Düşünməyə dəyər...
Həsən Həsənovun
açdığı polemika ətrafında
Hələ orta məktəbdə oxuyanda
yaradıcılığı ilə sonralar daha yaxından
tanış olduğum, əsərlərini Bruno Yasenski təxəllüsü
ilə çap etdirən polyak-rus yazıçısı
V.Y.Zismanın "Laqeydlərin qəsdi" romanına
seçdiyi aşağıdakı epiqrafı haradansa tapıb
müxtəlif müdrik ifadələr topladığım
qeyd dəftərimə köçürmüşdüm:
"Dostlardan qorxma, onlar uzaq başı sənə xəyanət
edə bilərlər.
Düşmənlərdən qorxma, onlar uzaq
başı səni öldürə bilərlər.
Laqeydlərdən qorx! Onlar xəyanət etmir,
öldürmürlər. Lakin onların laqeydliyi, susaraq
razılıq vermələri nəticəsində indiyə qədər
Yer üzərində ölüm və xəyanət
mövcuddur".
Bəlkə də haqqında danışmaq istədiyim
sırf elm və mədəniyyət məsələsi
müstəvisində yanaşanda bu sözlər çox vahiməli
səslənir. Amma etiraf edək ki, on illərdən bəri
laqeydlik, biganəlik, etinasızlıq günümüzün
tarix, mədəniyyət və mənəviyyatla bağlı
bir çox problemlərinin kökündə dayanır.
Hüseyn Cavidin epizodik, lakin səciyyəvi qəhrəmanının
həyat fəlsəfəsinə çevrilmiş "Bən karışmam!" -
düşüncəsi ictimai fikrin inkişafını ləngidir,
polemika mədəniyyətini buxovlayır, cəmiyyətdə
fərqli fikirlərin meydana çıxmasına imkan vermir. Nəticədə
ən inqilabi ideya və çağırışlar da
düşüncələri sarmış bozluq, tənbəllik
və laqeydlik içində diqqət çəkmədən
unudulub gedir. Doğrusu, çox ümid edirdim ki, Qarabağ
savaşında qazandığımız tarixi zəfər cəmiyyətin
bütün sahələrini sözün yaxşı mənasında
silkələyəcək, ordumuzun qeyri-adi fədakarlığı
hamı üçün nümunəyə, örnəyə
çevriləcək. İctimai fəallığımız
artacaq. Cəmiyyət həyatındakı heç bir yeniliyə
laqeyd qalmayacağıq. Faydalı təkliflər, təşəbbüslər
zamanında dəyərləndiriləcək. Ən azı
yeni fikir və ideyaların ətrafında müzakirələr
açılacaq. Ümidsiz olmaq istəmirəm, amma deyəsən,
hələ də ciddi bir irəliləyiş gözə
çarpmır. Hələ də laqeydlik, biganəlik tilsimini
qıra bilmirik. Etinasızlıq girdabından çıxa
bilmirik. Vəziyyət Cəlil Məmmədquluzadənin
yüz il əvvəl böyük ürək
ağrısı ilə yazdığı kədərli
"Tüstü" felyetonundakından çox da fərqlənmir.
Giley-güzar motivləri üzərində köklənmiş
müqəddimədən sonra mətləbə keçim.
Elmi ictimaiyyətin yaxşı tanıdığı görkəmli
dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənov
"525-ci qəzet"in 17 iyul sayında "Ərəbcə
- əlifba, latınca - alfabe, türkcə - bitiq?" adlı
polemik yazı dərc etdirib. Müəllif tədricən ortaq
əlifbaya keçməyi hədəfləyən türk
xalqlarının öz yazı sistemini türk
dünyasının ilk böyük filoloqu Mahmud
Kaşğarinin məşhur "Divani-lüğət-it-türk"
əsərində "hərf", "yazı",
"kitab" mənasını bildirən"bitiq/bitik"
adlandırmağı təklif edir. Yəni "Ortaq Türk
Alfabesi" yerinə "Ortaq Türk Bitiqləri/Bitikləri"
istilahının işlənməsini daha məqsədəuyğun
sayır. Məqalənin sonunda qəzet redaksiyası mütəxəssisləri,
elm adamlarını fikir bildirməyə çağıraraq
"mövzu müzakirəyə açıqdır və
polemikada iştirak etmək istəyənlər qoşula bilərlər"
məzmunlu xüsusi qeyd də verib.
Amma aradan müəyyən vaxt keçməsinə
baxmayaraq, polemika aparmaq fikrinə düşən bir nəfər
də tapılmayıb. Ölkəmizdə böyük
kollektivə malik Dilçilik və Ədəbiyyat
İnstitutları, Elmi-Tədqiqat Pedaqogika institutu, bir sıra
ali məktəblərdə Azərbaycan dili kafedraları, iki
mindən çox üzvü olan Yazıçılar Birliyi,
böyük ziyalılar ordusu, on minlərlə ana dili və ədəbiyyat
müəllimi, ibtidai sinif müəllimləri, dərslik
müəllifləri olduğu halda kimsədən səs
çıxmır. Təbii ki, heç kəsi hörmətli
Həsən müəllimin mövqeyini danışıqsız
qəbul etməyə, fikirlərini alqışlamağa
çağırmıram. Bir də polemika sadəcə təsdiqdən,
təqdirdən ibarət deyil. Əgər müəllifin
fikirləri sizə əsaslı, inandırıcı təsir
bağışlamırsa, buyurun, iradlarınızı
bildirin, tənqid edin, daha məqbul, münasib yol göstərin.
Müzakirəyə təqdim olunan məqalədən
də göründüyü kimi, Türk Dövlətləri
Təşkilatı nəzdindəki Ağsaqqallar
Şurasında Azərbaycanın təmsilçisi Həsən
Həsənov bu təkliflə ilk dəfə qurumun 2021-ci il
sentyabrın 26-da Bursada keçirilən və "Ortaq Türk Alfabesi" məsələsinin
müzakirəsinə həsr olunan toplantısı zamanı
Şura adından çıxış edib. Sonra isə təklif
rəsmi qaydada Atatürk Dil, Mədəniyyət və Tarix
Qurumunun başqanı, prof. Muhammed Hakimoğluna və TDT
Ağsaqqallar Şurasının sədri, Türkiyənin
keçmiş Baş naziri Binəli Yıldırıma təqdim
edilib.
Təklifə respublikamızın Elm və Təhsil
Nazirliyi nəzdindəki Təhsil İnstitutunda da
baxılıb. İnstitutun böyük elmi məsləhətçisi,
pedaqogika üzrə fəlsəfə doktoru Asif Hacıyev
öz rəyində "bitiq/bitik" sözünün əksər
türk dillərində artıq işlək lüğət
tərkibindən çıxaraq arxaikləşdiyini, bu
baxımdan da qəbul edilməsinin
mümkünsüzlüyünü bildirib. Həsən Həsənovun
müzakirəyə təqdim olunan məqaləsi də həmin
rəyə cavab və onun müəllifi ilə polemika
xarakteri daşıyır.
Bir az qəribə görünə bilər. Amma əslində
məsələyə məntiqi şəkildə yanaşsaq,
dilimizdə səslərin ifadəsi üçün istifadə
edilən işarələr sisteminin adı - yəni "əlifba"
istilahının özü artıq arxaikləşib, qeyri-dəqiq
məzmun daşıyır. Həqiqətən də biz ərəb
fütuhatından 1925-ci ilə qədər "əlifba"dan
istifadə etmişik. Daha sonra 1939-cu ilə qədər
yazımız latın qrafikası əsasında tərtib
olunan "alfabetə" əsaslanıb. 1939-1992-ci illərdə
kiril qrafikalı "azbuka" ilə yazıb-oxumuşuq.
1992-ci ildən sonra isə yenidən "alfabetə"
qayıtmışıq. Yəni əski ərəb hərflərinin
məcmu adından-yaddaşımızda dərin kök salan
"əlifba"dan yüz ilə yaxın müddət ərzində
uzaq düşdüyümüz halda onun adını
qoruyub-saxlamış, avtomatik olaraq digər yazı sistemlərinə
tətbiq etmişik. Bu mənada günümüzdə konkret
müzakirə mövzusuna çevrilmiş "Ortaq Türk
Əlifbasına" türk ənənəsinə, türk
yazı mədəniyyətinə əsaslanan orijinal ad tapmaq
axtarışı qətiyyən qəribə görünməməlidir.
İki yol var: müştərək istifadə edəcəyimiz
işarələr sistemi ya türk
qardaşlarımızın da tərəfdar çıxdıqları
şəkildə "Ortaq Türk Alfabesi"
adlandırmalı, ya da yeni termin yaradılmalıdır. Həsən
müəllimin təklifi də bu məntiqdən irəli gəlir.
Yenilikdən qorxmağa dəyməz. Xüsusilə də
o yaxşı unudulmuş köhnə olduğu təqdirdə!
Məşhur ifadədə deyildiyi kimi, hər şey zamana
bağlıdır. Ötən əsrin 30-cu illərində
Atatürkün başlatdığı "dil devrimi"
zamanı çağdaş türk dilinə 5 minə
yaxın (alimlərin fikrincə, hər hansı dildə sərbəst
ünsiyyət qurmaq üçün 3 min söz bilmək yetərlidir!)
yeni söz gətirilmişdi. Onların arasında artıq
arxaikləşmiş sayılanlar da az deyildi. Əlbəttə,
yeni yaradılan leksik vahidlərin hamısının uğurlu
olduğunu iddia etmək çətindir. Amma bu gün bir
Anadolu türkünün deyək ki, xalis türk kəlmələrindən
ibarət "sayın bakan" ifadəsini ərəb mənşəli
"möhtərəm nazir"ə (hərçənd
ikinci də pis səslənmir!) dəyişməsi imkansız
görünür. Eyni zamanda "okul" (məktəb),
"öyrətmən" (müəllim), "ürətmək"
(istehsal etmək), "tükətmək" (istehlak etmək)
və yüzlərlə başqa sözlər... Təbii ki,
ilk vaxtlar yeni söz və ifadələrin çoxu dildə
yad ünsür kimi görünürdü. Lakin zamanla öz
yerlərini tutdular. Ona görə də müştərək
yazı sistemimizə yeni ad tapmaq təşəbbüsü
yalnız alqışlana bilər. Mühafizəkarlıq, ənənəyə
bağlılıq heç də hər yerdə və hər
zaman faydalı olmur.
Həsən Həsənovun "əlifba-alfabenin"nin
qarşılığı kimi təqdim etdiyi bitiq/bitik kəlməsinin
arxaikliyi də bizi qorxutmamalıdır. Bu gün arxaik
saydığımız sözlərin çoxu, eləcə
də Mahmud Kaşğari lüğətində özünə
yer tapmış "biti" feili və ondan törənən
leksik vahidlər ortaq türkcənin daha dərin qatlarına
aparır. Yadımdadır, biz kiçik olanda anam həmişə
qabağımıza xörək çəkib qoyanda
"Yeyin, canınıza qut olsun"- deyirdi. Bir dəfə
soruşdum ki, "Ana, "qut" nə deməkdir?" Dedi:
"Nə bilim, mən də belə eşitmişəm. Yəqin
"Yeyin, yaxşı olsun, canınıza xeyri dəysin
olar". Beşinci sinifdə ingilis dili keçməyə
başlayanda təəccübümə rəğmən
öyrəndim ki, ingiliscədə "good" -
"yaxşı" sözü elə bizim "qut"la
eyni mənanı verir. Müşahidəmi müəllimlə
bölüşmək istəyəndə məni
boşboğazlıqda ittiham elədi. Yalnız universitet illərində
ilkin orta əsrlər türk şairi və dövlət
adamı Yusif Has Hacib Balasaqunlunun (təqr. 1016 -1093) məşhur
"Kutadqu bilik" əsəri ilə tanışlıq
zamanı məmləkətimizin uzaq kəndində,
savadsız kənd qadının nitqində günümüzə
qədər qorunub saxlanan "qut" sözünün
tarixi-coğrafi və linqvistik baxımdan nə qədər
uzun, mürəkkəb yol keçdiyinə heyrətlənməyə
bilmədim. Min yüz il əvvəl, türk Qaraxanilər
dövlətinin paytaxtı Balasaqunda dövrün mühüm
filoloji kitablarından birinin adına çevrilən
"qut" kəlməsi aradakı keçilməz zaman və
məkan səddini aşıb bu gün də Azərbaycan
türkünün yaddaşında yaşamaq hüququnu
saxlayır. Bitiq/bitik kəlməsini də daha çox
cadu-biti şəklində hələ kiçik
yaşlarında xalq danışıq dilində dəfələrlə
eşitdiyimi xatırlayıram. Bu söz adətən
üçkünc bükülüb paltara tikilən, yaxud suya
salınıb içilən yazılı dualara aid edilirdi. Bir
az obrazlı desəm, fanatizm qədim türkcədə
"yazı" anlamını ifadə edən sözdən öz təsir
gücünü artırmaq üçün
yararlanmışdı. Yaxud ya yazı sehrinə, gücünə
görə caduya bərabər tutulmuşdu.
Həsən müəllimin məqaləsi haqda
müştərək tanışlarımızdan bir neçə
nəfərin fikrini soruşdum. Müraciət etdiyim şəxslərdən
yalnız biri yazı ilə tanış idi. O da dedi ki,
"bitiq/bitik" sözünü "əlifba"
anlamında qəbul etmək çətin, hətta
mümkünsüzdür. Səbəbi ilə maraqlananda
bildirdi ki, dilə yatmır, uyğun görünmür və
s. Əlbəttə, çox yenilik ilk baxışdan qəribə,
anlaşılmaz, uyğunsuz təsir bağışlaya bilər.
Şükürlər olsun ki, məqalə müəllifi
türk dövlətlərinin başçılarından deyək
ki, 2025-ci il yanvarın 1-dən etibarən əlifbanın
"bitiq/bitik" adlandırmaları barəsində xahiş
etmir. Sadəcə türk ölkələrinin alimlərini bu
məsələ ətrafında müzakirəyə, fikir
mübadiləsinə çağırır. Əgər
"bitiq/bitik" variantını qəbul etmiriksə, məsələni
yerli-dibli bağlamaq yox, yeni təkliflər, versiyalar irəli
sürmək olar.
Şəxsən mənə keçid mərhələsi
kimi "ortaq türk
yazısı" ifadəsi daha məqbul görünür.
Böyük fikir adamı Əli bəy Hüseynzadə də
1909-cu ildə "Tərəqqi" qəzetinin bir neçə
sayında çap etdirdiyi "Yazımız, dilimiz. İkinci
ilimiz" adlı əlifba, ana dili, imla qaydaları və s. məsələlərdən
söz açan silsilə məqalələrində "əlifba"
yerinə hər yerdə "yazı" kəlməsini
işlətmişdi. Bizim eranın X əsrində Soqdiya əlifbasına
əsaslanmaqla öz əlifbalarını yaradan qədim və
zəngin mədəni ənənələrə malik
uyğur türkləri onu sadəcə "yazı"
adlandırmağı daha üstün tutmuşdular və indi
də həmin termindən istifadə edirlər. Orxon-Yenisey
abidələrində istifadə edilən runik türk əlifbası
da müasir türk alimlərinin tədqiqatlarında daha
çox "yazı", yaxud "yazıt" adı
altında tanınmaqdadır. Yeri gəlmişkən,
bitiq/bitik kəlməsinin qarşılığı, yaxud
sinonimi kimi "yazı" istilahını Həsən Həsənov
da qəbul edir.
Ortaq türk alfabesinin, yaxud əlifbasının
yaranması artıq o qədər də uzaq gələcəyin
işi deyil. Türk xalqlarının hamısının ərəb
hərflərindən istifadə etdiyi dövrdə o, əslində
ortaq əlifba kimi bir dəfə meydana
çıxmışdı. Həqiqətən də ərəb
hərfləri ilə yığılmış türk, Azərbaycan,
yaxud tatar dillərindəki mətnləri çətinlik
çəkmədən oxuyub anlamaq mümkündür.
Ümidvar olaq ki, ortaq türk yazı sistemi də böyük
Füzuli demişkən indi üzləşdiyimiz
"düşvarı asan edəcək". Latın alfabesinə
əsaslansa da, qədim türk ənənələrinə
dayanan bir adla adlandırılması bu ortaq yazı sistemini
bizim üçün bir qat daha da
doğmalaşdırardı.
Bu mümkündürmü?
Ötən əsrin əvvəllərində milli dil,
milli düşüncə məsələlərindən bəhs
edən vətənpərvər publisist Ömər Faiq
Nemanzadə "Eşq və məhəbbət" adlı məqaləsində
yazırdı: "...dünyada nə çətin iş ola
bilər ki, məhəbbət onu vücuda gətirə bilməsin?
Əl verər ki, başda bir iş üçün məhəbbət
ola! Əl verər ki, elm həvəsi, millət məhəbbəti,
vətən eşqi, mədəni istiqlal arzusu hamı məhəbbətlərin
güclüsü ola! Bunlar - insanı idarə edən bu
güclər oldumu, daha irəlişini düşünməyin:
istənilən hər şey bu sayədə yapıla biləcəkdir.
Mən inanmıram ki, insan hər şeyi ürəkdən istəyə,
ürəkdən elm və tədbir ilə
çalışa, ürəkdən məhəbbət
bağlaya, o şey başa gəlməyə! Mən
inanmıram ki, məhəbbətlə can qıyılan yerdə
dünyalar əmələ gəlməyə!"
Həsən Həsənov altmış il əvvəl
texnika elmləri namizədi alimlik dərəcəsi almaq
üçün beton və tikintidə işlədilən digər
bərkidici maddələr haqqında dissertasiyasını
tamamlaya bilməsə də, ömrünün yetkin
çağında tarix elmləri doktoru adını və məhsuldar
alim imicini həyatının sonrakı onilliklərini daha
böyük işlərə sərf edib. Ömər Faiqin
arzuladığı gerçək eşq və məhəbbətlə
milli şüurun formalaşması, mədəniyyətimizin
yüksəlişi, dövlətimizin möhkəmlənməsi
yolunda çalışıb. Harada işləməyindən
asılı olmayaraq sükutu, ətaləti pozmaqdan, mühitə
təmiz hava və yeni nəfəs gətirməkdən
heç vaxt çəkinməyib. İndi də eyni
şövqlə Türk Dövlətləri Təşkilatının
Ağsaqqallar Şurasında çalışır. Yenə cəmiyyətə,
elmi fikrə təzə mövzular vermək, diskussiyalar
açmaq, ideya generatoru olmaq həvəsindən geri
qalmır. Həm də elmi-təşkilati fəaliyyətini
artıq ümumtürk miqyasında aparır.
Polemik xarakterli "Ərəbcə - əlifba,
latınca - alfabe, türkcə bitiq?" qeydləri də bu
istəyin bəhrəsi kimi meydana çıxıb.
Düşünürəm ki, həmkarımın fikirlərinin
daha ciddi şəkildə mütaliəsinə və
müzakirəsinə ehtiyac var.
P.S. İndi baxıram ki, 1 avqust Azərbaycan dili və
əlifbası günü iimiş! Görünür,
yazının məhz bu gün ortaya çıxmasında da
bir hikmət varmış!
Sarayevo, 1 avqust
Vilayət QULİYEV
525-ci qəzet .- 2024.-3 avqust.(№137).- S.10;11.