SONACAN ƏSGƏR QALAN

 

 

Deyəsən, süni intellekt yolu tutmuş yeni zaman bu gedişlə bəşəriyyətin əlindən köhnə dəyərlərdən olan qəzeti də alacaq. Vaxt əvvəlcə onu tədricən heysizləşdirməyə, əvvəlki gücü və peşəkarlığını əskiltməyə başladı, indi də asta-asta lap küncə dirəyir. Ancaq tarixdən də qaça bilməzsən.

Qəzetlər millətlərin keçmişində elə izlər qoyub və məmləkətlərin, insanların talelərinə elə həlledici təsirlər göstərib ki, kağız üstündə basılan mətbuata haçansa son qoyulsa belə, dünənin qəzetləri həmişə diri qalacaq, onlara dönə-dönə qayıdılacaq, bəlkə də həmin qəzetlər "sağlıqlarında" olduğundan daha artıq maraq və diqqətlə oxunacaq.

Başqa bir çox xalqlar qəzetə öz dillərində ad tapıblar, farslar "ruznamə" deyir, biz nədirsə indiyədək uyğun bir söz ortaya çıxara bilmədik. "Ruz" gün deməkdir, "namə" məktub. Günün məktubu. Özünə xas fəlsəfəsi, bir az da rəmzi çaları olan deyişdir və indi həmin fars kəlməsində ona görə dayandım ki, Güney Azərbaycandakı Milli Hökumət dönəminin aynası olan, Təbrizdə ana dilində ərəb əlifbası ilə nəşr edilən "Azərbaycan" qəzetinə də o vaxt bizim indi dediyimiz kimi "qəzet" yox, "ruznamə" söylərdilər. "Azərbaycan"ın o günlərin məktubları olan köhnə saylarında Təbriz Filarmoniyasının da səsi bütün aydınlığı ilə gəlməkdədir və həmin filarmoniyanın ilk və yeganə direktoru olmuş şair Əli Tudə ömrünün sonunadək o nüsxələri ən əziz əmanətlər kimi saxlayırdı. Bunlar elə şahidlər idi ki, onillər sonra da hər sözü, hər cümləsi ilə onun hafizəsində neçə belə qəzetə sığacaq qədər xatirələr oyadırdı.

1946-cı il mehr ayının 1-də - oktyabrın 2-də"Azərbaycan" qəzetində Savalanlı imzası ilə dərc edilmiş "Milli orkestrimizin əxlaqi və ictimai əhəmiyyəti" adlı məqalədə fəxrlə bildirilirdi ki, "Milli nehzətimizin ən dadlı və müfid bəhrələrindən birisi də xalqımızın ruhunu yüksəldəcək olan Milli orkestrin təsisidir.

Bu il şəhrivərin on birində, yəni bir ay bundan əvvəl Milli orkestrimiz üç aylıq hazırlıq aparandan sonra rəsmən təntənəli surətdə iftitah olundu. O vaxtdan indiyə qədər həm şəhərimizin sakinlərinə, həm də şəhərimizə gələn qonaqlara ondan artıq ali və bədii konsert verilib. Milli orkestr xaricdən gələnlərin nəzərində xalqımız və şəhərimizin bais-i iftixarı ola bilər. Bu müəssisə bizim milli şüurumuzun milli aynası və mədəniyyət lövhəmizdir".

Bu məqaləni və elə həmin oktyabr günlərində işıq üzü görmüş, Azərbaycan Demokrat Firqəsi Təbriz şəhər komitəsinin nəşri olan "Demokrat" dərgisinin üçüncü sayındakı 4 səhifəlik "Filarmoniya, ya Milli orkestr" yazısını oxuyan bu gün həm o bir-birindən coşqulu konsertləri izləmiş kimi olur, həm də musiqi tariximizdə unudulmamalı xidmətləri olmuş ifaçıları tanıyır. "Azərbaycan" qəzeti 10 aylıq büdcəsi Maarif idarəsi tərəfindən 250 min tümən müəyyən edilmiş Təbriz Filarmoniyasının hər konsertinin iki hissədən ibarət olub, hər bölümə də 10-11 musiqi parçasının daxil edildiyini xəbər verərək "bu zəngin proqramı bir dəfə görənin hər gün gəlib yenidən tamaşa etməyi arzuladığını" bəyan edir.

1926-cı ilin noyabrından daimi yayımlarını başlamış radiomuzun 1930-cu illərin lap əvvəllərindən əsas diktorlarından olmuş Soltan Nəcəfzadə sanki çox adi olan vərəqləri, o vaxt efirə canlı gedən konsertlərin makinada çap edilmiş elanlarını saxlamışdı. Həmin günlərdən yarım əsr sovuşandan sonra bu saralmış vərəqlərin hər biri qiymətli sənədə çevrilmişdi. Zahirən onlarda qeyri-adi heç nə yox idi. Ayın tarixi, konsertin saatı, dəqiqəsi, ifa ediləcək musiqi əsərinin, müğənninin, çalğıçıların adları. Həmin ifaçılardan hansılarsa sonralar tanınmış sənətkarlara çevrilmişdilər, hansısa tamam ayrı peşənin sahibi olmuş, bir qismi yerli-dibli unudulmuşdu. Həmin vərəqlərdəki xəsis məlumatların hesabına Soltan müəllim o günləri bütün pərdəarxası xırdalıqlarıyla, ifaçılar barəsində müfəssəl bilgilərlə bizə çatdırırdı. Eynən "Demokrat" dərgisində çıxmış məqalə müəllifinə də bunca vaxt ötəndən sonra qəlbimizdən minnətdarlıq keçir ki, nə yaxşı olub-keçənləri belə ayrıntılı təsvir edib. Bunları yazanda nə onun, nə də digər müasirlərinin ağlına gələrdimi ki, tarix bu sevincləri yaşamağa insafsızca gödək möhlət ayırıb və lap tezliklə səhnədə belə güclü görünən bu insanları zəmanənin qasırğaları pərən-pərən salacaq.

Santurda Böyük İbadinin çaldığı "Bayatı-türk", qocaman qaval ustası Mahmud Fərnam solo improvizələri, tarzən Yaqub Nəvarəsin tarda canlandırdığı "Get ay batandan sonra gəl, ay oğlan" mahnısı, sözlərini Əli Tudənin qələmə aldığı, musiqisini Hacı Xanməmmədovun bəstələdiyi "Muleyli", Aşıq Hüseyn Cavan və dəstəsinin oxuduğu el havaları, müğənnilər Fatma Zərgərlinin, Hökumə Dəmavəndinin, Naidə xanımın, Puran xanımın oxuları, 12 yaşlı İsa Əlizadənin şaqraq zəngulələri, "Şeyx Şamili" rəqsini məharətlə oynayan Yunis Nisanın qıvraq hərəkətləri hərəsi bir tarix idi. O lətif sədalar vaxtilə Təbrizin, digər Güney şəhərlərinin musiqisevərlərinin sıradan olan günlərini bayrama döndərirmiş və nə qədər kihəmin günlərin şahidləri, o konsertləri dinləmişlərin, görmüşlərin neçələri həyatda idi, lent çəkilişləri, səs yazılışları qalmamış, efir boşluqlarında əriyib-itmiş həmin konsertlər də, həmin ifaçılar da XX yüzilin bitəcəyində də lap yaxındakı kimi görünürdü. İndi isə birdən-birə əslində olduğundan da ikiqat-üçqat vaxt uzaqlığına çəkilmiş kimidir. Güney Azərbaycanda musiqinin, mədəniyyətin tarixi isə gec-tez yerli-yataqlı, əməyi, izi olanların heç biri yaddan çıxarılmadan yazılmalıdır. Yazılacaq o səhifələrdəsə bu adlar mütləq olmalıdır.

"Azərbaycan" ruznaməsini buraxanlar, başda Pişəvəri olmaqla, heç biri sadə adamlar deyildi. Onlar dövlət quruculuğunun, milli hərəkatın, milli dirçəlişin fəlsəfəsini dərinliyi ilə anlayan insanlardılar. Anlayırdılar ki, burada dərc edilən hər məqalənin, hər yazıdakı hər cümlənin yaşanan günlərdəki əhəmiyyəti öz yerində, ancaq onların sabahlara ünvanlanmış mötəbər məktublar kimi də günü yetişdikcə faydası çox olacaq.

"Azərbaycan" qəzeti 1325-ci il mehr ayının 18-də - 1946-cı il oktyabrın 10-da dərc etdiyi "Milli orkestrdə təntənəli bir konsert" adlı yazısında orkestrin bütün müğənni, çalğıçı, aktyorları ilə bərabər xalq qoşunu əsgərləri üçün verdiyi konsertdən söz açır: "Sevimli və istedadlı aktyor və aktrisalarımız Hacı Xanməmmədovun ustadanə rəhbərliyi altında milli bir ruh yüksəkliyi və böyük bir eşq və məharətlə öz rollarını ifa etdilər. Çünki onların tamaşaçısı yeni Milli orkestrə baxmağa gələn qəhrəman xalq əsgərləri idi".

Lap az keçəcək, həmin gün könülləri fərəhlə doldurmuş o konsertin hər xatırlanması ürək sıyıracaq nisgil gətirəcək.

Çünki o konsertə baxmış mərd əsgərlərin əksərinin gözləri həmin mehriban axşamdan ikicə ay sonra əbədi yumdurulacaq, onlar istiqlal şəhidlərinə çevriləcəklər...

Yeni fəaliyyətə başlayan, hələ maliyyə imkanları da sən deyən geniş olmayan Milli Hökumətin Milli orkestr üçün ürək genişliyi ilə vəsaitlər ayırmasının səbəbi bu idi ki, onun xalq həyatında, elə Milli Hökumətin siyasətinin gerçəkləşməsindəki vacib rolunu dərk edirdilər, həmin günlərdə Milli orkestrin elə Milli Orduya tən gələn iş gördüyü qənaətindəydilər.

"Azərbaycan" ruznaməsinin o günlərdən bu günə çatan növbəti məktubu 1325-ci il aban ayının 12-də - 1946-cı il noyabrın 3-də "göndərilib". "Cümə günü Milli orkestrdə" adlı məqalə iki gün öncə verilmiş konsertin həm də Təbriz radiosu ilə bütün Güney Azərbaycan boyu translyasiya edilməsindən söz açır. Qəzet həmin konsertin sonunda filarmoniyanın direktoru Əli Tudənin mikrofon qarşısına gəldiyini, bu çıxışın da radio ilə verildiyini xəbər verir. Radiodan dalğa-dalğa yayılan o çıxış da uçub gedib, ancaq qəzetin gücü və gerçəkdən də günün naməsi olmasının bir sübutu da budur ki, həmin uçub getmiş nitqi tarix üçün qoruyub saxlayıb: "Azərbaycan Demokratik Firqəsinin rəhbərliyi sayəsində əncümənimizin, maarifimizin təşəbbüsü ilə Təbrizdə təzə təşkil olunmuş Milli orkestr az müddət ərzində böyük hörmət qazanmışdır. Onun kollektivinin təşəbbüsü, məqsədi, arzusu yalnız öz xalqına - Azərbaycan xalqına sadiq ürəklə xidmət etmək olmuşdur. Buna görə də xalq onu sevir, xoşlayır, dəfələrlə alqışlayır. Çünki xalq bu səhnədə öz milli mədəniyyətinin, ənənələrinin parlaq nümunələrini görür. Öz doğma dilini eşidir, zəngin mənəvi sərvətilə iftixar edir. İndi biz cəsarətlə deyə bilərik ki, Milli orkestrimiz təkcə İranda deyil, bəlkə bütün Orta Şərq ölkələrində yeganə sənət ocağına çevrilmişdir".

Vaxtilə radionun, televiziyanın, opera və filarmoniya səhnəsinin elə nüfuzu vardı ki, bir ifaçıdan ötrü bu, elə məxsusi fəxri ada bərabərdi. Toy müğənnisi kimi ad çıxarmışların radio-televiziyaya yol açması, onların haqqında verilişlər, ya hansısa verilişlərdə süjetlər hazırlanması ağlasığan deyildi. Əksinə, müğənnilər, çalğıçılar çalışırdılar ki, əvvəlcə efir məkanında özlərini təsdiqləsinlər ki, onları el şənliklərinə dəvət edənlər də çoxalsın. Çünki yaxşı ifaçı sayılmağın məhək daşı radio-televiziya, respublikanın xüsusi nüfuzu və çəkisi olan səhnələri idi. O səhnələrə və efirə də yalnız yaxşıların və ən yaxşıların çıxmasını, yetərincə yüksək səviyyəsi olmayan əsərlərə dərhal "yox" deyilməsini müəyyənləşdirən sanballı münsiflər vardı. Ən vacibi - sağlam və tələbkar ədəbi mühit mövcud idi ki, o münsiflərin özünü də nəzarətdə saxlayırdı. Münsif olanların hər hansı səbəbdən ortaya çıxmasına maneçilik törətmədikləri zay əsərin ayaq tutmasına görə onların özləri qat-qat artıq kəskin tənqidə tuş gələ bilərdilər. İfaçılar da dünyasında təyin olunmuş hansısa konserti, televiziya çıxışını, radio yazılışını, ya hansısa kənd rayonunda zəhmətkeşlər qarşısında təyin edilmiş konserti ən yaxşı gəlir vəd edən toya qurban verməzdilər.

Quzey Azərbaycanda 1970-ci illərin sonları, 1980-ci illərin əvvəllərinədək belə idi, sonra asta-asta ayrı vaxt başlandı, özgə dalğalar gəldi, zaman canlı klassikləri bir-bir apardı, möhtəşəm münsiflər cərgəsi seyrəldi, tədricən səhnələrə, efirlərə də köhnə vaxtlarda heç vəchlə buraxılmayacaq səslənişlər və ifaçılar yol tapdı.

Güneydə radionun təzə işə düşdüyü, filarmoniyanın yenicə fəaliyyətə başladığı çağlarda - 1940-cı illərin ortasında eyni ruh yüksəkliyi, eyni tələbkarlıq, eyni məsuliyyət vardı.

Səhnədə görünmüş sənətçi bunu bir ucalıq sayırdı ki, həmin yüksəklikdən azacıq aşağı enməyi mümkünsüz hesab edirdi.

Əli Tudə yada salırdı ki, filarmoniyanın yarandığı ilk günlərdən etibarən artistlərin istedadını, qürurunu, nüfuzunu qorumaq istiqamətində tədbirlər görülməyə başlandı, onların ehtiyaclarının ödənilməsinə diqqət göstərildi, layiqli məvaciblər təyin edildi: "Filarmoniyada fəaliyyət göstərən sənətkarlar toylara, məclislərə, ziyafətlərə təkrar-təkrar dəvət olunsalar da, getmirdilər. Yalnız kollektivin gənc üzvlərindən kimsə özünə ailə qurmaq fikrinə düşəndə müdriyyətə müraciət edib kömək istəyirdi. Onda bütün kollektiv bəylə gəlinin təntənəli toy məclisində iştirak edirdi. Toy məclisi unudulmaz bir konsertə çevrilirdi".

Nə ağıllı tapılmış bir gediş imiş! Belə məclislər toylardan imtina etmiş, özünü bütün xalqınkı sayan, sənətini yalnız səhnədən təqdim etmək yolunu seçmiş ifaçıların şöhrətini, sanbalını bir az da artırırmış. Təsəvvür edirəm ki, filarmoniya işçilərinin özlərinin həmkarlarının iştirakı ilə keçən şənlik məclisləri necə əks-səda oyadırmış və yəqin, çoxları o anlarda qibtə də edirmiş ki, biz də onlardan biri olsaydıq, toyumuz belə bənzərsiz təmtəraqla keçərdi.

Təbrizin aylı-ulduzlu gözəl və əlbəttə ki, azadlığın bihuşedici saf havasına bürünmüş xoşbəxt (!) payız axşamlarından birində belə unudulmaz toylardan biri filarmoniyanın gənc solisti, sonraların məşhur müğənnisi Sahib Şükürov-Ruhi üçün çalınmışdı.

Hansı toy rəqssiz, nəğməsiz keçir ki?! Elə axşamdan başlanıb ta səhər dan yeri qızaranacan davam etmiş o toyda da dost-tanış, qohum-qonşu bir-birinə qoşularaq oynamışdı. Ancaq mərkəzdə olanlar, hamını vəcdə gətirərək yoruluncaya qədər meydandan çıxmamağa sövq edənlər elə filarmoniyanın rəqs kollektivinin səhnə geyimli üzvləri idi. O gecəni bəzəyən muğamlar, təsniflər, aşıq havaları, şeirlər bu toyu ənənəvi toyluqdan çıxararaq sanki bir toy filminə çevirmişdi.

Və vur-tut üç ay sonra Təbriz yas içində olacaq, həmin toyda deyib-gülənlərin neçəsi həyatını itirəcək, nə qədəri zindanlara atılacaq, kimlərsə, o sıradan elə bu bəxtiyar axşamın məsud bəyi də Arazı keçərək canını Sovet Azərbaycanına pənah gətirməklə qurtaracaq.

Söz yox, o sevinc dolu gecənin hər anını salamat qalanlar sonralar onillər boyu həsrətlə və qəhərlə anacaqlar. 1970-ci illərin ortalarında, tələbəlik çağlarımda Bakıdakı mətbəxi ilə məşhur köhnə "İnturist" mehmanxanasının pillələri ilə qalxarkən bura mənim kimi vaxtaşırı şam etməyə gələn xanəndə Sahib Şükürovla rastlaşmışdım, elə o anlarda bir toy mərasiminin iştirakçılarının da restorandan üst qatdakı ziyafətlər zalında keçiriləcək toy məclisinə getdiyini görmüşdük və o gün Sahib müəllimlə eyni masa arxasında əyləşmişdik, bu toy yadına Təbrizdəki öz toyunu salmışdı, həmin məclisi qarışıq duyğularla - həm iftixar, həm kədərlə anmışdı, üstündən 30 il keçərkən belə dünən baş veribmiş kimi anbaan xatırladığı büsatın lövhələrini mənə nağıl etmişdi.

Söz yox, o füsunkar gecədə filarmoniyadakı başqa gənc subayların da ürəyindən günlərin birində onlara da belə toy qismət olması arzusu keçmişdi.

Fəlakət gəldi, Milli Hökumət süqut etdi, neçə-neçə məsum diləklər gerçəkləşmədən könüllərdəcə soldu...

Altmışında xəyalən Bakıdan iyirmi iki yaşında olduğu Təbrizə qayıdan Əli Tudə belə təəssüflənirdi: "Filarmoniya möhkəm bir sənət sarayı idisə, biz o sarayın tikintisində fədakarlıqla çalışan usta, şagird, fəhlə, dülgər, suvaqçı, rəngsaz idik.

Arxasını Amerika tanklarına söykəyən şah sərbazları qanlı sərzənişlərlə bu sarayı uçurub dağıdaraq daşını daş üstdə qoymadılar.

Təbrizdəki Azərbaycan Dövlət Filarmoniyasının ömrü Vətənin, xalqın, tarixin nəzərində dörd ayla ölçülməmiş, ölçülmür, ölçülməyəcək də! Dörd ay ərzində dörd qərinənin işini gördüyü ilə xatırlanacaq!"

...Təbriz Filarmoniyası fəaliyyət göstərdiyi qısa müddət ərzində Güney Azərbaycanda neçə istedadlı qızı tapdı, səhnəyə çıxartdı. Bunun özü Güneydəki, əslində bütün İrandakı qadın hərəkatında keyfiyyətcə yeni bir mərhələnin başlanması demək idi. Gözəl avazlı, qıvraq barmaqlı, nadir musiqi istedadlı nə qədər cavanlar xalqın içərisində kimsəyə bilinmədən, gündəlik ömürlərini yaşayırdı - Təbriz Filarmoniyası onları kəşf etdi, hamınınkı etdi, onları millət tanıyıb sevdi.

Milli Hökumətin ömrü bir il deyil, heç olmazsa daha bir neçə il uzansaydı, Təbriz Filarmoniyası üç ay on gün yox, daha artıq yaşasaydı, görün hələ nə qədər istedadları üzə çıxara bilərdi. Ancaq işin başqa bir qəmli tərəfi də var. Məsələ yalnız ayrı-ayrı istedadların üzə çıxarılmasında da deyil. Axı istedadlarını, qabiliyyətlərini artıq hər kəsin etiraf etdiyi oturuşmuş böyük sənətkarlar da vardı ki, Təbriz Filarmoniyası yaşasaydı, onları da işə cəlb edəcək, həm özü güclənəcək, həm o sənətkarlara yeni ömür bəxş edəcəkdi.

Əbülhəsən xan Azər İqbal Soltan İranın ən böyük xanəndələrindən idi. Təbriz Filarmoniyası fəaliyyətə başlayanda artıq o, yetmişini çoxdan keçmişdi, səksənə yaxınlaşırdı, amma yenə oxumağında idi. Azərbaycan xalqının yetirdiyi ən məlahətli və əzəmətli səs sahiblərindən olan Əbülhəsən xan 1870-ci ildə anadan olmuşdu, 1971-ci ildə həyatdan getdi. 1960-cı illərdə o,hələ də xanəndəlik edirdi və 100 yaşındaykən, vəfatından az qabaq oxuduğu "Bayatı-İsfahan"ın da yazısı qalmaqdadır. Məhəmmədhüseyn Şəhriyarın ahıl çağlarında türkcə yazmağa başladığı kimi, həmişə farsca oxumuş Əbülhəsən xan da ömrünün lap qurtaracağında ana dilində də bəzi parçaları ifa etdi. 1946-cı ildə Təbriz Filarmoniyasının gəlhagəl vaxtlarında 76 yaşı olsa da, Əbülhəsən xan Azər İqbal Soltanın səsi cavan bir müğənninin avazı kimi yerində idi, boğazı onun sözünə zilində də, bəmində də, mayəsində də baxmaqdaydı.

Və Təbriz Filarmoniyası yarananda ən çox sevinənlərdən biri də məhz o olmuşdu. Gəlirdi-gedirdi, məsləhətlər verirdi, cavanlarla söhbətləşirdi. O günlərdən saxlanc qalan fotoları da var. Təbriz Filarmoniyasının, Milli Hökumətin ömrü uzun olsaydı, səhnəyə çıxardıqlarının, ana dilində oxumağa yönəltdiklərinin biri də elə Əbülhəsən xan olardı. Bunca qüdrətli və şöhrətli, İran xanəndəliyinin zirvəsi hesab edilən azərbaycanlı sənətkar o halda ana dilində yalnız 90-ı aşandan sonra, 100-ü haqlayanda oxumazdı, həvəsə gələrdi, ətrafdakı mühit də onu şövqə gətirərdi, doğma dilində təsniflər, nəğmələr, muğam ifa etməyə elə 1940-cı illərin ikinci yarısında, 1950-ci illərdə başlayardı. Görün Əbülhəsən xanın ana dilində oxuduğu incilərlə milli musiqi xəzinəmiz necə müstəsnalaşar, nə sayaq zənginləşərdi...

Yaxud başqa bir görkəmli xanəndəmiz - Mirtağı Mirbabayev. Ona "Bakılı Seyid", ya da "İkinci Seyid" deyərmişlər. Mirtağı Mirbabayev XX əsrin əvvəllərində məşhurlaşmağa başlayan Azərbaycan xanəndələrindən idi. Elə o dövrdə artıq valları da buraxılmışdı. Cabbar Qaryağdıoğlunun, Məşədi Məmməd Fərzəliyevin, Keçəçi oğlu Məhəmmədin, Seyid Şuşinskinin valları ilə yanaşı, Mirtağı Mirbabayevin valları da əl-əl gəzirdi.

Və tale Təbriz Filarmoniyasında Seyid Mirbabayevlə Əli Tudəni də görüşdürə bilərdi.

Təbriz Filarmoniyasında Əli Tudənin bədii hissə üzrə müavini işləyən Həsən Üzzari günlərin birində ona Seyid Mirbabayevdən söhbət açanda, həmin xanəndəni Təbriz Filarmoniyasında çıxışa dəvət etmək istədiyini söyləyəndə şair çox sevinir. Həsən Üzzariyə qayıdır ki, Seyid haqqında eşitmişəm, böyük xanəndəliyinə də bələdəm, ləngimədən dəvət edin gəlsin. Həsən Üzzari özü tarzən idi. Ona görə də yaxından-uzaqdan İranda məşhur olan sənətkarları tanıyırdı. Ancaq Əli Tudəyə deyir ki, bizim orkestrdəki tarzən Vaqif Tehrandakı musiqiçiləri məndən də yaxşı tanıyır, onlarla şəxsi əlaqələri də var, gəlin Seyid Mirbabayevi dəvət eləmək məsələsini də ona həvalə eləyək.

Əli Tudə tarzən Vaqifi çağırır, deyir, belə bir istəyimiz var ki, Tehrandan xanəndə Seyid Mirbabayevi dəvət edək, fikrim budur onu filarmoniyada işə götürək. Vaqif tərəddüdlü danışır ki, Seyid Mirbabayevin böyük xanəndə olması şəksizdir, ancaq o, ömründə bura işə düzəlməyə razılıq verməz. Əli Tudə təəccüblənir ki, niyə gəlməz, onun üçün hər şəraiti yaradacağıq, yaxşı məvacib verəcəyik, bildiyim qədərincə, həm də hazırda işləmir, onun-bunun məclislərində oxuyur, arada kimsə ona xələt verir, müəyyən qədər hədiyyələr bağışlanır, bunların hesabına dolanır.

Tarzən yenə israr edir ki, bəli, elə olmağına elədir, amma bura gəlməz.

Və başlayır Seyid Mirbabayevin qüssəli hekayətini rəvayət etməyə.

Mirtağı Mirbabayev 1910-cu ilə qədər xanəndəlik eləmişdi. Çıxan valları da həmin dövrə qədərki illərə aiddir. Ancaq 1910-cu ildə Bakı milyonçularından Şıxbalayevin məclisində oxuyur. O Şıxbalayev çox səxavətli adammış, işin avandlığından Seyid Mirbabayev də həmin gün bəlkə başqa günlərdə olduğundan da cazibədar oxuyurmuş, bütün məclisi, o sıradan yığnaq yiyəsinin özünü valeh edirmiş. Şıxbalayev ilhamlanır, deyir ki, çox gözəl oxuyursan, mənə yaman təsir elədi, əvəzində istəyirəm ki, bu gün sənə nəsə bir yaxşı bəxşiş verəm, özün fikirləş, ürəyindən nə keçir, de.

Seyid Mirbabayev də adətən toylara o çağın məşhur tarzəni Şirin Axundovla - salyanlı Şirinlə gedərmiş. Mirbabayev əyilir tarzənə tərəf, deyir, Şirin, ürəyimdən keçir ki, ondan bir torpaq sahəsi istəyim, özümə xudmani bağ düzəldim, qəşəng ağaclar əkim, güllər becərim orada.

Şirin qımışır ki, əşşi, ağlını başına yığ, neynirsən ağac əkməyi, gül becərməyi, torpaq sahəsi sənin nəyinə lazımdır? Yaxşısı budur ki, sən ondan buruq istə.

Bu dəfə Mirbabayev tərəddüd edir ki, yox, o mənə buruq verməz.

Salyanlı Şirin razılaşmır ki, sən bir sınaqdan keçir də. Mən eşitmişəm Şıxbalayevin bir neçə buruqları var ki, yaxşı neft vermədiyinə görə istifadədən çıxardılıb, sən də o buruqlardan birini istə, zənnimcə, imtina etməz.

Bu söz ağlına batır Mirbabayevin. Növbəti dəfə məclisin axırına yaxın Şıxbalayev ona müraciətlə "Nə oldu, xanəndə, fikirləşdin ki, nə istəyirsən məndən?" sualını verəndə dillənir ki, ağa, eşitmişəm sizin bir neçə buruqlarınız var, istifadədən çıxıb. Əgər mümkünsə, onlardan birini verin mənə.

Şıxbalayev canıyananlıqla etiraz edir ki, a kişi, istifadədən çıxmış quyu sənin nəyinə lazımdır, yaxşı olsaydı, elə özüm işlədərdim.

Mirbabayev təkid edir ki, çox sağ olun, elə bu da məni təmin edər, əgər versəniz, sizdən yerdən göyə razı olaram.

Şıxbalayev vəziyyəti belə görəndə daha çək-çevir etmir, deyir ki, lap yaxşı, burda heç bir çətinlik yoxdur. Sabah gəl kontora, o buruqlardan birini sənin adına yazdırıb sənədini də verəcəyəm.

Ertəsi gün Mirbabayev gəlir, buruqlardan biri onun adına sənədləşdirilir. Özünün də bankda bir miqdar pulu varmış. O pulları bankdan çəkir, bir neçə fəhlə tutur. Həmin istifadədən çıxmış buruğu başlayır təzədən qazdırmağa. Üç gün, beş gün, bir ay - iş uzanır, neftdən xəbər yoxdur. Seyid Mirbabayevin əlində-ovcunda olan ehtiyat da tükənir. Heç fəhlələrin gündəlik muzdunu verməyə də pulu qalmır. Günlərin birində cana doyan fəhlələr alacaqlarının ardınca durub gəlirlər onun evinə. Seyid camaatın qabağına çıxmağa cəsarət etmir. Köhnə əsilzadə nəsillərdən olan arvadı milliyyətcə rusmuş. O, çağırılmamış qonaqları qarşılayaraq deyir ki, ərim indi şəhərdə yoxdur, bir neçə gündən sonra gələcək, sizin pulunuzu da hökmən ödəyəcək, darıxmayın.

Fəhlələr bu sakitləşdirmədən sonra səs-küy salmadan çıxıb gedirlər. Ümid bəsləyirlər ki, hər halda pul ödənəcək, o səbəbən işlərini davam etdirirlər. Lakin bir neçə gün sonra belə tez və qəfil, gəlişi belə tezliklə gözlənilməyən xoşbəxt hadisə baş verir: Seyid Mirbabayevə bağışlanmış quyu fontan vurur. Qısa müddət içərisində dünənədək yarımkasıb dolanan xanəndə asta-asta varlanmağa üz qoyur. Az sonra o, əlindəki vəsaitdən bir az da ayıraraq başqa buruqlar da əldə edir. Beləcə, asta-asta dönüb olur sanballı neftxudalardan biri, sərvətli bir ağa. Daha xanəndəlik etmək ona ar gəlir, oxumağın daşını atır, dönüb olur bir bəyzadə.

Hətta harada keçmiş xanəndəliyini yada salan bir vala rast gəlirsə, pulunu ödəyib həmin valı alır, sındırıb məhv edir.

Təsadüf elə gətirir ki, günlərin birində yenə bir toyda Seyid Mirbabayevlə həmin milyonçu Şıxbalayev qarşılaşırlar. Şıxbalayev o məclisə bir qonaq kimi gəlmişdi. Elə Seyid Mirbabayev də artıq qonaq idi. O, daha məclislərə xanəndə kimi çalğıçılarla getmirdi.

Bu toyun hər halda öz oxuyanı, çalğıçıları vardı və Şıxbalayev də, əlbəttə ki, Seyid Mirbabayevin onun sayəsində adam olmasından agah idi, səsinin də yerində olmasından xəbəri vardı. Təvəqqe edir ki, bəlkə bu axşam bizi bir feyziyab edəsən, bir ağız oxuyasan. Mirbabayev imtina edir ki, bəy, mən axı daha oxumuram.

Şıxbalayev əl çəkmir ki, bilirəm daha oxumursan, ancaq istəyirəm bizim xatirimizə bir "Segah" başlayasan, ürəyimiz açılsın.

Nə illah edir, Seyid Mirbabayev oxumur, əksinə, özünü bir az da təkəbbürlü aparır.

Keçmiş xanəndənin belə davranışı Şıxbalayevə çox ağır təsir edir. Deyir ki, özünü gözlə, bu, dünyadır, dünyanın işini isə bilmək olmaz. Dünyanın adamı yox yerdən güldürdüyü kimi, birdən ağlatmağı da var.

Həqiqətən, çox keçmir ki, dünyanın adamı ağlatdığı məqam da yetişir. Çar hökuməti devrilir, hakimiyyət dəyişir, bolşeviklər gəlir. Əlində-ovcunda müəyyən sərvəti olanlar görürlər ki, təzə hökumət kimdə nə varsa tutub əlindən alır. Ona görə də Seyid Mirbabayev ləl-cavahirat, qızıllar topladığı mücrülərdən bir-ikisini götürüb xaricə qaçmağı qət edir. Ancaq sərvətinin əsas hissəsini gizlədərək xanımına tapşırır ki, girəvə düşən kimi gələcəyəm, səni də götürərəm, bir yerdə gedərik. Özü ilə götürdüyü qızıllardan bir hissəsini rüşvət kimi bir fransız gəmisinə verir, o gəminin yük yerində sərhədi aşaraq Fransaya yetişir. Ancaq aylar ötdükcə, günlər sovuşduqca şərait get-gedə çətinləşir. Qayıdıb gəlmək, burada qoyduğu qızılları özü ilə götürüb yoldaşı ilə bərabər təzədən mühacirət etmək xam xəyala çevrilir. O vaxtdan etibarən Seyid Mirbabayev Avropada qalır, lakin asta-asta əlindəkilər xərclənib tükənir, belə olanda yollanır İrana.

Əli Tudə tarzən Vaqifin Mirtağı Mirbabayevin aqibəti haqda bu hekayətini dinləyəndən sonra qayıdır ki, yaxşı da, olan olub, keçən keçib, indi niyə gəlməsin axı?!

Vaqif də cavab verir ki, ağzını aramışıq, başa düşdük ki, o, gəlməyəcək. Bəlkə də Tehranda ona hansısa iş təklif olunsaydı, razılıq verərdi, ancaq özündən də soruşan olub, deyib ki, mən Təbrizə qəti surətdə gəlmərəm, çünki Təbriz Bakıya yaxındır, orada indi ruslar da az deyil, mən də bolşeviklərdən gördüyümü görmüşəm, başımızı birtəhər girləyirik, sonra bu yaşımda məni tutub apararlar.

Hələ Təbriz Filarmoniyası yaranmazdan əvvəl İranda Seyid Mirbabayevlə görüşən bir başqa Bakıdan gedən də olmuşdu - tarzən Bəhram Mansurov. Söyləyirdi ki, bu görüş 1944-cü ildə Azərbaycan musiqiçilərinin İrana qastrol səfəri zamanı baş verib. Tehrandakı konsertlərin birindən sonra Seyid özü Bəhram ustada yaxınlaşaraq deyir ki, familiyanız mənə tanış gəlir, Məşədi Məliyin nəvəsi, Məşədi Süleymanın oğlusunuzmu? Bəhram təsdiq edincə o da özünü təqdim edir ki, mən də xanəndə Mirtağı Mirbabayevəm. Bəhram Mansurov qiyabi də olsa Seyidi yaxşı tanıdığını, evlərində onun səsi yazılmış valın qaldığını deyəndə sabiq xanəndə mütəəssir olur.

Yəni azərbaycanlılara doğru can atmaq, bir qəribsəmə, xiffət hissi o illərdə Seyidi müşayiət etməkdəymiş. Bunu da ehtimal edirəm ki, Milli Hökumətin ömrü davamlı olsaydı, vəziyyətin düşündüyü qədər də qəliz və təhlükəli olmadığına, siyasi iqlimin dəyişməsinə inanaraq Seyid Mirbabayevin Təbrizə gəlməsi də mümkünləşə bilərdi, bu minvalla da musiqidən erkən ayrılmış nəhəng bir xanəndəmiz də təzədən böyük sənətə qayıdardı...

Hələ nə qədər belə bəlkələr var. Yəni Güney Azərbaycandakı Milli Hökumətin yolunun vaxsız qırılmasıyla, Təbriz Filarmoniyasının gözəl başlanğıclarının yarımçıq qalmasıyla çox şeyləri itirdik. Qalan o günlərin unudulmaz dərsləri, bir də həmişə közərən bir ümid oldu ki, su gələn arxa bir də gələr, o xoşbəxt günlər haçansa yenidən qayıdar.

...1946-cı il dekabr ayının 11-i idi. Cavan şair Əli Tudə Təbrizdə filarmoniyadakı kabinetində oturmuşdu və kefi kök idi. İran Sovet Cəmiyyəti bu yaxınlarda onun şeirlər kitabını buraxacaqdı, hazır korrekturaları göndərmişdilər, gənc şair səadətlə dolu halda o korrekturaları oxuyur, təshihlərini edirdi. Düzəlişlərini etdikcə xəyalından o da keçməyə bilməzdi ki, yaxın həftələrdə bu vərəqlər dönüb kitab olacaq, əl-əl gəzəcək, ona ad-san gətirəcək.

Elə bu əsnada qapı əsəbiliklə döyülür və yaxın dostlarından biri otağa girərək həyəcanla deyir ki, nə oturmusan, bəs təzə xəbəri eşitməmisən?

Əli Tudə təzə xəbərin nədən ibarət olduğunu soruşur və dostu deyir ki, Seyid Cəfər Pişəvəri də, hökumətin üzvləri də, Mərkəzi Komitədə təmsil olunanlar da hamısı Təbrizi tərk edib getdilər, indi rəhbərlik səlahiyyəti Məhəmməd Biriyaya verilib, o da bu dəqiqələrdə çıxış edəcək.

Əli Tudə dostunun bu sözlərindən sonra işini yarımçıq qoyaraq Mərkəzi Komitənin qarşısına tələsir. Doğrudan da, Biriya eyvana çıxır, danışmağa başlayır və bildirir ki, İran Milli Məclisinə seçkilər keçirilməsi ilə əlaqədar buradakı asayişi təmin etməkdən ötrü Tehrandan qoşun gələcək, ona görə də biz başımızı aşağı salıb öz dinc işlərimizlə məşğul olmalıyıq.

 

Necə yəni başımızı aşağı salıb dinc işlərimizlə məşğul olmalıyıq?

Bu o demək idi ki, Tehrandan gələn şahlıq ordusu ixtiyarı ələ alır.

Həmin günlərdə sovet ordusu da Milli Hökumətə verdiyi ağır texnikanı geri almışdı. Bu, azmış kimi, həmin ordu Milli Hökumətin taxıl sataraq puluna Polşadan aldığı ağır texnikanı da mənimsəmişdi.

Artıq Təbriz, Güney Azərbaycan qolu-qanadı qırılmış, tərksilah edilmiş bir halda idi.

Əli Tudə onillər sonra da kədəri toxtamayan, göynəyi səngiməyən o günləri xatırlayaraq yazırdı ki, peşman, mütəəssir halda qayıdıb kabinetimə gəldim, elə bu arada orkestrimizin qocaman tarzəni Yaqub kişi girdi içəri. Dedi ki, nə oturmusunuz, çıxıb getmək lazımdır, indi hərə canını qurtarmaq üçün bir işıqucu axtarır.

Əli Tudə cavab verir ki, axı necə çıxıb gedim, bu boyda filarmoniya mənə tapşırılıb, burada bir belə əmlak var?!

Yaqub kişi köks ötürür ki, ay qardaş, nə əmlak, indi camaat can hayındadır, qaçmaq lazımdır.

1946-cı il dekabr ayının 11-i idi. Sabah son nöqtə qoyulacaq. Milli Hökumətin bir illik bəxtiyarlığı bitəcək. 1946-cı il dekabr ayının 12-də Əli Tudənin və bir çox məsləkdaşlarının İran Culfasında mindikləri qatar onları Sovet Azərbaycanındakı Culfaya gətirəcək.

Naxçıvanın Culfasına yetişəndə aralarında ruscanı daha yaxşı bilən Hacı Xanməmmədov oradakı generalla telefonla danışacaq, təlaş içində vəziyyəti söyləyəcək, general da onlara təskinlik verəcək ki, narahat olmayın, tapşırıq var, indi sərhəd açılacaq, hamınızı buraxacaqlar.

Əli Tudə Azərbaycandan Azərbaycana gəlmişdi. Culfadan Culfaya gəlmişdi. Ancaq o Culfa Güney Azərbaycanın Culfası olsa da, İranın içərisində idi, ayrı bir ölkənin şəhəri idi. Bu Culfa Sovet Azərbaycanının içərisində idi. Azərbaycan idi, amma Quzey Azərbaycanın, Sovet İttifaqının içərisindəki bir şəhər idi. O ölkə ayrı, bu ölkə ayrı. Əli Tudə bir vaxtlar Vətənin bu parçasından Vətənin o biri parçasına getmişdi. İndi Vətənin o biri parçasından Vətənin bu biri parçasına dönürdü. İnsan öz vətənində qərib olmaz. Ancaq o, buradan ora gedəndə də, indi oradan bura gələndə də ayrı bir ölkədən başqa bir məmləkətə gəlirdi. Öz Vətənində idi. Amma tarix, siyasətlər elə etmişdi ki, o öz Vətəninin içərisində yad idi. Rəsmən orada da qərib idi, mühacir idi, burada da qərib, mühacir olacaqdı.

1946-cı ilin 21 azəri - dekabrın 12-si idi. Naxçıvana o taydan - Güneydən axın-axın insanlar gəlirdi. Onların hamısını rahat yerləşdirmək imkanı yox idi. Kolxozların binaları, məktəblər, xəstəxanalar, klublar - nə boş yer vardısa, adamları ora yönəldirdilər. Hamını yatacaqla təmin etmək imkanı da yox idi. Bəziləri quruca döşəmənin üstünə sərilərək, bəziləri altına otdan-ələfdən düzərək yıxılıb yatmışdı. Və o yorğun, narahat, Vətənin o parçasından bu tayına gəldiyi o uzundan-uzun gecədə gözlərinə yuxu gəlməyən Əli Tudə bir şeir yazmışdı:

 

Mən öz qardaşıma mehman gələndə

Bir dəftər, bir qələm, bir can gətirdim.

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim.

 

Mən onu günəşdən təmiz saxladım,

Canımdan, gözümdən əziz saxladım.

Bu kiçik qəlbimdə dəniz saxladım,

Bir xilqət görmədi, pünhan gətirdim.

 

Qardaşım, illərlə istədin ki sən,

Öz ana yurdumda azad olum mən.

Ancaq cəlalımı dağıtdı düşmən,

Tək sənə, tək sənə güman gətirdim.

 

Düppədüz yazmışdı - 1946-cı ilin o müdhiş günündə, istiqlal əldən gedəndə, Təbrizdə Milli Hökumət süquta uğrayarkən o Vətəndən bu Vətənə, ürəyinin o parasından bu parasına yetişəndə Əli Tudənin üstündə əlindəki bir qələm, cibindəki bir dəftər və quruca canından savayı, heç nəyi yoxdu. Sinəsində döyünən alovlu ürəklə gəlmişdi və o Vətəndən bu Vətənə gəldiyi ilk günü şeirlə başlanmışdı. Əslində o şeir həm də and idi, vəd idi və and, vəd olmaqdan daha əvvəl bir sönməz dilək, ülvi amal idi. Bir qələm, bir dəftər, bircanla gəlmişdi və ömrünün axırınacan həsrətlə yaşadı, son nəfəsi gedib-gələnə qədər də oradan - Təbrizdən bu taya, qardaşına qonaq gələndə özü ilə götürdüyü bir qələmi, bir dəftəri, bir canıyla imkan vermədi ki, o tayla bu tay ayrı düşsün.

Bu birlik, bölünməzlik idealının, nəhayət ki, gerçəyə çevrilməsi, Təbrizdəki bir il sürmüş o azad, o unudulmaz, o bəxtiyar günlərin təzədən qayıtmasından ötrü Əli Tudə ömrünün axırınadək əsgər olaraq qaldı, bir şairin bu yolda apara biləcəyi mübarizəni həyatının bitəcəyinədək vicdanla davam etdirdi. Özü getdi, amma qalan qələmi və dəftəri, o dəftərdəki sözləri mübarizəsini yenə aparmaqdadır. Məqsədə doğru usanmadan gedənlərin iqbalında isə günlərin birində mütləq niyyətinə qovuşmaq səadəti gülümsəyir...

 

31 iyul 2024

R.Hüseyn BABAOĞLU

Filologiya elmləri doktoru, professor

525-ci qəzet .-2024.- 7 avqust.(№139).- S.10-11.