"Qoyma, gəldi"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının doktorantı, Azərbaycan Rəssamlar
İttifaqının üzvü, sənətşünas Kəmalə
Mustafayevadır. Onunla Əməkdar incəsənət xadimi
Bayram Hacızadənin "Qoyma, gəldi" əsərindən
danışmışıq.
Bayram Kamal oğlu Hacızadə 1968-ci ildə Bakı
şəhərində anadan olub. 1985-ci ildən "Kirpi"
satirik jurnalında və dövri mətbuatda
karikaturaçı kimi çıxış edib. 1987-ci ildə
Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini,
1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetini bitirən rəssam
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının
üzvü və karikatura bölməsinin sədridir. Əsərləri
Respublikada və xaricdə keçirilən beynəlxalq
müsabiqələrdə qızıl, gümüş və
bürünc medallara, xüsusi mükafatlara və fəxri
diplomlara layiq görülüb. 2006-cı ildə Azərbaycan
Karikaturaçı Rəssamlar Birliyinin sədri seçilib,
hazırda isə Beynəlxalq Karikaturaçılar Təşkilatları
Federasiyasında Azərbaycan qrupunun rəhbəridir.
- Gəlin söhbətə əsərin yaranma tarixindən
başlayaq.
- Bayram Hacızadənin "Qoyma, gəldi" əsəri
2012-ci ildə Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə
həsr olunmuş, Muzey mərkəzində təşkil olunan
fərdi sərgisi üçün işləyib
hazırladığı, "Hophopnamə"yə
illüstrasiyalar seriyasındandır. Rəsm Sabirin
"Hophopnamə"sinə çəkilmiş, rəssamın
yeni yanaşması idi.
Dünya incəsənətində təcrübələr
göstərir ki, klassik əsərlərə bütün
dövrlərdə sənətkarlar müraciət ediblər.
Hər dövrün rəssamı klassik əsərlərə
özünəməxsus tərzdə yanaşır və
öz baxışlarını işlərində əks
etdirir. Bu mənada Azərbaycan Muzey Mərkəzində
keçirilən "Hophopnamə" sərgisində
M.Ə.Sabir yaradıcılığına yeni bir baxış
müşahidə edilir. Bu onu göstərir ki, karikatura
janrında işlənmiş, üslub və rəssam dəst-xətti
ilə seçilən əsərlər Mirzə Ələkbər
Sabirin "Hophopnamə"sinə təsviri sənətdə
yeni abidə yaratmış oldu və bu da Əzim Əzimzadə
məktəbinə yeni bir töhfədir.
- Dövr müxtəlifliyi problemin qoyuluşuna necə
təsir göstərib?
- Təbii ki, XXI əsrdə yaranmış əsərlər
XX əsrin əvvəllərində yaranmış əsərlərdən
xeyli fərqlənir. Yüz il əvvəl "Hophopnamə"nin
misralarına bədii əyanilik gətirmiş Əzim
Əzimzadədən sonra, bu gün onun xələfi Bayram
Hacızadə çəkdiyi satirik təsvirlərdə yeni
münasibət təqdim edərək, şairin
çoxqatlı poeziyasına dərindən nüfuz edir, bu sətirləri
rəsmdə işıqlandırır.
"Qoyma, gəldi" əsərində rəssamın
karikaturaçı duyumu və baxışı, süjetlərin
inandırıcılığını real cizgilərlə
nümayiş etdirə bilməsi tamaşaçını
mövzunun kinayəli-tənqidi bədii şərhinə
inandırmağa nail olub. Bu qrafik lövhədə istifadə
olunan qrotesk elementlər şair duyğularının daha təsirli
və qabarıq göstərilməsinə xidmət edir.
- Əsərin kompozisiyasını necə şərh
edərdiniz?
- Müəllifin ağ-qara cizgilərin
işığında təqdim etdiyi təzadlı
görüntülər
düşündürücüdür. Bu motivə müraciət
etmiş sələflərindən fərqli olaraq fikrini daha
qabarıq şəkildə ifadə etməyə
çalışan rəssam şaquli kompozisiya qurmaqla istədiyi
təsirli nəticəyə nail olub. O, açıq -
işıqlı qapı fonunda təsvir etdiyi bədheybət
görkəmli, əlində hədiyyə tutmuş "təzə
bəy"i bu görüşdən canını
qurtarmağa tələsən ağ libaslı, zərif
qızın təsviri ilə qarşılaşdırmaqla əsərdə
ekspressivliyi duyulan təzad yaradıb. Bununla da motivin cövhərindəki
ironikliyi qabartmış, tamaşaçısında təbəssüm
yaratmağa müvəffəq olmuşdu. Bu prosesdə müəllifin
bilavasitə klassik rəsm ənənələrinə xas olan
işıq-kölgə təzadından özünəməxsus
şəkildə istifadə etməsi də çox
uğurludur.
Mirzə Ələkbər Sabirin "Hophopnamə"sindən
olan
"Oğlandı, dediz, ərin, inandım,
Ər böylə olurmuş?! İndi qandım,
Xandostu, amandı, qoyma, gəldi!
Ərdodu, qabandı, qoyma, gəldi!"
misralarına illustrasiya edilən bu əsərdə
M.Ə.Sabirin haqqı, hüququ tapdanan, əsarətdə
qalan qızlarımızın acınacaqlı taleyi, çox
tez-tez rastlanan yeniyetmə, azyaşlı qızların özlərindən
yaşca çox böyük bəylərlə zorla evləndirilməsi
kimi fikirləri göstərilib, qadın azadlığı
mövzusunun köklü şəkildə qoyuluşu və hərtərəfli
ədəbi-bədii həlli məsələsinə diqqət
çəkilib.
- Rəssamın bu əsərini digərləri ilə
birləşdirən hansı ortaq cəhətlər var?
- Qrafikanın bədii-texniki ifadə imkanlarına bələdçiliyini,
öz rəsmetmə mədəniyyətini hər bir əsərində
nümayiş etdirən Bayram Hacızadənin "Hophopnamə"yə
çəkdiyi digər satirik lövhələrində də
cizgi "oyunları"na, tənqidçi estetikasına rast
gəlmək olar. Bu seriya əsərlərində tünd xətlərə
əlavə olunan və qəhrəmanın psixoloji portretinin
üzə çıxarılmasında yardımçı
olan incə cizgilər rəssamın özünəməxsus
bədii tapıntılarındandır. Bəzən belə
qoşalaşdırmalar onun əsərlərinin ofort və ya
ksiloqrafiya texnikasında işləndiyi təəssüratını
yaradır. Əslində isə bu, rəssamın qrafika
texnikasından tam faydalanmasının, onun yüksək rəsmetmə
mədəniyyətinə sahib olmasının göstəricisidir.
Rəssam Sabirdən bu günümüzə qədər həyatımızın
bir-birini əvəzləyən əyintilərinə - məişətimiz,
əxlaq və mənəviyyat məsələlərindən
tutmuş, milli dəyərlər, gəncliyin düzgün tərbiyə
olunmasına qədər uzanan "mövzular məcmusu"nun
hələ də azalmadığını göstərir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsərdə qadın köləliyinə
qarşı şairin yetim qızcığazın dilindən
söylədiyi "Qoyma, gəldi" satirasında
hüquqsuz Azərbaycan qızlarının acı taleyini,
qadına mürtəce, zərərli baxışları, cəhalətin
qadına münasibətini onun öz dili ilə göstərib.
Əşya kimi satılan qızcığaz babası yaşda
qocanı gördükdə fəryad qoparıb,
qaçmağını rəssam bütün
emosionallığı ilə, dəqiqliklə təsvir edir. Rəsmdə
bədii sözün gücü ilə çatdırılan
mənfi tipin zahiri portreti onun qoca simasına tam uyğun şəkildə
canlandırılıb. Bayram Hacızadə özünəməxsus
yüksək sənətkarlıq xüsusiyyətlərinə
malik üsulla satirik tipin öz xarakterinə və cəmiyyətdəki
mövqeyinə uyğun, bütün təbiiliyi ilə təsvirini,
bu yolla tipin daxili aləmini açmağı bacarıb.
Aytac SAHƏD
525-ci qəzet .-2024.- 7 avqust.(№139).- S.12.