Yay hüznləri  

 

 

Bürkülü keçən bir günün axırında dənizdən əsən xəfif küləklə içinə tanımadığı bir hüzn dolur adamın. Adsız, məramsız, keçib gedən günlərin soyuq, yarımçıq vidalarını da özü ilə daşıyıb gətirir hardansa. Uzaq və doğma şəhərlərdə itirdiyi məsumluqların zamanın hənirtisində boğulan səsləri, gülüşləri qulağına dolur. Gözləri uzağa dikilən tənhanın boğazında quruyub qalan qəhər bir hekayənin bitdiyini və heç vaxt hansısa döngədən yenidən başlamayacağını inadla yadına salır. Fəsillərin sentimentallığa və düşüncəyə ən yad olanıdı yay. Amma onun da payıza yaxın gecələrində kiminsə yaxasından tutub keçmişin divarına dayadığı gecələri olur. Əlləri sürüşüb düşmür adamın köynəyindən. İsrarla xoşbəxtliyin ipi ilə endiyi dərin kədər quyularının içini xatırladır kiməsə. Sürətlə yaşayıb astaca öldüyümüz yeni dünyanın nə qədər yad olduğunu bilsəm də, belə şeylərə, elə mən də ona inad yazmaq istəyirəm. Harda olsa, gəlib tapır səni xitab elədiyin, lakin tanımadığın uduzanlar ordusu. Əlləri boş, gözləri dolu, bir səsə, bir uğultuya içində təzədən ümid göyərdən adamlar.

Yaz sevginin, payız ayrılıqların fəslidi. Yəni çox vaxt belə tərənnüm olunub. Qış ağrının, ağırlığın, ehtiyacların və dərin düşüncələrin mövsümüdür. Bunu da uzandıqca uzanan qış gecələrində yuxusuz, düşüncələri lopa-lopa yağan qar kimi önünə tökülən adamlar kəşf edib, deyəsən. Amma yayın xüsusi bir missiyası yoxdur sanki. İnsan hissləri qızmar günəş altında donub qalır. Daha çox fiziki və maddi dəyərlərin özünü qovrulan quma sərdiyi bir fəsildir. Dənizlər həmişəki kimi onsuz da qaranlıq, sahillər isə hər zaman olduğu kimi o qaranlığı seyrə çıxanların məkanı olur. Səhərləri şəhər çılğınlıqları ilə keçən bir fəslin üç-dörd saatlıq gecələrində qəfil bir kimsəsizlik, məchul hüzn yaxalayır adamı. Balkonda oturub səhəri gözləyənlərin damağındakı siqaretin tüstüsü isti havadaca asılı qalır, sonra min bir xəyal, xatirə ilə ciyərlərinə dolur. Həmin üç-dörd saat üç-dörd il uzağa aparıb tullayır adamı. Yolunu çoxdan ayırdığın adamların siluetinə calayır divara yansımış kölgəni. Dondurma yeyən uşaqların sevinci qədər çəkir divardakı kölgənin həmin siluetlərlə yanaşı addımlaması. Hansısa pis bir xatirə təzədən qopardır onları bir-birindən.

Nədir o siluetlərin arxasınca gələn xatirə seli? Niyə bizi ən gücsüz, ən hazırlıqsız vaxtımızda gəlib tapır? Qəribədir ki, insanın bütün duyğulara qarşı immuniteti olsa da, bircə xatırlamağa qarşı tərki-silahdır. Unutmaq deyəcəksiniz? O da xatırlamağın bir bəhanəsidir. Bir dəfə Aqualuzanın "Kaş unudaydım" romanı haqqında yazmışdım. Yazının adı belə idi: Tarix - unutmaq haqqında əhvalat. İndi bunun əksini düşünürəm. Unutmaq - tarix haqqında məşhur əhvalatdır. Zamanın süzgəcindən keçirə bilmədiklərimizi atdığımız keşmiş qovluğudur. Axır-əvvəl yenə gəlib əlimizə-ayağımıza ilişir. İnsanın mahiyyətində unutmaq haqqında heç nə yoxdur. Yəqin Adəmin bir cəzası da unuda bilməməkdir. Həmişə xatırlamalıydı. O da, ondan olanlar da. Qorxunun, sevginin, əzizliyin özülüdür, mayasıdır xatırlamaq.

Xatırlamaq da yalnızların vərdişidir. Dünya elə bir şəklə büründü ki, tənhalıq ən böyük faydaya, gücə çevrildi. Təbii ki fərdi gücə. Beləcə bütün kütlələr, münasibətlər parçalanıb səpələndi mənzil-mənzil, otaq-otaq. Aristotelin çox məşhur bir fikri var: Tənhalığı sevənlər ya vəhşi heyvan olmalıdır, ya da Tanrı. Nə vəhşi heyvanıq, nə də göylərə çəkilmiş isimsiz bir Tanrı. Tənhalığı sevmək indi o qədər adi bir hala çevrildi ki, bununla biz də mahiyyətimizə qayıtdıq. Heyvani, ali olana çata bilməyən mahiyyətimizə. Elə bayaqkı balkondaca göy üzünə baxıb ulduzların işığı ilə xəritə çizəndə nə qədər balaca, xatırlmaq üçün də, unutmaq üçün də nə qədər gücsüz olduğumuzu aydın başa düşürəm. Ulduzların altındakı küçə lampaları nə qədər xırda və lazımsız görünürsə, yəqin ki bizim də mahiyyətimizdə o lazımsızlığın izləri aydın görünməli idi. Təbiətdə vəhşi heyvan ola bilməyən, cənnətdə də Tanrıya lazım olmayan bir əcdadın soyundanıq. Yarımçıq mələklərik. Yay gecəsinin hüznündə bu qədər uzaqlara qalxmağın da ağır bir enişi olacaq, əlbət. Amma əvvəlcə tənhalığa da bəhanə tapmaq, onu da toxtatmaq lazımdır. Kimin üstünə atasan bu günahı?! Kim istəyər ki, tələsib gecəsinə çatdığımız bir yay gününün axırında səhərə kimi yuxusuz qalmağı?! Rəqəmsal həyatımızın bizə verdiyi rahatlıq yaddaşımıza və keçmişimizə ziyan vurur. Xatirələrimizi və ümidlərimizi əl boyda alətlərə sığdıraraq, istədiyimiz vaxt və hara istəsək gedə bildik. Bununla belə, sorğu-sual etməyə fürsət tapmadığımız keçmişin və zamanın ağırlığını çiynimizdə yaşamağa davam edirik. Keçmiş heç vaxt yox olmur, ömrümüzün sonuna qədər bizimlə yaşamağa davam edir. Tərcümeyi-halımız kimi sosial həyatlarımız nə qədər yenidən yazılsa da, "unutmasan, yaşaya bilməzsən" desə də, nə qədər keçmişimiz, xatirələrimiz məhv edilməyə çalışılsa da, onlar hüznlərimizin güzgüsü olmağa davam edəcək. Qospodinovun yazdığı kimi: "Seçim çox sadədir - əgər gələcək haqqında heç nə bilmirsənsə, səsini keçmişə verəcəksən..." Hər nə qədər siyasi bir mesaj kimi səslənsə də, sosial həyatımızın ən yaxşı təsəllisi ola bilər bu cümlə.

Həmişə xatırlayacağıq. Qoxular, rənglər, səslər, qışqırıqlar, qırıq vazalar, köhnə ayaqqabılar, qanayan barmaqlar, çirkli dəsmallar, ütülənmiş yaxalar, qarışıqlar, məxmər yastıqlar, dişli meyvə bıçaqları, şişmiş gözlər, ərimiş qar, uzun bir qaranlıq, solğun dodaqlar, çatlamış, soyuq, qoca əllər, əhəngli küplər, qapının cırıltısı, ürək döyüntüləri, otaqda bir parıltı, doğum, xəstəlik və ölüm. Çünki bunları əzbərləyir və elə bu cür bir yay axşamında onlara zehnimizdən yenidən azadlıq veririk. Xatırlamaq ağrılıdır. Yaddaşımızda əsnəyə-əsnəyə oyanan, qəfildən xatırladığımız bir xatirə ilənələrin canlanacağını heç vaxt bilməyəcəyik. Bir gün bu qəribə yay gecəsinin başqa bir şəhərdə, başqa adamların arasında gətirəcəyi hüznün bilinməzliyi kimi.

 

Rəvan CAVİD

525-ci qəzet .- 2024.-3 avqust.(№137).- S.15.