Peşəsinin ustası  

 

On il də tarixdir, iyirmi il də, otuz il də. Qırx ilin o üzündə qalanları xatırlayıram. Ermənilərin Azərbaycana qarşı xəyanətləri, iddiaları hələ üzə çıxmamışdı. Erməniliyin gizlin planları bəzən Ermənistandan uzaqlarda hazırlanır, Moskva ilə gizlin razılaşdırılırdı. Moskvanın maraqları olduğu xarici dövlətlərdə (Çexoslovakiya, Kuba, Vyetnam, Əfqanıstan, digər ictimailəsməyən siyasi müdaxilələr) olduğu kimi erməniliyin hansı səviyyədə riyakarlıq, hansı səviyyədə təxribatçılq, xəyanət, "duru suyu bulandırma" olduğu hələ gümanlardan ayrılıb gerçəklik kimi etiraf edilmirdi. Moskva vardı axı...

Salman Əsəd oğlunu o illərdə - gəncliyimin ilkin çağlarında tanımışdım. Məndən yaşca xeyli böyük olsa da, bilirdim ki, 1937-ci il avqustun 1-də Şərikan kəndində anadan olub. Əkin-biçinlə məşğul olduğuna görə (bu, rəncbərlik idi) atasına kənddə "çörək ağacı" deyilib. İkinci Dünya müharibəsində bu səbəbdən döyüşlərə göndərilməyib. 1942-ci ildə böyük qardaşı Həsən müharibəyə aparılıb. Az sonra Əsəd kişi rəhmətə gedib. 11 nəfərlik ailənin ağırlığı əmisi Xanməmmədin çiyinlərinə düşüb...

O ağır illərdə - dava illərində balaca Salman anası Güllünün, ortancıl qardaşı Süleymanın, bacısı Gövhərin qayğıları ilə əhatələnib. Böyük qardaşı Həsən müharibədən qayıdanda ailə şükranlıq yaşamağa başlayıb. Həsən ailəyə atalıq qayğılarının mənəvi yükünün də, əziyyətinin də cəfasını sədaqətlə çəkməyə başlayıb...

Salman Əsəd oğlu oxudu, 1953-cü ildə Canbar kənd 7 illik məktəbini, 1956-cı ildə Pirçivan kənd orta məktəbini bitirdi. Müharibədən sonrakı illərin ağırlığını o da duyurdu, o da yaşayırdı. Yaşı əsgərlik yaşı idi. 1956-cı ilin oktyabrından 1959-cu ilin oktyabrına kimi Ukraynanın Xmelinsk şəhərində tank alayında xidmət etdi; əsgərlik onun da "sümüklərini bərkitdi". Bu üç ildə yaşadıqlarının gündüzündə də Şərikan vardı, gecəsində də. Ruhu Şərikandan aralı düşməmişdi.

Hərbi xidmətdən sonra Zəngilana qayıtdı.

Yeniyetməliyindən qəlbində bir niyyət vardı: ali təhsil almaq. Ala bilmədi. Müharibə, kənd camaatının "çörək ağacı Əsəd" kimi tanıdığı və sevdiyi atasının cəfalara qatlaşması, 11 nəfərlik ailənin güzəranını ağır zəhmətlə təmin etməsi, az sonra ölümü, qardaşı Həsənin müharibəyə aparılması, ...onun niyyətini uşaq vaxtlarından üşütmüşdü. Həsən müharibədən qayıtdıqdan sonra ailənin qayğılarının cəfakeşi oldu, ancaq Salman da hələlik işləməyi, güzəranları düzələndən sonra təhsil almağı düşünürdü. Az sonra 1960-cı il yanvarın 2-dən Ermənistanın Qafan rayonunun Qacaran qəsəbəsində Mis-Molibden Kombinatında ocaqçı işləməyə başladı. Burda nə görürdüsə, nə eşidirdisə, nə duyurdusa, ruhu sıxılırdı. Az müddətdən sonra (1960-cı il oktyabrın 18-də) Zəngila-na qayıtdı. Ona elə gəldi ki, ruhunu əsarətdən xilas edib; Zəngilan Qafandan uzaq olmasa da, ona elə gəlmisdi ki, dünyanın o başından bu başına, qayıdıb, qəriblikdən doğmalığa qayıdıb, ürəkdən verilən salam-əleykə qayıdıb, şükranlığa qayıdıb. Cavanlığından duyduqları düşüncələrinə hopmudu...

Onun da xəyalında Bakı vardı. Ürəyi onu bu gözəl şəhərə çəkirdi.

Ömrünün Bakıya ad olan illərini sevərək yaşadı: 1960-cı il noyabrın 1-dən 1962-ci il aprelin 27-nə kimi 2 nömrəli texniki peşə məktəbində qaynaqçı peşəsi üzrə təhsil aldı, 1964-cü il martın 12-nə kimi Xüsusi  Quraşdırma Trestinin 1-ci Bakı Mexaniki Quraşdırma idarəsində qaynaqçı, sonra isə 1-ci Bakı Mexaniki Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətində (ATSC-də ) 5-ci dərəcəli elektrik qaynaqçısı işlədi. Neçə il əvvəli düşünüb işləyirdi, illərin sonrasını düşünüb işləyirdi, nəsilin adına yaxşı ad gətirmək üçün işləyirdi, bir ömrün qarşı gələn işığı üçün işləyirdi, ... İşi bəyənilirdi. Yoldaları da bəyənirdi, rəhbərlik də. Səmimi bəyənilmələr idi...

Salman Əsəd oğlu peşəsini sevirdi. Sevdiyi peşəsinin incəliklərinin həm nəzəriyyəsini öyrənirdi, həm də öyrəndiklərini təcrübi təkmilləşdirirdi. Peşəkarlar belə öyrənmə üsuluna püxtələşmə deyirlər; Salman püxtələşirdi, öz işini özü bəyənə-bəyənə püxtələşirdi. Kiminsə bəyənməsi üçün işləmirdi. Bu, işə sevgi idi. Salmanın qabiliyyəti, işə bu səviyyədə can yandırması, məsuliyyəti diqqətdən kənarda qala bilməzdi, qalmadı da. Onu 1966-cı il iyunun 1-də 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin etdilər; cəmi bir rəqəmin mahiyyət fərqi böyük etimad, inam, etibar idi...

İstehsalat, sənaye həm bacarıq tələb edir, həm nəzəri biliklər, həm istək, həm də bunların vəhdətini. "Sevgi yoxsa, nəticə olmur", - nə vaxt deyilib, kim deyib, bilmirəm, cəbrən işləmək ona görə sona varmır. Neçə yüz illərdi belədi. Salman Məmmədov sevgi ilə işləyirdi, sevgi ilə püxtələmişdi. Həm də sevgisinə görə sevilirdi. İşin asanına qaçmırdı, işin ağırının qulpundan yapışırdı. 1969-cu il oktyabrın 15-də 6-cı dərəcəli elektrik qaynaqçısı dərəcəsinə layiq görüldü. Aylar belə il olmuşdu. 1976-cı ildə Partiyanın XXII qurultayı adına neftayırma zavodunda (indiki Heydər Əliyev adına Bakı Neftayırma zavodu) yeni qurğuların istehsala hazırlanmasında, istifadəyə verilməsində iştirak etdi, həm də xarici ölkələrdən gəlmiş mütəxəssislərlə nəfəs-nəfəsə. Belə əhəmiyyətli qurğuların (neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu, katalitik riforminq qurğusu) quraşdırılmasında, istifadəyə verilməsində fərqləndi. İşi bəyənilib, təqdir edilib, öyrənilməsi nəzərdə tutulub. Bunların nəticəsi kimi 1980-ci il iyunun 16-dan 1983-cü il  avqustun 23-dək İraqa ezam edilib, ən böyük Beyci Neftayırma zavodunun tikintisində çalışıb. O illərdə bacarığı, qabiliyyəti, siyasi dəyanəti, dünyagörüşü hökumətin tələblərinə uyğun olmayanlar dövlət sərhədinin o üzünə keçə bilməzdi. Ən yaxşı halda turist kimi sosialist dövlətlərinə gedə bilərdi. Salman Əsəd oğlunun İraqda inşa edilən belə bir nəhəng tikintiyə göndərilməsi inamın, etibarın nəticəsi idi. Söhbət düşəndə deyərdi ki, orda işləyələrin sırasında kərküklər də vardı. Bir dəfə bir kərkük bayatısını eşidəndə canım ruhuma darlıq etdi. Sonrası necə olacağını düşünmədən bayatının işığına getdim. Səid xahişimlə bir neçə mahnı zümzümələdi. Ruhun sərhədi olmadığını onda duydum. Salman belə düşünüb, görəsən, kərküklü Səid necə düşünüb? Salman doğma kəlmələrə, doğma musiqiyə görə ruhunun işığına gedib, bu işığa gələnin "Sağ ol, qardaş!" kəlmələrini eşidincə Səidin kirpikləri nəmlənib yəqin...

Salman Əsəd oğlunun adına ad olan bütün təyinatlar dumduru bir ömrün sabahlarına düşən işıq misallı təyinat olub; sevgi özünəinamın hissəsi olursa, fərd əhatəsindəkilərin rəğbətini, ehtiramını daha şəbəkəli səviyyədə qazanır.

Salmanın işə münasibəti təkcə özünə bəlli olan üsul idi; işləyə-işləyə bu üsulu iş yoldaşlarına da aşılayırdı. Təcrübəlilərə də, gənclərə də. O illərdə "Şərəf lövhəsi" vardı, ideologiya bunu da sosializm sənayesinin inkişafına vasitə edirdi. "Nümunə göstərilmək" vardı, "əmək qabaqcılı" adı ilə tanıtma, tanınma vardı. Salmanı əmək qabaqcılı kimi həm də idarənin "Şərəf lövhəsi"ndən tanıyırdılar...

Ali təhsil almağa niyyətli olduğunu heç kimə deməmişdi. Hərbi xidmət, ailəyə maddi kömək gös-tərmək, istehsalatda işləmək, istehsalatda özünütəsdiq - buna görə təhsil almağı sonraya saxlamışdı. 1965-ci ildə sənədlərini M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (indiki Slavyan Universiteti) rus dili və ədəbiyyatı fakültəsinə verdi; istəyinə yetmək üçün işdən sonra oxuyurmuş, öyrənirmiş, imtahanlara hazırlaşırmış. İmtahanları uğurla verdi, qəbul olundu. Əmək qabaqcılının təhsil uğuruna kollektivdə hamı sevindi. Təhsildən sonra (1973-cü il) harda işləyəcəyini soruşan olanda qaşları çatılardı, bir anlığa duruxardı: "Müəllimliyi sevmişdim. İşləyə-işləyə təhsil aldım. Bu illəri həm işimə, həm də təhsil alma niyyətimə sədaqətlə yaşadım. İndi görürəm ki, istehsalata olan sevgim daha güclü imiş, ömrümün bir hissəsi olan illər mənə istehsalatı elə sevdirib ki, ondan uzaqlaşa bilməyəcəm. Əslində, indi də müəlliməm. Bu sahədə bildiklərimi, təcrübəmi gənclərə həvəslə öyrədirəm..." - demişdi. Onun xarakterinə bələd olanlar sözü çevirməmişdi, mətləbi ucuzlaşdırmamışdı...

Salman mübariz xarakterli gənc olub, bu xarakterlə formalaşıb, püxtələşib. Ağsaqqallığı yaş müəyyənləşdirmir, ağsaqqallıq dünyagörüşdü, insanlara, insanlığa sevgidi, hadisələrə bəşəri münasibətdi; Salman Əsəd oğlu ağsaqqal idi. "El-obasını sevməyənin ömrü qəriblik çovqununa tuş gəlir. Ömrünün illərini çovğunda üşütmə, el-obanı sev, Vətəni sev. Sev ki, seviləsən..." - bu gözəl öyüd sonralar böyük sədaqətlə yaşadıldı. Zəngilana, Zəngilanın timsalında Azərbaycana sevgi kimi yaşadıldı...

Salman Əsəd oğlu işləyirdi, işdən yorulmazdı. "Sevgi yorğunluğun qayçısıdı" fəlsəfəsi ilə yaşayanlardan, işləyənlərdən biri də dumduru ömür yaşayan Salman Əsəd oğlu idi. Heç kim Salmana bir sözün iki dəfə deyildiyini xatırlamır: deyilən, tapşırılan işi vaxtında görərdi. Nəyisə izah edəndə təkrarlamaqdan usanmazdı. Bu, xarakterin ikiləşməsi deyildi, özünə sevgi idi, ömrün hallalığına can yandırmaq idi. Ağsaqqallardan belə eşitmişdi, balalarına da, yetirmələrinə də belə deyirdi. Sonralar qət etdim ki, bəzən el adamının dedikləri də milli mentalitet kimi yaşadılırmış...

Salman Məmmədov ayların-illərin qədrini bilə-bilə bir ömrün əmək salnaməsini yarada bildi. 1965-ci il avqustun 8-də adı trestin "Şərəf kitabı"na yazıldı, 1970-ci il aprelin 4-də "Rəşadətli əməyə görə" V.İ.Leninin anadan olmasının 100 illiyi yubiley medalı, 1977-ci il avqustin 2-də "Şərəf nişanı" ordeni ilə təltif edildi. Heç zaman təltif üçün işləməyən bu el adamı deyirdi ki, sən işlə, necə işləmisənsə, elə işlə. Sənin üçün ən böyük mükafat xalqın sevgisi olacaq...

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 22 aprel 1980-ci il tarixli qərari ilə sosializm yarışında qazandığı böyük əmək müvəffəqiyyətlərinə görə Azərbaycanın Dövlət Mükafatına layiq görülüb, 1989-cu il iyunun 16-da "Əmək veteranı" medalı ilə təltif edilib.

Zəngilan müdafiə olunanda da, döyüşəndə də hərdən özü də döyüşənlərin yanında olurdu. Ola bilməyəndə ruhu onların sırasında dayanardı. Heç nə demirdi, kövrəkliklə döyüşçülərə baxardı, əlini əsgərlərdən birini çiyninə qoyardı, uzaqlara baxardı. Uzaqlar dövlət sərhədimizin hüdudları olardı...

Zəngilanın işğalından Salman Əsəd oğlunun da ürəyi burxulmuşdu. Yerə baxmışdı, Göyə baxmışdı, bir ah çəkmişdi...

"Vətəndə qəriblik ömrü yaşamaq ağır dərddi. Ali Baş Komandanımız qaçqınları bu dərddən qurtaracaq, torpaqlarımız işğaldan azad ediləcək, el-obamıza qayıdacağıq..." - o da bir ömrün sonrakı illərini bu istəyin işığında yaşayırdı...

Salman Məmmədov da Vətən müharibəsində qazanılan tarixi Zəfəri ordumuzun gücü, bu döyüləri Ali Baş Komandanın sərkərdəlik qüdrəti bilənlərdən oldu. O da 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərini bu Zəfərin məntiqi davamı bildi.

Peşəsinin ustası olan Salman Məmmədov nəvələrinə və gənc nəslə yaxşı ad qazanmaq üçün səmərəli işləməyi tövsiyə edir. Tam əmindir ki, əmək, zəhmət insanda daxili məmnunluq hissinin formalasmasına, işini sevməsinə və şöhrət qazanmasına stimul verən əsas vasitədir...

Salman Əsəd oğlu da inanır ki, Müzəffər Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamları ilə başlayan "Qayıdış" proqramı uğurla yerinə yetiriləcək, zəngilanlılar da Zəngilana qayıdacaq...

Xalqımız haqq yolundadır. Xalqımızın sabahkı aqibəti daha gözəl olacaq. Çünki Peyğəmbər Əfəndimizin dediyi kimi, "Yaxşı  aqibət, düz yolda olanlarındır".

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

525-ci qəzet .- 2024.-6 avqust.(№138).- S.15.