Görmədiyimiz işığın möcüzəsi

 

 

 

Bizim görmədiyimiz işıq çox vacibdir,

Hətta qəlbimizin qaranlığında da işıq var...

 

Həyatda heç bir nəsnə təsadüfi olmur. Bir insanla təsadüfən rastlaşılmır, heç bir görüş təsadüfən olmur, bir yerə elə belə gedilmir, bir kitab elə belə oxunmur və ya istənilən bir sənət əsərinə zərurətdən baxılır, hansısa bir yola ilhamlanmaq üçün, hansısa bir mənəvi əxz üçün...

Bu yaxınlarda "Pulitser" mükafatlı amerikan yazar Antony Doerrun “Bizim görə bilmədiyimiz bütün işıqlar” adlı əsəri əsasında çəkilmiş eyni adlı filmə baxdım. Burada hadisələr İkinci Dünya müharibəsi ərəfəsində cərəyan edir. Ancaq müəllif əsəri 2004-cü ildə qatarla etdiyi bir səfərdən ilham alaraq yazmışdır. Mən də filmi maraqlı bir insanla söhbət əsnasında izləmək qərarına gəlmişdim. Belə ki, qatarla gəzinti zamanı bir sərnişin telefon danışığı kəsildikdən sonra bərk əsəbiləşmiş, bunu seyr edən Doer sərnişinin uzaq məsafəli ünsiyyətin "möcüzəsini" dəyərləndirmədiyini anlamış və bu möcüzələri qiymətləndirmək haqqında roman yazmaq qərarına gəlmişdir. Ömrünün on ilini İkinci Dünya Müharibəsi ilə bağlı araşdırmalara həsr edən müəllif 2005-ci ildə Fransanın Saint-Malo şəhərinə səfər etmiş, bir az da təsirlənmiş və 2014-cü ildə möhtəşəm “Bizim görə bilmədiyimiz bütün işıqlar” əsəri çapdan çıxmışdır. 

Bəli, həyatda bir çox möcüzələr var. Müasir dövrdə getdikcə daha da nadirləşən möcüzələrdən biri də məhz ünsiyyətdir. Filmin əsas qayəsi Parisdə atası ilə yaşayan, altı yaşında gözləri tutulan Marie-Laure LeBlanc və valideynlərini itirən, internatda bacısı ilə Nasist Almaniyasında yaşayan, radioları təmir etməkdə və radio dalğalar tutmaqda parlaq istedada malik Verner Pfennig arasındakı səssiz ünsiyyətdən gedir. Onlar bir-birini tanımırlar, ayrı-ayrı məkanlarda yaşayırlar, ancaq radioda hər gün eyni səsi böyük maraqla dinləyir, eyni şeylər haqqında düşünür, eyni hisslərə qapılırlar. Onlar o zaman üçün pozitiv ünsiyyəti ötürən, nasistlərin onsuz hakimiyyətə gələ bilməyəcəklərinə inandıqları radio vasitəsilə həmin vaxt qadağan olunan faydalı mövzular haqqında hər gün gizli söhbət aparan, qaranlıq və işıq haqqında danışan  “professor” ləqəbli aparıcının dinləyiciləridirlər. Onlar ikisi də hər gün eyni musiqini dinləyir, hər ikisi ümid dolu səsi dinləyərək gələcək həyatlarının işığının sevincini yaşayırlar.  

Film ata ilə qızının arasındakı dialoqla başlayır. Marie-Laure LeBlanc Təbiət Tarixi Muzeyində usta çilingər işləyən atası Danielin söhbətləri ilə dünyanı dərk edir. Hətta atasının hazırladığı vasitələrlə təbiətin bir çox möcüzələrini anlamağa başlayır. Atası hiss etməsi üçün Parisin maketini yaradaraq ona korluğuna uyğunlaşmağa kömək edir və onu idarə etməyi də öyrədir.

Bir gün Marie-Laure muzeydə gizlədilən “Alov dənizi” kimi tanınan almaz haqqında hekayələr eşidir, belə ki, mifoloji rəvayətə görə, almazın sahibinin ətrafındakılara sonsuz bədbəxtliklər bahasına ölümsüzlük bəxş etdiyi deyilir, yəni o, kimə məxsusdursa, ölümsüzdür, ancaq ona əli ilə toxunan insanın əzizləri hər hansı bir bədbəxtliklə lənətlənir. Lənətə son qoymağın yeganə yolu isə daşı okeana, onun qanuni sahibinə qaytarmaqdır. Marie atasından bu haqda soruşur, ancaq atası rəvayətin əsas motivini və mümkün nəticələrini gizlədir.

1940-cı ildə nasist Almaniyası Fransanı işğal edəndə Marie-Laure və Daniel  Birinci Dünya Müharibəsi veteranı, böyük dayısı Etyengilin evində sığınmaq üçün sahildəki Saint-Malo şəhərinə qaçırlar. Daniel “Alov dənizi” adlı almazı da özü ilə götürür. Aylar sonra Daniel Marie-Laure üçün Saint-Malo maketini tikərkən həbs edilir və sui-qəsddə şübhəli bilinir. Ondan bir daha xəbər alınmır, Marini altı günə qayıdacağına inandıran atası Daniel bir daha geri qayıtmır. Marie-Laure böyük dayısı Etyen və qulluqçusu Madam Manec ilə uzun müddət tək qalır. Sonra bəlli olur ki, Etyen "professor" ləqəbli həmin radio aparıcıdır. Marie ondan radionun sirrlərini öyrənir, translyasiyalar aparmağa başlayır, Etyenin məsləhəti ilə Jül Vernin “20 min lye su altında” əsərini oxuyaraq, ağır döyüşlərdə almanların hücumlarından qorunmaq üçün dinləyicilərə gizli şifrələr ötürür, qəhrəmanlıqlar göstərir. Belə ki, hələ on altıncı bölümdə olan Mari böyük dayısının məsləhəti ilə iyirminci fəsilin birinci səhifəsi, iyirmi birinci fəsilin ikinci səhifəsini oxumağa davam edir. Marie “Alov dənizi” almazının izinə düşən, öz sağalmaz xəstəliyinin müalicə vasitəsi hesab edən nasist kapitanla mübarizədə də qalib gəlir.    

Beləliklə, hər iki gənc müharibənin ağrı-acılarından, dəhşətli günlərindən keçirlər, amma bir-birinin görünməyən işığından nur almaqdan usanmırlar. Uşaq vaxtı “professor”un söhbətlərini yeganə xilas yolu hesab edən, hətta ona valideynlik duyğusunu yükləyən alman Verner Pfennig fransız Marinin radionun 13.10 tezlikdəki çıxışını müharibə vaxtı yaralarına məlhəm kimi hiss edir. Verner siqnalın varlığını çətinliklə də olsa, komandanın qalan hissəsindən gizlətməyə müvəffəq olur. Heyət Saint-Maloya çatanda Verner Etyenin siqnalını izləyir. O, səs və musiqinin uşaq evində dinlədiyi elmi proqramlardan olduğunu anlayaraq siqnalı almanlara açıqlamır. Onlar bir-birini görməsələr də, eşitməsələr də, bir-birini duyur, bir-birinə parlaq gələcək üçün inam ötürürlər. Marie-Laurenin hekayəsi onun görmə qabiliyyəti olmasa da, həyat təcrübəsindən, Vernerin hekayəsi isə onun səsə olan məftunluğundan bəhs edir. Filmin və müharibənin sonunda Marie “Alov dənizi” almazına əli ilə toxunmadan aparıb okeana atır, çünki artıq heç kimin bədbəxt olmasını istəmir.

Bəli, ən vacib işıq məhz bizə görünməyən işıqdır. Bizə görünməyən işıqdan parlaq heç nə yoxdur. Vacib olan bu işığı sezməkdir. Eyni zamanda hər şeyin səsi var, vacib olan bu səsi eşitməyi bacarmaqdır. Görünməyən işığı sezmək, eşidilməyən səsi duymaq üçün həyatın sevgi dolu ünsiyyət kimi möcüzəsinə inanmaq və onun dəyərini bilmək gərəkdir, səsli də olsa, səssiz də olsa...

 

Vəfa ZAHİD QIZI

BDU-nun Jurnalistika fakültəsinin dosenti

525-ci qəzet .-2024.- 8 avqust.(¹140).- S.8.