Düşmədi

 

Ocaq içdən alışdı, -

tüstüsü çaş düşmədi...

Pərvanələr qol açdı, -

börk tutdu, baş düşmədi...

 

Üz güldü, göz qamaşdı, -

xəyallar sevdalaşdı...

Gözlərimdə sel daşdı, -

gözünə yaş düşmədi...

 

Ulduzlarla görüşdüm, -

vüsal selinə düşdüm...

Hər niyyəti bölüşdüm, -

sənə "göz-qaş" düşmədi?..

 

Nə yaxşı ki, bu şən gün,

ulduzlar görüşən gün,

sən başıma düşən gün, -

başıma daş düşmədi...

 

Sən elə şirinsən

 

Sən gülüş mehisən, mən dərd ağacı, -

qır qol-budağımı, gəl elə əs sən...

Sən baltək şirinsən, mən qortək acı,

gəl acı sözümü bal ilə kəs sən.

 

Acı ruzgar əsdi, qatdı aranı,

göz seçə bilmədi ağdan qaranı...

Sonuncu ümidin intihar anı, -

məni bu dünyaya bağlayan kəssən...

 

Qarğımışam misra-misra fələyi,

sükutumun qalmayıb bir diləyi...

Yoluma rastlaşan Tanrı mələyi, -

ruhumu cənnətə çağıran səs - sən!..

 

Şən elə şirinsən...

Şərbətmi süzdün?

Qəlbimdə bəslənib, dilimə düşdün...

Məni dərdlərimlə tək qoyma bir gün, -

dünyadan küsərəm, sən məndən küssən...

 

 

 

Hər şey keçir

 

Hər şey keçir,

illər uçur,

fəsillər sutək axır, -

yağış, qar da səngiyir...

Hər duyğu candan çıxır, -

taleyimiz, qəlbimiz, sevgimiz ona bağlı...

 

 

Hər şey keçir,

ancaq olub-keçənlər nə əriyir, nə uçur...

Yarpaq-yarpaq düşərək,

əbədi xatirətək qəlbə, yaddaşa köçür...

 

Hər şey keçir,

dünyadan nə aparıb,

nə saxlarıq dünyada...

Biz əbədi deyilik...

Əbədi olan pəmbə

buludlarda uçuşan ruhlarımız və bir də

qalan xatirələrdir...

 

 

Hər şey keçir...

Günah kimdə olub ki,

qəzası bizə qalıb?..

Yoxsa Adəm babamız

aldanıb, tamahını

buğdaya salıb deyə, -

cəzası bizə qalıb?!

 

 

Muradım qanadsız qalıb

 

Çırağam, hər gecə qəmlə alışdım.

Buludam, hər səhər göz yaşı tökdüm...

Qışam, ayazımda nəmlə alışdım, -

yayam, günəşimlə dondum, üşüdüm...

 

Payızdan başlayıb yarpaq tökümüm.

Dözüb, sərçələrlə yaza çıxmışam...

Bahar da donumu aça bilmədi, -

sırsıra buzları yayda yığmışam...

 

Çiçək yox, dünyanın qəmini dərdim, -

bağçamın gülləri diqqətsiz qalıb...

Kimi dərdli görsəm, bir qanadıyam, -

muradım nə vaxtdı qanadsız qalıb...

 

Alın yazımız

 

Qismət bizə Tanrıdan verilən bir pay deyil, -

Yıxılmaz saray deyil!

Düşüncədi, əməldi, -

sətir-sətir yazılır bizim alın yazımız.

Beşik-beşik doğulur,

qəbir-qəbir qazılır qismətimiz, yaşımız...

Qarış-qarış yeriyib,

yıxılırıq, qalxırıq.

Üfüqlərə yürüyüb, -

yarpaq-yarpaq artırıq...

Gah şivdən ağac olur,

Gah gövdədən qırılır, -

torpaq-torpaq yatırıq...

Neçə laydı, neçə qat

Yazılar yatan torpaq?!

Milyon-milyon yazınıyazıya qatan torpaq...

İlahi bir sənətkar, -

möhtəşəm bir əsərdi!

Mürəkkəbi rəngbərəng, -

Qayalar da pələngdi,

çəmənlər də çələngdi...

Yazılar fərqli-fərqli, -

Alınlar daşdöyəndi...

Qismət bizə səmadan verilən bir pay deyil, -

düşüncədi, əməldi Tanrıdan hədiyyəmiz...

Yüz yaşadıq, ya bir il, -

əsas olan say deyil!

Düz yaşamaqdı əsas, -

ən müqəddəs qayəmiz...

 

 

Özgə atı

 

Danışırsan...

Dediyinə

inanmırsan özün də.

Nə səsində bəlağət var,

nə məna var sözündə...

 

Gah aranda dolanırsan,

gah qalxırsan dağa sən.

Nə ölüyə bir duasan,

nə dayaqsan sağa sən...

 

Demək olmur, kimə qalıb,

şaha qalmayan dünya?...

Fürsət bir dəfə verilib, -

halal, ya haram maya...

 

Nifrətdi yalançı sevgi, -

duası - hədə-qorxu!

Səbirsiz deyil ki, Allah...

Onun çomağı yoxdu!

 

Haqq hər şeyi nizamlayır,

qaçan qalmır qovana...

Yıxılmaq ağlına gəlmir,

baş dəyməsə tavana...

 

Hər əməlin sonu olur,

cida çuvalda qalmır...

Özgə atı yerə salır,

qotazı yalda qalmır...

 

 

Apar məni

 

Bu dərd biçər, xırmanlayar, -

yeltək qovar, çapar məni.

Üyüdər, yoğurar, yayar, -

zil təndirə yapar məni.

 

Tutar üzümü ocağa,

yandırar, - canım sadağa...

Fələk, can ver şiş - bıçağa, -

bu tiyandan qopar məni...

 

Çölə, dərəyə at, yetər,

qurda-quşa yem et, yetər...

Bir Allah bəndəsi çatar

imdadıma, tapar məni.

 

Gözümün nuru sönməmiş,

ümidim heçə enməmiş,

nəşim çör-çöpə dönməmiş, -

ay sel, götür, apar məni...

 

 

Ataq qismətin boynuna

 

Arzu ki var, axar sudur, -

Qataq qismətin boynuna...

Qələm deyir, kağız udur, -

Bataq qismətin boynuna...

 

Zəhmət - nurdur, işıq saçar!

Halallıqdan zülmət qaçar...

Tənbəlliyi edib şüar, -

Çataq qismətin boynuna?!

 

Biri kəssə yolumuzu,

necə kəsək dilimizi?

Buraxıb əl-qolumuzu

Yataq qismətin boynuna?..

 

Kimi basmır tamahını,

Kimi kəsmir ah-vahını...

Hər iblisin günahını

Ataq qismətin boynuna?

 

Kənar çıxma, cəzirən var, -

Allah baxır, bil, görən var...

İpdən kəndirə yirən var, -

Tutaq qismətin boynuna...

 

Tanıdığımız adamlar

 

Tanımaq çətindi, -

bircə baxışla

hansı qayğıkeşdi,

hansı ikiüzlü, -

tanıdığımız adamlar...

 

 

Üzlərdə gizlənib

kinayə, əda...

Düşməndi, dostdumu - bilinmir...

Biganədi, laqeyddi

tanıdığımız adamlar...

 

Elə ilk kəlmədə

gizlənir nəfs davası...

Xeyirdə, ya şərdə, -

faydalanmaq duyğusu

sezilir açıq-aşkar...

 

Qayğıda qarşılıq arzusu...

Durub ön sırada

qazanmaq həvəsi...

Hər süni gülüşdə

soyuq bir hesab var...

 

Daha teatra getməyə

ehtiyac qalmayıb...

Kimdən ki, fayda var, -

ən əziz adamıdı...

Rol oynamaqda ustadı

tanıdığımız adamlar...

 

 

 

Güllər üşüdü

 

Buz örtdü yolları, görünməz oldu,

ləpirlər, izlər də çətinə düşdü.

Körpə budaqların gözləri doldu,

tumurcuqlar dondu, güllər üşüdü...

 

Bu dilsiz yollara gözlər dikilib,

o izlər, ləpirlər unudulmayıb...

Bu göy tumurcuqlar - bir dünya ümid,

o körpə budaqlar ağac olmayıb...

 

Təbiət, sərt oldu hökmün, qərarın!

Şimalda yoxmu heç mərhəmət gülə?

Bu yerdə nə bahar, nə qış tanıdın, -

fəsillər təqvimdə dolanır elə...

Rusiya, Andropov şəhəri

 

 

"Əla", "əla"...

 

Xəyala dalıram, -

sevincin qol açıb, uçduğu çağlara...

Uşaqlığımı görürəm...

Atılıb-düşməkdən tərləyən

üzünü silirəm, -

palçığa bulaşan paltarına baxıram...

hirslənirəm, danlayıram, -

atam-anam məni danlayan kimi...

Nə olsun?

Gündəliyini açıram: "əla", "əla"...

Sevincdən ağlayıram az qala...

 

Çaxan şimşəyin səsindən diksinirəm...

Yavaş-yavaş qayıdıram

saçları ağarmış dəmimə doğru, -

məni gözləyən,

məni səsələyən

çağdaş qəmimə doğru...

Əl edir mənə yadlaşmış uşaqlığım, -

alnı tərləmiş, paltarı bulaşmış uşaqlığım...

Açır gündəliyini, göstərir mənə:

"əla", "əla"...

Nisgildən ağlayıram az qala...

 

Nə olsune, - "əla", "əla"...

Alnım tərləsə də,

paltarım bulaşmır palçığa...

O sevinc yox indi, -

yollarda çəkdiyim

əziyyət mənə yoldaş olub,

dərd mənə sirdaş olub...

Daha heç nə...

Saflıqda, qürurda,

işdə-gücdə, dürüstlükdə:

"əla", "əla"...

Hirsimdən ağlayıram az qala...

 

 

Dilimin dadına baxa bilmirəm

 

Sən demə əlimin yox imiş duzu, -

şit olur toxunsa əllərim hara...

başıma bəladı dilimin sözü, -

hərdən salır məni boş dalanlara...

 

Dilimin dadına baxa bilmirəm, -

birinə şirindi, birinə acı...

"Göz üstə qaşın var" - dedim, nə oldu?

Tarix nahaq yerə məni dilimdən asdı...

 

Səpində toxumu acıdı yoxsa, -

sinəmi zəmiyə döndərmə, Allah...

"Danışmaq gümüşsə, susmaq qızıl"sa, -

məni söz gəzməyə göndərmə, Allah...

 

Bir könül oxşayan yalan deməyə, -

tapmadım, - dilimə söz qəhət oldu...

Hayana getdimsə gümüş gəzməyə, -

orda qızıl almaq məsləhət oldu...

 

Elman İSKƏNDƏR

525-ci qəzet .-2024.- 8 avqust.(№140).- S.15.