"Təhsilin İnkişafı Fondunun proqramları ehtiyaclara uyğun hazırlanır"

 

Təhsilin İnkişafı Fondu (TİF) Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli müvafiq Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycanda təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi və dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması yolu ilə təhsilin dayanıqlı inkişafına nail olmaqdır.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun sözlərinə görə, 3 il əvvəl, 2021-ci ilin iyulun 14-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Təhsilin İnkişafı fondu Elm və Təhsil Nazirliyinin tabeliyində publik-hüquqi şəxs kimi yarandı. Nazirlər Kabineti qurumun Nizamnaməsini 2022-ci ildə təsdiq etdi və Fondun qeydiyyata alınması 2022-ci ilin aprelinədək çəkdi: "Yaradılandan bəri məqsədyönlü şəkildə fəaliyyət göstəririk. Məqsədlərimizə dövlət-özəl tərəfdaşlığı vasitəsilə təhsil sahəsində innovativ layihələrin həyata keçirilməsi, proqramların icrası daxildir. Bu ildən infrastruktur layihələrinə də başlamışıq. Fond hazırda 6 məktəbin tikintisini həyata keçirir. Belə ki, 2024-cü il üzrə əsas fəaliyyət istiqamətlərindən biri olan "Təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi" istiqamətində Təhsilin İnkişafı Fondu və "Silk Vey Vest Aviaşirkəti" MMC arasında ianə müqaviləsi imzalanıb. Dövlət-özəl əməkdaşlığının bariz nümunəsi olan layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında 6 ümumi təhsil müəssisəsinin tikintisini həyata keçiririk. 5 məktəb Abşeronda, 1-i isə Kürdəmir rayonundadır. Layihənin uğurlu icrası nəticəsində təhsil müəssisələrində 4596 şagirdin təhsil şəraiti yaxşılaşdırılacaq. Sponsor şirkətlərin dəstəyi ilə müxtəlif sosial layihələr həyata keçirilir. Bu məsələdə əsas diqqətimizi ali təhsil müəssisələrinə vermişik. Amma ümumi təhsil müəssisələri istiqamətində də layihələrimiz var".

E.Nəsibov bildirib ki, uğurlu layihələrdən olan tələbələr üçün kart layihəsi 200 minə yaxın tələbəni əhatə edəcək, yəni ölkə üzrə bütün bakalavr, magistr, doktorantların faydalanacağı bir layihədən söhbət gedir. Hazırda "Visa", "Kapital bank" beynəlxalq ödəmə sistemi ilə danışıqlar aparırıq ki, bu kart ölkəmizdəki bütün universitetlərin tələbələri üçün həm təhsil müəssisələrinə giriş kartı, həm bank ödəmə vasitəsi, həm endirim kartı olsun, "cashback" versin: "Çalışırıq ki, bu kartla tələbələrimiz muzeylərdə, kitabxanalarda güzəştlər, sərgilərdə, nəqliyyatda endirimlər əldə etsinlər. Endirimlərin dəmir yolunda, o cümlədən, uçuşlarda da tətbiqinə çalışacağıq. Ümumi həcmli layihə kimi yataqxanalarla bağlı planlarımız var. Qeyd edək ki, tələbənin əhəmiyyətli hissəsi təhsil almaq üçün regionlardan böyük şəhərlərə gəlir. Bu tələbələrin yaşayış yeri ilə təminatı, yataqxanaların təmiri və istifadəsi ilə bağlı layihələr də diqqətimizdədir. Tələbə yataqxanalarında şəraiti adekvat vəziyyətə gətirməliyik ki, tələbələrimiz təmiz, səliqəli, uyğun qiymətə və təhlükəsiz şəraitdə yaşaya bilsinlər. Bu istiqamətdə də Fondun planları mövcuddur".

Onun dediyinə görə, dövlət-özəl tərəfdaşlığını təhsilə cəlb etmək əsas hədəflərdəndir: "İndiyə kimi təhsilin inkişafı əsasən dövlət qurumlarımızın üzərində olub. Halbuki özəl sahədə çox böyük potensial var. Hamı başa düşür ki, hər şeyin təməli təhsildir, iqtisadiyyatın, səhiyyənin və ümumiyyətlə, hər bir fəaliyyətin. Ona görə bu prosesi rahatlaşdırmaq, asanlaşdırmaq üçün müvafiq mexanizmlər yaradırıq. Təşkilati hədəfimiz odur ki, daha böyük sayda özəl sektor dövlət universitetləri ilə əməkdaşlıq etsin, innovativ layihə və proqramlar həyata keçirilsin. Ümumiyyətlə, bu il fondun nizamnaməsinə uyğun olaraq 4 əsas istiqamətdə fəaliyyətimizi təşkil etmişik. İlk olaraq, elm və təhsil sistemində əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması. İkincisi, Elm və Təhsil Nazirliyinin istiqamət verdiyi sahələrə dəstək göstərmək. Məsələn, "Maarifçi", "IELTS", "Qızların təhsilinə dəstək" layihələrinin hər biri Elm və Təhsil Nazirliyinin göstərdiyi istiqamətlərdir. Üçüncüsü, fondun kapitalının idarəedilməsi və artırılması. Bu məqsədlə, qurumun tərkibində maliyyə və investisiyaların idarə edilməsi şöbəsi də yaradılmışdır. Dördüncü istiqamət isə layihələrin hazırlanması və icrasıdır. İndiyədək sosial layihələr, yəni "Qızların təhsilinə dəstək", "Women Tech" kimi sosial layihələr icra edirik. Bu ildən isə dövlət-özəl tərəfdaşlığı ilə davamlı gəlir gətirən layihələrə başlayırıq. Artıq dövlət-özəl tərəfdaşlığı çərçivəsində iki müqavilə imzalanmışdır. Bu barədə bir qədər sonra ictimaiyyətə məlumat veriləcəkdir".

Təhsilin İnkişafı Fondunun Elm və Təhsil Nazirliyi və onun tabe qurumları ilə işgüzar münasibətləri var və biz qurumların funksiyalarına daxil olan işlərə müdaxilə etmir, sadəcə olaraq dəstəkləməyə çalışırıq: "Maliyyə dəstəyi, mexanizmlərin hazırlanması və icra ilə bağlı işləri görürük. Məsələn, hazırda Təhsildə Keyfiyyət Təminatı, Elm və Ali Təhsil üzrə Dövlət agentlikləri ilə danışıqlar gedir. Layihə xaricdə dərs deyən azərbaycanlı müəllimlərin dəvət olunaraq bir semestr, ya da bir akademik il ərzində ölkə universitetlərində dərs deməsini, yaxud vətənə qayıtmaq istəyənlər üçün bu imkanı təmin etməyi nəzərdə tutur. Layihə Türkiyədə, Avropada, Amerikada, Böyük Britaniyada yaşayıb işləyən müəllimlərin dəvət edilməsi ilə bağlıdır. Yaxud barəsində danışdığımız "Qızların təhsilinə dəstək" layihəsi Elm və Təhsil Nazirliyi tərəfindən irəli sürülüb. IELTS-lə bağlı təklif də elm və təhsil nazirimizin təşəbbüsüdür. Biz verilən təkliflər üçün mexanizmi qurub icra edirik. "Maarifçi" də belə yarandı. Nazirliyin İnsan resursları şöbəsi təklifi verdi, birgə qrup yaradıb məsələni müzakirə etdik, dəstək verdik".

E.Nəsibovun söylədiyinə görə, Təhsilin İnkişafı Fondunun bütün proqramları ehtiyaclara uyğun olaraq hazırlanır və həyata keçirilir. Ona görə bu layihələr səmərəli nəticələr verir: "Məsələn, "IELTS imtahanına təşviq" layihəsinə 6 universitetlə başlamışdıq, artıq 9 universitetlə davam edirik. Bakı Mühəndislik, Sumqayıt Dövlət və Bakı Slavyan universitetləri sonradan qoşuldu. Hazırda 350-yə yaxın tələbə və müəllim bu layihədən bəhrələnib və biz onlara sertifikatlar təqdim etmişik. Bu, 2 il yarımda çox böyük nəticədir. Onların arasında dünyanın ən reytinqli universitetlərində IELTS imtahanından keçib dövlət xətti ilə xaricdə təhsil alanlarımız var. Bakı Dövlət Universitetində sertifikatların təqdimatında həm "Maarifçi", həm də "IELTS imtahanına təşviq" layihəsində uğur qazanan tələbə ilə görüşdüm. Ona Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsində iş təklif olunub. Bu yaşda, BDU-nun hüquq fakültəsində təhsil ala-ala artıq ETN-dən iş təklifi alıb. Onun kimi 2-3 layihəmizdən bəhrələnən uğurlu gənclərlə tez-tez qarşılaşıram. Gənc nəsil praqmatikdir, bəhrələnməsə, müraciət etməz".

O vurğulayıb ki, rayonlarda kitablara çıxış bir qədər məhduddur. Elm və Təhsil Nazirliyi müvafiq dövlət qurumları ilə birlikdə kitabxanalara kitab verir. Fond özəl təşkilatları prosesə cəlb edərək kitabxanalarımıza orada olmayan kitabları təmin etməyə çalışır. Bədii oxu, ingilis və başqa dillərdə ədəbiyyatın olmasına üstünlük verilir: "Müşahidələrimiz əsasında deyə bilərəm ki, daha kiçik rayonlara getdikcə daha çox oxuyan, qiraətə vaxt sərf edən uşaqlarla qarşılaşırıq. Məsələn, Gəncə ilə Yevlaxın arasında fərq var, Bakı ilə Gəncə arasında da o cümlədən. Bəlkə də bu, texnologiyanın şəhərlərdə inkişafı ilə əlaqədardır, amma kitaba da maraq böyükdür. Uşaqlardan hansı kitabı soruşanda da görmək olur ki, onlar klassikləri oxuyurlar".

Davamlı inkişaf mərkəzlərinin məqsədi auditoriyadan fərqli məkanlar yaratmaqdır: "Dövlət və özəl tərəfdaşların görüşdüyü, təqdimatlar edə bildiyi, müzakirələr apardığı, özəl şirkətlərin nümayəndələri gəlib öz təcrübələrini bölüşdüyü qeyri-rəsmi atmosfer, fərqli mühit yaratmaq istəyirik. Həm Azərbaycan Texniki Universitetində, həm də Azərbaycan Dövlət Pedaqoji Kollecində yaratdığımız mərkəzlərdən geniş istifadə edilir. Gələcəkdə karyera İnkişaf mərkəzlərini həmin davamlı inkişaf mərkəzlərində yaratmaq istəyirik. Bu il Sumqayıt Dövlət Universitetində və regionlardakı ali məktəblərin birində olmaqla, daha 2 universitetdə Davamlı İnkişaf Mərkəzi yaratmağı planlaşdırırıq. Mərkəzlərin sayını ildən-ilə artırıb ən azı tabe universitetlərin çoxunda reallaşdırmağı düşünürük. Hər il 2 mərkəzin açılışını planlaşdırırıq. Amma bu məqsədlə özəl tərəfdaşlara da müraciət edirik. Onlardan müsbət cavab aldığımız halda, ildə 2 deyil, daha çox mərkəz fəaliyyətə başlaya bilər".

O deyib ki, bir qurumun sıfırdan yaradılması müəyyən çətinliklərdən keçir. Sonra kollektivi qurmaq, doğru insanları işə götürmək, idarə etmək, tərəfdaşları inandırmaq, ictimaiyyəti məlumatlandırmaq kimi böyük proses başlayır: "Artıq kiməsə TİF barədə danışmağıma ehtiyac yoxdur, hər kəs tanıyır. Amma zamanında bu, xeyli zaman və resurs alırdı. Sonra ali təhsil məktəblərimizin rektorları bizə kömək etdilər. Hansı sahələrdə universitetlərimizə dəstək ola biləcəyimizi məhz onlarla müzakirə etdik. Hal-hazırda, qarşıda böyük hədəflərimiz var. Həmin işlərin reallaşdırılması daha çox gərgin əmək və zaman tələb edəcək. Ona görə də biz dayanmırıq. Həftəlik, gündəlik görüşlər keçirir, qarşımızda yeni-yeni hədəflər qoyuruq. Fond olaraq gözləntilərimiz böyükdür. Qeyd etdiyim kimi, 100-200 nəfəri əhatə edən layihələrdən başlamışdıqsa, artıq 100 minləri əhatə edən işlərdən bəhs edəcəyik. Tələbələr, yataqxanalar kimi hazırlıq tələb edən böyük layihələrdən söhbət gedir. Ona görə də görəcəyimiz işlər daha böyük, çəkisinə görə daha ağır olacaq. Amma bunun öhdəsindən gələcək təcrübəli, savadlı kollektivimiz var".

 

Sevinc QARAYEVA

525-ci qəzet .-2024.- 7 avqust.(№139).- S.15.