə sərnişin dolu maşınla üzü aşağı uçmaqdadı. Allahverdi ha əyləci sıxır, olmur, əyləc tutmur. Bir də, bir də. Nə qədər güc vurur, xeyri olmur, maşın öz şütüməyindədi. Allahverdi: "- Özüm cəhənnəm, uşaqlar yazıq olar maşın çevrilsə! Ya Allah, səndən mədəd!" - deyib bu dəfə öz yəqinində əyləcə necə güc vurursa, bir də onda ayılır ki, tirtap sərilib otağın ortasına. Sən demə, yuxuda güc vurduğu əyləc-filan yox, taxta çarpayının ayaq tərəfdəki sütunu imiş. Zərblə necə güc vurubsa, çarpayının dabanı yerindən qopub, döşəkqarışıq Allahverdi də üstündə, aşıb düşüb otağın ortasına.

Səsə, gurultuya hövlnak yataqdan qalxan ev əhli, evin xanımı qarışıq, ilk anlarda zəlzələ olduğunu zənn ediblər: - Haydı, canınızı qurtarın, həyətə qaçın, - deyə bir-birini haylayıblar.

Allahverdi isə handan-hana özünə gəlib düşdüyü yerdən başını qaldıraraq, oğul-uşağa səslənib: - Haray salıb qonum-qonşunu bura yığmayın, yaxşı qurtardıq, ay bala, Allaha şükür edin, - deyir...

 

lll

 

Mənə gəlincə isə, görünür, fəhmim bir elə ayıq-sayıq deyilmiş ki, neçə il oturub-durduğum, uzun yollar getdiyim bu adamın sonralar altdan-altdan üzə çıxacaq belə hallarından zamanında xəbərsiz olmuşam...

 

10 dekabr 2022-ci il

 

Novruz NƏCƏFOĞLU

525-ci qəzet .- 2024.-3 avqust.(№137).- S.21.