“Çox istərdim
ki, Azərbaycan tarix elmində istedadlı, Vətənini sevən
gənclərin sayı artsın”
Akademik Nərgiz Axundova: “Əminəm ki,
gənclərimizin ortaya qoyduğu yeni baxışlar, ideya və
yanaşmalar tarix elmində yeni məktəblərin
yaranmasına gətirib çıxaracaq”
Görkəmli tarixçi alim, səmimi və təvazökar
insan, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Azərbaycanın
VII-XIV əsrlər tarixi şöbəsinin müdiri akademik Nərgiz
Axundovanın 65 yaşı tamam olur. Azərbaycan elmi və təhsilinin,
ictimai fikir tariximizin inkişafında, eləcə də azərbaycanşünaslığın
təbliği istiqamətində əvəzsiz xidmətləri
olan akademik Nərgiz Axundova yubileyi ərəfəsində tarix
elminin müxtəlif aspektləri ilə bağlı
suallarımızı cavablandırıb, aktual məsələlərə
münasibətini bildirib.
- Nərgiz xanım, Azərbaycanda tarix elminin
inkişafında hansı yeni
tendensiyalar müşahidə olunur?
- Azərbaycan tarix elminin müstəqillik dövründə
inkişafı son zamanlar ən çox elmi diskussiyaları
ortaya çıxaran məsələlərdəndir. Bunun bir
neçə səbəbi var. SSRİ-nin dağılması,
ölkədə yeni ideoloji mühitin yaranması, elmə
siyasi təsirlərin azalması, ənənəvi marksizm
ideologiyasından uzaqlaşma və s. yeni nəzəri-metodoloji
axtarışların əsasını qoyub. Bu illərdə
Azərbaycan xalqının tarixində çox mühüm
siyasi, sosial-iqtisadi və ictimai proseslər baş verib.
Bütün bunlar müasir milli tarixşünaslıqda öz
əksini tapıbr. Həmin dövrün problemlərinin tədqiqi
bu gün də davam etdirilir.
Digər tərəfdən isə, dövlətimizin
inkişafı və güclənməsi tarix
qarşısında çoxsaylı suallar, problemlər qoyur.
Bu problemlərin həlli cəmiyyətimizin yeni strateji vəzifələrinin
həyata keçirilməsində mühüm rol oynaya bilər.
Bu gün müasir tarix elminin əsas
vəzifəsi geniş faktoloji material əsasında əsl
tarixi yazmaq, yaratmaq, onu köhnə stereotiplərdən azad etməkdir.
Elmdəki “ağ ləkələr”in aradan götürülməsi
arxiv axtarışlarına və bununla əlaqəli nəşrlərə
marağı gücləndirir. “Tarix elmi hara gedir?” sualına
isə bu gün birmənalı cavab tapmaq çox çətindir.
Dünyada mövcud və öndə olan postmodernizm, sosial
antropologiya, qlobal tarix məsələləri Azərbaycanda da
tədricən tədqiqat mövzularına çevrilir.
Gündəlik tarixə, mikro tarixə maraq günü-gündən
artır. Həmçinin Azərbaycan tarixinin dövrləşmə
problemi və bunun əsasında yeni elmi
araşdırmaların aparılması aktual məsələyə
çevrilir
Onu da vurğulamaq istərdim ki, bütün hallarda,
alim öz fəaliyyətində peşəkarlığı,
vətənpərvərliyi üstün tutmalı, vətəndaşlığı
gücləndirən, konyunkturadan azad olan faktların və
hadisələrin analizinə diqqət yetirməlidir.
Çünki, hər bir tarixçi hadisələrə
münasibətinə, əldə etdiyi elmi nəticələrə
görə həm də mənəvi məsuliyyət
daşıyır.
- Qarabağın erməni işğalından azad
olunması Azərbaycanda tarix elminə marağı daha da
artırdı. Qarabağ
tarixinin öyrənilməsinə dair hansı aktual problemlər
mövcuddur?
- Azərbaycan tarixinin ayrılmaz hissəsi olan
Qarabağ tarixi heç vaxt tarixçilərimizin diqqətindən
kənarda qalmamışdır. İşğal dövründə
isə tarixi həqiqətləri dünyaya çatdırmaq
üçün böyük işlər həyata
keçirilmiş, yüzlərlə kitab və monoqrafiyalar işıq üzü
görmüşdür. Qarabağnamələrin mənbə
kimi tərcümələri və şərhləri,
Qarabağa ermənilərin köçürülməsi məsələsi,
burada gedən siyasi proseslər, soyqırımların
tarixi geniş
işiqlandırılmışdır.
Böyük Zəfərdən sonra isə Qarabağ
tarixinin daha da ətraflı, dərindən öyrənilməsi
həm də siyasi-ictimai əhəmiyyət
daşımağa başladı və həmin tarixin
bütün aspektlərinin müasirlik nöqteyi-nəzərdən
araşdırılmasına ehtiyac duyuldu. Hazırda
Qarabağın qədim türklərin vətəni
olması, burada qədim dövrlərdən mövcud olan
dövlətlərin, əsasən də Albaniyanın tarixi
araşdırılır, bu ərazidə dini müxtəlifliyin
səbəbləri dərindən öyrənilir. İkinci
Qarabağ müharibəsi, əbədi və əzəli
torpaqlarımızın işğaldan azad edilməsi, o
cümlədən Böyük Qayıdışın tarixinin
öyrənilməsi hazırda alimlərimizin
qarşısında duran əsas vəzifələrdəndir.
Düşünürəm ki, bu istiqamətdə aparılan
elmi axtarışlar Qarabağ tarixini zənginləşdirəcək
və tarix elmində yeni perspektivlər açaçaq.
- Qərbi Azərbaycana Qayıdış
Konsepsiyasını tarixi həqiqətlər baxımından
necə qiymətləndirirsiniz? Bu istiqamətdə tədqiqatlar
aparılırmı?
- Dövlət başçısı İlham
Əliyev öz çıxışlarında Qərbi Azərbaycan
məsələsinə dəfərlərlə toxunub, faktlara
əsaslanaraq bu torpaqların bizim tarixi ərazimiz olduğunu
vurğulayıb. Qərbi Azərbaycandan olan
soydaşlarımız, onların yaxınlarının tarixi
diyarımız olan Qərbi Azərbaycana
qayıdacaqlarına, Qərbi azərbaycanlıların
böyük həvəslə öz doğma torpaqlarında
yaşayacaqlarına əminliyini ifadə edib.
Əlbəttə ki, qısa vaxt ərzində
işğaldan azad olunan torpaqlarımızda bu qədər sürətli
şəkildə quruculuq işlərinin görülməsi və
artıq Füzuliyə, Zəngilana, Laçına və digər
ərazilərə qayıdışın təmin olunması
həqiqətən böyük nailiyyət və tarixi hadisədir.
Alimlər çoxsaylı tarixi mənbələrə
əsaslanaraq həmin ərazilərin Azərbaycanın qədim
torpaqları olduğunu təsdiqləyir. Hələ XIX əsrdə
Rusiya, Osmanlı imperiyası və İran ərazisindən
ermənilərin Cənubi Qafqaza köçürülməsi
ilə azərbaycanlıların öz torpaqlarından
çıxarılmasına başlanmışdı, onlara
qarşı etnik təmizlənmə siyasəti həyata
keçirilirdi. Həmin proses XX əsr boyunca davam etmiş və
nəticədə bütün azərbaycanlılar Qərbi Azərbaycandan
(Ermənistandan) deportasiya olunmuşdu. Həm ilk mənbələr,
həm də arxiv sənədləri sübut edir ki, indiki Ermənistanda
azərbaycanlılara məxsus olan toponimlər dəyişdirilmış,
tarixi abidələr ya dağıdılmış, ya da mənimsənilmişdir.
Ermənistan ərazilərindən qovulan azərbaycalıların
sülh yolu ilə geri qayıtmalarının təmin edilməsi
problemi bu gün həm dövlətimizin, həm də beynəlxalq
qurumların diqqət mərkəzindədir.
Azərbaycanın ərazi bütövlüyü bərpa
olunandan sonra, Qərbi Azərbaycandan didərgin
düşmüş soydaşlarımızın da ata-baba
torpaqlarına qayıdacaqlarına inamları artdı. Təbii
ki, sivil bir dövlət olaraq, bu prosesi dinc,
danışıqlar yolu ilə həyata keçirmək arzusu
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz
əksini tapıb. Ulu öndər Heydər Əliyev
zamanında demişdi ki, biz Ermənistan ərazisinə,
mövcud sərhədlərə göz dikməmişik,
onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin
bir metrini də verməyə razılaşa bilmərik. Həmin
prinsipdən irəlin gələrək, bu gün azərbaycanlıların
öz torpaqlarına qayıtmalarının təmin edilməsi
tarixi zərurətdir və qəbul edilmiş
Qayıdış Konsepsiyası bu fəaliyyətin əsas
istiqamətlərini müəyyən edən yol xəritisidir.
- Azərbaycan alimləri tarix sahəsində beynəlxalq
əməkdaşlığı gücləndirmək istiqamətində
hansı tədbirləri həyata keçirir?
- Əvvəlcə onu qeyd edim ki, müstəqillik illəri
Azərbaycan elmi üçün geniş perspektivlər
açıb. Əlbəttə ki, beynəlxalq elm aləminə
inteqrasiya olunmaq üçün birinci növbədə
elmimizin beynəlxalq meyarlar əsasında fəaliyyət
göstərməsi vacibdir. Bu istiqamətdə müəyyən
addımlar atılır, Azərbaycana tanımış alimlər
dəvət olunur, xarici ölkələrin elm və təhsil
qurumları ilə müvafiq sahədə kadr və təcrübə
mübadiləsi aparılır. Bizim elmi diaspora üzvlərimiz
də bu prosesdə fəal iştirak edirlər. Eyni zamanda,
dünyanın tanınmış elm ocaqları ilə əlaqələr
qurulur, birgə beynəlxalq layihələr həyata
keçirilir. Azərbaycan alimləri beynəlxalq elmi qurumlara
üzv seçilirlər, nüfuzlu elmi konfrans və
seminarlarda dünya alimləri ilə birgə öz fikirlərini,
elmi nəticələrini bölüşürlər.
Çox vacib şərtlərdən biri də alimlərin
öz məqalələrinin dünyanın nüfuzlu, yüksək
istinad indeksli jurnallarında çapı ilə
bağlıdır. Buraya “Web of
Science”, SCOPUS kimi elmi bazalara daxil olan elmi nəşrlər
aiddir. Fikrimcə, humanitar elmlər sahəsində bu istiqamətdə
problemlərin həlli ilə bağlı ciddi tədbirlər
görülməldiir.
Qeyd edim ki, son zamanlar Elektron Akademiyanın qurulması
və uğurlu fəaliyyəti Azərbaycan elminin nailiyyətləri
haqqında dünya informasiya məkanında geniş təsəvvür
yaratmağa xidmət edir. Təəssüf ki, xarici ölkələrdə
Azərbaycanda aparılan tədqiqatlar və alimlərimiz barədə
məlumatlandırma ürəkaçan səviyyədə
deyil. Avropa dillərində də
nəşr olunan, ingilis dlinə tərcümə olunan əsərlərimizin
sayı çox azdır. Bütün bunlar beynəlxalq aləmə
inteqrasiya üçün vacibdir. Daha çox gənclər
dil öyrənməyə meylli olmalı, xüsusən də
beynəlxalq elmin ünsiyyət dili olan ingilis dilindən
geniş istifadə etməlidirlər.
Doğrudur, Türkiyə və ümumilikdə
türkdilli dövlətlərlə əlaqələrimiz
günü-gündən genişlənir, birgə tədqiqatlar
aparılır, tədbirlər təşkil olunur, kitablar
yazılır. Lakin bu sahədə hələ ciddi tədbirlərin
həyata keçirilməsinə, dövlət səviyyəsində
kompleks addımların atılmasına ehtiyac var.
- Nərgiz xanım, necə
düşünürsünüz, hazırda ölkəmizdə
aparılan tarixi tədqiqatlar Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması, tariximizin öyrənilməsi
və gələcək nəsillərə ötürülməsi
baxımından müasir elmin tələblərinə cavab
verirmi?
- Bizim alimlər, ilk növbədə, həqiqi,
obyektiv tarixi araşdırmalı, gələcək nəsillərə
çatdırmalıdır. Onlar ölkənin ictimai-siyasi həyatında
yaxından iştirak etməli, dövlətimizi dünyada
layiqincə təmsil etmək üçün öz səylərini
birləşdirməlidir. Belə
bir ifadə var, deyirlər xalq əhali olanda ölür. Xalq
isə əhaliyə o zaman çevrilir ki, tarixini unudur. Buna qətiyyən
yol vermək olmaz.
Qeyd etdiyim kimi, alimlərimiz Azərbaycanın tarixi həqiqətlərini
dünya ictimaiyyətinə çatdırmaq üçün
böyük əmək sərf edirlər. Onların müasir
metodikalara əsaslanan dəqiq və əsaslandırılmış
elmi nəticələri dünyaya yayılır, həmfikir
tapır. Gələcək nəsillər isə tarixdən dərs
almalı, keçmiş səhvlərə yol verməmələri,
problemlərin həlli üçün tarixi təcrübəyə
müraciət etməlidirlər. Bu gün tarix elminin nümayəndələri,
alim və ziyalılarımız da öz üzərinə
düşən məsuliyyəti dərk edir və
dövrün çağırışlarına cavab verməyə
çalışırlar.
Mən çox istərdim ki, Azərbaycan tarix elmində
istedadlı, Vətənini sevən gənclərin sayı
artsın. Çünki tarixin öyrənilməsi milli-mənəvi
dəyərlərin qurunub saxlanmasına kömək edir, həm
ailəyə, həm də millətə və dövlətə
olan sevgini artırır. Əminəm ki, gənclərimizin
ortaya qoyduğu yeni baxışlar, ideya və yanaşmalar
tarix elmində yeni məktəblərin yaranmasına gətirib
çıxaracaq və gələcəyə daha nikbin
baxmağa imkan verəcək.
– Nərgiz xanım, maraqlı müsahibəyə
görə sağ olun. Bir daha sizi yubileyiniz münasibətilə
ürəkdən təbrik edir, sizə möhkəm
cansağlığı, tarix elminin inkişafına yolunda yeni
nailiyyətlər arzu edirik.
Nərgiz QƏHRƏMANOVA
AMEA-nın Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr, mətbuat və
informasiya şöbəsinin Elektron informasiya sektorunun
müdiri
525-ci qəzet .-2024.- 8 avqust.(¹140).- S.7.