"COP29-un təşkilatçılığı
dünyanın diqqətini cəlb edə biləcək"
Azərbaycan bu il noyabrın 11-22-də keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (UNFCCC) Tərəflər Konfransına
(COP29) hazırlıq işlərini aktiv şəkildə
davam etdirir. Ölkəmiz bu tədbirin uğurlu olması, ən
əsası müsbət nəticələrin əldə
edilməsi üçün bütün səyləri göstərir,
öz təkliflərini, təşəbbüslərini irəli
sürür. Müxtəlif ölkələrin, beynəlxalq
strukturlarla COP29-un gündəliyinin müzakirələri
aparılır.
COP beynəlxalq tədbirlər sırasında ən
mötəbər, əhəmiyyətli tədbirlərdən
biridir. Eyni zamanda, bu konfrans iştirakçılıq
sayına, göstərilən marağa görə də fərqlənir.
COP tədbirlərində iştirakçıların sayı
100 minə yaxın olur.
Məlumdur ki, bu gün bütün dünya iqlim dəyişikliyi
problemi ilə üz-üzədir. Ölkələr inkişaf
səviyyəsindən, imkanlarından asılı olmayaraq
iqlim dəyişikliyinin fəsadlarını yaşayırlar.
İnkişaf etməkdə olan ölkələr isə daha
çox çətinliklə qarşılaşırlar. Bir
sözlə, bu, artıq ən böyük transmilli probleminə
çevrilib və mübarizə tədbirləri də birgə
əməkdaşlığı, həmrəyliyi ehtiva edir.
Azərbaycanın COP sədrliyinin əsas prioritetlərindən
biri maliyyələşmədir. Yəni əsas diqqət
inkişaf etməkdə olan ölkələrə öz iqlim
məqsədlərinə çatmaq üçün maliyyə
dəstəyinin genişləndirilməsinə yönəldilib.
İqlim dəyişmələrinə uyğunlaşma və
təsirlərin azaldılması səylərini dəstəkləmək
üçün iqlim maliyyəsi vədlərinin yerinə
yetirilməsi vacibdir.
Azərbaycan, həmçinin inkişafda olan
kiçik ada ölkələri ilə əməkdaşlıq
edir. COP29 çərçivəsində bununla bağlı tədbir
də nəzərdə tutulub və orada ittifaq ölkələri
də iştirak edəcəklər. Azərbaycan ittifaq ölkələri
ilə birgə fond yaratmağı planlaşdırır ki,
inkişafda olan həmin kiçik ada ölkələrinə
kömək etsin. Çünki vəziyyət onlar
üçün daha çox çətinliklər
yaradır. Yada salaq ki, bir müddət əvvəl bəzi ada
dövlətlərinin rəsmiləri Bakıda olub və
dövlət başçısı tərəfindən qəbul
edilib. Onlar öz problemlərini, təkliflərini dilə gətiriblər.
Hazırda əsas hədəf qlobal istiləşməni
1,5°C səviyyəsində saxlamaq öhdəliyinin təmin
olunmasıdır. Bunun üçün emissiyaların
azaldılması istiqamətində əsaslı, çevik və
dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs
çərçivəsində bütün tərəfləri
bir araya gətirmək vacibdir.
Onu da qeyd edək ki, Azərbaycan öz yaşıl
gündəliyini də inkişaf etdiməkdədir.
Çünki iqlim dəyişmələrinin fəsadlarının
aradan qaldırılmasında bu, çox vacibdir. Eyni zamanda, bu
il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik
ili” elan edilib. Azərbaycan bərpaolunan enerji sahəsində
böyük nailiyyətlərə imza atıb. 230 meqavat
gücündə ən böyük Günəş Elektrik
istifadəyə verib. Hazırda 240 meqavatlıq külək
elektrik enerjisi stansiyası ilə bağlı işlər
yekunlaşır. İyun ayında Bakıda üç Günəş
və külək elektrik stansiyasının təməli
qoyulub ki, onların da ümumi həcmi bir qiqavatdır.
Prezident İlham Əliyev ötən ay Şuşada
keçirilən 2-ci Qlobal Media Forumunda bildirib ki, bu sahədə
çox böyük işlər görülür:
“Böyük potensialımız var, həm texniki, həm də
iqtisadi potensialımız. Texniki baxımdan dənizdə
külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq
Maliyyə Korporasiyasının hesablamalarına görə,
iqtisadi baxımdan quruda Günəş və külək
stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat
həcm istehsal edə bilərik, yəni, həcm
böyükdür. Bununla yanaşı, biz texniki əsaslandırma
işləri həyata keçiririk. Söhbət Xəzər
dənizindəki külək enerji stansiyalarından
Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsindən
gedir. Orada da potensial dörd qiqavatdır. Biz “Acwa Power” şirkəti
ilə saziş imzalamışıq ki, istehsal edilən bərpaolunan
enerjinin saxlanma şəraiti olmalıdır, imkanlar
olmalıdır. Çünki bu, ən böyük problemdir.
Siz bunu istehsal edə bilərsiniz, ancaq bir növ nəhəng
bir batareya şəklində inşa ediləcək bu layihə.
Ona görə də biz oraya həm sərmayə cəlb
edirik və bu işə öz sərmayəmizi də
yatırırıq. Bununla yanaşı, bu, bizə imkan verəcək
ki, təbii qaza qənaət edək”.
Məlumdur ki, azad edilmiş Qarabağ və Şərqi
Zəngəzur bölgələri, eləcə də
Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl
enerji” zonaları elan edilib. Bu bölgələr ərazimizin təxminən
25 faizini təşkil edir.
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun
azad olunmuş ərazilərinin nəhəng hidroelektrik
potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər
azad ediləndən sonra orada 270 meqavat həcmində
hidroelektrik stansiyalar istifadəyə verilib. Qısa müddət
ərzində bu rəqəm 500 meqavata çatacaqdır.
Bununla da bərpaolunan enerjinin 1 qiqavat həcmi Azərbaycana
yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.
Bir sözlə, Azərbaycan həm yaşıl gündəliyini
inkişaf etdirməklə, həm də COP29-u uğurla
keçirib, nəticələr əldə etməklə bu
qlobal problemin fəsadlarının azaldılmasına öz
töhfəsini verəcəyi heç bir şübhə
yaratmamalıdır.
Milli Məclisin VI çağırış
deputatı Aydın Mirzəzadə deyib ki, Azərbaycan COP29-u
keçirməyə hazır olduğuna görə həmin tədbirin
ölkəmizdə keçirilməsi təşəbbüsü
ilə çıxış etdi: “Ölkə rəhbərliyi
COP29-un nə qədər mühüm və dünya
üçün əhəmiyyətli bir tədbir olduğunu
kifayət qədər yaxşı bilir. COP tədbirləri
barəsində Azərbaycan hökuməti məlumatlı idi
və bu tədbiri keçirmək üçün Azərbaycan
kifayət qədər hazırdır. Belə təşkilati
məsələlər çox böyük enerji tələb
edir. Ölkənin kommunikasiyaları, mehmanxana biznesi, ictimai
iaşə mədəni obyektlər bunu keçirməyə
hazır olmalıdır. Bu, sadə bir tədbir deyil. 100-dən
çox ölkənin dövlət və hökumət
başçıları iştirak edirlər. 100 minə qədər
qonaq gəlir. Heç bir tədbirdə bu qədər qonaq
iştirak etmir. Tədbir 10 gündən çox keçir. Eyni
zamanda, bu tədbiri keçirən ölkə iqlim dəyişikliyinə
hazır olduğunu öz həyatı ilə sübut etməlidir.
100 min konfrans iştirakçısı Azərbaycanın
təbiətinin qorunmasında göstərdiyi faydanı
öz gözləri ilə görməlidir və nəzərə
alsaq ki, Azərbaycan iqtisadiyyatının əsasını
neft-qaz sənayesi təşkil edir, bu baxımdan biz təbiəti
nə cür qoruduğumuzu, yaşıl dünyaya öz
töhfəmizi verməyimizi, öz fəaliyyətimizlə
dünyaya göstərməyə hazırıq. COP29
böyük bir məsuliyyətdir. Hazırda ciddi
hazırlıq gedir. Bakıda bu hazırlıq hər an
gözə çarpır və noyabr ayında tədbiri
keçirmək üçün biz tam hazır
olacağıq. Hətta bu tədbirə görə biz
mühüm dövlət tədbirini - parlament seçkilərini
2 ay qabağa keçirdik. Hesab edirəm ki, COP29-un təşkilatçılığı
dünyanın diqqətini cəlb edə biləcək".
Pərvanə
525-ci qəzet .-2024.- 8 avqust.(¹140).- S.4.