MİLLƏTİN
ORKESTRƏ DÖNƏ BİLDİYİ BƏXTİYAR
ÇAĞLAR
Bu, bir ilk idi. Yalnız Güney Azərbaycanda deyil,
bütövlükdə İranda o günəcən filarmoniya
olmamışdı. Yalnız bir sənət
ocağının yox, əslində böyük ənənənin
təməli qoyulurdu.
Və tale də elə gətirdi ki, ayrı-ayrı
vaxtlarda milli tariximizin əlamətdar səhifələrindən
olan bu yolbaşlamada müstəsna xidmətləri olan
insanların bilavasitə özü ilə, obiri yandan da həmin
günlərin canlı şahidləri ilə dönə-dönə
söhbətlərim oldu. Bəzilərinin də
yazıları, gündəlikləri qaibanə həmsöhbətimə
çevrilərək məni o musiqiylə, sevinclə,
sabahlara sonsuz ümid və inamla daşan o əziz günlərə
apardı. Amma həm də ötən günləri
xatırladıqca təəssüflənirəm ki, niyə
vaxtında bu haqda Cahangir Cahangirova, Hacı Xanməmmədova
daha çox suallar verib daha çox cavablar almağa
çalışmamışam. 1970-ci illərin sonları,
1980-ci illərin əvvəllərində dövlət
radiosunda Cənub mövzusunda geniş danışmaq, mətbuatda
bu barədə həcmli yazılar dərc etmək məsləhət
deyildi. Cənub mövzusu qapalı deyildi, ancaq onu ürəyin
istəyəni axıracan sərbəst yazmaq, xüsusən də
bu barədə radioda, televiziyada təfərrüatlı
danışmaq qədər də açıq saymaq
olmazdı. Güneylə bağlı həsrətli şeirlər
də yazılırdı, Araz da qarğanırdı, ancaq
Milli Hökumət dönəmi ilə bağlı bir məqalə
yazıb dərc etdirmək istəsəydin, sovet
senzurasının - Mətbuatda Dövlət Sirlərini
Mühafizə edən İdarənin qayçısı əlində
hazır idi. 41 il əvvəl Azərbaycan radiosunda gedən
"Axşam görüşləri" verilişində bəstəkar
Hacı Xanməmmədovla müsahibəmizin xeyli hissəsi elə
o qayçının güdazına gedərək artıq
efirə gedəsi verilişdən kəsilmişdi.
Təbriz Filarmoniyası söhbətisə yalnız
sırf musiqi məsələsi deyil, həm də həssas
siyasət hadisəsidir, millət quruculuğu ilə
birbaşa bağlı mətləbdir.
...Təbriz Filarmoniyası üçün Səttarxan
xiyabanındakı Firdovsi mədrəsəsini
ayırmışdılar. Əli Tudə
xatırlayırdı ki, bu mədrəsə bir tarixi bina idi.
Çox gözəl görünüşü vardı.
Ancaq qapını açıb içəri girincə
mütəəssir olmuşdu - hər şey
sınıq-salxaq, köhnəlmiş, uçuq-sökük.
Binanın çox ciddi təmirə ehtiyacı vardı. Ancaq
iş təmirlə bitən deyildi. Təmirdən sonra bu
binanın içərisini də doldurmaq lazımdı.
Filarmoniyada orkestr, rəqs ansamblı olmalı idi. Onlara
geyim-kecim, musiqi alətləri, digər ləvazimat
alınmalıydı.
Və bu cavan oğlan artıq düşüncələrində
bir neçə ay sonra xalqın qarşısına
çıxacaq filarmoniyanı qururdu.
Soraq-soraqla əvvəlcə Təbrizin adam yarıdan,
sözündə bütöv, yaxşı da iş bacaran
ustalarını axtarıb tapır. Onlarla təmirin nə
vaxta yekunlaşdırılması müddətini
danışır.
Qərara alınmışdı ki, filarmoniyanın 200
işçisi olsun. Ancaq əvvəlcə gərək
büdcəni Milli Məclis təsdiq edəydi ki, işə
adam götürə, məvacib verə biləydilər. Maarif
Nazirliyi nəzdində yaradılan filarmoniyanın hələ
kağızda adı vardı, əldə-ovucdasa vəsait
yerli-dibli yoxdu. Demişdilər ki, büdcə təsdiqlənənə
qədər zəruri işlərlə bağlı pul
lazım olanda maarif naziri Məhəmməd Biriya banka hər dəfə
məktub yazacaq, gedib hesabdan çıxaracaqsınız.
Yaxşı, bu dərdə müvəqqəti də olsa belə
çarə tapılmışdı, ancaq musiqi
baxımından da filarmoniya işləri təşkilinin elə
peşəkar tərəfləri vardı ki, onların həlli
bir şair və ictimai fəalın imkanları xaricində
idi. Bununla bağlı Əli Tudə
narahatlığını ifadə edəndə Maarif
Nazirliyində onu sakitləşdirirlər ki, nigaran
qalmayın, Bakıdan filarmoniyadan sizə kömək gələcək,
bura bir bəstəkar göndərəcəklər. Çox
keçmir, o bəstəkar da gəlib çıxır.
Bakıdan daha əvvəl gəlmiş bəstəkar Cahangir
Cahangirov artıq bir neçə aydı ki, Təbrizdə
idi, xeyli iş də görmüş, Milli orkestri qurmağa
başlamış, Mirmehdi Etimadın sözlərinə "Milli
sürud"u - Güney Azərbaycan himnini yazmış,
"Fədailər marşı"nı bəstələmişdi.
Ancaq onun digər işləri və tapşırıqları
çoxdu, filarmoniyaya köməkləri dolayısı ilə
dəyə bilərdi. Bakıdan bilavasitə filarmoniyaya
köməkçün göndərilən bəstəkarın
adını da Əli Tudəyə söyləmişdilər:
Hacı Xanməmmədov.
Qayğı bir deyildi, iki deyildi, bir işi başa
çatdırıb, digərinə başlamağa fürsət
yox idi - çatdıra bilməkçün paralel işləməli,
o qaçan işin ardınca ola-ola digər təcili işlərin
arxasınca düşməliydin. Tutalım, sabah təmir
bitdi, Milli Məclis büdcəni də təsdiq etdi,
işçiləri də yığdın, səhnəyə
çıxmaq məqamı da gəlib yetişdi. Bəs
oynayanlar, oxuyanlar, çalğıçılar əyinlərinə
nə geyəcəklər?
"Filarmoniyanın içərisini bəzəmək
üçün mebellər, xalçalar, payəndazlar, şəkillər,
stullar almalı idim. Lakin bütün bunlardan başqa
böyük zəhmət tələb edən bir çətinlik
vardı. Bu, səhnəyə çıxacaq xanəndələrin,
sazəndələrin, rəqqasələrin,
aşıqların, nəzarətçilərin, xidmətçilərin
geyəcəkləri paltarlar üçün parçalar
almaq, sonra da istənilən cür tikdirmək idi. Bu
paltarların əksəriyyəti milli Azərbaycan geyimləri
formasında tikilməli idi. Buna görə də qədim, zəngin,
əlvan mədəniyyətimizə dərindən bələd
olan ustad dərzilər tapmaq lazım idi. Fəqət belə
sənətkarları axtarıb tapmaq özü də
ayrıca bir müşküldü. Rəqs ansamblında
çıxış edəcək boylu-buxunlu oğlanlara, qəşəng
qızlara milli formada yumşaq çəkmələr,
başmaqlar, çustlar gərəkdi. Bunların
hazırlanmasını da hər ustaya tapşırmaq
olmazdı. İşi bilən, incəliklərdən həssaslıqla
baş çıxaran ustalar tapmaq lazımdı".
Hansı tərəfə dönsələr,
yolları bazardan keçməli idi. Verilən pulun hər
şahısına cavabdehdilər, bu, öz yerində, ancaq
yenicə qurulmuş Milli Hökumətin sadiq əsgərləri
olan bu gənclərin hamısı, o sıradan Əli Tudə
də onlara həvalə edilən hər bir işə vicdan məsələsi
kimi baxırdılar, çalışırdılar ki, hələ
xəzinəsində bütün ehtiyacları
qarşılayacaq miqdarda vəsait olmayan Milli Hökumətin
pulunu hədsiz qənaətlə xərcləsinlər. Amma
bazarın da öz sifəti vardı və o üzə
baxıb əslində cəmiyyəti görmək
mümkündü: "Ömrünü-gününü
bazarda keçirib dükanın ağ divarları arasında
saç-saqqal ağartmış, üzü üzlər
görmüş tacirlərlə danışıqlar aparmaq o
qədər də asan deyildi. Ticarətdə naşı olan
bir gənci bu ticarət ustaları bir şirin sözlə,
bir bardaq pitiylə, bir stəkan çayla aldada bilərdilər.
Biz isə xalqın halal pulu ilə xalqa layiq mal almalı idik.
Həm də çalışmalıydıq ki, bu
üstüörtülü bazarlardakı açıq
sövdalarda uduzmayaq".
Ancaq Milli Hökumətin təzəcə ayaq üstə
durduğu o günlərin bir ayrı çətinliyi də
vardı ki, birbaşa dükan-bazardan keçirdi. Yerli zənginlər
Tehran hakimiyyətinin buraxdığı, hələ Azərbaycanda
da dövriyyədə olan kağız pulları
yığışdırıb paytaxta
qaçmışdılar. Burada qalanlar da əvvəlki vəziyyətin
tezliklə bərpa olunacağı ümidi ilə əskinaslarını
gizlədir, çox üzə çıxarmamağa səy
edirmişlər. Digər narahatlıq da bunda idi ki, Güney Azərbaycanda
artıq milli pul buraxılsa da, tacirlərin bir qismi o əskinaslara
məhəl qoymaq istəmirmiş. Əksinə, artıq millətin
öz pulunun da olmasına fərəhlənən vətənpərvər
tacirlər də az deyilmiş: "Elə tacirlər də
vardı ki, dükana nə məqsədlə gəldiyimizi
bildikdə sevinirdilər. Bu adamlar gözəl
parçaları top-top qabağımıza töküb əmrə
müntəzir dayanırdılar. Seçdiyiniz
parçanı "Mübarəkdir!" deyə
ölçüb kənara qoyurdular, Milli Hökumətin
pullarını da təbəssümlə götürürdülər.
Sanki gözləri, qulaqları, barmaqları yalnız pula
öyrənmiş bu adamların hər şeyə laqeyd olan
ürəklərində milli mədəniyyətə hörmət
duyğuları baş qaldırırdı".
...1946-cı ilin ilk iyun günlərində filarmoniya
üçün ayrılmış binanın təmir işləri
yekunlaşmaq üzrə olanda Əli Tudəyə Təbrizdəki
Sovet Mədəniyyət Evindən zəng vurub xəbər
verirlər ki, bəs Bakıdan gələn bəstəkar
artıq buradadır, sizinlə görüşmək istəyir,
filarmoniyanın incəsənət işlərinə o, rəhbərlik
edəcək, görüşün, gələcək
planlarınızı müzakirə edin.
Əli Tudə tez yollanır Mədəniyyət Evi
sarı. Xatırlayırdı ki, "Gülüstan
bağı"na çatanda gül ləklərinin
arasında bir adamın gəzişdiyini gördüm, əyninə
üstündə ağ milləri olan mavi kostyum geyinmişdi,
arxaya daranmış dalğalı qara saçları
vardı. Şübhələnir
ki, yəqin, elə Hacı budur, yaxınlaşırlar bir-birlərinə,
köhnə tanışlartək qucaqlaşırlar. Dərhal
da başlayırlar filarmoniyanın açılış
proqramı ilə əlaqədar düşüncələrini
bölüşməyə.
İkisi də bu fikirdə yekdildi ki,
açılış gününə əks-sədası
bütün İrana yayılan konsert proqramı tərtib etməlidirlər.
Əli Tudə yada salırdı ki, İranın
dörd bir tərəfinə ismarış göndərmişdik,
qapı-qapı gəzib sənətkarlar axtarırdıq,
ancaq bir qədər sonra artıq müxtəlif yerlərdən
sənətkarlar özləri bizim ocağın
işığına axışırdılar. Tehrandan xanəndə
Sahib Ruhi (bu, sonraların məşhur Sahib
Şükürovudur), Ərdəbildən sazəndələr
Seyfi, Yəhya, İsmayıl, Ələkbər, Yədulla Təbrizə
gələrək filarmoniyada işləmək
arzularını söyləyirlər. Hələ fəaliyyətə
başlamamışdan camaat arasında Təbriz Filarmoniyasına
maraq çox böyük idi. Əli Tudə Təbriz
Filarmoniyasının rəsmi açılışından,
ilk konsertindən daha əvvəl baş vermiş bir hadisəni
də nağıl edirdi ki, 1946-cı ilin 12 iyununda səhər
filarmoniyada işə yenicə gəlibmiş, telefon səslənir,
dəstəyi qaldırır, Mərkəzi Komitədən zəng
vururmuşlar. Məsul işçi deyir ki, bu gün saat 2-də
Təbriz Darülfünununun Pişəvərinin də
iştirak edəcəyi təməlqoyma mərasimi
keçiriləcək, orada Milli Hökumətin sürudu səslənməlidir,
sizin də seçmə musiqiçilərlə həmin təntənədə
olmanız istənilir.
Əli Tudə yada salırdı ki, bir saat keçməmiş
orkestrin bütün heyətini toplaya bildik, məşq etməyə
başladılar; Təbriz Universitetinin bünövrəsinin
qoyulması xəbərini eşidən camaat həmin meydana
toplaşmışdı, iynə atsan, yerə düşməzdi,
Seyid Cəfər Pişəvəri çıxış etdi.
Söylədi ki, Təbriz Darülfünununun yaranması
İranın elmi, mədəni həyatında bir inqilab
olacaqdır. Vətənimizin sabahkı, coşqun tərəqqisini
yaradacaq gənclərimiz burada yetişəcək, burada təlim-tərbiyə
alacaqlar.
Böyük tərkibli filarmoniya orkestrinin orada - gələcək
universitetin tikiləcəyi məkanda ifa etdiyi "Milli
sürud", Seyid Cəfər Pişəvərinin alovlu nitqi
insanları cuşa gətirmişdi. Əli Tudə bunu riqqətlə
xatırlayırdı ki, filarmoniyanın
açılışı, ilk konsertimiz hələ sentyabrda
olacaqdı, fəqət həmin təntənəli gün əslində
orkestrin də, filarmoniyanın da xalqa ilk təqdimatı idi.
...İki əlamətdar hadisə ard-arda gəlirdi.
Sentyabr ayının 2-də filarmoniyanın rəsmi
açılışı olacaqdı, sentyabrın 3-də isə
Azərbaycan Demokratik Firqəsinin bir yaşı qeyd ediləcəkdi.
Filarmoniyanın açılış mərasiminə
hərtərəfli hazırlaşmışdılar.
Çalğıçılar, oxuyanlar, rəqsçilər
dönə-dönə məşq etmişdilər, səhnəyə
çıxıb insanları heyran qoymağa tam hazır idilər.
Amma təntənəyə təmtəraq artıran başqa tədbirlər
də görülmüşdü. Bayram astanasındakı sənət
ocağının qarşı divarları gendən
filarmoniyanın rəssamı Əsgər Zarepurun çəkdiyi
"gəl-gəl" deyən əlvan plakatlar və rəsmlərlə
bəzədilmişdi, məxsusi dəvətnamələr
hazırlanmış, Təbrizdəki xarici konsulluqlara, şəhərin
seçmə insanlarına göndərilmişdi. Həmin dəvətnamələr
sadəcə tədbirin adını, gününü,
saatını əks etdirmirdi, bu kiçicik vərəqçədə
mövqeyi, məramı, hədəfləri haqda da
yığcam bilgi vardı. Yəni o plakatları,
afişaları, rəsmləri seyr edənlər, bu dəvətnamələrə
baxanlar filarmoniyanın bu günlərdə Təbrizin,
Güney Azərbaycanın həyatına necə möhtəşəm
siyasət və mədəniyyət hadisəsi kimi gəldiyini aydınca təsəvvür
edə bilirdilər.
O həyəcanlı gün - 1946-cı il sentyabrın
2-də Təbriz Filarmoniyasının
açılışı ilə bağlı təfərrüatları
Əli Tudə qələmə alıb, ancaq bunları
oxumazdan onillər öncə həmin səhnələri
unudulmaz Hacı Xanməmmədovun mənə söylədikləriylə
şəxsən seyr etmiş kimi idim.
Tamaşaçılara proqram paylanmışdı.
Artıq hər kəs xəbərdar idi ki, hansı
ardıcıllıqla hansı musiqi əsərləri səslənəcək,
kimlər ifa edəcək. Ancaq proqramda yazılmamış bir
çıxış da vardı ki, bunu yalnız
filarmoniyanın müdiriyyəti, bir də natiq özü
bilirdi. Maarif idarəsinin rəisi Əsgər Dibayan mikrofon
qarşısına gələrək
tamaşaçıları salamladıqdan sonra Azərbaycan
Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri Pişəvərini
dəvət edir. Onun təsirli nitqindən sonra Hacı Xanməmmədov
keçir orkestrin qarşısına, zala təzim edir, dirijor
çubuğunu qaldırır və ilk olaraq hamını
ayağa qaldıran Azərbaycan milli himni səslənir.
Ön cərgədə əyləşənlərin əksəri
diplomatlar - Amerika Birləşmiş Ştatlarının,
Böyük Britaniyanın, Fransanın, İraqın,
Türkiyənin konsulları idi.
Heç dil dönərmi belə gözyaşardan
anları sadəcə filarmoniyanın
açılışı, təntənəli konsertin
başlanğıcı sayasan. Həmin dəqiqələrdə
yalınız o salondakılar deyil, bütün Azərbaycan
vacib və nadir tarixi hadisəyə
şahidlik edirdilər.
Himnin səslənişindən sonra musiqiçilər
səhnədə bir-birini əvəz etməyə
başlayır, hər ifa kəsilməyən uzun, gurultulu
alqışlarla qarşılanır. Aşıq Hüseyn
Cavan yanındakı aşıqlar dəstəsi ilə gəlir
səhnəyə. Onların oxuduğu bəndlər ruh
yüksəkliyi ilə daşan bu günə ayrı bir rəng,
başqa bir dad qatır.
Ardınca səhnəyə sinəsi sazlı
qızlar çıxır. Bunun özü də bir ayrı
möcüzə idi. Təbrizin səhnəsi haçan
qızları, qadınları görmüşdü ki!
Əli Tudə o qızları səhnəyə gətirməkçün
evlərə, ailələrə dəfələrlə
baş çəkdiklərini, dönə-dönə
ağız açdıqlarını, razılıq
almaqçün saatlarla dil tökdüklərini,
yalvardıqlarını da unutmamışdı.
Və indi min bir zəhmət bahasına
qazanılmış uğur göz qabağındaydı.
Güney Azərbaycanda - Təbrizdə Azərbaycan
qızı səhnədə idi, çalıb-oxuyurdu.
O film bir bayram töhfəsi kimi çəkilirdi ki,
1946-cı ilin 21 azərində, Milli Hökumətin birinci
ildönümünün tamamında göstərilsin. Ancaq
qismət olmadı, Milli Hökumət süqut etdi, acılar,
nisgillər, ölüm-itim, didərginlik, həbslər,
sürgünlər gəldi. Törədilən faciələrin
ürək dağlayan məşum səhnələri də əlavə
edildi və Güney Azərbaycanın ömründəki
sevinclərlə başlanıb matəmlə bitən bir ilin
tarixçəsini əks etdirən "Arazın o
tayında" kinoşəkli yarandı. Həmin filmi seyr edənlər,
söz yox ki, oxuyan, rəqs edən gözəl-göyçək
qızları da görüb. Bu gün o qəşəng
simalar sadəcə 1946-cı ilin Təbriz gözəlləridir.
Əli Tudə isə onlarla işləyirdi, hər birini
adbaad, ailəbəailə tanıyırdı və
yardımçıya çevrilir ki, çoxdan haqq
dünyasında olan, ancaq həmişə minnətdarlıqla
anmalı olduğumuz həmin sənət ulduzlarını
tarix də, biz də gerçək adlarıyla tanıyaq:
"Qızlar növbə ilə həm gözəlliklərini,
həm də istedadlarını nümayiş etdirirdilər.
Raziyə də, Puran da, Fatma da, Zümrüd də
salondakıların hərarətli alqışlarına məlahətli
nəğmələri ilə cavab verirdilər".
Ələsgər Rizvan, Səməd Dəbbax, Hidayət
Məmmədzadə - bu adlar da gərək unudulmasın. Milli
tariximizin ixtixarlı parçasında onların da imzası
var. Onların da hər biri çiyni tüfəngli, Güneydə
milli istiqlal mücadilələrinə qatılmış fədailərə
bərabərdi. Bu adlar da hafizələrdən silinməyibsə,
yaşamaqda davam edirsə, səbəbkarı
elə Əli Tudədir. Həmin gün - filarmoniyanın
açılış mərasimində "Qarabağ şikəstəsi"
oxuyan bu üç nəfərin adını öz
yaddaşına da, xatirat dəftərlərinə də həkk
edibmiş. Məhz həmin yaddaşın, Əli Tudənin dəftərlərindəki
qeydlərin hesabına biz də bu gün o
unudulmamalıları da tanıyıb-bilirik, sayğıyla
anırıq.
O gün səhnəyə daha bir gözəl
çıxır: rəqqasə Naidə. Onun rəqsi
filarmoniyaya toplaşanları yalnız rəqs olaraq valeh etmir.
Bu, bir Azərbaycan qızı idi. Bu, bir Təbriz gözəli
idi ki, evdə-eşikdə, xəlvətdə, kimsənin
gözünə görünmədən deyil, səhnədə
oynayırdı. Bütün bunlar hər kəs
üçün əyani şəkildə Güney Azərbaycanın
həyatında büsbütün ayrı bir zamanın
başlandığının müjdəsini
çatdırırdı.
Daha sonra səhnəyə əyni nəfis milli
libaslı böyük bir dəstə rəqqas
çıxır. Onlar oynamağa başlayacaq, orkestrin
çaldığı "Yallı"nın sədaları
filarmoniyanın divarlarını aşaraq Səttarxan
meydanı boyu yayılacaq.
Filarmoniya binası - keçmiş Firdovsi mədrəsəsi
ağzınacan dolu idi. Ancaq çöldə - Səttarxan
meydanında da onlarla, yüzlərlə insan
toplaşmışdı. Onlar da əslində həmin
konsertin içərisində idilər. Uzaqdan-uzağa onlar da
dinləyirdilər və onlar da hamılıqla bəxtiyar idilər.
Səhnədəkilər səhnədə cismən, salonda və
divarların o tayında olanlar da fikrən "Yallı"
gedirdilər.
"Milli sürud"la başlanan o təntənəli
axşam birliyin, xalqın gücünün ifadəsi olan digər
bir millət himni ilə - "Yallı"yla
tamamlanırdı.
Hələ istiqlalın, Milli Hökumətin
yaranmasının heç altı ayı tamam
olmamışdı. Filarmoniyanın açılış
günündə bu konsertin əvvəlində səslənən
və insanı vəcdə gətirən "Milli
sürud", sonda eşidilən və qan qaynadan
"Yallı" ora toplaşanların hamısının
ürəyini ümidlə, inamla doldururdu ki, həqiqətən,
elin gücü sel gücünə bərabərdir, həqiqətən,
bu istiqlalın ömrü əbədiyyətə qədər
uzanacaq.
...Şairliklə, yazıçılıqla inşaat
işi arasında mahiyyətcə qohumluq var. Elə şairlər,
yazıçılar da müəyyən mənada
inşaatçıdırlar. Bir bənna daşı daş
üstünə qoyur, imarətlər ucaldır, qəsrlər
yaradır. Şair də, yazıçı da elə bu
cür - sözləri yan-yana düzür və qalaqlanan,
sıralanan, bir-biri ilə qovuşan sözlərdən sehr
doğur, sanki yox yerdən təzə bir əsər
yaranır.
Yol salanlar qayaları çapır, daşlı-kəsəkli
əraziləri təmizləyir, insanlar sonra buralardan rahat
keçə bilsinlər deyə yollar salırlar.
Şairin, yazıçının işi də elə
yol salmaq kimidir. Hələ insanların duyğularının,
düşüncələrinin, məcazi mənada ayaq dəyməmiş,
nəfəs toxunmamış nöqtələrinə yollar
yaradır, körpülər salırlar. Daha sonrakı adamlar
həmin duyğu, düşüncə körpülərindən
keçir və içərilərində büsbütün
başqa aləmlər açılır.
Əli Tudə də ömrü boyu bir qələm
adamı qalaraq həm də bənna oldu, həm də
yolsalanlıq etdi və tale elə gətirmişdi ki, elə
ilk gəncliyindən ona bilavasitə o cür işlərlə
çörəkpulu qazanmaq da qismət olmuşdu.
Üstündən onillər ötərkən,
altmışını adlayıb yetmişini
haqladığı çağlarda xatirələrin
qanadıyla gənclik illərinə uçan Əli Tudə
firqəyə qəbul olunduğu, aldığı sənəddə
"Tudə" kəlməsinin ilk dəfə rəsmən
adının-soyadının bir parçası kimi
yazıldığı günü anaraq yazırdı ki, mənə
partiya üzvlüyüm haqqında vərəqçəni
vermişdilər, onu əlimdə sadəcə sənəd
kimi saxlamamışdım, sanki əlimdə nadir bir kompas
vardı...
Kompası necə tutursan tut, əqrəbi çönərək
mütləq göstərməli olduğu səmti nişan
verəcək. Əli Tudə bütün
varlığıyla, ruhuyla, ilhamı və qələmiylə
istiqlal amallarına bağlı idi və həmin cazibə idi
ki, onu gətirib Tudəçi etmişdi, həmin cazibənin
hökmü idi ki, sanki xoş bir təsadüflə (amma hadisələrin
sonrakı gedişi pıçıldayır ki, elə
göylərdə cızılmış bir ssenarinin davamı
kimi) güneyli azadlıqsevərlərin tutub getdikləri yolda
mayakı sayılan Seyid Cəfər Pişəvəri radioda
onun şeirini eşitmişdi, yəqin, yenə elə həmin
İlahi yazının növbəti təsdiqi idi ki,
1946-cı ilin may günlərindən birində onlar
qarşılaşmışdılar da.
Təbrizdə "Şairlər və
Yazıçılar Cəmiyyəti"nin növbəti
iclası keçirilirmiş. Azərbaycan Milli Hökumətinin
nümayəndə heyəti Tehrandan, İran kökuməti ilə
danışıqlardan yenicə qayıdıbmış.
Ahıllı-cavanlı qələm sahiblərinin
qızğın müzakirələri gedirmiş, bu əsnada
görürlər ki, qapı ehmallıca açıldı,
tanış üz göründü. Hamısı ehtiramla
ayağa qalxır. Gələn yarı canı həmişə
ədəbiyyatın, sənətin yanında olan Pişəvəri
idi. Firqə sədri bu toplantıya irəlicədən kimsəyə
bir söz demədən, xəbərsiz gəlmişdi. İrəli
keçmir, elə təvazö ilə lap girəcəkdə,
bir küncdə əyləşir. Amma məclisi idarə edənlər,
rəyasətdə oturan ağsaqqal yazıçılar firqə
sədrinin "işinizdə olun" işarəsinə bənd
olmadan tez yaxınlaşırlar, onu hörmət-izzətlə
yuxarı başda, iclasın sədrinin yanında əyləşdirirlər.
Söhbət şeir vəznlərindən, əruzdan,
hecadan gedir, mübahisə qızışırdı.
Dövrün havası elə siyasiləşmişdi ki, hətta
bu sırf ədəbi söhbətlər də istər-istəməz
o istiqamətə meyillənirdi. Kimsə deyirdi ki, heca elə
xalq şeirində qalsa yaxşıdır, çünki əruz
vəznində yazılan şeir daha sanballı alınır,
musiqili səslənir. Bir başqası isə etiraz edirdi ki,
yox, biz xalqın hakimiyyətini qurmuşuq və heca vəzni də
xalqın içərisindən çıxmış bir vəzndir,
gərək şeirimizdə də aparıcı məhz heca vəzni
olsun. Pişəvəri qayıdır ki, hər vəznin
öz yeri var, əruz şeirimizdə uzun əsrlərdən
bəri yol gəlir, bu gün də lazımdır. Ancaq xalq
şeirinin, bizim laylaların, bayatıların,
qoşmaların, aşıq dastanlarımızın əsas vəzni
olmuş hecaya biganə yanaşmaq doğru deyil. Hecada da, əruzda
da bugünün sözünü demək mümkündür
və lazımdır. Əsas olan hansı vəzndə yazmaq
deyil. Ondan da istifadə edin, bundan da, amma
çalışın ki, deyəcəyiniz söz vəznindən
asılı olmayaraq günün sözü olsun, xalqın
ürəyindən keçənləri əks etdirsin. Və
heca vəzninin indi ədəbiyyatımızda aparıcı
mövqe tutmağa tam layiq olduğunu söyləyəndən
sonra əlavə edir ki, Tehranda danışıqlar
apardığımız vaxt fasilələrdə mehmanxanaya
qayıdanda nə qədər yorğun olsaq belə Təbriz
radiosuna qulaq asmağı unutmurduq, bir dəfə heca vəznində
yazılmış "May səhəri" adlı bir
şeir eşitdim, xoşuma gəldi, müəllifi Əli Tudə
idi, indi özü burdadırmı?
Əli Tudə ayağa qalxır, "Burdayam", -
deyir, Pişəvəri onu şəfqətli nəzərlərlə
süzür və bu, ilk təmasları idi. Lap az keçəcək,
Milli Hökumətin həyatında yaranması ən əlamətdar
hadisələrdən birinə çevriləcək Təbriz
Filarmoniyasına direktor təyini məsələsi müzakirə
ediləndə və bu vəzifəyə 22 yaşlı bir gəncin
- Əli Tudənin namizədliyi irəli sürüləndə
Pişəvəri ilk razılıq verənlərdən,
müsbət rəyini söyləyənlərdən olacaq.
Çünki artıq arada ruhi bağlantı, həmin "May səhəri"
şeirinin yaratdığı körpü vardı.
Pişəvəri hansı sahəyə üz
tuturdusa, ora millət quruculuğu nöqteyi-nəzərindən
yanaşırdı. Bu məclisə də təsadüfən
gəlməmişdi. O, ədəbi qüvvələrə
yeni qurduqları Milli Hökumətin əsas hərəkətverici
qüvvələrindən biri kimi yanaşırdı. Məhz
bu insanlara dayaq, gələcəkdə işi aparacaq
ardıcıllar kimi baxdığından onları hər girəvə
düşdükcə səmtləndirməyə, yeni
günün düşüncəsi ilə kökləməyə
çalışırdı.
...Filarmoniyanın ömrü qısa oldu. Pişəvəri
və silahdaşları filarmoniyanın yaranması haqqında
qərar qəbul edəndə ona əsla yalnız bir mədəniyyət
ocağı kimi baxmırdılar. Təbriz Filarmoniyası fəlsəfəsi
ilə həm də ümumi istiqlal işinin vacib halqası
idi. Mövcud olduğu üç ay on gün ərzində o
filarmoniyaya rəhbərlik edən 22 yaşlı Əli Tudə
əslində həmin dövrdə, digər
silahdaşları kimi, öz yaşından iki-üç dəfə
sinli idi. Milli Hökumətin var olduğu o xoşbəxt bir il
kimi, həmin üç ay on gün də tarixin dünənində
qalsa da, dərsləri, ibrətləri unudulmur və gərək
heç vaxt da yaddan çıxmaya. Çünki bu, bir parlaq
ülgüdür ki, sabah eyni yolu tutub getmək üfüqləri
açılarkən dərsləri və öyrədici hekayətləri
ilə ən mötəbər bələdçiyə
çevriləcək.
Yeni yol başlamışdılar, Milli Hökumətin
irəlilədiyi bütün səmtlərdə, o sıradan
elə filarmoniya quruculuğu sahəsində də hər
şey yeni idi və çox suallara cavabları elə yolu gedə-gedə,
həyatın içərisindən tapırdılar.
Əli Tudə xatırlayırdı ki, filarmoniyada
çalışmağa başladığım günlərdən
birində işdən çıxıb evə gedərkən
yolda gilas satan cavana rast gəldim, dedim ki, iki kilo çəksin
və başladıq söhbətləşməyə,
danışığından ağıllı-kamallı gənc
olduğunu hiss etdim.
Adını, savadının
olub-olmadığını soruşur. Məlum olur ki, Lətif
adlı bu cavan təhsil görmüş olsa da, iş tapa bilməməsi
ucbatından yol qırağında oturaraq bu cür xırda
ticarətlə pul qazanmağa məcburdur.
Gilassatan müştərisinə zənlə baxaraq
deyir ki, əvvəlcə sizin səsiniz mənə
tanış gəldi, çünki şeir
oxumağınızı radiodan eşitmişdim, amma tərəddüd
elədim, görəsən, odur, ya o deyil. Amma bir az baxandan
sonra yadıma düşdü ki, sizi meydanlarda da dinləmişəm.
Əli Tudə həmin gəncə filarmoniya müdiri
olduğunu söyləyərək tapşırır ki, sabah
gəl ora, aşağıda adımı ver, yanıma
buraxacaqlar, sənin üçün münasib bir iş
taparıq.
Beləcə, filarmoniyanın təsadüfən elə
küçədə tapılmış bir işçisi
sonra ən yararlı əməkdaşlardan birinə
çevrilir. Ya indi səsi də, adı da, xatirəsi də
bütün azərbaycanlıların qəlbində
yaşayan Rübabə. Əli Tudə xatırlayırdı
ki, 1946-cı ilin sentyabr-oktyabr günlərində dəstə-dəstə
bölünür, Güney Azərbaycan boyu
yayılırdıq, Sarabda, Miyanada, Marağada, Astarada, Zəncanda,
Ərdəbildə konsertlər verirdik. Ərdəbildə gedən
konsertlərdən birində mən də orada idim. Camaatın
arasından bir nəfər yaxınlaşdı mənə ki,
burada bizim qəşəng bir qız var, səsi gözəldir,
bəlkə icazə verəsiniz, o da oxusun.
Nərmənazik bir qız çıxır qabağa,
"Qatar" oxumağa başlayır. Bu zərif qızdakı şaqraq səs
hamını heyran qoyur.
Kimlərdən olması ilə maraqlanırlar. Deyirlər
ki, Xəlil İşraqinin qızı Rübabədir.
Bu, həmin Rübabədir. Sonraların Rübabə
Muradovası, o çağların Rübabə
İşraqisi.
Sanki bunlar uzaq keçmişdir. Ancaq 2024-cü ildir, o
vaxtlar elə Rübabə kimi çox gənc olan, mübarizə
meydanına təzəcə atılan, Güney cavanlar təşkilatının
sıralarında müğənni rəfiqəsi ilə bərabər
fəaliyyət göstərən, indi - doxsanını arxada
qoyandan sonra yaşından xeyli cavan, gümrah, enerjili
görünən Adilə
xanım Çernik-Büləndlə üzbəüzük,
ağrı-acılarını ötmüş vaxtın
soyutduğu, indi hafizədə lətif şeir kimi cilvələnən
əyyamları anır, məndə elə təsəvvür
yaranır ki, yox, təqvim yanılır, bu keçmiş
ötməyib, keçməyib, bu gün də davam etməkdədir.
Sonralar Arazı keçərək Güney Azərbaycandan
Quzey Azərbaycana gələn, macəralı, heç də
asan olmayan bir həyat yaşayan, otaylı-butaylı
bütün Azərbaycanın ən sevimli müğənnilərindən
birinə çevrilən Rübabə Muradova da o şərəfli
tarixlə, Təbriz Filarmoniyasının yaradılaraq qədəm-qədəm
irəlilədiyi günlərdə artıq meydandaymış,
istiqlal ocağının şöləsini
artıranlardanmış.
...Təbrizin oçağkı ədəbi-mədəni
həyatında "Şair və Yazıçılar Cəmiyyəti"nin
yeri məxsusi idi. Filarmoniyaya gələnə qədər
Əli Tudənin ürəyi daim o Cəmiyyətlə idi,
amma elə ki təzə iş yerində qaynar fəaliyyətlərini
başladı, vaxtı həddən ziyadə məhdudlaşdı.
Ancaq yenə bir gözü orada idi -
imkanı olduqca Cəmiyyətə baş çəkirdi.
Bir gün xəbər alır ki, axşam "Şair və
Yazıçılar Cəmiyyəti"ndə mühüm
görüş olacaq. Həmin günlərdə İran
yazıçılarının birinci qurultayı keçirilirmiş.
Qurultayda iştirak etmək üçün Sovet
İttifaqından da təmsilçilər gəlibmiş. Azərbaycandan
Məmməd Arif Dadaşzadə, Rusiyadan Aleksey Surkov da həmin
tərkibdəymiş.
Məmməd Arif Təbrizdəki "Şair və
Yazıçılar Cəmiyyəti"nin sorağını
alıbmış. Ona görə də rica edir ki, buradaykən
onu Tehrandan Təbrizə gətirsinlər və Cəmiyyətin
üzvləri ilə görüşə bilsin.
O axşamkı görüşdə Əli Tudə
yazılarından qiyabi tanıdığı Məmməd
Ariflə bilavasitə tanış olur. Əli Tudə, digər
cavan şairlər günün nəbzindən tutan yeni
şeirləri oxuyurlar, Məmməd Arif mütəəssir
olur. İstəyir ki, şeirlərini çox bəyəndiyi
Əli Tudə ilə bir az da yaxından tanış olsun.
Əli Tudə şairliyindən əlavə mühüm bir məşğuliyyətinin
varlığından, Təbriz Filarmoniyasının direktoru
olmasından söz açır. Məmməd Arif 22
yaşlı gəncə göstərilən bu etimada çox
sevinir. Deyir ki, filarmoniyanın rəhbərinin bir şair,
yazıçı olmasının filarmoniyaya da, ədəbiyyata
da xeyri var. Filarmoniyaya faydası odur ki, ədəbiyyat
adamı musiqi, mədəniyyət məsələlərinə
də bütün əhatəsi ilə baxa, düzgün qərarlar
verə bilir. Belə təyinatın ədəbiyyata xeyri odur
ki, filarmoniya kimi vacib sənət ocağına bir qələm
adamının rəhbərliyə gətirilməsi ədəbiyyatın
da yüksək nüfuzuna dəlalət edir. Əlavə də
edir ki, indi elə bizdə də filarmoniyanın direktoru
şairdir - Zeynal Xəlil.
Həmin "Şair və Yazıçılar Cəmiyyəti"nin
Güney Azərbaycanın mənəvi həyatında
tutduğu əhəmiyyətli yer, bir ahənrüba kimi
cavanları öz ətrafına çəkməsi ilə əlaqədar
Əli Tudə yada salır ki, Məmmədəli
Məhzun adlı bir tacir vardı, şəhərin mərkəzində
dükan saxlayırdı, biz - cavan yazıçılar da
tez-tez o dükana gedərdik, Məhzun çay
qonaqlığı verər, yazdığı təzə
şeirlərdən oxuyardı və həmişə də
Füzulinin "Divan"ı masasının üstündə
bir tərəfdə, Əlağa Vahidin "Qəzəllər"i
o biri yanda olardı.
İnsafən həmin Məhzunun yaxşı şeirləri
də varmış və cavanlar bəzən onun
yazdıqlarını qədərindən artıq təriflərmiş
ki, həvəslənsin, o da Cəmiyyətə qoşulsun.
Bir gün yenə belə
yığışıblarmış, çay süfrəsi
açılıbmış, Məhzun şeirlərini
oxuyurmuş, ayağa qalxanda Əli Tudə deyir ki, cavan
şairlərə yetişib inkişaf etmələrindən
ötrü daim yardım əli uzatmaq lazımdır. Siz də
"Şair və Yazıçılar Cəmiyyəti"ndə
olsanız, yardım əli uzadanların sayı bir nəfər
də artar.
Əli Tudə bu sözləri deyincə əli
çomaqlı, başı iri motal papaqlı bir saqqallı
kişi girir içəri ki, qurban olum, məni
çağırırdız? Gəlmişəm.
Dükandakılar təəccüblənirlər ki, biz
heç kimi dəvət eləməmişik. Kişi
qayıdır ki, necə yəni, məgər indicə məni
adımla çağıran siz deyildiniz? Lap heyrətlənirlər
ki, vallah, biz heç kimi çağırmamışıq.
- Əşşi, demədiz ki, Yardıməli
lazımdır? Mənim adım Yardıməlidir də,
çağırmısız, gəlmişəm.
Əli Tudə təbəssümlə
xatırlayırdı ki, hamımız bu sözlərə
gülüşdük, ancaq həmin kişinin dükana təşrif
gətirməsi ümumi işimizə də yardım əli
uzatdı.
Məmmədəli Məhzun cavan
şair-yazıçılara üz tutaraq fikirli-fikirli dilləndi
ki, haqlısınız, nə qədər ki belə avam, sadədil
adamlar çoxdur, gərək bir yerdə olaq,
camaatımızı maarifləndirmək, gözlərini
açmaq üçün çox iş görək. Sabahdan
mən də qoşuluram "Şair və
Yazıçılar Cəmiyyəti"nə.
Və həmin gündən Məmmədəli Məhzun
dükanını qapadır, onu tezliklə "Şair və
Yazıçılar Cəmiyyəti"nin katibi seçirlər.
Güney Azərbaycanın həyatında elə
münbit zaman kəsiyi imiş ki, hər millətəxeyir
söz, hər nəcib əməl dərhal
qığılcıma dönməyə bənd imiş, hər
qığılcım alışıb ocağa
çevrilirmiş - "Şair və Yazıçılar Cəmiyyəti"ndə
də, filarmoniyada da, Milli Hökumətin tutub getdiyi xətlərin
hər birində də.
Harada ümumi işə xeyri dəyəcək bir
işıq ucu görürmüşlərsə, ora yönəlirmişlər.
...O illərin yadigarı "Azərbaycan" qəzetinin
özü və işi haqqında yazılar dərc
edilmiş neçə nüsxəsini Əli Tudə
xüsusi nəvazişlə qoruyub saxlayırdı
"Azərbaycan" ruznaməsinin odövrkü hər
hansı sayını açırkən elə bil ekranın,
səhnənin pərdəsini çəkirsən.
Başlayır Milli Hökumətin bir illik xoşbəxt
günlərini yada salmağa. Hər günün hadisələrinin
ən vacibləri "Azərbaycan"ın
güzgüsündədir. O yazılardan neçəsi Milli
orkestrin çıxışları barədədir. Hansı
konsert barədə hansı məqaləsini açırsan
aç, hərəsində qürur oyadan, köks qabardan bir
tarix yatır.
Təbriz radiosunda, Təbrizin ayrı-ayrı səhnələrində,
Güney Azərbaycanın müxtəlif şəhərlərində
1946-cı ilin unudulmaz payız günlərində Milli
orkestrin və bütövlükdə filarmoniya kollektivinin
çıxışları adicə konsertlər deyildi ki! O
günlərdə orkestr ruhları coşduran bir ordu kimi idi. O
günlərin axarında millət özü bütöv bir
orkestrə dönmüşdü. O millət orkestrindəki hər
nəfərin sinəsində fədai ürəyi
çırpınırdı, Güneydəki millət orkestri
heç vaxt, tarixin heç bir dönəmində bunca
xoşbəxt, bunca xaricsiz səslənən, bunca yekdil
olmamışdı.
Güney o çağacan heç orkestr də görməmişdi.
Ancaq millət özü tarixin bu məsud parçasında
yenilmız bir orkestrə çevrildiyindən ruhu və əzəmətli
səslənişləri ilə ona tən gələn Təbriz
Filarmoniyasını da səhnələrə
çıxdığı ilk günlərdən
doğması, əski tanışı, həmnəfəsi
kimi qəbul edərək sevmişdi.
29 iyul 2024
R.Hüseyn BABAOĞLU
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2024.-3 avqust.(¹137).- S.16-17.