Memar Sinanın "şah əsəri"  

 I yazı

 

 

Ötən gün təsirindən hələ də çıxa bilmədiyim möhtəşəm abidədən saldım yolumu. Açığı, sadəcə Sultan Süleymanın türbəsini ziyarət etmək idi məqsədim, ancaq qarşımda ucalan mənzərəni görəndə, az qalsın, heyrətdən kiçicik dilimi udum. Həndəvərindən dəfələrlə keçib, bura üz tutmamaq sözün əsl mənasında günahdır. Süleymaniyə məscidindən bəhs edirəm. Əzəmətli, əsrarəngiz, sirlərlə dolu Süleymaniyədən...

Möhtəşəm yüz il

Qanuni Sultan Süleymanın hökmdarlığı dönəmində, "Möhtəşəm yüz il" olaraq tarixə keçən, dövrə əzəmətli əsərləri ilə damğa vuran şəxslərdən biri də Memar Sinan olub.

Məsələn, "Şah əsərim" dediyi Süleymaniyə məscidində memarlığın elə incəliklərindən istifadə edib ki, bu günün özündə də onun texnikasını öyrənə bilmirlər. Məscidin inşasına Sultan Süleymanın əmri ilə 1550-ci ildə başlanır və Osmanlı imperatorluğunun yüksəliş dönəmində inşası başa çatır.

Bir yuxunun izi ilə...

Hekayəsi də maraqlıdır. Rəvayətə görə, Qanuni Sultan Süleyman bir gecə yuxusunda Məhəmməd peyğəmbəri görür. Hər ikisi, Haliç və Boğaza baxan təpədə dururlar. Peyğəmbərimiz Sultana dayandıqları nöqtədə məscid tikilməsindən bəhs edir və mehrabı ilə minbərinin yerini tərif edir. Ertəsi gün Qanuni, Memar Sinanı çağırtdırır, onu yuxusunda gördüyü təpəyə aparır və yuxusunu danışarkən, Sinan: "Sultanım, mehrabı bu tərəfdə, minbəri o tərəfdə olsun" deyir sakit səslə. Sultan çaşıb qalır və Sinan əlavə edir, "Dünən gecəki mübarək ziyarətinizdə iki addım arxanızda idim". İnsanların bilmədikləri şeylər haqqında uydurma etdiklərinin hər dövr üçün keçərli olduğunu da bu rəvayətin sayəsində bir daha anlamış olduq. Bəzən şöhrət naminə, ya da sırf ibadət etmək üçün məscid inşa edilə bilər. Nəysə, işin fəlsəfi tərəfini qoyaq bir kənara, qayıdaq bu möhtəşəm abidənin inşa prosesinə

Dəvəquşu yumurtasının sirri

Memar Sinan, Süleymaniyə Məscidində verilən xütbənin eşidilməyi üçün, akustik sistem üzərində xırdalığına qədər işləyir. Səsin bir nöqtədən çıxaraq məscidin hər tərəfinə eyni anda yayılmağı üçün əlindən gələni edir. Təbii ki, bu, həmin dönəm üçün çox çətin idi. Ancaq zəka yenə öz sözünü demişdi. Belə ki, memar məscidə Anadoluda istifadə edilən 65 turşu küpü gətirdir, içi boş və ağızları aşağı vəziyyətdə ana qübbənin ətrafındakı divarlara yerləşdirir. Küplərin aralarını da yumurtanın ağı ilə sıvayır. Məsciddə rəngli naxışlı və üstündə incə işləmələrin olduğu dəvə quşu yumurtaları da mövcuddur. Dəvəquşu yumurtasının hörmçəkləri və həşəratları narahat etdiyini öyrənən Sinan, kandildən olan çılçıraqların arasına dəvəquşu yumurtaları yerləşdirir. Çünki dəvəquşu yumurtası quru və havalı yerdə saxlanıldığı zaman suyu çəkilir, çürüyür və insanların hiss etmədiyi qoxu yayır, bu zaman həşəratlar həmin yerdən uzaqlaşır və yaranacaq torun da qarşısı alınır. Sultan Süleyman, Məscidin inşası ərəfəsində, Afrikada onlarla dəvəquşu yumurtası gətirtmişdi. Qeyd edim ki, sadəcə dəvəquşu deyil, bir çox quşun yumurtasından istifadə edilib bu memarlıq abidəsində.

Dedi-qodu girdabı

Yenə rəvayətə görə, Memar Sinan akustikanı testdən keçirmək üçün məsciddə qəlyan çəkir. Bunu bilənlər dedi-qodu yayır, memara qara yaxmaq məqsədi ilə Sultan Süleymana şikayət edirlər. Sultan hirslə məscidə gəlir, görür ki, həqiqətən də qarşısında qəlyan var, Sinandan bunun səbəbini soruşur. Memar deyir ki, "Sultanım, bunun içrəsində tənbəki yoxdur, sadəcə su var. Bunu içimə çəkdiyim zaman qaynayan suyun səsinin qübbədə necə çıxdığını və məscidin hər nöqtəsinə eyni tonda yayılıb yayılmadığını yoxlayıram".

İndi də ora-bura xəbər ötürənlər var, sorğusuz-sualsız infaz qurbanı olanlar var, görünən odur ki, insan xisləti belə gəlib, belə də gedəcək. Bu, ümidsizlik deyil, idrak etməkdir, fərqində olmaq, başa düşmək, dərk etməkdir. Həqiqət budur ki, hər şey dəyişir, bircə insan xislətindən başqa.

Yaxşı, ətrafdakılar bununla kifayətləndilərmi? Əlbəttə, yox! Memar Sinan, məscidin təməli qazıldıqdan sonra bir neçə il, vaxtaşırı torpağa külüng vurdurdu və gözlədi. Bu vaxt başqa bir dedi-qodu ayaq açıb yeriməyə başladı. Guya, memar işi başından eləmək üçün belə bir addım atırmış. Halbuki bu, səbəbsiz deyildi. Memar külüng vurdurmaqla təməlin sərtləşməsini və oturmasını gözləyirdi. Abidə buna görə əsrlərə meydan oxumağı bacarır. Bilməməyin evi yıxılsın, bilməmək belə biabırçılıqdır. İnsanı vəzir də edir, rəzil də. Bu gün üçün daha çox "vəzir" edir. Fikir verin sosial şəbəkədə "parıldayanlara", bilmədikləri üçün qazanırlar, bilmədikləri üçün tanınırlar. Bilənə çox da əhəmiyyət verən yoxdur.

Yeri gəlmişkən, Memar Sinan məsciddə özünə iş otağı qurmuşdu. Demək olar ki, vaxtının çoxunu burada keçirirdi.

Yeni kəşflər

İnşa edildiyi dönəmdə elektrik olmadığı üçün məscid 275 ədəd kandil və bunlara əlavə olaraq mehrabın iki yanına yerləşdirilən böyük şamlarla işıqlandırılırdı. Ancaq bir məqamdan sonra memar gördü ki, yanan şamlardan çıxan his məscidə zərər verəcək. Bunun qarşısını almaq üçün orta qapının üstündə otaq tikdirir. Kandillərdən çıxan his, meydana gələn hava kütləsi ilə birlikdə hərəkət edərək həmin otağın çölə açılan dörd kiçik pəncərəsindən his otağına dolur. Bu vaxt Sinanın ağlına yeni bir ideya gəlir və otağa dolan hisdən mürəkkəb əldə edir. Dönəmin bütün fərmanları həmin mürəkkəblə yazılır. Bu mürəkəbin sirri vardı, yazı yazıldıqdan sonra kağıza hər hansı bir maye maddə tökülsə də, yazılar silinmirdi. Buna görə də, bütün sənədlərdə Sinanın kəşfi olan bu mürəkkəbdən istifadə edilirdi.

His otağından məscidin içinə açılan iki mənfəz üçün isə Memar Sinan incə bir detal düşünür. Elə edir ki, mənfəzlərin birindən baxanda məscidin içindəki Allah yazısı olan lövhə, digərində isə Məhəmməd görülürdü.

Əslində, Sultanəhməd məscidini çox əzəmətli bilirdim, ancaq Süleymaniyə də ondan geri qalmır.

Məscidin hündürlüyü 53 metrdir. Mərkəz qübbəsini 27 metrə yaxın olan dörd ədəd fil ayağı daşıyır. Otuz tonluq bu sütunlar dörd xəlifəni; Əbubkir, Ömər, Osman və Əlini təmsil edir. Məsciddəki qranit sütunlardan birinin topqapı sarayından, birinin Fatih Qızdaşından, birinin İskəndəriyədən, digərinin də Lübnanın Baalbək şəhərindən gətirildiyi deyilir. Osmanlı dönəmində, bu kürsülərin olduğu yerlərdən elim adamlarının xalqa təfsir, islam hüququ, hədis, təsəvvüf dərsləri verdikləri söylənir.

Təhmasib Şahın rişxəndi, Sultan Süleymanın cavab "atəşi"

Abidənin solundakı kiçik ölçüdə olan "Cəvahir Minarəsi" yerləşir. Övliya Çələbinin yazdığına görə, əsrlər əvvəl maliyə sıxıntısı ucbatından məscidin inşasının uzandığını fikirləşən Təhmasib Şah, Qanuniyə almaz və qiymətli cəvahirlər göndərir. Sultan Süleyman onu özündən çıxardan bu hədiyyələri baş memara verir, məscidin hər daşının bu daşlardan daha qiymətli olduğunu söyləyir. Sinan da bu daşları inşa etdiyi məscid minarəsinin daşlarının içinə yerləşdirir. Minarənin içində həmin dəyərli daşlar olduğuna görə, bura "Cəvahir Minarəsi" adlandırılır.

Ayələr, surələr, diyarlar

Məscidin içərisi dizayn edilərkən, "Qurani Kərimdən" bəzi ayətlər, xəttat yazıları ilə divarlara nəqş edilir. Onlardan biri məscidin əsas qübbəsində yerləşən Nur surəsinin 35-ci ayəsidir. Mehrabın üstündə "Əli İmran" surəsinin 37-ci ayəsindən bir hissə var.

Məsciddə istifadə edilən materiallar fərqli diyarlardan gətirilib. Ağ mərmərlər Mərmərə Adasından, yaşıl mərmərlər Ərəbistandan, daşlar İstanbul və Yalovadan, fosil İstanbuldan, sement və əhəng İznik və Bursadan, qurğuşun Belqraddan...

Qanuni şifrələri

Bu möhtəşəm əsərin memarlığında maraqlı detallar var. Dörd minarənin olması Qanuninin İstanbulun fəthindən sonrakı dördüncü padşah olduğu mesajını verir. Minarələrdən ikisi üç balkonludur, 76 metr yüksəkliyindədir. Digər ikisi isə iki balkonludur və 56 metr yüksəkliyindədir. Ümumilikdə, minarələrdəki on balkon sayı, Qanuninin Osmanlı yaranandan bəri onuncu padşah olduğuna işarət edir.

Dünyanın ən böyük memarlarından sayılan və günümüzdə bir çox əsəri ilə heyranlıq oyandırmağa davam edən Memar Sinan, bu əsəri Qanuni Sultan Süleymanın hökm sürdüyü dövrdə - 7 il içində tamamlayır.

Köləlikdən dahiliyə...

Xristian ailənin övladı olaraq doğulan Sinan, Süleymanın atası Yavuz Sultan Səlimin dönəmində, kiçik yaşlarında Kayseridən alınıb İstanbula gətirilir, Əcəmi Oğlanlar Ocağına təslim edilir. Bu ocaqda sənətkarlıq öyrənir və memarlığa yönəlir. Çaldıran savaşına, Misir, Belqrad Rodos səfərlərinə qatılır. Moxaç savaşında oxçu başı elan edilir. Həyatının qızıl çağı isə Süleyman dönəmində Boğdan Səfəri ərəfəsində sadəcə 13 gün içində körpü qurmağı ilə başlayır. Prut çayı üzərində qurduğu bu körpü ilə ordunun qarşı tərəfə keçməsinə müvəffəq olan Sinan bu işlə dahiliyini isbat edir. Daha sonra gördüyü işlərlə də çəkisini ortaya qoyur.

 

Türkan TURAN

525-ci qəzet .- 2024.-3 avqust.(№137).- S.20.