Qürbət elin doğma torpağı

 

"Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" deyiblər. Gəl ki ömrünün hər baharını, qışını bu vətən uğrunda fəda edən neçə-neçə soydaşımıza nəsib olmadı bu müqəddəs torpağın zərrəsinə çevrilmək. Bu vətəndə yetişdilər, bu vətən üçün yetişdirdilər, xalqın, millətin intibahı uğrunda mücadilə etməkdən yorulmadılar və hər zaman işıqlı gələcəyə inandılar. Hər şey inanmaqdan başlamırmı? Yanılmadılar, yanıltmadılar. Amma o dövr üçün tanrı sanki məqsədi, məramı, yolu bir olan bu soydaşlarımıza bir tale yazmışdı: vətən eşqiylə alışıb-yanan neçə-neçə gənci bu eşqin əzabına düçar etmək. Bəlkə tanrının qəzəbi tutmuşdu onlara, bəlkə də, vətəni özlərinə tanrı bildilər deyə "cəzalandırılmışdılar".

Tarixin boz vərəqlərini öz nuru ilə işıqlandıran vətən övladları sırasında Ceyhun Hacıbəylinin xüsusi yeri var. Ömrünün ən coşqun çağında, gənc yaşında doğmalarından, doğma torpağından ayrı düşən Ceyhun Hacıbəyli xalqımızın müstəqilliyi yolunda misilsiz rol oynayıb. Vətəndən ayrı düşsə də, son nəfəsinə qədər tək məqsədi vətənə xidmət etmək olan Ceyhun Hacıbəylini təəssüf ki, bu gün Azərbaycan gəncliyinin çox az bir qismi tanıyır. Nəinki Ceyhun Hacıbəyli, onun timsalında neçə-neçə fədailər var ki, onların adları nadir hallarda çəkilir, yada salınmır. Bu yazını yazmaqda məqsədim də elə budur: Ceyhun Hacıbəylini unutmamaq, unutdurmamaq, xatılamaq, yada salmaq.

1891-ci il fevralın 3-də Şuşada dünyaya gələn Ceyhun Hacıbəyli ilk təhsilini Şuşada, sonra isə Bakıdakı rus-tatar məktəbində alıb. İlk mətbu hekayələrini "Proqres" qəzetinin 1907-ci il tarixli 5-ci nömrəsində dərc etdirən C.Hacıbəyli yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor, etnoqraf kimi fəaliyyət göstərib. 1908-ci ildə Əli bəy Hüseynzadənin müdiri olduğu "Səadət" məktəbində dərs deyib. Xalqın qaranlıq tarixində parlayan şəxsiyyətlərdən biri olacağı sanki ilk zamanlardan bəlli idi. C.Hacıbəylidə bu işığı görən Murtuza Muxtarov onu öz vəsaiti hesabına Peterburq Universitetinə oxumağa göndərir. Burada 1 il təhsil aldıqdan sonra Ceyhun bəy Fransanın məşhur Sarbon Universitetində Siyasi elmlər fakültəsinə daxil olur. Təhsil aldığı illərdə yazdığı məqalələr "Baku", "Kaspi", "Proqres", "Azərbaycan" qəzetlərində dərc edilir. Bir çox məqalələrini "Dağıstanlı", "Ceyhun Dağıstanlı", "Azəri" kimi imzalarla dərc etdirir. "İlk Azərbaycan operası necə yaranmışdı" adlı xatirə yazısında "Leyli və Məcnun" operasının yaranmasında Üzeyir Hacıbəyova yaxından köməklik etdiyini, həmin tamaşada İbn Səlam və Nofəl rolunda ilk dəfə səhnəyə çıxdığını bildirib.

C.Hacıbəyli qardaşı Üzeyir bəyin yolu ilə getmək istəyirdi, musiqi onun da ruhunun ahəngi idi. Bu arzu ilə Hacı Zeynalabdin Tağıyevin dəstəyilə Parisə musiqi təhsili almağa yollanır. Yaranan vəziyyətlə bağlı qardaşı Üzeyir Hacıbəyova yazdığı məktubda qeyd edib: "Fikrimə gəldi ki, gedim Hacı Zeynalabdinin yanına. Çünki borclular vaxt gələn kimi yenə məni qısnayırdılar. Bədgunə getdim. Hacı məni çox mehriban qəbul etdi və səni də soruşdu. Dedim Moskvada konservatoriyada oxuyur. Dedi ki, çox yaxşı olub. Bizim musiqiyə çox ehtiyacatımız var. Dedim ki, mən də Parisdə musiqi oxuyurdum, lakin pulum olmadı, qayıdıb gəldim. O, mənə musiqi oxumaq üçün Parisə getməyi tövsiyə elədi və dedi ki, mən Həsən ağaya deyərəm sənə müəyyən məvacib verərlər ki, sən Parisdə dolana biləsən. Mən çox məmnun olub evə qayıtdım".  Amma bilinməyən səbəblərdən Ceyhun bəy pulu ala bilmir və təhsili yarımçıq qalır. Tale bu məsələdə onun üzünə gülmür. Arzusunu həyata keçirə bilməyən C.Hacıbəyli fəaliyyətini bədii yaradıcılıqda davam etdirir, rus yazıçı İvan Turgenevin "Pulsuzluq" komediyasını dilimizə çevirir. Akademik İsa Həbibbəyli C.Hacıbəylinin elmi-publisistik fəaliyyətindən bəhs edərək yazır:   "Parisdə təhsil aldığı illərdə də, ondan əvvəl də Ceyhun bəy publisistik, elmi fəaliyyətlə məşğul olur, məqalələri "Baku", "Kaspi" qəzetlərində dərc edilirdi. Onun Nəbati, M.F.Axundov, M.Ə.Sabir, Divanbəyoğlu, Həsən bəy Zərdabi, Ə.Haqverdiyev, N.Vəzirov, İ.Qasprinski haqqındakı məqalələri var". 1910-cu ildə "Hacı Kərim" povestini yazan Ceyhun bəy 1911-ci ildə povesti kitab şəklində çap etdirir. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edən C.Hacıbəyli konfransla bağlı yazırdı: "...Əvvəllər idarə etdiyim milli "Azərbaycan" qəzetimizi istəkli qardaşım Üzeyirə həvalə edərək, yeni bir vəzifə ilə Avropaya gəldik. Yeni təşkil etdiyimiz Azərbaycan Dövlətinin başqa mədəni millətlər və sülh konqresinə toplanmış dövlətlərin ali məclisi tərəfindən rəsmən tanınmasına nail olduq..."

Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun təsiri Ceyhun Hacıbəyliydən də yan keçmir. Vətənindən didərgin düşən C.Hacıbəylinin ailəsi ilə birlikdə Parisdə mühacir dövrü başlayır. Əlimərdan bəy Topçubaşovun C.Hacıbəylinin oğlunun təhsil aldığı məktəbin direktoruna yazdığı məktub onların acınacaqlı taleyi haqqında müəyyən təsəvvür yaradır: "Cənab müdir, sizə məlumdur ki, bu şagird lisey üzrə başqa şagirdlərdən bilik və bacarağına görə, xüsusilə fransız, ingilis, hətta latın dillərini bildiyinə görə fərqlənir... Çox böyük təəssüf hissi ilə qeyd edim ki, valideynlərinin maddi durumu övladının təhsil haqqını vaxtlı-vaxtında ödəməsinə imkan vermir. Ağır yaşayışlarının əsas səbəbi onların siyasi mühacir həyatı sürdüklərindən irəli gəlir. Hələ onların iqtisadi durumunu qeyd etmirəm. ...Xahiş edirəm şərait yaradasınız ki, o öz təhsilini sona qədər başa vursun. Öncədən mən və müstəmləkə altında yaşayan bütün Azərbaycan Sizə dərin təşəkkürünü bildirir".

Vətəndən ayrı düşməsinə, maddi və mənəvi sıxıntılı həyat yaşamasına baxmayaraq, C.Hacıbəylinin qəlbi daim vətən üçün döyünüb. Parisdə olduğu müddətdə Azərbaycanın mədəniyyətini, incəsənətini, ədəbiyyatını qürbət eldə tanıtmaqla bir növ təskinlik tapırdı. Yaşadığı çətinliklər onu məqsədindən, yolundan döndərə bilməmişdi. Fransada yaşayarkən "La Revul du Mond Müsulman", "Le Fiqaro" kimi mətbu orqanlarla əməkdaşlıq etmiş, "La Revul des Deux Mondes" adlı jurnalda çalışmış, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olmuşdu. "Azadlıq" radiostansiyasının yaradıcılarından sayılan Ceyhun Hacıbəyli Münhendəki "SSRİ-ni Öyrənən Universitetin" müxbir üzvü seçilmişdi. Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını fransız dilinə tərcümə etmiş, bununla yanaşı, tamaşanın səhnələşdirilməsində də yaxından iştirak etmişdi.

Ömrünün sonuna qədər Azərbaycanın müstəqilliyi uğrunda çalışan, Azərbaycanı Avropada tanıdan Ceyhun Hacıbəyli "mən inanmıram ki, o quruluş 100 il yaşasın" deyərək Sovet Hökumətinin tezliklə süqut edəcəyinə inanırdı. Parisdə mühacir olduğu müddətdə qorxmadan, çəkinmədən sovet imperiyasının işğalçı siyasəti ilə bağlı "İlk müsəlman Respublikası Azərbaycan", "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)", "Azərbaycan mətbuat tarixi", "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları" adlı əsərlərini yazıb. Fələyin Hacıbəylinin ömür payına yazdığı amansız tale bunlarla bitmir. İkinci Dünya müharibəsi zamanı 23 yaşlı oğlu Ceyhunun itkisi ona ağır zərbə olur. "Bir il xəyallarda və bütöv bir ömür" adlı kitabına belə başlayır: "Axırıncı dünya müharibəsi zamanı taleyin sarsıdıcı zərbəsi məni çox çaşdırdı və keçirdiyim sıxıntını azaltmaq üçün daha rahat bir sığınacaq axtarıb tapmağa məcbur etdi. İstəyirdim və indi də istəyirəm ki, gəldiyim bu fəlsəfi qənaət yaşadığım həyatda arzularımın da, rastlaşdığım reallığın da rolunu dəyişdirsin. Beləliklə, özümü inandırmaq istəyirəm ki, bu qədər reallıq əslində, uydurmadan başqa bir şey deyil. Belə bir reallıq ümumiyyətlə, mövcud ola bilməz. İstərdim ki, ömrümün yerdə qalan hissəsində mənim üçün əlverişli bir şərait yaransın, yaşamaq üçün çox sıxıcı olan bu ağır vəziyyəti bir az da olsa yüngülləşsin".

Artıq ömrünün son günləri olduğunu hiss edən Ceyhun bəy vəfatından üç gün əvvəl - 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluya məktub yazır. Həmin məktubda Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna mühacirləri bir yerə toplamasını vəsiyyət edir.

Ömrünün sonuna qədər qəlbi vətənlə döyünən, yalnız vətəni düşünən C.Hacıbəyliyə vətən torpağının zərrəsinə çevrilmək  qismət olmadı. "Ayrılarmı könül candan?" Neçə könül bu torpaqdan, bu candan ayrı salındı. Qardaşı Üzeyir Hacıbəyovun məzarı yanında onun üçün ayrılan torpaq hələ də o müqəddəs varlığın yolunu gözləyir.

Tək məfkurəsi Vətən olan neçə-neçə fədaimiz Günəş tək şərqdə - vətəndə doğuldular, bu xalqın zülmətinə çıraq, gecəsinə gündüz oldular. Günəş şərqdə doğulub qərbdə batır deyirlər. Bizim günəşlərimiz də vətəndə doğulub qürbətdə söndülər, qürbət torpağa qarışıb onun zərrəsinə çevrildilər. Amma onların hər biri ruhən vətəndədirlər - Azərbaycanın hər vətəndaşının qəlbində!

 

Ləman İLKİN

525-ci qəzet .- 2024.-3 avqust.(№137).- S.8.