Azərbaycanda peşə təhsili:
müasir çağırışlar, yeni trendlər
Hazırkı dövrdə peşə təhsilinin
ölkənin sosial-iqtisadi inkişafına təkan verən əsas
amillərdən biri olması danılmazdır. Keyfiyyətli
peşə təhsili fərdin peşəkar sahədə
elmi-texnoloji biliklərini genişləndirir və onun mütəxəssis
kimi formalaşmasına təkan verir. Bununla əlaqədar
dövlət səviyyəsində peşə təhsilinin
inkişafına istiqamətlənmiş tədbirlər əhalinin
fəal hissəsinə yerli və beynəlxalq əmək
bazarında dəyişikliklərə sürətlə
reaksiya vermək imkanı yaradır.
XXI əsrin çağırışları və
trendlərinə müvafiq olaraq təhsil sahəsində
islahatlar çərçivəsində peşə təhsilinin
müasirləşdirilməsi istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilir. Azərbaycanda peşə
təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi
müəyyən olunub. Bu sahədə peşəkar tədris
prosesinin qurulması, əmək bazarının, o cümlədən,
işəgötürənlərin tələbatlarına
uyğun ixtisaslar üzrə kadr hazırlığının
təmin olunması qarşıda duran əsas vəzifələrdən
biridir. Son dövrlər paytaxt Bakı ilə yanaşı,
bölgələrdə də yeni peşə təhsili müəssisələri
qurulur.
Elm və təhsil nazirinin müavini İdris İsayev
nəticənin əldə olunması üçün ənənəvi
peşə təhsili yanaşmasından kənara
çıxılmasını məqsəduyğun sayır.
Nazir müavini deyir ki, bu gün açılan yeni iş yerləri
əvvəlkindən fərqlidir: "Burada yüksək
texnologiyaların tətbiqindən, əmək məhsuldarlığının
yüksək olmasından söhbət gedir. Bugünkü
iş yerləri sadə deyil, işçilər də daha
müasir bilik və bacarıqlara sahib, eləcə də
özəl sektorun tələblərinə cavab verən
kadrlardır. Peşə təhsil sistemi də bu kimi
çağırışlara hazır olmalı, imkanlardan
istifadə etməlidir".
İKT, turizm-xidmət, avtomobil diaqnostikası, elektrik
qaz qaynaqçısı, bərbər, avtomatika, dərzi,
qrafik dizayner, aqroservis mütəxəssisi kimi ixtisaslar
artıq uzun müddətdir ki, əmək bazarının dəyişməz
tələbatı olaraq qarşımıza çıxır.
Bu ixtisaslar həm də gənclərin ən çox yiyələnmək
istədikləri ixtisaslardır. Son 3 ildə İKT sahəsi
üzrə ixtisaslara - veb dizayner, kibertəhlükəsizlik,
kompüter sistemlərində proqramlaşdırma ixtisaslarına
böyük maraq müşahidə olunur. Dayə,
qrimçi-pastijor, laborantmikrobioloq, moda dizaynı isə
qızların ən çox maraq göstərdiyi
ixtisaslardır. Builki qəbulda qızlar seçimində kimyəvi
analiz laborantı, geyim üzrə dizayner,
xalçaçı, kargüzar, tədbirlərin təşkilatçısı
və qənnadçı, şirniyyatçı
ixtisaslarına da seçim üstünlüyü veriblər.
Gənclərin subbakalavr dərəcəsi verən yüksək
peşə təhsilinə artan marağı isə onların
ömürboyu öyrənmə imkanlarından
yararlanacaqlarının əsas göstəricisidir. Bazarla təhsilalanların
istəkləri isə həmişə üst-üstə
düşmür.
Bu günlərdə peşə təhsili müəssisələrinə
2024-2025-ci tədris ili üzrə tələbə qəbuluna
başlanılıb. Peşə Təhsili üzrə Dövlət
Agentliyinin direktoru Ceyhun Kərəmovun sözlərinə
görə, peşə təhsili almaq istəyən şəxslər
avqustun 12-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə
"Peşə təhsili müəssisələrinə
elektron tələbə qəbulu" xidməti vasitəsilə
müraciət göndərməlidirlər. Qəbul prosesi
ümumi və ya tam orta təhsil bazasını bitirən
şəxslər üçün açıqdır.
2024-2025-ci tədris ili üzrə tələbə qəbulu
84 peşə təhsili müəssisəsində 136 ixtisas
olmaqla 30960 plan yeri üzrə aparılacaq. Bu yerlərdən
23185 dövlət sifarişli, 7775-i isə ödənişlidir.
İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında
da tələbə qəbulu elektron şəkildə həyata
keçirilir. Qeydiyyatdan keçmiş müraciətçilərin
elektron ərizələrindəki məlumatların
doğruluğu yoxlanıldıqdan sonra
iştirakçının ixtisaslar üzrə seçimi
sistem tərəfindən təsdiqlənir. Qəbul ilk və
texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin
attestatında göstərilən müvafiq fənlər
üzrə qiymətlərinin orta balı əsasında,
yüksək texniki peşə təhsili səviyyəsi
üzrə isə buraxılış imtahanlarının nəticəsi
əsasında həyata keçirilir. Tələbə qəbulu
prosesində iştirak edən hər bir şəxsə
maksimum 5 ixtisas üzrə seçim etmək imkanı
yaradılır.
Müraciət edən şəxslərin nəticələri
barədə məlumatın "şəxsi kabinetim"
bölümündə yerləşdirilməsi, həmçinin
SMS vasitəsilə də təqdim edilməsi nəzərdə
tutulur. Müsabiqədən uğurla keçən namizədlər
növbəti mərhələdə qəbul olduqları
müəssisəyə sənədlərinin əslinin təqdim
edilməsi üçün dəvət olunacaqlar. Elektron
qeydiyyatdan keçən zaman tələb olunan sənədlər
şəxsiyyəti təsdiq edən sənəd. Azərbaycanın
vətəndaşları şəxsiyyət vəsiqələrini,
əcnəbilər müvəqqəti və ya daimi
yaşayış icazə vəsiqələrini, ölkədə
daimi yaşayan vətəndaşlığı olmayan şəxslər
şəxsiyyət vəsiqələrini, qaçqın
statusu almış şəxslər və onların ailə
üzvləri isə qaçqın vəsiqələrini,
onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş hallarda digər sənədləri
və ya icazə vəsiqələrini təqdim etməlidirlər.
Həmçinin təhsil haqqında sənəd (attestat), əlilliyi
olan şəxslər, eləcə də valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd,
valideynlərini itirməsini və valideyn himayəsindən məhrum
olmasını təsdiq edən sənəd.
Ceyhun Kərəmov bildirib ki, yeni tədris ilindən
peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq. Bura
pilotsuz uçuş aparatlarının texniki xidməti və
təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri
üzrə mütəxəssis, qida və içki üzrə
mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri,
nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı
üzrə), alternativ enerji qurğu və
avadanlıqlarının istismarı, günəş panelləri
quraşdırıcısı və təmirçisi, tibbi
avadanlıqların təmiri və xidməti elektromexaniki,
suvarma maşınları və nass qurğuları
maşinisti aiddir.
Direktor vurğulayıb ki, yeni tədris ili
üçün ən çox plan yerləri aşpaz
ixtisası üzrə ayrılıb. Yeni tədris ilindən 9
peşə təhsili müəssisəsi ikinövbəli tədrisə
keçir. Bunlar Dəmir yolu və metropoliten üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi
(BDPTM), Emal sənayesi üzrə BDPTM, Texnika və
texnologiyalar üzrə BDPTM, Turizm və sosial xidmətlər
üzrə BDPTM, Sənaye və innovasiyalar üzrə BDPTM,
Rabitə və informasiya texnologiyaları üzrə BDPTM, Mədəniyyət
və Sənətkarlıq üzrə BDPTM, İctimai iaşə
və xidmət üzrə BDPTM, Aviasiya və avtomobil nəqliyyatı
üzrə BDPTM-dir: "Ötən tədris ilində peşə
təhsili müəssisələrindən məzun olan tələbələrdən
20 faizi məzun olmadan işlə təmin edilib. Bu müsbət
trenddir. Ötən tədris ilində məzun olan 13 mindən
çox şəxsdən təxminən 3000-nə
yaxını işlə təmin olunub. Onların da 70 faizi
oğlanlardır".
O əlavə edib ki, Azərbaycanda ilk dəfə
Şuşa Dövlət Peşə Təhsil Mərkəzində
üç yeni ixtisas tədris olunacaq. Həmin ixtisaslara
daş memarlıq abidələrinin bərpaçısı,
bədii tikmə ustası, musiqi alətlərinin ustası
aiddir: "Proqramların hazırlanması istiqamətində
işlər görülür".
C.Kərəmov bildirib ki, Şuşa Peşə Təhsil
Mərkəzi 400 tələbə tutumuna malik olacaq: "Eyni
zamanda 12 emalatxanası olacaq mərkəzin 86 yerlik
yataqxanası nəzərdə tutulub. Hesab edirik ki, 2026-cı
ildən həmin mərkəzə tələbə qəbuluna
başlanılacaq".
O həmçinin hazırda Qubadlı, Zəngilan,
Ağdam və Şuşada peşə mərkəzləri ilə
bağlı layihələndirmə işlərinin getdiyini
söyləyib.
Təhsil eksperti Elçin Əfəndi bildirib ki,
peşə təhsili üzrə dövlətin xüsusi və
strateji proqramı əsasında həmin istiqamətdə
mütəxəssislərin hazırlığı davam edir:
"Peşə Təhsili üzrə Dövlət Agentliyinin
yaradılmasından sonra son illərdə peşə təhsilinə
üz tutanların sayında müəyyən qədər
artım müşahidə edirik. Təbii ki, bunun da
başlıca səbəbi peşə təhsili alanlara
subbakalavr dərəcəsinin verilməsidir. Eyni zamanda bu sahədə
təhsil alanların müvafiq şirkətlərlə əməkdaşlığı
və qardaş ölkə Türkiyə ilə olan
anlaşmalar əsasında təhsilin keyfiyyətinin
artımı peşə təhsilinə marağı
artırır. Ümumiyyətlə, peşə təhsili
şəxslərin gələcəkdə işlə təminatı
baxımından ən uyğun təhsil formasıdır. Təəssüf
ki, bizdə bu vaxta qədər peşə təhsilinə o qədər
yüksək münasibət yoxdur. Halbuki hər birimizin
xüsusi peşə sahiblərinin əməyinə
ehtiyacımız var. Bu istiqamətdə də mütəxəssislərin
yetişməsində məhz peşə təhsili məktəblərinin
rolu böyükdür. Ali təhsil müəssisələri
bu istiqamətdə kadr hazırlamır. Deməli, peşə
təhsilini bitirən şəxslər əmək
bazarında yaxşı işlərlə təmin oluna bilirlər.
Təklif edirəm ki, peşə təhsili müəssisələri
beynəlxalq şirkətlərlə əlaqələri
genişləndirsinlər. Belə olduqda kadrların birbaşa
işlə təminatı asanlaşdırılacaq və
peşə məktəbinə üz tutanların sayı bir qədər
də artacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .-2024.- 8 avqust.(№140).- S.13.