Cavad xanın kötükcəsi:

"Hələ də babamın niyə bu addımı atdığını bilmirəm"

 

Müsahibimiz Gəncə xanı Cavad xanın kötükcəsi, Azərbaycanın tanınmış ictimai, siyasi və dövlət xadimi olmuş İsmayıl xan Ziyadxanovun nəvəsi, hazırda İsveçdə yaşayan Aydın Ziyadlıdır. Onunla Bakıda görüşdük. Elə ilk sualımız da Azərbaycana gəlişinin səbəbi ilə bağlı oldu.

- Aydın bəy, istərdim söhbətimizə Azərbaycana gəliş məramınızla başlayaq.

- Bilirsiniz ki, Ziyadxanovlardan bəhs edən bir kitabımız işıq üzü görüb. Hazırda həmin kitabın ikinci nəşrinin üzərində çalışıram. Gəlişimin əsas məqsədi də məhz bu kitabla bağlıdır.

- Necə oldu ki, sizdə tarixi araşdırmaq, bu istiqamətdə nələrsə yazmaq meyli yarandı?

- Mən musiqişünasam, dosentəm. Otuz il Bakıda konservatoriyada dərs demişəm. İyirmi ildən çoxdur ki, İsveçdə yaşayıram. İxtisasım başqa olsa da, sonradan tarixə marağım artdı. Bir də gördüm ki, günüm arxivlərdə keçir.

- Çox güman, tarixi şəxsiyyətlərlə zəngin bir nəsildən olmağınızın da bu sevginin formalaşmasında rolu var.

- Bəli. Biz Qacarlar nəslinə mənsub Ziyadoğulları ailəsinin üzvüyük.

- Və bu nəslə aid olan Gəncə xanı Cavad xanın kötükcəsisiniz.

- Bəli. Cavad xanın üç oğlu vardı: Uğurlu, Hüseynqulu və Əliqulu. Sisianovla döyüşdə Cavad xanla oğlu Hüseynqulu həlak olur, Əliqulu xan balaca olduğu üçün ona dəymədilər. Böyük oğlu Uğurlu xan isə İrana qaçıb orda qoşun yığdıqdan sonra yenidən Gəncəyə qayıtdı. Ancaq ruslar bu dəfə onu tutdular və bu şərtlə buraxdılar ki, bir də belə iş tutmayacaq. Bu qardaşlardan Əliqulu xan bizim ulu babamızdır. Mən İsmayıl xan Ziyadxanovun nəvəsiyəm. Babamgil də üç qardaş olublar: İsmayıl xan, Şahverdi xan, Adil xan. Babam və Adil xan Moskva Universitetinin hüquq fakültəsini bitiriblər. Şahverdi xan Ziyadxanov isə Azərbaycan Cümhuriyyəti ordusunda podpolkovnik rütbəsində xidmət edib.

- İsmayıl xanın cəsarətindən bəhs edən xeyli əhvalat danışılır. Çox güman, onların içərisində bizim bilmədiklərimiz də var ki, onları məhz siz bilirsiniz.

- Bəli. İsmayıl xan çox cəsarətli adam idi. Bir misal çəkim. Əsgər ağa Goraninin həyat yoldaşı Bəyim xanım İsmayıl xanın doğma bacısı idi. Gəncədə erməni-müsəlman davası gedən vaxt bacısı ona xəbər göndərir ki, qızının məktəbi olan ərazidə atışma gedir. İsmayıl xan xəbəri alan kimi minir ata, atışma gedən küçədən keçib məktəbə yollanır. Atın üstündə sinifə girib uşağı götürür. Bu vaxt uşaq başlayır ağlamağa ki, rəfiqəm qaldı. İsmayıl xan soruşanda ki, sənin rəfiqən hansıdır, qız deyir ki, filankəs. O da hər iki uşağı götürüb geri qayıdır.

İsmayıl xan həqiqətən də çox mərd adam olub. O vaxt ruslar gələndə Adil xan Ziyadxanov Azərbaycan Cümhuriyyətinin İrandakı səfiri idi. O, qardaşına deyir ki, "Şimaldan gəlirlər, bu gedişatdan gözüm su içmir. Gəl ailənlə bərabər səni köçürüm başqa yerə". Babam da cavab verir ki, "Nə olursa olsun, köçə bilmərəm. Bura mənim vətənimdir".

- İsmayıl xanın çətin məqamda şamaxılıların köməyinə çatması da vətən sevgisinin əməldəki nümunəsidir.

- Həmin dövrdə babam şəhər milisi işləyirdi. Şahverdi xan cəbhədən qayıdanda silah-sursatı İsmayıl xana vermişdi. Buna görə də, şamaxılılar müraciət edəndə babam üç min nəfər döyüşçü ilə köməyə gedə bilmişdi. Üç min adam sizə zarafat gəlməsin.

Şaumyanın Leninə babam haqqında teleqramı var. Teleqramda yazılır ki, İsmayıl xan Ziyadxanov sovet hakimiyyəti üçün Azərbaycanda ən təhlükəli insandır. Çünki İsmayıl xanın dəstəsi üç min nəfərlə Şamaxı soyqırımında Stepan Lalayevin üstünə hücum etmişdi. Beləcə Lalayev Stepana, Stepan da Leninə İsmayıl xandan şikayət etmişdi. Bundan sonra axtarışlar başladı. Yaxınları gecə ilə babamı Bakıya köçürürlər. O, əvvəlcə Bakıda ərdə olan bacısıgilə gedir, ancaq onlar təxmin edirlər ki, həmin evdə İsmayıl xanı tapa bilərlər. Buna görə də babamı bacısıgilin Pirşağıdakı mülkündə gizlətmək qərarına gəlirlər. Gecə ilə onu ora aparırlar, deyirlər ki, gir bu evə və çıxma, biz yemək-içmək gətirəcəyik.

- İsmayıl xan deyilənə əməl etdimi?

- Yəqin evdən çıxıb ki, onu tutub Bayıl həbsxanasına salıblar. Atam bir dəfə Bayılda onun yanında olub.

- Atanız babanızdan nə danışırdı?

- Şaumyanın elədiyindən sonra İsmayıl xan "Xalq düşməni" hesab olunurdu. Adını belə çəkməyə qoymurdular. Ona görə də bu haqda evimizdə heç vaxt heç nə danışmırdılar.

- Bəs təqiblər necə? Bu damğanın kölgəsində yaşamaq çətin deyildi?

- Düzü, mənə dəyməyiblər, ancaq atamı incidiblər. O vaxt atam partiyaya üzvlük üçün namizəd idi.  Birdən söz yayıldı ki, xan nəslindəndir. Bundan sonra namizədliyi təsdiqlənmədi. Heç vaxt birinci dərəcəli vəzifələrdə işləməsinə icazə vermirdilər. Atam artıq bunu qəbul etmişdi.

- Ola bilməz ki, bəy oğlu zamanın gərdişinə asanlıqla boyun əyib, keçmişin xiffətini çəkməsin.

- (Fikrə gedir) Gəncədən Yevlaxa gedəndə uzaqdan dağlar görünür. Atam həmin yolda dağları göstərib deyirdi ki, bax bu da bizim idi, ora da bizim idi...

- Danışdıqlarınızdan belə başa düşdüm ki, Gəncəyə çox bağlısınız.

- Elədir ki, var. Sabah Gəncəyə biletim var. Mən Bakıda doğulmuşam, böyümüşəm, işləmişəm, ancaq mental olaraq özümü gəncəli hesab edirəm. Yeməyimiz, söhbətimiz hamısı oralıdır. Gəncədə mühit tamam başqa cürdür. Mərkəzdən uzaq olduğu üçün beynəlmiləl yerə çevrilməyib. Sözün əsl mənasında Gəncə əhalisinin əksəriyyətini xalis azərbaycanlılar təşkil edir.

- Çox güman, Ziyadxanovları Gəncədən sovet dövrünün təqibləri didərgin salıb.

- Hə. O vaxtlar xan nəslindən kim gözə dəyirdisə, tuturdular, incidirdilər. Bu gün Gəncədə ata tərəfdən çox qohumum yoxdur.

- Sizdən öncəki müsahibim Gəncənin məşhur nəsillərindən olan Şeyxzamanlıların nümayəndəsi idi. Sizin nəsillə oxşar taleyi yaşayan Şeyxzamanlıların bəzi nümayəndələri təqiblərdən qorunmaq üçün təkcə yerini yox, soyadlarını da dəyişmişdilər. Yəqin ki, bu üsul sizin də köməyinizə çatıb.

- Hazırda mənim soyadım Ziyadlıdır. Bunun da tarixçəsi var. Deməli, əvvəlcə babamı tutub Bayıl həbsxanasına göndərirlər, sonra isə güllələyirlər. Bir gün nənəmgilin qapısı döyülür. Açıb görürlər ki, iki nəfər formalı adam kostyum gətirib üstündə də saat. Deyirlər, bunlar Sənubər xanıma çatacaq. Sənubər nənəm də haray salıb ki, hanı bunun yiyəsi.

Hadisələrin bu cür cərəyan etdiyini görən yaxınları nənəmə deyiblər ki, uşaqları götürüb qaçsın, yoxsa onu da tutacaqlar. Nənəm də bu məsləhətlərə qulaq asıb cənub zonasında yerləşən bir tanışın yanına qaçır. Həmin kəndə köçəndə nənəmə deyiblər ki, bu soyadla yaşaya bilməyəcəksiniz, gərək dəyişəsiniz. Bundan sonra o, məcbur qalıb razılaşır və Ziyadxanov soyadını Ziyadlıya dəyişir. Gəncə yaxınlığında bizim bir oymağımız olub, indi də Ziyadlı adlanır. Mən özüm Ziyadlı olsam da, uşaqlarımız Ziyadxanov soyadını daşıyır.

- Nənəniz Sənubər xanım Xurşidbanu Natəvanın nəvəsi idi. Necə xatırlayırsınız onu?

- Nənəmi yaxşı xatırlayıram, çox ziyalı xanım idi. Bilirsiniz, keçmişdə nikahlar müəyyən səviyyədə baş tuturdu. Xan oğlu xan qızı ilə evlənirdi. Babamla nənəmin izdivacı da bu cür idi. Məsələn, İbrahimxəlil xan Cavad xanın bacısı ilə evli idi. Bir bacı rəhmətə gedəndən sonra xan digər bacı ilə evlənmişdi.

- Söhbətimizi İsmayıl xanla bağlı məni ən çox maraqlandıran məqamla bitirmək istəyirəm - Vıborq bəyənnaməsi...

- Bildiyiniz kimi, İsmayıl xan mülkədar olub. O, çox varlı idi, həmin dövrdə deputat da seçilib Peterburqda rahat kreslosunda oturmuşdu. Vıborq bəyənnaməsi isə mahiyyət etibarilə çara qarşı idi. Bu imzadan sonra İsmayıl xan Ziyadxanovu Şəkidə üç ay həbsxanaya saldılar və bir daha deputat olmasına icazə vermədilər. Necə çarın evində oturub onu istəməyə bilərsən? Mən indiyə kimi babamın bu hərəkətini başa düşə bilməmişəm.

 

Aytac SAHƏD

525-ci qəzet .- 2024.-3 avqust.(№137).- S.9.