"El yeridi,
yalqız qaldın səhrada..."
Esse
Uzun zamandır, özümlə baş-başayam.
Tamaşalara, kinoteatra adətən tək gedirəm. Ürəyim
istəyən restoranda istədiyim zaman əyləşib bir
fincan qəhvəmi içir, bəzən də dəniz kənarında
saatlarla tək addımlayıram. Tənhalığıma o qədər
alışmışam ki, telefonum unutduğum zamandan bəri səssiz
rejimdədir. Bu vəziyyətimin doğmalarıma, ətrafımdakı
bəzi insanlara qəribə gəldiyinin fərqindəyəm,
hətta aralarında mənə yazığı gələnlər,
məni "eqoist", "adama yovuşmaz"
adlandıranlar da tapılır. Soruşsanız, tənhalıq
məni sıxırmı, cavabım birmənalıdır: Qətiyyən!
Çünki get-gedə insan öz içində
yaşamağa öyrəşir, qorxmur və bunu həyatında
bir problem olaraq görmür.
Son zamanlar mənalı-mənasız tədbirlərin,
yığıncaqların, insan selinə
qarışmağın təlaşında olan insanların
yalqızlıqdan qorxduqlarını müşahidə edirəm.
Bu da çox təbiidir. Çünki insan
varlığını digər insanlarla davam etdirən sosial
bir varlıqdır. İnsan sevdiyi hər şeyi yanında
başqası olmadan da edərək bundan zövq ala biləcəyinə
inanmır. Tənhalıq qorxusu iliklərimizə işləyib
sanki.
Bu qorxunun təməlində yatan səbəblərdən
biri tənhalığın bizə hər zaman neqativ hal kimi
aşılanması həqiqətidir. Biz kimsəsizlik və
yalqızlıq anlayışlarını
qarışdırsaq da, sosial mənada "kimsəsiz"lik
yalqızlıq deyil. Həqiqi yalqızlıq Bodlerin
şairliyi təsvir etdiyi kimidir: "Şair qələbəlik
içində olarkən yalqız, yalqız olarkən isə
qələbəlikdə olmağı bacaran şəxsdir".
Həqiqi yalqızlıq yaradıcı insanın
ehtiyacıdır. Qəribə səslənsə də, insan
hətta kimsəsizliyi ilə də ancaq tənhalıq ilə
başa çıxa bilər. Yuxarıda da qeyd etdiyim kimi,
yalqız olmaqla kimsəsiz olmaq fərqli
anlayışlardır. Kimsəsizlik tərk edilməkdir. Bu
insanı ağrıdır, depressiyaya salır, hətta
intiharlara belə yol aça bilir. Yalqızlıq isə
seçimdir. Özünü dinləmək istəyindən
doğan bir növ meditasiyadır.
Tənhalıq qorxumuzun təməlində yatan
reallıqlardan biri də başqalarına bağlı
olmağımızdır. Bu səbəbdən də təkcə
nələrisə birlikdə etmək üçün deyil,
yaşamaq üçün də başqalarına ehtiyac
duyuruq. Bəzi şeyləri geridə qoymaqdan,
özümüzü etibarlı hesab etdiyimiz əllərdən
qoparmaqdan qorxuruq. Halbuki yalqızlıq azadlıqdır və
tənha olduğumuz zaman kəşf edə biləcəyimiz
möhtəşəm hisslər var. Həyatımızdan
yalqız özümüzün məsul olduğunu, əslində
cəmiyyətin, kütlənin üzərimizdəki təzyqinin,
yazılmamış qanunlarının həyatımızda nə
qədər az əhəmiyyətli olduğunu kəşf edə
bilərik.
Amma biz çox zaman yalqızlığımızdan
qaçmağa üstünlük veririk. Tək qalmamamaq,
başqalarını itirməmək üçün etmək
istəmədiyimiz şeylər edərik bəzən. Tənha
qalmağın mümkünsüzlüyünə
inandığımız üçün ətrafımızda
bir çox saxta insan qələbəliyi yaradarıq.
İnsanlar ki, bizi özümüzü dərkə mane olur,
özümüz olmağa imkan vermir. Bu içiboş insan
ordusunun arasında boğulsaq da, tənhalığın
limanına lövbər salmağa qorxarıq.
Yalqızlıq ilk zamanlar ağrı verə bilər,
çünki bizi ən böyük qorxularımızla
üzləşdirir. Tənha qaldığımız zaman
özümüzə yalan söyləyə bilmirik, məsələn.
Yalqızlıq bizi özümüz olmağa məcbur edir.
Son illərdə yalqızlıq mövzusu üzərindən
yaranan ədəbiyyat da diqqətimi çəkir. Bir
çox, ciddi sayılan şair və yazıçılar
arasında "mən daha tənhayam", "tənhalığın
kitabını yazaram", "yalqızlıqdan ən
yaxşı havalanan mənəm" yarışı gedir
sanki. Müşahidələrimə görə, onlar
müştəri ovuna çıxan satıcını
xatırladırlar.
Tənhalıq ədəbiyyatda, teatrda, mahnılarda
çox geniş istifadə olunan bir mövzudur.
Yalqızlığı ən mənalı şəkildə
təsvir edən bir çox mətnlər, poeziya nümunələri
olsa da, müasirlərimiz olan şair və yazarların bir
çoxunun ədəbiyyatını yaratmağa
çalışdıqları tənhalıqda estetikadan daha
çox deyingənlik, narazılıq, xəstəhallıq
var sanki. Yaradıcı insanın tənhalıqdan şikayət
etməyə haqqı varmı?
Ekzüperi də "Balaca şahzadə" əsərində
"Yalqızlıq nədir? Yalqızlıq
özünüzlə qarşılaşmaqdır və bu, kədərlənməyə
səbəb olmamalıdır" deyir.
Buna rəğmən, tənhalıq bir çox insan
üçün ürküdücüdür. Bu hissdən
qaçmaq üçün insanlar mənasız
alış-verişlər etməklə, özünü
işə verərək, yaxud da hər gün dostlarla
görüşlərə getməklə, sözü-söhbəti,
duyğusu uzlaşmayan insanlarla münasibətləri davam
etdirməkdə israrlı olmaqla öz ətrafında
müdafiə halqası yaratmağa çalışırlar.
Bütün bu davranışlar tənha qalmaq
qayğısının göstəricisdir. Tanımalı
olduğumuz, dostluğuna güvənə biləcəyimiz,
ehtiyac duyduğumuz yeganə həqiqət öz
varlığımızdır. Çünki nə yolla olursa
olsun, həyatımızda saxlamağa
çalışdığımız başqaları
düşündüklərimizə, hiss etdiklərimizə
vaqif deyillər, olmayıblar, olmayacaqlar da.
Karl Qustav Yunq tənhalıq haqqında belə deyir:
"Tənhalıq ətrafınızda insanların
olmaması demək deyil. İnsan özünə maraqlı
olan şeyləri başqalarına çatdıra bilməyəndə
və ya başqalarının qeyri-mümkün hesab etdiyi
müəyyən fikirləri olanda insan özünü tənha
hiss edir".
Yəni ən ürküdücü tənhalıq
insanın özü ilə baş-başa qalması deyil, ətrafında
onu anlamayan insan selinin ortasındakı yalqızlıqdır.
Uzun illərdir, qələbəlik içərisində
yalqızlıq hiss edən bir insan olaraq, bu mövzuda xeyli
kitablar, bir çox psixoanalizlər oxuyuram. Bu da bir növ mənim
öz yalqızlığımdan qaçış
planlarıma daxil idi. Etiraf edim ki, ilk zamanlar mən də tənhalığımdan
xilas olmaq üçün çabalayır, yollar
axtarırdım.
Özdemir Asəf deyirdi: "Tənhalıq
paylaşılmaz, paylaşılsa, tənhalıq olmaz".
Amma təəssüf ki, günümüzdə tez-tez rast gəldiyimiz
iki nəfərin paylaşdığı yalqızlıqlar
var. Tanınmış türk yazıçısı Sinan
Aküzün "İki nəfərlik yalqızlıq" əsərində
təsvir etdiyi kimi: "Sözləri tükənmiş
cütlük. "İlk illər necə də gözəl
idi!" deyə düşünən bədbəxt bir qadın.
"Yalvarıram, məni dinlə" deyən bir adam. Ər
və arvad arasına girən qara bir kölgə. Bir-birinə
yadlaşan, qaranlığın dəhlizlərində
bir-birini itirən iki insan. Və yavaş-yavaş çökən
iki nəfərlik yalqızlıq". Paylaşılan bir tənhalığın
hekayəsidir bu. Daha dəhşətli, daha
ürküdücüdür deyilmi?
Alimlər də son bir əsrdə tənhalığın
insan orqanizmə fəsadlarına dair araşdırmalar edirlər.
Bir neçə il bundan əvvəl məşhur
nevroloq Moriel Zelikovski yalqızlığın
qarşısını alacağını iddia etdiyi bir dərman
üzərində işlədiyini
açıqlamışdı. Maraqlıdır ki, Zelikovski
açıqlamasında yalqızlığı dəf etmək
üçün sosial şəbəkələrə girən
insanların qəribə şəkildə daha da tənhalaşdığını
və "müalicə"nin effekt vermədiyini demişdi.
Uzun sözün qısası, əgər həyatda
yalqız qaldığınız bir dövr olarsa, bunu inkar etməyin.
Ətrafınızda sizə heç bir şey qatmayacaq
boş insanlara yer açmaq üçün tənhalığınızı
qaçırmayın. Əksinə, tənhalığınızı
qəbul edin, onu qucaqlayın və ən əhəmiyyətlisi
zövq almağa çalışın.
Günel MUSA
525-ci qəzet .- 2024.-3 avqust.(№137).- S.11.