Qərbi Azərbaycan
toponimləri: reallıqlar, faktlar
Bu il iyunun 21-22-də Naxçıvan Dövlət
Universitetində keçirilən "Qərbi Azərbaycana
qayıdışa gedən yol" konqresi çərçivəsində
Qərbi Azərbaycana həsr olunmuş müxtəlif
kitabların da təqdimatı oldu. Həmin kitablardan biri də
"Həqiqətin onomastikası" kitabıdır. Kitab
2021-ci ildə işıq üzü görsə də, təqdimat
mərasimi xalqımızın qədim yurd yeri olan bölgənin
toponimlərinə həsr olunmuş və
aktuallığını hələ də qoruyan kitab
haqqında bir neçə söz demək zərurəti
meydana çıxardı.
Onomastik vahidlər xalqın, aid olduğu bölgənin
tarixi haqqında hər şeyi deyir. Xalqın formalaşma
tarixinin bütün dövrlərində iştirak edən bu
xüsusi adlar aid olduğu yerin sanki pasportudur. Eyni zamanda
bölgənin tarixini günümüzə daşıyan,
keçmişlə gələcək arasında körpu
yaradan bir vasitədir. Xalqın
dünyagörüşünü, adət-ənənələrini,
milli xüsusiyyətlərini özündə əks etdirir.
Onlar həmin ərazinin kimlərə aid olduğunun, tarixən
o ərazilərdə yaşayanlar haqqında əsas məlumatların
daşıyıcılarıdır. Ona görə də
onomastik vahidlərin öyrənilməsinin həm də
ideoloji əhəmiyyəti var. Yer-yurd adları onomastikanın
ən qədim sahələrindəndir. Azərbaycan toponimləri
qədim mənbələrdə də öz əksini
tapıb. Onlara həsr olunmuş çoxlu sayda qədim və
müasir əsərlər vardır.
Belə əsərlərdən biri də Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi tərəfindən nəşr
olunmuş "Həqiqətin onomastikası"
kitabıdır. Bu kitab xalqımızın qədim
yaşayış yeri olan Qərbi Azərbaycanın yer-yurd
adlarına həsr olunub. Əsər ölkə Prezidenti
İlham Əliyevin tövsiyəsi əsasında
hazırlanıb. Ali Baş Komandan İlham Əliyev 3 iyun
2020-ci ildə Tərtər Olimpiya İdman Kompleksinin
açılışında demişdi: "Ermənistan
Respublikasının ərazisi qədim Azərbaycan
torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç
uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində
çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə
baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın
bütün ərazisindəki toponimlərin demək olar ki,
mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər
ki, hər kəs görsün". Məhz ölkə
başçısının bu tövsiyəsinə əsasən
"Həqiqətin onomastikası" kitabı ərsəyə
gətirilib. Əsərin ideya müəllifi Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi Himayəçilik
Şurasının sədri, akademik Kamal Abdulla, müəlliflər
filologiya elmləri doktoru, professor İbrahim Bayramov və tarix
üzrə fəlsəfə doktoru Nazim Mustafadır. Əsər
artıq Azərbaycan, rus və ingilis dillərində çap
olunub. Bu da Qərbi Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına,
Azərbaycanın haqq səsinin daha çox eşidilməsinə
imkan verəcək. Həmçinin gələcəkdə
dünyanın bir çox başqa dillərində də tərcüməsi
nəzərdə tutulur.
Kitabda Qərbi Azərbaycanın 499 ləğv
edilmiş və ya dağıdılmış kəndi, 704
adları dəyişdirilmiş yaşayış məntəqəsi,
231 adları dəyişdirilmiş oronim, 116 adları dəyişdirilmiş
hidronim, 137 adları dəyişdirilmiş yaylaq və
qışlaq haqqında əhatəli məlumat verilib. Məlum
olduğu kimi bu ərazinin əhalisi tarixən bir neçə
dəfə soyqırıma və deportasiyaya məruz qalıb.
1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə planlı
şəkildə, hissə-hissə əhali buradan
köçürülüb. Lakin ermənilər vətəndaşlarımızı
öz ata-baba yurdundan didərgin salsalar da, buranın yer
adlarında yaşayan yaddaşı məhv edə bilməyiblər.
Bölgənin onomastik sistemi buranın əsas sakinlərinin
kim olduğunu aydın şəkildə nümayiş etdirir.
Buradakı onomastik vahidlərin əksəriyyəti həmin ərazilərdə
yaşamış türk tayfalarının adları əsasında
formalaşıb. Kimmerilər (Gümrü), saklar (Sisian),
quqarlar (Göyçə gölü və Pəmbək ətrafında
Quqark toponimi, şiraklar (Şirak əyaləti, Şörəyel
toponimi), şadılılar (Vedibasarda Şidli kəndi), zəngilər
(Zəngi çayı, Zəngibasar) ərazinin onomastik vahidlərinin
yaranmasında mənbə rolunu oynayıblar. "Kitabi-Dədə
Qorqud" dastanında da buraya məxsus bir çox yer
adlarının (Bayındır, Altuntaxt, Gökcə dəngiz,
Şirokuz) adı çəkilir.
"Həqiqətin onomastikası" kitabında
müəlliflər tarixi faktlara, qədim mənbələrə
istinad edərək göstərirlər ki, bu ərazinin
toponimlərini özündə əks etdirən siyahılarda
- 1590-cı ildə Çuxur Səəd bəylərbəyliyində
tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl
dəftəri" və 1728-ci ildə hazırlanmış
"İrəvan əyalətinin icmal dəftəri"nə
buradakı türkmənşəli yer adları əks olunub.
Hətta erməni müəlliflər də öz əsərlərində
bu adların bir çoxunu qeyd ediblər. 1763-1782-ci illərdə
Eçmiədzin katalikosu Simeon Yerevanskinin "Cambr" əsərində
bu coğrafi adlardan geniş danışılır.
1828-ci ildə Türkmənçay müqaviləsindən
sonra İrəvan və Naxçıvan
xanlıqlarının birləşdiyi ərazidə erməni
vilayəti yaradıldı. Bu vilayətin ərazisindəki
1111 kənddən yalnız 62-də ermənilər
yaşayırdı ki, onlardan da yalnız 14-nün adı erməni
mənşəli idi. 1828-1830-cu illərdə əraziyə
İrandan 40 min, Türkiyədən 90 min erməni
köçürülüb. Ümumilikdə buraya müxtəlif
dövrlərdə rəsmi və qeyri-rəsmi 200 min erməni
yerləşdirilib. Bu da etnik balansı məqsədli şəkildə
ermənilərin xeyrinə dəyişib. Erməni müəllif
Zaven Qorqodyanın "1831-1931 illərdə sovet Ermənistanının
əhalisi" kitabında 2310 yaşayış məntəqəsi
qeydə alınıb ki, onlardan 2000-nin adı türkmənşəlidir.
XIX əsrin 90-cı illərində Türkiyədə baş
verən erməni üsyanlarının yatırılması nəticəsində
300 min erməni buraya köç edib. 1905-1906-cı illərdə
onlar azərbaycanlıların yaşadığı ərazilərdə
silah gücünə etnik təmizləmə siyasəti həyata
keçirməyə başlayıblar. Həmin illərdə
indiki Ermənistan ərazisində dağıntılara məruz
qoyulan yaşayış məntəqələrimizin bir qismi
xarabalığa çevrilib. Sırf ermənilərdən
ibarət anklavlar da məhz o zaman yaranıb. Nəhayət,
1918-ci il mayın 28-də burada ilk erməni dövləti - Ermənistan
Respublikası yaradıldı.
Kitabın müəllifləri Qərbi Azərbaycanda
coğrafi adların dəyişdirilməsinin bir neçə
istiqamət üzrə həyata keçirildiyi göstərirlər.
İlk növbədə türklərin soy-kökü ilə
bağlı adlar dəyişdirilərək erməni
adları ilə əvəz olunub: Aşağı Türkmənli-Lisaqyuğ,
Qorçulu-Mrqaşad, Sərdarabad-Hoktember, Bayandur-Vağadur,
Şirvancıq-Lernakert.
Bir çox yaşayış məskəninin adı
kalka yolu ilə hərfi tərcümə edilib: Armudlu-Tandzut,
Daşqala-Karaberd, Dərəçiçək-Tsaxkadzor.
Bəzilərini beynəlmiləlçilik pərdəsi
altında dəyişiblər: Qaraqışlaq-Dostluq,
Sultanabad-Şurabad, Cücəkənd-Qızılşəfəq,
Çanaxçı-Sovetakert.
Bir qismi cüzi dəyişdirilərək oxşar ermənicə
sözlərlə əvəz olunub: Dərəbaş-Darbas,
Ələyəz-Araqats, Gabud-Kapuyt,
Çırpılı-Crapi.
Bəzilərinin tərkibindəki aşağı,
yuxarı, böyük, kiçik sözlərini ermənicə
müvafiq olaraq verin, nerkin, mets, pokr adlandıraraq sanki erməni
sözüymüş kimi göstəriblər: Verin
Zağalı, Nerkin Zeyvə, Mets Kəpənəkçi, Pokr
Şiştəpə.
Ümumiyyətlə, 1920-1980-ci illərdə Ermənistanda
517 türkmənşəli yaşayış məntəqəsinin
adı dəyişdirilib. 1991-ci ildə deportasiyadan sonra isə
əvvəl 91, sonra 16 yaşayış məntəqəsinin
də adı dəyişdirildi. Bu siyahıya sonralar da əlavələr
olunaraq ümumilikdə 704 Azərbaycan mənşəli
inzibati-ərazi vahidinin adı dəyişdirilib. Bir çox kənd
isə ləğv edilərək adları da siyahıdan
silinib. Kitabda bu yerlərin hər birinin qədim adı, onun mənası,
etimologiyası, aid olduğu inzibati-ərazi vahidi, tarixi
haqqında müfəssəl məlumat verilib. Beləliklə,
"Həqiqətin onomastikası" kitabı bölgənin
pasportudur desək, yanılmarıq. Burada öz əksini
tapmış bir çox onomastik vahidin hətta etimoloji izaha da
ehtiyacı yoxdur. Onların azərbaycanlılara məxsusluğu
heç bir şübhə doğurmur. Məsələn,
kitabdan seçdiyimiz bəzi nümunələrə nəzər
salaq: Ağbulaq (içməyə yararlı, keyfiyyətli
bulaq), Hamamlı, Ağcaarx, Ağcaqala, Ağcaqışlaq,
Ağkilsə (rəng+Alban kilsəsi mənasında), Comərdli
(əsasını qoyan Comərd adlı şəxsin
adından əmələ gəlib), Gümrü. Bu söz bəzi
mənbələrdə Gömrü variantında da
keçir. Türkmənşəli qədim kimmer etnonimindən
yaranıb. 1837-ci ildə adı dəyişdirilərək
Aleksandropol qoyulub. 1924-cü ildə Leninakan, 1991-ci ildə ilk
adının erməni dilinə
uyğunlaşdırılmış formasında Kumayri, 1992-ci
ildə isə Gyümri adlandırılıb. 1988-ci ildə
azərbaycanlılar oradan deportasiya ediliblər.
Qərbi Azərbaycan toponimlərinin böyük bir
hissəsini də birinci tərəfi hacı titulundan ibarət
olan şəxs adları əsasında formalaşan sözlər
təşkil edir ki, bunların xalqımıza məxsusluğu
heç bir şübhə doğurmasa da, müəlliflər
onlar haqqında da ətraflı məlumat veriblər: Hacı
Bayram, Hacıdur, Hacı Elyaz, Hacı Xəlil, Hacı Qara,
Hacılar, Hacı Muxan.
Qərbi Azərbaycanın 1959-cu ildə ləğv
edilən Türk Düzkəndi, yaxud Tatar Düzkəndi,
1925-ci ildə ləğv edilən Yellicə(külək tutan
yer və -cə çoxaltma şəkilçisinin birləşməsindən
yaranmışdır), Tuğut (Meğridə kənd -
qıpçaq türk tayfası olan tuq etnoniminə qədim
türk dilində cəm şəkilçisi olan -ut
artırmaqla düzəlib. "Tuğlara məxsus" deməkdir.
Ermənilər bunu dəyişdirərək Teğut
variantına salmışlar) kimi bir çox kənd də
yaşayış məntəqələri siyahısından
silinmişdir.
Qərbi Azərbaycandakı toponimlərimizin taleyini
bölgəyə məxsus hidronimlər də yaşayıb,
buradakı su hövzələrinin adları da dəyişdirilib,
təhrif olunub. Kitabda Ayğır gölü, Aldərə,
Alagöz, Arıqlı (Ərikli), Balıqçay (qədim
türk dilində balıq "şəhər" deməkdir),
Daşbulaq, Göyçə (göy və çay sözlərinin
birləşməsindən yaranmışdır, suyun təmizliyinə
işarədir), Qanlıgöl, Qara göl, Oxçuçay
("Kitabi-Dədə Qorqud"dakı Oxçu şəxs
adı ilə bağlıdır), Zod (sadak türk
tayfasının adından yaranmışdır, indi ermənilər
bunu Sotk şəklinə salmışlar) kimi hidronimlərin
taleyi, müasir adı və vəziyyəti ətraflı
şərh olunmuşdur.
Burada həmçinin xalqımızın qədim təsərrüfat
həyatının elementlərini daşıyan və
adları da milli kimliyimizi əks etdirən, buna görə də
mənfur qonşularımız tərəfindən dəyişdirilən
yaylaq və qışlaq adları da əhatəli şəkildə
öz əksini tapıb. Müəlliflər göstərirlər
ki, Anağızoğlu (Toxlucada qışlaq, "əsas,
böyük" mənasında ana+ğuz (oğuz) oğlu),
Bayatlar qışlağı, Carğan qışlağı
(dilimizdəki yarğan sözünün variantıdır),
Çataq yaylağı (Hamamlı vilayətində, iki
dağın birləşdiyi yer mənasında), Dəvə
yatağı yaylağı, Gəzdək
qışlağı (dağın təpəsində
çökək yer) onomastik vahidlərinin də adları dəyişdirilərək
uydurma adlarla əvəz olunub.
"Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan
ərazisində azərbaycanlıların
yaşadığı iki mindən artıq yaşayış
məntəqəsi müxtəlif yollarla (əhalisi deportasiya
edilməklə, silah gücünə qovulmaqla,
soyqırımına məruz qoyulmaqla, yandırılıb
xarabaya çevrilməklə və s.) siyahıdan silinib,
tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti
yaradılıb". Haqqında
danışdığımız kitabda isə bu
yaşayış məntəqələrinin adları
toplanıb, sistemləşdirilib, geniş və hərtərəfli
araşdırmaya cəlb olunub. Müəlliflər buradakı
qədim yer-yurd adlarımızı tarix, coğrafiya və
dilçilik kontekstində tədqiq edərək oxuculara onlar
haqqında müfəssəl məlumat veriblər. "Həqiqətin
onomastikası" kitabı xalqımızın qədim yurd
yeri olan Qərbi Azərbaycan bölgəsinin onomastik vahidlərinin
tədqiqi və təbliği işində çox dəyərli
bir mənbədir. Fikrimizcə, bu kitab həmin ərazidən
qovulmağın ağrı-acısını canlı şəkildə
yaşamış və artıq uzun illərdir öz doğma
yurduna həsrət qalmış həmvətənlərimizin
adlar yaddaşını təzələməklə
yanaşı, həm də o torpaqları görməyən,
ancaq böyüklərin söhbətlərindən tanıyan
gənclərin də qədim torpaqlarımızla
bağlı məlumatlarının artmasına kömək edəcək.
Kitabın müəllifləri professor İbrahim Bayramov və
tarix üzrə fəlsəfə doktoru Nazim Mustafaya bu sahədə
gördükləri işlərdə uğur diləyir, fəaliyyətlərinin
davamını arzulayırıq.
Nuray ƏLİYEVA
Filologiya elmləri doktoru. AMEA Naxçıvan Bölməsinin
şöbə müdiri
525-ci qəzet .-2024.- 8 avqust.(№140).- S.14.