"Vicdanlı, savadlı, əxlaqlı həkim olmaq insanı mənən çox yorur"

Uzman dr. İkram Rüstəmov: "Bir insanın həyatına toxunub ona fayda verməyin zövqünü heç bir maddiyyat qarşılaya bilməz"

 

Bəşəriyyətin yaranması, başlanğıc nöqtəsi haradan başlayır sualının hələ də tam cavabı yoxdur. Məlum olan eradan əvvəl və ondan sonrakı tarixin, keçid xarakterli ictimai formasiyaların mövcudluğu və bəşəriyyət adlandırdığımız bu kainatın insan övladını yetişdirməsi, püxtələşdirməsi, Tanrı tərəfindən ona verilən zəka sayəsində artıq bəşəriyyəti istədiyi kimi idarə etməsidir. Yəni bəşəriyyət təkamül prosesi yaşaya-yaşaya özünün bugünkü durumuna qədər inkişaf edib. Təkamül isə elmi dildə: "Bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik" adlanır. Lakin bu irsi xarakteristikanın daşıyıcısı olan insan bir fərd olaraq eyni xətt üzərindən yürüsə də, təkamül onun varlığının hər nöqtəsində, həyatının bütün dönəmlərində özünü göstərib. Bir məsələyə, bir hadisəyə müxtəlif baxış bucağı, fərqli yanaşma tərzi, bir-birinə zidd münasibət insan xarakterinin özünəməxsusluğunun göstəricisidir. Bunların sırasında sarsıntı deyə bir hal da var ki, onun insan ruhuna sirayəti ömrün arzuolunmaz acı bir səhifəsidir. Tibbi terminologiyada psixiatriya adını daşıyan bu sahəyə əksəriyyətimiz təşvişlə yanaşırıq. İnkişaf etmiş müasir dövrün özündə belə. Nə yazıq ki, bu sahənin posientləri uşaqlar olanda həssaslığımız daha artıq olur. Və artıq: "Günün müsahibi kimdir" sualına qismən cavab tapan oxucularımıza şənbə qonağımızı təqdim edək. Müsahibimiz tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, "Nəfəs" Psixonevroloji Sağlamlıq Mərkəzinin təsisçisi, uşaq və yeniyetmə psixiatrı, uzman dr. İkram Rüstəmovdur.

- Ömür öz axarı ilə keçsə də, dünya elə narahatdır...

- Həyata pozitiv baxmağı bacaran biriyəm. Nəzərə alsaq ki, ömür fanidir, ölümə heç bir çarə yoxdur və həyatın yükü, ağırlığı da heç vaxt bitmir, eləcə də dünyanın dərdinin sonu yoxdur, bu baxımdan müsbət düşünməyə köklənmək lazımdır. Yəni optimistəm.

- O zaman bu pozitiv və optimist insanı tanıyaq...

- Laçında doğulmuşam, 7-ci sinfi orada bitirmək üzrə ikən məlum səbəblər ucbatından Bakıya köçməli olduq. 132 saylı məktəbi bitirdim və üz tutdum Türkiyəyə. İstanbul Universitetinin Cerrahpaşa Tibb fakültəsinə daxil oldum. Bitirəndən sonra eyni xəstəxanada Uşaq-yeniyetmə psixiatriyası, Yetişim psixiatriyası və Uşaq nevrologiyası üzrə daha beş il uzmanlıq təhsili aldım, bir il işlədim və qayıtdım Vətənə. Gələndən bəri uşaq-yeniyetmə, yetkin psixiatriyası sahəsində çalışmağa başladım. Son illər ancaq uşaq və yeniyetmələrlə işləyirəm. Azərbaycana gələndən təqribən 40 min insanın həyatına həkim müdaxiləsi etmişəm. Mən yaşda bir həkim üçün bu statistika ciddi bir göstəricidir. Hə, bir Amerika hekayəmiz də var. Bir qrant layihəsi üzrə 2014-cü ildə Azərbaycan və Orta Asiya bölgəsi üzrə regional koordinator kimi fəaliyyətim oldu. Harvard Universitetinin Tibb fakültəsində və Boston Uşaq Xəstəxanasında elmi işçi kimi bir müddət çalışdım. Etiraf edim ki, oralarda fəaliyyət göstərmək kimi şansım dəfələrlə olsa da, bunu istəmədim. Sadəcə olaraq sevmədim oranı. Bunu dəfələrlə demişəm, mənim Laçında bitməyən, yarımçıq qalan bir uşaqlığım qalıb və onu öz yurdumda yaşayıb başa vurmaq kimi bir hissin təsirini həmişə hiss edirəm.

- Seçiminiz ağ xalat geyinmək oldu...

- Əslində öz seçimim deyildi. Lakin geri boylananda görürəm ki, başqa bir ixtisası heç düşünməmişdim də. Həyatımın bir məqamına toxunum. Övladları olmadığı üçün məni bibim və yoldaşı böyüdüb. Və atam bildiyim o insan rayonun baş həkimi olub. Çox mötəbər, alicənab olan bu insan dizini yerə vurub bir çobanın süfrəsinin başında otura biləcək qədər təvazökar şəxsiyyət idi. 8 yaşımda ikən o, dünyasını dəyişsə də, kiçik yaşlarımdan mənim şüuruma elə bir fikir ötürülmüşdü ki, bu uşaq həkim olacaq. Oldum və buna heç də peşman deyiləm. Bu gün belə, uşaq hafizəmdə qalan o insanın adı ilə məclislərdə iştirak edirəm. Mən bu sahədə gözlədiyimdən daha artığına müvəffəq oldum. Təbii ki, bu, bir qismətdir. Lakin həkimlik duyğusal insanı yoran bir sahədir, xüsəsən bizim ölkədə. Bunu o mənada deyirəm ki, vicdanlı, savadlı, əxlaqlı həkim olmaq insanı mənən çox yorur. Bir qədər duyğusal olduğum üçün qənaətim belədir.

- Deyirlər ki, həkimlik cəsarət tələb edən bir peşədir...

- Həkimlik iki şey tələb edir. Birincisi zəkadır ki, bu sahəyə üz tutanların əksəriyyəti buna sahib olur. Çünki dünyanın hər yerində tibbə daxil olmaq çətindir. İkincisi, çalışqanlıq. Bura mən üçüncü olaraq dünyagörüşünü də əlavə edərdim. Çox savadlı və çalışqan həkimlər var ki, dünyagörüşünün zəifliyindən pasiyentlə söhbət qurarkən əziyyət çəkir. Bu baxımdan bizim sahə digərlərindən fərqlənir. Bir misal çəkim sizə. Bir kardioloqun və ya bir cərrahın fizika, bir ədəbi əsər bilməyinə o qədər də ehtiyac olmaya bilər. Amma biz insanın təfəkkürü, duyğusu ilə işləyirik. Yəni mənim müəyyən qədər hər bir sahədən az da olsa məlumatlı olmağım gərəkdir. Mən hazırda uşaqlarla işləyirəm. Bu gün uşaqların telefonda oynadıqları oyunlarla maraqlanıram, onları öyrənməyə çalışıram. Valideynin güclə yanıma gətirdiyi uşaq mənə candərdi cavab verəndə, bir-iki uşaq oyunun adını çəkən kimi sevincək olur ki, heç demə, mənim dilimdə danışan həkim də var. Yəni sadaladığım bu üç cəhət həkim üçün çox önəmlidir.

- Ağ xalatı özünüz seçməsəniz də, psixiatr olmaq öz istəyiniz olub...

- Tibbə gələnlərin 90 faizi cərrah olacağam deyir. Mən də o istəklə gəlmişdim. Ya travmatoloq, ya beyin, ya da ürək-damar cərrahı olacaqdım. Tibbin incəliklərinə vardıqca beyinlə işləmək mənə daha maraqlı gəldi. Bu maraq nevrologiya və psixiatriyaya meylimi artırdı. İxtisas seçimində uşaq psixiatriyasının xəyalını çox da qurmamışdım. Türkiyədə xarici vətəndaşlar üçün klinik sahədə az yer açılır. İmtahana girdiyim zaman işləmək istədiyim xəstəxanada iki təməl ixtisası açıldı ki, onun biri uşaq psixiatriyası idi. İmtahandan təxminən üç ay əvvəl isə bir uşaq psixiatrı ilə tanış oldum və çox təsirləndim. Maraqlandım, araşdırdım, bu ixtisası seçdim və 20 ildə heç də peşmançılıq yaşamadım. Azərbaycanda bu sahə üzrə xaricdə oxuyub gələn ilk mən oldum.

- Psixiatr...

- Psixiatr psixi pozuntularla işləyən mütəxəssis deməkdir. Bizim insanlar psixi pozuntu deyəndə, sadəcə ruhi xəstəliyi başa düşürlər. Bəli, bu xəstəlik də var. Lakin bizim sahədə söhbət yalnız ruhi xəstəlikdən getmir. Nevroz deyiləndə düşünürlər ki, nevropotoloqa müraciət etmək lazımdır. Lakin nevroz və nevrotik deyilən xəstəliklər daha çox psixi pozuntulardır. Depressiya, təşviş pozuntuları, səbəbi bilinməyən ağrılar, gərginlik, stress altda yatan psixi pozuntulara bağlıdır. Adi hörümçəkdən, liftə minməkdən qorxmaq belə, psixi pozuntudur. Aparılan tədqiqatlar göstərir ki, istənilən klinikaya müraciət edənlərin xəstəliyinin 60 faizi psixi pozuntu səbəbindəndir. Lakin tək bizdə deyil, inkişaf etmiş bütün ölkələrdə psixiatriyanın bir damğası var ki, bu tamam yanlış düşüncə və yanlış baxışdır. Orta əsrlərdə kilsə qanunlarının hökm sürdüyü dövrlərdə psixi pozuntusu olanları odda yandırır, zəncirləyib içində cin olduğu kimi ehtimallar irəli sürürdülər. Lakin bir müqayisə deyim, bunu tələbələrimə də söyləyirəm. XVIII əsrin sonunda indi inkişaf etmiş Fransada Pinel psixi xəstələri zəncirdən azad edəndə, istər Osmanlı imperiyasında, istər Səfəvilərdə, Şərq dünyasında belə xəstələri güllü-çiçəkli məkanlarda həzin musiqisi sədası altında, su ilə müalicə edirdilər. Bir məqamı xüsusi vurğulamaq istərdim ki, dövr dəyişsə də, bu xəstəliyə yanaşma dəyişməyib.

- Yəqin ki, uşaq psixiatrı bir qədər fərqlidir...

- Hər bir sahə özünəməxsus və fərqlidir. Bizim sahədə müayinə həkimin özü, həkimin savadı, həkimin təcrübəsidir. Biz çox vaxt pasiyentə toxunmuruq. Ümumi psixiatrik müayinədə daha çox müəyyən məsafədən xəstənin davranışı, göz təması, ünsiyyəti, nitqi, təfəkkürü, emosiyası kimi hallara baxarıq. Daha bir fərq ondadır ki, bizim sahəni digər sahələrin həkimləri bilmir. Ona görə ki, psixiatriyada fərqliliklər və dinamika çox dəyişir deyə, onu standartlaşdırmaq çox zaman mümkün deyil. Məsələn, şizofreniya ümumi xəstəlikdir. Siz yüz belə xəstə görə bilərsiz, lakin onu da görəcəksiniz ki, onlar heç də bir-birinə bənzəmir. Uşaq psixiatriyasının spesifikliyi ondadır ki, biz çox özəl uşaqlarla işləyirik. Bəzən inkişaf pozuntuları ön planda gəlir. Belə uşaqların valideynlərinin də həssaslığı çox olur. Bir cümlə qurarkən, vəziyyəti izah edərkən o qədər diqqətli olmaq lazım gəlir ki, kimsənin qəlbinə dəyməyək. Düzdür, buna bəzən riayət etmək olmur. Lakin ən azından bir qədər təcrübə ilə, bir qədər düşünərək belə halları minimuma endirməyə çalışırıq.

- Yəqin ki, uşaqlarda müəyyən yaş həddində psixoloji pozuntu özünü biruzə verir...

- Bu hal uşaq doğulandan özünü göstərə bilir.

- Lakin valideyn bunu o zaman bilməyə bilər...

- Baxın, 5 aylıq uşaqdır. Bütün günü ağlayır, yemək yemir, iştahadan kəsilib, yediyini qusur. Valideyn müxtəlif pediatorları gəzdirib. Uşaqda heç nə aşkarlanmayıb. Burda psixi pozuntuya nəsə bir səbəb ola bilər. Dərindən araşdıranda görürsən ki, ya anasını itirib, ya ananın doğuşdan sonra depressiyası yaranıb. Sadə bir nümunə gətirdim. Uşaq hansı yaşda olursa olsun, pediatrik cəhətdən səbəbi bilinməyən bir durum varsa, bir psixi pozuntu ilə bu durumun əlaqə ehtimalı var.

- Deməli, uşaq böyüdükcə psixi pozğunluğu özü ilə daşıyır...

- Siz psixi pozuntunu ümumiləşdirməyin. Yüzlərlə psixi pozuntu var və bunların hamısı eyni deyil. Fərz edək ki, 12 yaşa qədər uşaqda hər şey normal olub. Lakin uşaq birdən depressiyaya düşür. Bu, artıq psixi pozuntudur. Müalicə olunur və bir daha belə hal baş vermir. Əgər söhbət xroniki bir xəstəlikdən gedirsə, burda vəziyyət tamam başqadır. Götürək bu gün ən məşhur olan autizmi. Uşağın həm autistik spektor pozuntusu var, həm də inkişaf ləngiməsi. Belə uşağın tamam sağalma ehtimalı çox azdır. Amma uşağın intelekti çox güclüdürsə və yalnız autizmi varsa, bax, onların tamam sağalma ehtimalı çoxdur. Ona görə əvvəldə qeyd etdim ki, hər psixi pozuntu eyni deyil.

- Həkim valideynə uşağın xəstəliyinin əlacı yoxdur demək məcburiyyətində qalanda...

- Ümumiyyətlə, xəstəliyi gizlətmək, onun nəticəsini bildirməmək kimi bir yanaşmanı mən qəbul etmirəm. Bəzən valideyni üzməmək üçün belə hallara yol verirlər, lakin bu, etik bir yanaşma deyil. Buna humanizm də deyənlər var. Mənim nəzərimdə bu, eqoizmdir.

- Bir insan həyatını xilas etmək...

- Bir insanın həyatına toxunub ona fayda verməyin zövqünü heç bir maddiyyat, heç bir mükafat qarşılaya bilməz. Olub ki, illərlə əziyyət çəkdiyim pasiyent sağalıb, uşaq kimi ağlamışam. Neçə-neçə valideynə demişəm ki, artıq sağollaşmaq vaxtı gəlib çatdı. Əslində insan bunu özündən bilməməlidir. Bəzi həkimlər düşünür ki, xəstənin müalicəsini və şəfasını özü edib. Bu, böyük bir yanlışlıqdır. Hər zaman pasiyentlərimə də bu fikrimi deyirəm ki, şəfanı verən Allahdır. Bizim vəzifəmiz o anda, o yerdə o dərmanı yazmaqdır və ya o əməliyyatı etməkdir. Müalicənin nəticəsinə biz qarışa bilmirik axı. Belə bir deyim var: "Yaxşı həkimi, yaxşı dərmanı pulnan almaq olar, lakin sağlamlığı pul ilə ala bilməzsən". Çünki onu verən yalnız Allahdır.

- Söhbətimizə başlayanda ilk dediyiniz bu oldu: "Laçında doğulmuşam". Bir az da Laçından danışaq...

- Dediyim kimi, Laçın mənim yarımçıq qalan uşaqlığımdır. O dövrdə baş verən hadisələri biz yaş qrupunda olanlar daha travmatik yaşadı. Böyüklər bəlli bir müddət orada yaşamışdı. Torpağın tamını-duzunu dadmışdılar, ləzzətini görmüşdülər, uşaqlar da kiçik olduğundan olanları o qədər dərk etmirdilər. Biz üzü gəncliyə doğru gedənlər həyatımızın bahar vaxtında belə bir travmanı yaşadıq. Qaşqın-köçkün həyatını ən çox bizlər hiss etdik. Bizim qanımızın qaynar vaxtı idi. Dağa-daşa çıxmalıydıq, atdan yıxılmalıydıq, bir-birimizlə deyib-gülməli idik, yeri düşəndə dalaşmalı idik. Amma biz nə etdik? Qaşqın düşüb şivəmizə lağ edənlə dalaşdıq, rayon məktəbindən ayrılıb şəhərin mərkəzində oxumalı olduq və daha nələr, nələr... Çox şükür ki, bütün bu çətinlikləri adlaya bildik, yaxşı dostlar qazandıq, tək biz yox, bütün ölkə o qarışıq dövrdən sıyrılıb çıxa bildi. Ümumiyyətlə, mən dövlətimə, Vətənimin gələcəyinə həmişə inananlardan olmuşam və bunda yanılmadığımın şahidiyəm. Mən torpaqlarımızın işğaldan azad edilməsini, Laçının geri qayıtmasını görən bir insanam. Keçmiş elə olduğu yerdə də qaldı, ora qayıtmaq, hər şeyi qaldığı yerdən davam etmək mümkün deyil. Bilmirəm, bəlkə rastınıza çıxıb görmüsünüz, Qaçqınkom belə bir paylaşımı etmişdi: İki şəkildir, birində dağılmış, viran edilmiş şəhərdə köhnə çarpayının üstündə iki uşaq oturub. O birisində yeni, çiçəklənən Laçın təsvir olunub və orada iki uşaq var. Yəni uşaqlığımız qayıtmadı, lakin uşaqlarımız qayıtdılar. Buna çox sevinirəm. Laçın azad olunandan bir il sonra ora getdim. Mənə o qədər küskün, o qədər qəmgin göründü ki... Gördüklərimdən çox sıxıldım, evimizdən də təbii ki, heç nə qalmamışdı. İndi isə işıqlar içində parlayan Laçını tanımaq belə, olmur. Şərəf və ləyaqətimizi qanı, canı bahasına bizə qaytaran şəhidlərimizə Allahdan daima rəhmət diləyirəm. Vətəni belə sevən oğullarla qürrələnməyə dəyər.

 

Tamilla M-ZADƏ

525-ci qəzet .- 2024.-3 avqust.(№137).- S.18;19.