I Şah Abbas

 "Qarabağın dostları və düşmənləri" silsiləsindən

 

 

Səfəvi hökmdarı I Şah Təhmasibin vəfatı İran sarayında böyük çaxnaşmalara, şahzadələrin taxt-tac uğrunda mübarizəsinə səbəb oldu. Şahın oğlanları İsmayıl Mirzə və Heydər Mirzə arasındakı çəkişmələr nəticəsində Heydər Mirzə qətlə yetirildi və Qacar, Bayat, Əfşar, Rumlu,Varsaq tayfalarının köməyi ilə şahzadə İsmayıl Mirzə 1576-cı il avqustun 22-də taxta çıxdı. Bu münasibətlə tacqoyma mərasimi keçirildi və həmin vaxtdan da o, II Şah İsmayıl adıyla tanınmağa başladı. Kölgəsindən qorxan təzə şah taxt-taca yiyələndikdən dərhal sonra qardaşı Heydər Mirzəyə hakimiyyət başına gəlmək üçün kömək göstərmiş adamları təqib etməyə başladı. Öz nəslindən taxt-tacda gözü olan şahzadələri bir-bir aradan götürdü, ümumiyyətlə, kişi cinsindən olanların hamısının axırına çıxdı. Lakin qardaşı Məhəmmədin oğlanları Soltanhəsən Mirzə, Həmzə Mirzə, Abbas Mirzə, Əbutalib Mirzə və Təhmasib Mirzəyə nədənsə dəyib-toxunmadı. Amma aradan bir müddət keçdikdən sonra ağlına nə gəldisə, 7 yaşlı şahzadə Abbası da öldürmək fikrinə düşdü. Bu işi yerinə yetirməyi uşağın lələsi, Şamlı tayfasının əmiri, özünün Herat şəhərinə hakim təyin elədiyi Əliqulu xana tapşırdı. Lakin lələsinin kiçik şahzadəyə yazığı gəldi və onu öldürmədi. Çox çəkmədən, 1577-ci il noyabrın 24-də II Şah İsmayıl ölkədə, xüsusilə də, saray daxilində sünniliyi təbliğ elədiyinə görə fanatik Qızılbaş əyanları tərəfindən müəmmalı şəkildə qətlə yetirildi və kiçikyaşlı Abbas Mirzə onun cəngindən xilas oldu. Şah aradan götürüldükdən sonra taxt-tac uğrunda mübarizə daha da qızışdı. Bundan ustalıqla istifadə edən Osmanlı imperiyası Avropa ölkələri ilə sövdələşərək 1578-ci ildə hücum edib, Təbrizi tutdu (Oqtay Əfəndiyev. "Azərbaycan Səfəvilər dövləti", Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1993-cü il, səhifə 153).

Şah II İsmayıl aradan götürüldükdən sonra onun böyük qardaşı Məhəmməd Mirzənin şahlıq kürsüsündə oturması bəzi Qızılbaş tayfa başçılarına əl verirdi və ona görə də şahlıq taxt-tacına onun namizədliyini irəli sürdülər. Nəhayət, 1578-ci il fevralın 13-də Qəzvin şəhərində təntənəli tacqoyma mərasimi keçirildi və Məhəmməd Mirzə şahlıq taxtında oturdu. İbadətkar olduğu üçün həmin vaxtdan onu "Şah Məhəmməd Xudabəndə" adlandırmağa başladılar.

Qardaşının yerinə taxta çıxan Şah Məhəmməd Xudabəndə oğlunu ölümdən xilas etdiyinə görə Əliqulu xan Şamlını Herat hakimi vəzifəsinə təsdiqlədi və Abbas Mirzənin lələsi təyin elədi. Eyni zamanda oğlunu da Xorasana canişin göndərdi. Abbas Mirzənin bütün işlərini lələsi Əliqulu xan Şamlı idarə etdiyinə görə şahzadə yalnız kağız üzərində başçı sayılırdı. Çox çəkmədən Əliqulu xanın şah sarayında xidmət edən yaxın adamları qəflətən qətlə yetirildilər. O, bu hadisədən bərk qəzəbnak olub, Xorasan əyalətinin yarısını Səfəvilər dövlətindən ayırdı və Abbas Mirzəni "şah", özünü isə onun qəyyumu elan elədi.

Şah Məhəmməd Xudabəndə zəif iradəli bir hökmdar idi. Onun dövründə bir-biri ilə yola getməyən dəstələrin çəkişmələri get-gedə şiddətlənmiş və bunun da nəticəsində mərkəzi hakimiyyət zəifləmişdi. Ölkə, əslində, mərkəzlə az hesablaşan, daha doğrusu, heç hesablaşmayan, vilayətləri özbaşına idarə edən Qızılbaş tayfaları arasında bölüşdürülmüşdü. Onların bəziləri xalqı Şah Məhəmməd Xudabəndənin oğlu Əbutalib Mirzəni varis kimi tanımağa çağırırdılar. Bu, 13 yaşlı şahzadənin adından dövləti özlərinin idarə etməsi məqsədi güdürdü. Digər tərəfdən də hakimiyyət, əslində, şahzadə Əbutalib Mirzənin lələsi Əliqulu Ustaclının və İsmayılqulu Şamlının əlinə keçmiş və onlar da şah sarayındakı yüksək vəzifələri öz qohumlarına paylamışdı. Saraydakı bu yeni təyinatlar bir çox əyalətlərdə həyəcanlara və qiyamlara səbəb olmuşdu.

Bu tərəfdən də şahın arvadı Məhdi Ülya dövlət işlərini öz əlinə almışdı. Məhəmməd Xudabəndə isə şah adını formal olaraq daşıyırdı. Ölkə artıq zəifləmiş, dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qalmışdı. Qısası, Səfəvilər dövləti əldən gedirdi. Feodal əyanlar arasında isə ədavət, toqquşmalar daha da güclənirdi. Ümumiyyətlə, şah Məhəmməd Xudabəndənin hakimiyyət illəri Səfəvilər dövlətinin tarixində ən uğursuz dövr kimi yadda qalmışdır.

Ölkə daxilində hökm sürən özbaşınalıq, hərc-mərclik və çəkişmələr müharibəni başlamaq üçün fürsət gözləyən Osmanlı dövlətinin əlində bəhanə oldu. Müharibəyə ciddi hazırlaşan sultan III Murad hücuma keçdi. Qısa müddətdə Gürcüstanı, Şamaxı, Qəbələ, Şabran, Bakı, Salyan, Mahmudabad kimi şəhərləri işğal elədi. 1587-1590-cı illər ərzində bütün Zaqafqaziyanı və Həmədanı Osmanlı torpaqlarına birləşdirdi.

Osmanlıların İrana basqınları və yerli feodalların öz aralarında çəkişdikləri bir vaxtda Şah Məhəmməd Xudabəndə Qəzvinə gəldi, Səfəvi taxt-tacını oğlu Abbas Mirzəyə tapşırdı. Alban tarixçisi V.Y.Saritsa bu barədə yazırdı: "Dərdə-qəmə düçar olmuş şah Xudabəndə hüzn və iztirab içərisində Xorasandan oğlu Abbasın yanına gəldi. Ora gələndən az sonra Xudabəndə zəiflik içində, öz xalqı üçün heç bir dəyərli iş görmədən öldü. Ondan sonra igid və döyüşlərdə uğurları olan oğlu Abbas taxta çıxdı. Bacarıqsız və iradəsiz atasının ölümünün səhərisi günü 16 yaşlı Abbas Mirzə onun tacını başına qoydu, qılıncını belinə bağladı, şahlıq taxtında oturdu və ölkəni idarə etməyə başladı" (C.Qurbanov. "Səfəvi hökmdarı I Şah Abbas (1587-1629)", "Zərdabi LTD", Bakı, 2011, səhifə 53).  Beləliklə, 1587-ci ilin iyununda Xorasan, Şamlı, Ustaclı və Rumlu tayfa başçılarının və ölkənin nüfuzlu əmirlərinin köməyi ilə 16 yaşlı Abbas Mirzə Qəzvinin "Cehlsütun" sarayında şah elan olundu. Qızılbaşların böyük bir hissəsi isə Qəzvin sarayından üz döndərib, Abbas Mirzənin namizədliyini şah kimi irəli sürən Xorasan əmirlərinin tərəfinə keçdi.

Elə bu vaxt ölkənin şərqindən özbəklər hücuma başladı, daxilində isə qiyamçı qızılbaşlar üsyana qalxdılar. I Şah Abbas ehtiyatlanaraq paytaxtını Qəzvindən İsfahana köçürtdü, osmanlılarla mübarizədən əl çəkməyə məcbur oldu, ona müxalif olan yerli hakimlərin müqavimətini qıraraq hakimiyyətini möhkəmlətməyə başladı.

I Şah Abbas taxt-taca elə bir vaxtda yiyələnmişdi ki, artıq Ərdəbil, Qarabağ, Talış istisna olunmaqla, Səfəvi dövlətinin bütün vilayətləri Osmanlı işğalı altında idi. Gənc və təcrübəsiz hökmdar hakimiyyətinin ilk dövrlərində yadellilərə qarşı hərbi əməliyyatlar aparır, lakin uğursuzluqlara düçar olaraq yeni ərazilər itirirdi. 1588-ci ildə osmanlılar Qarabağı da tutdular. Buranın yerli sakinlərindən Qacar və İyirmidörd tayfaları sıxışdırılıb öz dədə-baba yurdlarını tərk etməyə məcbur edildilər. Onlar pərən-pərən düşərək cənuba - Araz çayı sahillərinə gəlib-çıxdılar və burda məskunlaşdılar.

Osmanlı hərbi birləşmələri Gəncədə və Bərdədə yerləşdirildi. Qarabağ yenidən talanlara məruz qaldı. Bunun ardınca osmanlılar Naxçıvanı da tutdular. Bu yandan da özbək Şeybani qoşunları Xorasan əyalətinə hücumlarına ara vermirdilər. Bu da osmanlıların uğurlarını xeyli asanlaşdırır, ölkənin içərilərinə doğru irəliləmələrinə şərait yaradırdı. Osmanlı sultanı III Muradın qoşunları demək olar ki, bütün Azərbaycanı ələ keçirdilər və Xorasanı da tutmağa cəhd göstərdilər. Herat şəhəri isə artıq özbəklərin əlində idi. Qızılbaşların ana vətəni Ərdəbili də işğal təhlükəsi gözləyirdi. Şah Abbas hər tərəfdən mühasirəyə alınaraq sıxışdırılırdı. Bir sözlə, Səfəvi dövləti süquta doğru gedirdi. Ölkənin ağır və çətin vəziyyətə düşdüyünü görən gənc səfəvi şahı çıxış yolu axtarmağa başladı, vaxt qazanmaq üçün Osmanlı dövləti ilə sülh danışıqları aparmağa məcbur oldu. Lakin sülh təklifi gözlənilmədiyi halda osmanlılar tərəfindən gəldi. Sultan III Murad işğal etdiyi bütün Səfəvi torpaqlarının əlində qalması şərti ilə sülh təklifi edirdi. I Şah Abbas yalnız Təbrizin Səfəvilərdə qalması şərti ilə heç də tərəddüd etmədən və yubanmadan sultan III Muradın sülh şərtlərini qəbul etmək məcburiyyətində qaldı və 1590-cı il martın 21-də İstanbulda sülh müqaviləsini imzaladı. İki dövlət arasında bağlanmış müqaviləyə görə ölkənin böyük bir hissəsi - Gürcüstan, İrəvan bəylərbəyliyi, İranın Türkiyəyə yaxın Nəhavənd, Luristan, Şəhrizur əyalətləri, Qarabağ, Təbriz, Sərab, Miyanə, Şirvan, Dağıstan osmanlılara güzəştə gedildi.

İstanbul müqaviləsini bağlamaqla Şah Abbas olduqca ağıllı və tədbirli bir hökmdar olduğunu göstərdi. İki dövlət arasındakı toqquşmalara müvəqqəti də olsa, son qoyuldu. Bununla da Səfəvi şahı öz qüvvələrini cəmləşdirmək üçün kifayət qədər vaxt qazandı. İndiyə qədər olan uğursuzluqlardan ciddi nəticələr çıxarmaq lazım idi. Daxili və xarici siyasət elə aparılmalıydı ki, Səfəvi dövlətindən qoparılmış torpaqlar, hamıya bəlli olan qüdrəti və zəifləmiş beynəlxalq nüfuz geri qaytarılsın. Şah Abbas vaxtdan səmərəli istifadə edərək ölkənin daxilindəki həlli vacib olan məsələləri qaydaya salmaqla, dövlət əhəmiyyətli problemləri aradan qaldırmaqla, ilk növbədə, mərkəzi hakimiyyəti möhkəmləndirmək, osmanlılarla mübarizəyə başlamaq və yadelliləri ölkədən qovub-çıxarmaq üçün qüvvə toplamaq qərarına gəldi. Bunun üçün o, qarşısına üç əsas yeni və böyük vəzifə qoydu: Birincisi, Xorasan əyalətini özbəklərdən azad etmək; ikincisi, Azərbaycanı və Osmanlı işğalı altında olan digər torpaqları (Gürcüstanı və İranın qərb əyalətlərini) geri qaytarmaq; üçüncüsü, Hörmüz limanından müstəmləkəçi portuqaliyalıları qovmaq.

Beləliklə, Şah Abbas öz gərgin fəaliyyəti ilə bu üç vəzifəni həyata keçirməyə başladı. O, mahir bir siyasətçi kimi yaxşı başa düşürdü ki, bu çətin vəzifələri yerinə yetirmək üçün sonu uğurla nəticələnən bir sıra islahatlar keçirməlidir. Bunun üçün ilk növbədə, bütün ölkə ərazisində sabitlik yaratmaq lazımdır. Çətinliklə də olsa, şah buna nail oldu. Sonra ingilis təlimatçılarının köməyi ilə odlu silahla, o cümlədən, toplarla silahlandırılmış ordu yaratdı. Bir sıra inzibati dəyişikliklər və hərbi islahatlar apardı. Bu islahatlarla o, Səfəvi dövlətinin əvvəlki qüdrətini tədricən özünə qaytardı və keçmiş şöhrətini bərpa elədi.

1603-cü ildə Şah Abbas qarşısında duran ikinci böyük vəzifəni yerinə yetirməyə - Cənubi Qafqazı osmanlılardan geri almaq uğrunda mübarizəyə başladı. Sentyabrın 4-də hərbi əməliyyatlara başlanıldı. Səfəvi ordusu Sufiyan adlı yerdə osmanlıları məğlubiyyətə uğratdı və ayın 23-də Təbrizin darvazaları yanında dayandı. Şah qoşunlarının yaxınlaşdığını görən şəhər əhli üsyan qaldıraraq Səfəvi ordusunun şəhərə daxil olmasına şərait yaratdı və şəhərdəki osmanlılar oktyabrın 21-də təslim oldular. Bir ay içərisində  Səfəvi torpaqları azad edildi. Şah Abbas Çulfanı və Naxçıvanı döyüşsüz tutdu, sonra İrəvan qalasını mühasirəyə aldı. Bunu eşidən Kaxetiya çarı Aleksandr və Kartli çarı X Georgi şahın qərargahına gəlib, Səfəvi dövlətinə tabe olduqlarını bildirdilər.

Şah Abbasın qarşısında indi Qarabağın və Şirvanın azad olunması məsələsi dururdu. Osmanlılara xidmət edən Qacar tayfasının bir hissəsi, Şəmsədilli tayfasının bir qolu olan Hacılar, Alpout, Qazax, Saatlı və sair tayfalar Səfəvilərin tərkibinə keçdilər. Hüseyn xan Qacarı şah Qarabağ bəylərbəyi təyin elədi və ona Qarabağı azad etməyi tapşırdı. Lakin 7 minlik Osmanlı qoşunu Hüseyn xanı məğlubiyyətə uğratdı. Şah Abbas bu məğlubiyyətin əvəzini çıxmaq üçün Allahqulu xan Qorçubaşını 5 minlik qoşunla Gəncə istiqamətinə göndərdi. O, osmanlıları geri oturtsa da, qələbəni sonadək təmin edə bilməyib, geri qayıtdı. Lakin dörd ay Gəncəni mühasirədə saxlayandan sonra, 1606-cı il iyunun 5-də şəhər düşməndən təmizləndi, 2500 nəfər osmanlı əsgər və zabiti  bu döyüşlərdə qılıncdan keçirildi. Vaxtilə osmanlılara xidmət edən Qızılbaş tayfaları da cəzasız qalmadı. Qarabağ azad edildikdən sonra Qacar tayfasından olan Məhəmməd xan ora bəylərbəyi təyin edildi.

Şah Abbas bütün Azərbaycan torpaqlarını, Şərqi Gürcüstanı, İranın qərb əyalətlərini, Şərqi Anadolunun bir hissəsini yenidən Səfəvi dövlətinə qatdı. O, qısa zamanda məğlub dövlət adını ataraq səfəviləri qalib dövlətə çevirdi. Uzunmüddətli hakimiyyəti dövründə dövlətinin  qüdrətini ən yüksək zirvəyə çatdırdı, ərazisini genişləndirdi. Fransız tarixçisi F.Brodel yazırdı ki, I Şah Abbasın dövlətinin ərazisini fasiləsiz olaraq dörd aya qət etmək mümkündür. Ümumiyyətlə, hakimiyyətdə olduğu 42 il ərzində  bütün fəaliyyətini öz dövlətinin qüdrətinin artmasına yönəldən I Şah Abbas qarşısına qoyduğu üç  böyük vəzifənin öhdəsindən bacarıqla və şərəflə gəldi.

Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində I Şah Abbasın hakimiyyəti dövrünə qiymət verərkən yazır: "Müdrik dövlət idarəçiliyi və quruculuq işləri ilə şöhrət qazanan I Şah Abbas elə mülki və hərbi qanun-qaydalar qoyub gedib ki, fars şahları indi də onlardan istifadə edirlər. Hətta hökmdarların ləyaqətinə ciddi yanaşan Avropa tarixçiləri də bir elm və sənət hamisi kimi I Şah Abbası "Böyük" sözü ilə xatırlayırlar. Bu böyük insanın adını ədalət və müdriklik rəmzi sayan Asiya xalqlarında isə o, az qala, bütləşdirilir. I Şah Abbas o qədər ictimai binalar ucaldıb ki, Şərqin heç bir hökmdarı bu barədə onunla ayaqlaşa bilməz. Bütün İran və Zaqafqaziya diyarı boyunca şəhərlərdə tikilən məscid və məktəblər, düzəngahlarda salınan karvansaralar və su kəmərləri onun nəcib əməllərindən hələ uzun zaman soraq verəcək. I Şah Abbas öz dövründə yaşamış bütün İran şair və alimləri  ilə dostluq etmiş, özü də indiyə qədər yüksək qiymətləndirilən şerlər yazmışdır" (A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı, Azərnəşr, 1951-ci il, səhifə 252).

Xalqın yaddaşında ədalətli, qurucu, mərhəmətli hökmdar kimi xatırlanan Şah Abbasın el arasında xətir-hörməti, nüfuzu o qədər idi ki, o, nağıl və dastanlarımızın, əfsanə və rəvayətlərimizin müsbət obrazına, baş qəhrəmanına çevrilmişdir. Bu qurucu şahın dövründə tikinti-bərpa işləri də geniş vüsət almışdı. Onun xeyirxah əməllərinin izlərinə Qarabağda da rast gəlmək olar: Şahbulad qalası, "Şah doqqazı", Gəncədə Şah Abbas məscidi, karvansara, meydan və sair.

Şah Abbas poeziyaya, musiqiyə, incəsənətə böyük maraq göstərmiş, sənətə və sənətkara xüsusi hörmətlə yanaşmışdı. Osmanlılarla müharibə zamanı sədəmə toxunmasın deyə, sənət adamlarını döyüşlər gedən ərazilərdən uzaqlaşdırıb, paytaxtı İsfahana gətirtmiş, "Abbasabad" məhəlləsində məskunlaşdıraraq onları himayə etmişdir.

Lakin böyük şəxsiyyətlərin səhvləri də böyük olur. Böyük Şah Abbas da belə səhvlərdən xali deyil.

...Şah Abbas Səfəvilər dövlətinin ərazisini bərpa edərək yenidən böyük bir feodal dövləti yaratdıqdan sonra idarə işləri ilə ciddi məşğul olmağa başladı. Lakin bu sahədə də böyük bir səhvə yol verdi. Sarayında yüksək vəzifələrdə xidmət edən azərbaycanlıları işdən azad eləyib, fars və digər millətlərdən olan əyanları onların yerinə müxtəlif nüfuzlu vəzifələrə təyin elədi. Beləliklə, bir çox Qızılbaş əyanlarının qüdrəti son dərəcə sarsılmağa başladı. O, səfəvilərin dövlət aparatında mühüm vəzifələr tutan qaçarların get-gedə güclənməsindən ehtiyatlanaraq onların imtiyazlarını xeyli azaltdı. Şah öz mövqeyini möhkəmləndirmək üçün farslaşdırma siyasəti aparır, qaçarları saraydan və hərbi işlərdən uzaqlaşdırır, onları fars mənşəlli adamlarla əvəz edirdi. Bununla da, qacarların nüfuzu get-gedə azalır, hakimiyyətləri zəifləyirdi. Onlara olan bu cür münasibətin başqa səbəbləri də var idi. 1590-cı ildə səfəvilərlə osmanlılar arasında sülh müqaviləsi bağlandı. Müqaviləyə əsasən Qarabağ, Şirvan, Təbriz və ölkənin bəzi qərb əraziləri osmanlılara qalırdı. Şahın bu güzəşti ilə razılaşmayan qacarlar Məhəmməd xan Ziyadoğlunun başçılığı ilə üsyan qaldıraraq Qarabağı tamamilə əllərinə keçirib, Gəncəni mühasirəyə aldılar. Şah Abbas osmanlıların tələbi ilə qacarları dilə tutaraq bu işdən əl çəkmələrini xahiş elədi və Gəncə qacarların mühasirəsindən çıxdı. Qacarların bu hərəkətinin əvəzini çıxmaq üçün sonralar şah onlara cəza vermək məqsədi və guya, Səfəvi sərhədlərini möhkəmləndirmək bəhanəsi ilə 30 min Qacar əhalisini Qarabağdan və Gəncədən üç istiqamətdə ölkənin müxtəlif yerlərinə sürgün elədi. Qacarların bir hissəsini İranın şimal-şərq sərhədlərini türkmənlərdən qorumaq üçün Qorqan və Astrabadın, Mübarək qalasının ətrafına, yəni Ətrək çayının sahillərinə, bir hissəsini özbəklərin basqınlarının qarşısını almaq üçün Xorasana və Mərvə köçürtdü, bir hissəsi isə şimaldan ləzgilərin hücumlarını dəf etmək üçün Qarabağ və Gürcüstan sərhədlərində saxlanıldı. Xorasana sürgün olunan qacarlar çox çəkmədən assimilyasiya olunub farslaşdırıldı.

1606-cı ilin yayında Şah Abbas ölkənin şimal əyalətlərindən növbəti səfərdən qayıdarkən Göyçə mahalının Məzrə kəndində gecələməyi qərara aldı. Bunu bilən bütün ənd əhli dərhal onun pişvazına çıxaraq "xoş gəldin" elədi. Məzrənin varlı adamlarından sayılan Şahnəzər adlı birisi isə bu göydəndüşmə fürsəti əldən verməyib şahı evinə qonaq dəvət elədi. Şah Abbas özünü rəiyyətinin gözündə daha da ucaltmaq üçün bu iltifatı qəbul eləyərək onun təklifini yerə salmadı. Şahnəzər dəridən-qabıqadan çıxıb, bir neçə gün şahın qulluğunda müntəzir dayandı, kəndin seçmə yeniyetmə qız-gəlinlərini onun yatağına göndərdi, erməni qızlarının nəvazişindən bihuş olan Şah Abbas  bu "qonaqpərvərlik"dən çox məmnun qalaraq bir neçə gün də vaxtını eyş-işrətdə keçirdi. Az bir vaxtda İran hökmdarının qılığına girən Şahnəzər isə öz istəyinə çatdı. Şah ona göstərilən bu "hörmət"in əvəzini çıxmaq üçün Göyçə mahalının bir neçə kəndini və iri mülkünü nəsildən-nəsilə keçməklə Şahnəzərə və onun qardaşlarına bağışladı, öz şəxsi möhürü ilə təsdiq elədi.

Şah Abbas İrana döndü, Şahnəzər isə özünü bu yerlərin mütləq hakimi kimi aparmağa başladı və getdikcə varlı bir adama çevrildi.

Lakin Qafqazın şimal hissəsində yaşayan dağlılar tez-tez nisbətən aran yerlərə basqın edir, kəndləri çapıb-talayaraq viran qoyur, əhalini pərən-pərən salırdılar. Onlar növbəti dəfə hücum edib, Göyçə mahalını yerlə-yeksan etdilər. Məzrə kəndi də dağıdıldı. Şahnəzər oğlu Hüseyni, qardaşı oğlu Mirzəni, qohumu Baqini, ümumiyyətlə, kənd əhlinin bir hissəsini də götürüb, Göyçə gölü kənarından Qarabağ dağlarına qaçdı. Onlar Vərəndə mahalında əlçatmaz bir yer seçib, kilsə, monastr, müdafiə istehkamları tikdilər və təbii şəraitə görə həmin yerə Çanaqçı adı verib, həmişəlik burda məskunlaşdılar.

1607-ci ildə təxminən beş il davam edən Osmanlı-Səfəvi müharibəsinin birinci  mərhələsi (1603-1607) səfəvilərin qələbəsi ilə başa çatdı. Şah Abbas vaxtilə Araz çayının sağ və sol sahillərinə səpələnərək mühacir həyatı yaşayan "Əmir Teymurun yadigarları"nı - erməniləri tamamilə öz tərəfinə çəkmək yolu ilə İran üçün həm sosial, həm də hərbi dayaq yaratmaq istəyirdi. Ona görə də o, erməniləri şirnikləndirərək bir yerə toplayıb, onların yığcam şəkildə yaşamaları üçün Qarabağın cənub-şərq və şimal-şərq rayonlarını beş inzibati-siyasi əraziyə böldü, burda məlikliklər yaratdı və ilk dəfə olaraq "məlik" ("məlik" ərəb sözüdür, hakim, hökmdar, knyaz mənasını verir) titulunu təsdiq elədi. Osmanlılarla mübarizədə ona göstərdikləri köməyə görə xüsusi fərmanlarla bu titulu mükafat kimi ermənilərə verdi. Əraziləri bir-birilə həmsərhəd olan və bir-birindən təbii dağ silsilələri ilə ayrılan məlikliklərin sayı beş olduğundan onlara birlikdə "Xəmsə" (ərəbcə "beş" deməkdir) məlikləri də deyirdilər. Onlar aşağıdakılar idi: Vərəndə, Dizaq, Xaçın, Craberd və Gülüstan, yaxud Talış.

Şah Abbas məliklərə böyük imtiyaz vermişdi. Ali hakimiyyət başında şahın fərmanı ilə təyin edilmiş feodal-məliklər dururdu və onlar qeyri-məhdud hakimiyyətlə idarə edir, hökm verirdilər. Özlərinin məhkəmə və divanları, öz təbəələrini itaətdə saxlamaq, istismar etmək, hətta mühakimə və edam etmək hüquqları da vardı. Ermənilərin "Ağvan" əlavə titulu daşıyan katolikosları dini işləri idarə edirdi. Məliklərin həm də möhkəmləndirilmiş qalaları və qəsrləri də vardı. Onların ailələri, əyanları, xidmətçiləri də burda yaşayırdılar. Məliklər həm də 1000 nəfərlik xüsusi qoşun dəstələrinə malik idilər. Bu silahlı dəstələrlə onlar yeri gələndə, qonşu ərazilərə hücumlar təşkil edir, həmçinin xarici basqınlardan müdafiə olunurdular. Məliklər şahdan asılı idilər və ona vergi verirdilər. Onlar ailələri ilə birlikdə öz qalalarında yaşayırdılar. Əyanları, drujinaları və xidmətçiləri də burda məskunlaşmışdı. Sonralar  Şah Abbas bir çox erməniləri ailələri ilə bərabər Qarabağın müxtəlif yerlərinə köçürtdü, orda onlara əkin yerləri, toxum və başqa zəruri şeylər ayırdı. Bu işlərin yerinə yetirilməsindən ötrü onların hərəsinə 2-3 min tümən pul da ayırdı.

Qırx iki illik hakimiyyəti dövründə Böyük Şah Abbasın buraxdığı böyük səhvlərdən biri də Qarabağın yerli əhalisi olan qacarları İrana köçürməsi, onların yerində erməniləri gətirib məskunlaşdırması, onlara bir çox imtiyazlar verməsi idi...

Səfəvilərin beşinci hökmdarı, məşhur sərkərdə və dövlət xadimi I Şah Abbas (27.I.1571- 19.I.1929) əlli səkkiz yaşında Mazandaranda vəfat etmiş və Əşrəf şəhərində dəfn olunmuşdur.

 

 

Vasif QULİYEV

525-ci qəzet .- 2024.-6 avqust.(¹138).- S.12-13.