Söz azadlığı və jurnalist ləyaqəti  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

Həyatda ziddiyyətlər, əksliklər mövcuddur, böyük alman filosofu Hegel onları inkişafın daxili mənbəyi hesab edərək, üçlük şəklində ifadə edirdi. Başlanğıcı tezis, onu inkar edəni, əksinə keçəni antitezis, inkarın inkarını isə sintez adlandırırdı. Marksizm baniləri, Hegel ideyasına əsaslanaraq, bu prosesi təbiətdə də müşahidə edib, yazırdılar ki, hətta yulaf da inkarı inkar qaydasında böyüyür. Həqiqətən də, toxumdan bitki cücərdikdən sonra gövdə meydana gəlir və o, başlanğıcda mövcud olan mənbəyi-toxumu inkar edir, sonra isə gövdənin üzərində yeni məhsul kimi yulaf dənələri əmələ gəlir. Yeni bəhrə kimi meydana gələn dənələr bu dəfə gövdənin özünü inkar edir və beləliklə, inkarın inkarı olan sintez yaranır. Yaradıcı insan dialektikanın qanunlarını nəzərə almaya bilməz, o da öz  ideyasının təsdiqi naminə nəyisə inkar etməlidir. Lakin inkara hədsiz aludəçilik arzuolunmayan nəticələrə gətirib çıxara bilər. Ona görə də qələm sahibi nə məqsəd güdürsə güdsün, öz prinsiplərindən uzaqlaşmamalı, onlara xəyanət etməməlidir. Buna əməl edərsə, heç şübhəsiz, mətbuatımızın ali  prinsiplərini də müdafiə etmiş olacaqdır.

 Reportyor isə öz həmkarlarından daha sürətlə işləməsi ilə seçilir, hadisəni xəbər verməkdə, onun azacıq da olsa gecikməyə haqqı yoxdur, çox qısa müddətdə o, geniş məlumat toplayıb, redaksiyaya və ya teleradio studiyasına ötürməlidir. Buna ixtisas biliyi, peşə hazırlığı lazımdır. Ona görə də savadsız, istedadsız adamın mətbuatda işləməsinə yol vermək olmaz.

Mətbuatın hər cür xəstəliklərə qarşı immuniteti, onun obyektivliyi, qərəzsizliyidir. Bu, birinci növbədə redaktordan asılıdır, müsbət və mənfi tərəfə istiqamətlənməsində əməkdaşların da rolu az deyildir. Jurnalist yaxşı ad qazanmaq istəyirsə, qərəzlilikdən, böhtandan, iftiradan uzaq olmalıdır. Xurafata əsir düşmək də, jurnalistə yalnız zərər vurur. Dəliliyə yaxınlaşmaq növü olan eqoizmdən də qaçmaq lazımdır. Mənəvi cəhdlərdən xali olan insan həyatı, onun mahiyyətindən daha çox, yuxuya bənzəyir. Ədalətin yanında olmaq,  onun keşiyində dayanmaq jurnalistə şərəf gətirir. Onun üçün xalqın rəyi ən yüksək mükafatdır. Qədim romalılar yaxşı deyirdilər: "Vox populi, vox dei" - "Xalqın səsi, allahın səsidir".

Jurnalistika yaradıcı sənətdir, ona görə də bir çox siyasi xadimlər iş fəaliyyətinə məhz jurnalist kimi başlamışlar.

Böyük Fransa inqilabının liderlərindən biri olan Jan Pol Marat (1743-1793-cü illər) 1789-cu ildə "Xalqın dostu" jurnalını (qəzetini) çap etməyə başlamışdı. Qısa müddətdə qəzet inqilab qüvvələrinin təşkilatçısı rolunu oynamaqla, onun gur səsinə çevrildi. Marat Bastiliya alındıqdan az sonra kralın Versaldan çıxarılmasını xoşbəxtlik hesab etsə də, yeni quruluş üçün Konstitusiyanın qəbul edilməsini vacib sayırdı. Qəzetin materiallarında iri burjuaziyanın ağalığı ifşa olunur, inqilabın qələbəsinin möhkəmləndirilməsi üçün kütləvi təqiblər aparmağa çağırılırdı. Parisdə başlanan terror, əks təsir şəklində Maratın özünün də axırına çıxdı. 1793-cü ilin iyulunda xalqın sevimlisi olan Marat Şarlotta de Kordenin xəncər zərbəsi ilə öldürüldü. Xalqın dostu adlanan inqilab lideri xalqın narazı hissəsinin nümayəndəsi tərəfindən də qətlə yetirildi.

 Karl Marks (1818-1883-cü illər) Kölndə çıxan demokratik "Reyn" qəzetində redaktor işləmiş, iqtisadi mövzularda dərin məzmunlu məqalələr yazmışdı. Bundan əvvəl isə o, öz doğma şəhəri Trirdə çıxan qəzetdə çalışmışdı. Marks utopik sosialistlərdən fərqli olaraq, ilk dəfə elmi kommunizm nəzəriyyəsini yaratdı. Onun başlıca elmi əsəri olan "Kapital" kapitalizmin iqtisadi inkişafı xəttini və kommunizmin zəruri qələbəsini uzaqgörənliklə əsaslandırmışdı. Rusiyada qalib gələn Oktyabr inqilabı marksizmin real qələbəsi idi. XX əsrin sonunda sosializm sistemi əsasən süqut etsə də, marksizm ideyasının cazibədarlığını birdəfəlik məhv etmək mümkün olmamışdır.

V.İ.Lenin (1870-1924-cü illər) inqilabi fəaliyyəti dövründə çar mütləqiyyətini, kapitalizmin son mərhələsi olan imperializmi ifşa edən dərin məzmunlu əsərlər yazmışdı. Lakin o, öz tərcümeyi-halı barədəki anketi doldurarkən,  ixtisasca hüquqşünas olduğu halda, peşəsi barədəki suala cavab kimi   "jurnalist" sözünü yazmışdı. Lenin  qalibiyyətli Oktyabr inqilabına başçılıq etməklə və ilk sosialist dövləti olan SSRİ-ni yaratmaqla tarixin gedişini dəyişdirməyə nail olduğuna görə bəşəriyyətin ən böyük şəxsiyyətlərindən yuxarıda dayanır. Lakin Lenin sosializmin düşmənlərinə qarşı yakobinçi amansızlığı nümayiş etdirirdi və bu, gələcəkdə siyasi təqiblərə geniş yol açdı.

Böyük Britaniyanın gələcək məşhur Baş naziri Uinston Çörçill (1874-1965-ci illər) siyasi fəaliyyətə başlamamışdan əvvəl zabit kimi hərbi xidməti ilə yanaşı,  jurnalist kimi də işləmiş, 1899-1902-ci illərdə Cənubi Afrikada gedən ingilis-bur müharibəsində artıq hərbi jurnalist kimi iştirak etmiş, müharibənin ilk ilində burlara əsir düşmüş və  dustaqxanadan qaçmışdı. Onun bu igidliyi ictimaiyyətin diqqətini cəlb etmişdi. O, yeganə dövlət xadimidir ki, ədəbiyyat üzrə Nobel mükafatı almışdır, Buna 1953-cü ildə layiq görülmüşdü. Onun sələfləri arasında da qədim yunan ədəbiyyatı, antik mədəniyyət barədə dərin məzmunlu əsərlər yazanlar olmuşdu.

İ.V.Stalin (1879-1953-cü illər) 1912-13-cü illərdə "Zvezda" və "Pravda" qəzetlərinin əməkdaşı olmuş, aktual məqalələrlə çıxış etmişdi. Sonralar Stalin SSRİ-yə rəhbərlik edərkən marksizm ideologiyası ruhunda "Leninizmin əsasları" adlı və digər nəzəri əsərlər yazmışdır. Stalinin ən böyük tarixi xidməti Hitler Almaniyası üzərindəki qələbənin müəlliflərindən biri olması və II Dünya müharibəsindən sonra SSRİ-ni ikinci fövqəldövlətə çevirməsidir. Lakin o, həm də böyük bədbəxtliklərə səbəb olan geniş miqyaslı repressiyalara rəvac vermişdi, SSRİ-də həbs düşərgələri şəbəkəsi yaranmışdı.

Azərbaycanda əks mövqelərdən çıxış etsələr də, görkəmli inqilab mübarizləri Məhəmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov  öz məqalələri, siyasi və bədii əsərləri ilə də şöhrət tapmışdılar. Azərbaycan milli musiqisinin inkişafında misilsiz xidmətlər göstərmiş, Şərqdə ilk opera musiqisinin müəllifi olan Üzeyir Hacıbəyli həm də XX əsrin birinci rübündə görkəmli jurnalist kimi tanınırdı. Onun öz dövrünün problemlərinə həsr olunmuş məqalələri populyarlığı ilə seçilirdi və bu gün də maraqla oxunur.

İtalyan faşizminin banisi Benito Mussolini (1883-1945-ci illər) fəaliyyətinin başlanğıcında siyasi jurnalist reputasiyası qazanmışdı. 1909-cu ildə "Sinfi mübarizə" qəzetini buraxmış, əldə etdiyi uğura görə rəsmi sosialist qəzeti olan "Avanti!"yə ("İrəli!") naşir təyin edilmişdi. 1922-ci ildə  qaraköynəklilərin Romaya yürüşünü təşkil etmiş, kraldan qorxutma yolu ilə Baş nazir vəzifəsini almışdı. Mussolinin italyan faşizmi insan azadlıqlarını xeyli məhdudlaşdırsa da, Hitlerin dəhşətli nasizmindən nisbətən fərqlənirdi. O, geniş intellektə malik idi, 1938-ci ildə Münxen sazişi bağlanarkən üç hökumət rəhbəri ilə onların öz ana dilində - ingilis, fransız, alman dillərində sərbəst danışmışdı. 1945-cü ilin aprelində, Avropada müharibənin qurtarmasına az qalmış, partizanlar onu ikinci dəfə tutarkən, məşuqəsi ilə birlikdə  güllələmiş, bədənlərini Milandakı meydanda başı aşağı asmışdılar.

Çin Kommunist partiyasının 40 il ərzində lideri olmuş, ÇXR-nin sədri Mao Tsze-dun (1893-1976-cı illər) siyasi fəaliyyətinin ilk illərində istismara qarşı mübarizəyə dair məqalələr yazmışdı. 1919-cu ildə meydana çıxan onun yazıları, həmin vaxt "Qırmızı bayraq ordusunu" bütün dünyaya yaymaq və 1917-ci ildəki Rusiya inqilabı kimi qələbə çalmaq barədəki çağırışlarla dolu idi. Mao həm də böyük igidlik göstərərək, ordusunu məhv olmaqdan riskli yolla xilas etməyi bacarmışdı 1934-cü ildə Mərkəzi Çində 10 region kommunistlərin, Çin Qızıl ordusunun nəzarəti altında idi. Çan Kay-şi 1 milyonluq hökumət qoşunu ilə kommunistlərin hərbi düşərgəsini mühasirəyə aldı və ona güclü hücumlar etdi. Toqquşma Çin Qızıl ordusunun məhvinə səbəb ola bilərdi. Ən yaxşı taktika, Maonun israr etdiyi qaydada geri çəkilmək idi. 12 ay ərzində 100 mindən artıq kommunist 8 min mil məsafədəki, dağlardan və bataqlıqlardan keçən çox əzablı yola çıxaraq, ağır qurbanlar verməklə, ölkənin şimalındakı Yunana gəldi və orada yeni düşərgə saldı. Tarixdə bu səfər "Uzun yürüş" adlanır. Səfərin sonunda 100 min nəfərdən 30 min nəfər sağ qalmışdı, lakin bu görünməmiş addım, nəhəng qurbanlar hesabına başa gəlsə də, ordunu, Qomindan tərəfindən tam məhv edilməsindən xilas edə bilmişdi. Sonralar kommunistlərin 1 milyonluq tərkibə malik olan ordusu Çan Kay-şini Tayvana qaçmağa məcbur etmiş və 1 oktyabr 1949-cu ildə Maonun rəhbərliyi altında Çin Xalq Respublikası yaranmışdı. Vaxtilə ağır iqtisadi və sosial vəziyyətdə olan Çin böyük inkişafa nail olaraq, indi dünyada iqtisadi cəhətdən ikinci fövqəl dövlətə çevrilmişdir.

ABŞ prezidenti Franklin Ruzveltin (1882-1945-ci illər) arvadı Eleanor Ruzvelt istedadlı jurnalist idi, hər həftə mətbuat konfransı keçirirdi. O, 12 il ərzində birinci ledi kimi siyasi həyatda fəal iştirak etmişdi. Əri öldükdən sonra ABŞ-nin BMT-dəki nümayəndəsi təyin edilmiş, 1947-ci ildə BMT-nin İnsan haqları üzrə Komissiyasının sədri seçilmişdi. Prezident Ruzvelt hələ 1941-ci ildə dörd zəruri azadlığı müdafiə etməyə çağırmışdı. Bunlar - söz azadlığı, vicdan azadlığı, ehtiyacdan olan azadlıq və qorxudan olan azadlıq idi. Onların içərisində söz azadlığı birinci qeyd olunurdu. Eleanor Ruzvelt böyük siyasi xadim olan ərinin həmin vəsiyyətinin ardıcıllıqla reallığa çevrilməsinə çalışırdı. O, 10 dekabr 1948-ci ildə BMT Baş Məclisi tərəfindən qəbul edilən "İnsan haqları üzrə Ümumi Deklarasiya"nın təşəbbüskarlarından və müəlliflərindən biri olmuşdu. Özünün avtobioqrafik kitabı da geniş əhatəliliyinə görə maraqla oxunur.

Məşhur amerikan jurnalisti Uolter Lippman SSRİ-də də yaxşı tanınırdı.

Görkəmli jurnalistlər öz kəskin və irəlini görən yazıları ilə şöhrət tapmışlar. Alman ordusu 1941-ci ilin noyabrında, 1812-ci ildə fransızlarla məşhur döyüşün getdiyi Borodinonu işğal edərkən, məşhur sovet yazıçısı və müharibə dövründə bir jurnalist kimi xarici ölkələrə ünvanlanan alovlu çıxışları ilə şöhrət tapmış İlya Erenburq eyni adlı məqaləsində sovet ordusunun hökmən qalib gələcəyini, ancaq hitlerçilərin mülki adamları qırması və qadınlara təcavüz etməsi kimi vəhşiliklərini qətiyyən təkrar etməyəcəklərini yazmışdı. Onun uzaq görənliyi üç il yarımdan sonra düz çıxdı. Dissident yazıçı kimi tanınan Vladimir Voynoviç isə 1982-ci ildə yazdığı "Moskva 2042-ci ildə" əsərində dövlət başçısı vəzifəsinə DTK-nin Şərqi Almaniyadakı rezidentinin gələcəyini və digər dəyişikliklərin baş verəcəyini təəccüblü qaydada dəqiqliklə xəbər vermişdi.

Sonralar böyük populyarlıq qazanmış yazıçı Konstantin Simonov "Krasnaya zvezda" qəzetinin müxbiri kimi İkinci Dünya müharibəsi cəbhələrindən maraqlı məqalələr çap etdirirdi, "Pravda" qəzetində dərc edilən "Jdi menya" - "Gözlə məni" şeirini öz sevgilisinə - L.Serovaya ithaf etdiyi halda, həsrətin alovlandırdığı məhəbbət o vaxtlar milyonların könlünə yaxın olduğundan, sevdiyi qıza, gənc arvadına çatmağı arzulayan və cəbhədə hər an ölüm təhlükəsi altında olan sovet əsgərləri tərəfindən əzbərlənmişdi.

 

(Ardl var)

Telman ORUCOV

525-ci qəzet .-2024.- 7 avqust.(¹139).- S.14.