Rəssamlıqda
"qəmli yaradıcılıq dövrü “
Ötən əsrin 50-60-cı illərində, Stalin
repressiyalarının siyasi qiymət aldığı dövrdə,
zəif də olsa, cəmiyyətdə bir oyanış
başladı və təhsildə, mədəniyyətdə,
kənd təsərrüfatında, sənayedə, idarəetmədə,
ədliyyədə özünü göstərdi. Cəmiyyət
dinc sistem vərdişlərinə yiyələnmək, eyni
zamanda gənc nəsli gələcəyə qanadlandırmaq
üçün mənəvi və maddi yönlərdə əzmkarlıq
nümayiş etdirdi. Ölkə vətəndaşları
"Xruşşov xətti"ni hücumlarla
qarşılamadılar, rəhbərin xaotik addımlarına
ümidlə baxdılar. Sovet xalqı "Kosmos əsri"nə
qədəm qoydu, bu, rəssamların da mövzusuna
çevrildi. Onlar kosmosu fantaziyalarında təsəvvür
edib tablolar çəkdilər. Rəssamlar, heykəltaraşlar,
yazarlar bir sözlə, bu kimi zümrələr yeni üslub
hayında idilər - klassika aradan götürülməli,
öz dövrünü sona çatdırmalı idi. Mən məktəbli
və tələbə ikən bu proseslərin şahidi
olmuşam. "SSRİ mənim vətənimdir" devizi az
qala pasportlara yazılacaqdı. Yeniyetməliyimdən rəssamlığa
həvəsim olmuşdu, lakin heç bir rəssamın əsərinə
baxmamışdım, kənddə doğulmuşdum, orada da
böyüyürdüm. Ortancıl dayım Cahandar Eminov həvəskar
rəssamdı, kağıza işləyirdi rəngli
karandaşlarla, ordudan qayıtmış, bizimlə
qalırdı, subay idi. Mətbəxdə anam ona hər
cür şərait yaratmışdı. Dayım şəkil
üzərində işləyəndə saatlarla seyr edirdim, bəzi
texnoloji elementləri hafizəmə
köçürürdüm...
Beləliklə, rəssamların fəaliyyətini,
reprodiksiyalarını qəzet və jurnallardan izləyirdim,
barələrində oxuyurdum. Xatırlayıram Mikayıl
Abdullayevin, Səttar Bəhlulzadənin, Tahir Salahovun, Nəcəfqulunun,
Həsən Haqverdiyevin, Ziya Kərimbəylinin, Oktay
Sadıqzadənin yaradıcılığını necə həvəslə
izlədiyimi. Yadıma düşür ki, yuxarı sinifdə
oxuyurdum, Xalq rəssamı Mikayıl Abdullayev Hindistan səfərindən
qayıtmışdı. O, Cəvahirləl Nehru adına Beynəlxalq
mükafatına layiq görülmüşdü, həm də
rəssamlar arasında ən səlis qələmi olan sənətkardı,
qüdrətli fırça ustası və səmimi qələm
sahibi kimi tanımışam onu. Hindistandan qayıdandan az sonra
M.Abdullayevin "İtaliya xatirələri" kitabı nəfis
şəkildə, yüksək tirajla nəşr olundu. Rəssam
"Yazılarım", "Qlazami Bakinça"
kitablarını çap etdirdi. Ötən əsrin
ortalarından başlayaraq böyük rəssamın "Mingəçevir
işıqları", "Səadət axtaranlar",
"Raçastan qadınları", "Sevinc",
"Körpəsinin ardınca" tabloları dünya sərgilərini
bəzədi.
Xalq rəssamı İsmayıl Axundovun
yaradıcılığı ilə
tanışlığım Pedaqoji Universitetdə təhsil
aldığım illərə (1959-1964) təsadüf edir. O
illərdə tələbələri fakültə
dekanları, ictimai təşkilatlar, rektorluq maraqlı tədbirlərə,
sərgilərə, teatr tamaşalarına müntəzəm
aparırdılar (onların fikrincə, məzun olandan sonra hərə
bir bölgədə çalışacaqdı, mədəni
tədbirlərdən uzaq düşüləcəkdi -
yanılmadılar). 1950-60-cı illərdə əsərlərinə,
teatr tamaşalarına verdiyi tərtibatlarına
baxdığım rəssamlardan biri də İsmayıl
Axundov (1907-1969) idi. Elə də çox yaşamayan rəssam
qrafika və teatr dekorasiya rəssamlığı sahəsində
seçilən sənətkar olub. Onun "Kirpi"
jurnalı üçün çəkdiyi karikaturaları
görmüşdüm. Akvarel əsərləri professional
resprektiv həllilə həmişə diqqət mərkəzinə
düşürdü. "Atabəy məqbərəsi",
"Şirvanşahlar Sarayında məscidin portalı",
"Mənzərə" və başqa akvarel əsərləri
maraq doğurmuşdu. İ.Axundovun M.Ə.Sabirin "Hophopnamə"sinə,
Nizami Gəncəvinin "İskəndərnamə"sinə,
Molla Nəsrəddin lətifələrinə çəkdiyi
illüstrasiyalar bədii dəyərini hələ də itirməyib.
Cəsarətlə deyə bilərəm ki, İsmayıl
Axundov Azərbaycan boyakarlıq məktəbinin ən layiq
nümayəndələri sırasındadır.
Bakı mühitinə düşən, hansısa sahəyə
marağı səngiməyən gəncin görüş
dairəsi genişlənir, canlı korifeyləri görür,
söhbətlərini eşidir, sərgilərinə ayaq
açır, zəngin təəssürat alır. Mən
M.Abdullayevin, S.Bəhlulzadənin, T.Nərimanbəyovun, B.Mirzəzadənin,
Oqtay Sadıqzadənin, N.Əbdürrəhmanovun, F.Xəlilovun
və başqa rəssamların sərgilərdə
nümayiş olunan əsərləri barədə Paşa
Hacıyev, Məmmədağa Tərlanov, Mürsəl Nəcəfov,
Nurəddin Həbibov, sonralar tanınmış sənətşünas
Ziyadxan Əliyev və başqalarının fikirlərini, mətbuatda
çıxışlarını yaxşı
xatırlayıram.
S.Bəhlulzadəni, M.Abdullayevi, Cəmil Müfidzadəni,
Nəcəfqulunu, H.Haqverdiyevi bir vaxt dəbdə olan lənkəranlı
Cəlilin, göyçaylı Zülfünün
çayxanalarında maraqlı söhbətlər edən vaxtlarda
görmüşəm. Cəlilin sarmaşıqla haşiyələnmiş
çayxanası üzü Xəzərə idi.
Axşamüstü qağayıların səsi yük gəmilərinin
"həyəcan siqnalı"na qarışardı. Ürəkdən
deyirəm, gözəl vaxtlar idi: adlı-sanlı sənətkarlar
və cibiboş tələbələr - amma söhbətləri
tuturdu. Hətta rəssamlar yeni nəşr olunan şeirlər,
hekayələr, povestlər haqqında fikirlərini söyləyirdilər.
Altmışıncı və yetmişinci illərdə ədəbiyyatımızda
imzaları aydın görünən Abbas Abdulla, Tofiq Abdin,
İsa İsmayılzadə, Ələkbər Salahzadə,
Mövlud, Vahid Əziz, Ramiz Rövşən, Camal Yusifzadə,
Əfrayıl Məhərrəmov meyxanələrdə yox,
çayxanalarda toplaşır, müzakirələr,
mübahisələr edirdilər.
Zaman yetişdi, milli ruhlu rəssamlarımızın
intellektuallığının, dünya sənətçilərilə
müqayisə olunacaq səviyyədə olmasına şahidlik
etdim. Lakin yenə də lənglik, tənbəllik,
özünə qarşı laqeydlik bizi geri atdı,
gürcü, erməni rəssamları SSRİ miqyasında
özlərini geniş tanıtdılar. Məsələn,
ötən əsrin sonlarına doğru "Oqonyok"
adlı rəngli, nüfuzlu jurnal respublikamıza da gəlirdi,
həm də satış yolu ilə. Ara-sıra onun
saylarında SSRİ rəssamlarının əsərlərindən
reproduksiyalar, bir səhifəlik həcmdə müəllifin
portretilə verilirdi. Erməni rəssamı Saryanın məğrur
görkəmdə fotosu və dağa oxşar tablosu
verilmişdi. Baxdım, baxdım, nəhayət, müqayisə
predmetini tapdım: 15-16 yaşlı həvəskarın
fırçasının məhsulu ola bilərdi!
Öz-özümə pıçıldadım: "Aman
Allah, böyük peyzaj, fundamental mənzərə ustası Səttar
Bəhlulzadə, anan ölsün, bəs sənin tablon
hanı? Kaş Saryanı yerləşdirdikləri səhifə
ilə yanaşı, sənin bircə "Qudyalçay mənzərəsi"
əsərini təqdim edəydilər. Sonralar da
"Oqonyok"un hansısa bir sayında azərbaycanlı rəssamın
bir tablosunu belə görmədim! Nə yaxşı ki,
moskvalı rus sənətşünaslar bizim S.Bəhlulzadə,
M.Abdullayev, O.Sadıqzadə, B.Mirzəzadə, T.Nərimanbəyov
nəslinin yaradıcılığı haqqında arabir
yazırdılar, bizimkilərsə çox zaman susurdular mərkəzi
mətbuatda.
Daim düşünmüşəm ki, bədii və
publisistik əsərlər (kitablar) yazmaq, müşahidələrimi
ifadə etmək üçün mənə köməkçi
olan Dil faktoru vardır, bu dil vasitəsilə məqsədimi
oxuculara çatdıraram. Bəs rəssamlar necə? Onlar
sözlərdən yox, bəs nədən istifadə edirlər?
Mən dil amilinə güvənmişəm doğulduğum
vaxtdan, fırçaya və rənglərə deyil.
Fırça rəngkarın "dili"ni necə əvəzləyə
bilər? Sadəlövh bir sual verirəm özümə ki, rəssamın
dili mövcuddurmu? Yazarların dediklərini tərcümə
vasitəsilə anlayırlar. Rəsm əsərlərisə
tərcümə olunmur, yüzillərlə obrazını
yad əllərə vermir, demək, rəssamın işi
yazıçının yaradıcılığından
qat-qat çətindir! Mən də qələm adamıyam,
elə də asan yazmıram. Obrazlarımın taleyini
yaşayıram, lakin Dil məsələsində tamamilə
seçilirəm.
Belə bir qənaət var ki, rəssam sözlərini,
obrazlı düşüncələrini (ifadələrini)
fırça vasitəsilə həkk edir. Burada rənglərin
dili nəzərdə tutulur. Amma bu, danışılan dil,
sözlü nitq deyil.
Rəssam da hansısa səsi axtarır, prosesdə
ritmi tapır, ürəyində pıçıldayır, bu
"daxili nitq" o halda rəssama qahmar çıxır ki,
ana dilini bilir, vuracağı hər bir rəngin, ştrixin incəliyini
duyur, aşkar səsləndirir. Əsərlərə baxanda,
diqqətlə tamaşa edəndə arxada qalmış xatirələrdən
də hekayət payı almamaq mümkün deyil. Buna yol
açan da rəssamın doğma dilini varlığı qədər
sevməsi, mükəmməl bilməsidir.
Rəssamlar bir çox halda vurğulayırlar ki,
daxili nitqimizi nəfis sözlərlə zənginləşdirməyə
çalışırıq, kətana, kağıza işləyəcəyimiz
predmetləri, hadisələri, surətləri sözlərlə
də xəyal edir, təxəyyüldə kəlmələrlə
qururuq. Bu cür olmasa, təsvir etdiyimiz tablo
üstüörtülü qalar, gəlib çıxar
yararsız mücərrədçiliyə. Deməli, rəssamlar
duyğu və düşüncələrini
fırçanın, rənglərin diliylə kətana
"danışırlar". Belə bir "söhbət"
zövqünü mən Tağı Tağıyev, Arif
Hüseynov, Sakit Məmmədov, Fərhad Xəlilov, Oqtay
Sadıqzadə, Tahir Salahov, Ağaəli İbrahimov kimi rəssamların
əsərlərindən almışam.
Gerçəklik tabloya köçəndə
olduğundan daha zəngin təsir oyadırsa, fenomenləşir,
sadəcə təsvir xarakteri daşımır,
görüntü olmur, tablodan tamaşaçılara siqnallar
gəlir; bu, ayrı-ayrı zövqlü rəssamların
dilidir, fəlsəfəsidir, aşağı səviyyəli əsərlərə
nisbətən yaxşı mənada daha mürəkkəb
tematikalıdır, "sözlü"dür. Məsələnin
mahiyyəti də gerçəkliyin hansı sərhədlərə
malik olmasındadır. Eyni zamanda bilmək gərəkdir ki,
bu görünüş (mövcudluq) hansı yaradıcı
enerjinin "bətnindən" qaynaqlanıb.
İncəsənətin janrlarının (növlərinin)
tarixi inkişafı gedişində yaranmış spesifik dili
vardır, rəssamlıqda bu, şəkil, rəng, kolorit,
işıq və kölgədir. Rəssamlığın dili
optikanın, perspektivin qanunları, insan bədəninin
anatomiyası ilə əlaqədardır.
Rəssam incəsənətin özünəxas dilinə
hakim olmalıdır, rənglərin sərrastlıq və dəqiqliyinə
yiyələnməlidir, texniki priyomların
qanunauyğunluqlarını, onların işlənmə yerini
bilməlidir, əks halda açıq-aşkar
oyunbazlığa, hoqqabazlığa, saxta,
qeyri-inandırıcı üsullara əl atmalı olar. Rəssamın
yaradıcılıq dili həqiqəti kamil göstərməlidir,
bu isə sevmək qədər müsküldür. Hər bir
tablonu hafizə bankında saxlamaq elə də asan olmur. Buna
layiq olan əsərlərə baxanda, "dili"ni tapanda əfsunlanıram,
cizgilərin hikmətini hiss edirəm, xəyalımda predmetin
prototipini canlandırıram. Xatırlatmaq istərdim ki, rəssamın
əsərlərindən mənə pıçıldayan
yalnız mənim gözümün ovuna çevrilən qədərdir.
Unutmayaq ki, bir tamaşaçı olaraq həmişə eyni əsəri
eyni cürə görə bilmirik. Bu baxımdan, rəssamlıqda
"Qəmli yaradıcılıq dövrü"
anlayışı hardansa zehnimə yol taparaq məni dərindən
təsirləndirir. Mən dünyanı az gəzib-dolaşmışam,
hərçənd, kimsəsizləri, yoxsulları bir yazar
gözü ilə çox müşahidə eləmişəm,
varlı və yoxsul məhəllələri (təəssüf,
bizim məmləkətdə də belə qeyri-bərabərlik
ənənəsi yox deyil!), hətta küçə həyatı
sürən insanları da uzun-uzadı nəzərdən
keçirmişəm. Rəssam gözünə belə mənzərələr
daha qəmli rənglərdə görünər, şübhəsiz.
Eyni şəhərin ayrı-ayrı məkanlarındakı kəskin
ziddiyyətli insan mənzərələrini "qəmli
yaradıcılıq" üçün mövzu hesab etmək
və ona xüsusi adlar seçmək olar: "Qəddarlaşmış
qəlb", "Alışılmış sevgi həyatı",
"Poetikləşməmiş əfsanə" və sairə.
Böyük rəssamlarımızın
yaradıcılığında qəm-kədərdən
doğulan, qüssə oyadan əsərlər olmaya bilməz
və bu "qəmli yaradıcılıq
dövrü"nün öz yeri, tutumu mütləq
vardır. Belə halları Pikasso da yaşayıb və bu
motivli əsərlərin obrazları kor insanlar, əyyaşlar,
qumarbazlar, əxlaqdankəm qadınlardır. Əgər belə
qəm-qüssə mövzulu əsərlər nə qədər
yaransa da, rəssamın palitrasında hər biri eyni dərəcədə
qiymətli olmadığı kimi, tamaşaçı
gözündə də yaxın dəyərdə
görünmür. Lakin "qəmli yaradıcılıq
dövrü"nün məhsullarına hər zaman ehtiyac var
və onlar yenə də müxtəlif səviyyələrdə
dəyərlidir.
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə elmləri
doktoru, dosent
525-ci qəzet .-2024.- 8 avqust.(№140).- S.12.