İşıqlı əməllər sahibi

 

Naxçıvan Dövlət arxivində saxlanan bir tərcümeyi-haldan oxuyuruq: "Mən Seyidov Məmməd Mirəziz oğlu 1907-ci ildə Naxçıvanın Sədərək kəndində anadan olmuşam. Elə həmin il atam vəfat edib. Atamın vəfatından sonra mən qardaş və bacılarım anamın himayəsində qalmışıq. Anam istər oktyabr inqilabına qədər, istərsə də oktyabr inqilabından sonra təsərrüfatla məşğul olaraq bizi böyütmüşdür. Qardaşım 1931-ci ildə vəzifə başında öldürülmüşdür. Anam 1944-cü ildə vəfat etmişdir. Bacılarım isə Sədərək kolxozunda işləyirlər. 1918-ci ildən 1928-ci ilə qədər öz təsərrüfatımızda əkinçiliklə məşğul olmuşam. Pambıq zavodundan Bakıya birillik mühasibat  kursuna göndərilmişəm".

Doğulub boya-başa çatdığı Sədərəyi çox sevirdi. Sədərək onun üçün dünyaya açılan pəncərə idi. O, yaşamağı, qurub-yaratmağı, insanlığa, vətənə, elə-obaya şərəflə xidmət etməyi bu pəncərədən baxa-baxa öyrənmişdi. Bu balaca kənd ona torpağa əyilməyi öyrətmişdi. Zaman gələcək, yüzlərlə sədərəklidən biri olan Məmməd Seyidov vətəninə göstərdiyi xidmətləri ilə seçiləcək, Naxçıvan ensiklopediyasına düşəcək şəxsiyyətlərdən olacaqdı...

Tanınmış seyid nəslindən olan Məmməd Seyidov əhali arasında Məşəmməd, Seyid əmi kimi də tanınıb. Ailə qurduğu Zəhra xanımdan 3 övladı dünyaya gəlir. Vilayət, Şücaət və Elmira. Zəhra xanımı erkən itirən Məmməd Seyidov övladlarının təlim-tərbiyəsi ilə özü məşğul olur. Hər üçünə ali təhsil verir. İkinci dəfə ailə qurduğu Fatma xanımdan Səmayə adlı qızı dünyaya gəlir. Hər iki qızı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunu bitirir.

Məsuliyyəti, dürüstlüyü ilə bütün həyatını sevdiyi vətəninə, Naxçıvana, Sədərəyə xidmətə yönəltmiş Məmməd Seyidov müxtəlif vəzifələrdə işləyir: 1931-ci ildə Noraşen - indiki Şərur  rayon partiya komitəsi tərəfindən irəli çəkilərək bir sıra komsomol və təsərrüfat işlərində rəhbər vəzifələrdə çalışır.

Paralel olaraq təhsilini artırmaqda davam edir. 1935-ci ildə Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı məktəbini, 1959-cu ildə ADU-nun iqtisadiyyat fakültəsini və Moskvada Ali Partiya məktəbini bitirir.

Yüksək bilik və bacarığına görə irəli çəkilən Məmməd Seyidov 1940-41-ci illərdə Naxçıvan MSSR xalq torpaq komissarının müavini olmuş, 1941-ci ildə Noraşen rayon partiya komitəsinin birinci katibi seçilmişdir.

Müharibə illərində partiya Məmməd Seyidovu Naxçıvan MSSR Xalq Torpaq Komissarlığının siyasi bölməsinin rəisi vəzifəsinə göndərir. 1943-cü ildə M.Seyidov Naxçıvan şərab trestinə başçılıq edir. Həmin il Naxçıvan MSSR Yerli sənaye naziri təyin olunur. 6 illik fəaliyyyəti dövründə uğurlu işlərə imza atır. Badamlı zavodunun tikintisi, badamlı suyunun istehsala buraxılması Məmməd Seyidovun Naxçıvan üçün gördüyü əhəmiyyətli işlərin davamı idi. 1945-ci ildə Naxçıvana gələn və badamlı su mənbələrinin tapılmasında əmək sərf edən geoloq Mirəli Qaşqayla görüşən Məmməd Seyidov tezliklə zavodun tikintisi və badamlı suyunun istehsalı barədə söz verir. Beləliklə, 1947-ci ildən üzü bəri badamlı suyu əlçatan olur və süfrələrin bəzəyinə çevrilir.

Naxçıvan Dövlət Universitetinin ilk rektoru olmuş, tarix elmləri namizədi Əli Əliyevlə Məmməd Seyidovun sıx dostluq münasibətləri olub. Əli Əliyev "Əlincə yaddaşı" kitabında yaxın dostum Məşəmməd Seyidov deyə onunla bağlı xatirələrini bölüşür: "1945-ci ilin sentyabr ayı idi. Yerli sənaye naziri, yaxın dostum Məşəmməd Seyidov mənə dedi: "Akademik Qaşqay gəlib, gedək onunla tanış ol. Görüşdə fotoqraf, Gürcüstandan gəlmiş tədqiqatçı bir qadın da olacaqdır." Aradan bir neçə ay keçmişdi. Mənə zəng çalıb dedilər ki, Moskvadan albom göndəriblər, gəlib baxa bilərsən. Getdim, baxdım. Badamlı su mənbələrinin tapılması, akademik Qaşqayın bu sahədə eşqlə, əzmlə çalışması, sxemlərin hazırlanması, gələcək zavodun hansı mənbə üzərində tikilməsi, üzüm növləri və s. şəkillərdə öz dolğun əksini tapmışdı".

Məmməd Seyidova dəfələrlə paytaxtda işləmək təklif olunsa da, o, Naxçıvanda qalıb işləməyə üstünlük verir. Onu bu torpaq yetişdirmişdi, bu torpaqda da qalıb xidmət göstərmək onun həyat amalına çevrilmişdi.

1949-cu ildə M.Seyidov Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin olunur. 1954-cü ilin yanvar ayında Seyidov Naxçıvan MSSR kənd təsərrüfatı naziri kimi fəaliyyətini davam etdirir.

Hansı vəzifədə işləməsindən asılı olmayaraq Məmməd Seyidov doğulub boya-başa çatdığı Sədərəyi hər zaman diqqətdə saxlayır. Sədərəkli gənclərin təhsil alması, insanların problemlərinin həlli istiqamətində fəaliyyətini əsirgəmir. Sədərək bir nömrəli orta məktəbin tikilməsi, susuzluqdan əziyyət çəkən Sədərəyə suyun çəkilişinin təmin edilməsi Məmməd Seyidovun əvəzsiz xidmətlərindəndir.

Sədərəklilərin sevimlisinə, ümid yerinə çevrilən Məmməd Seyidov doğma yurd yerini ermənilərin fitnəsindən də xilas edir. Həsənqulu bağı ərazisində ermənilər kimya zavodu tikmək istəyirlər. Bu barədə xəbər həmin vaxt Nazirlər sovetində işləyən Məmməd Seyidova çatır. Ən yüksən orqanlara müraciət edən Seyidov bu zavodun Sədərəkdə tikilməsinin qarşısını qətiyyətlə alır.

Əhalinin böyük rəğbətini qazanan Məmməd müəllim IV çağırış SSRİ Ali Sovetinin deputatı seçilir. Bu barədə məlumatlar "Şərq qapısı" qəzetinin 1954-cü ildə çap edilən səhifələrində yer alır. Yengicə dairəsindən SSRİ Ali Sovetinə deputat seçilən Məmməd Seyidov daha sonra III və V çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı kimi naxçıvanlılar arasında xeyirxah əməllər sahibi kimi sevilir.

Ot kökü üstə bitər deyiblər. Böyük oğlu Vilayət atasının yolunu əzmlə davam etdirir. Kənd təsərrüfatı sahəsindən səmərəli fəaliyyət göstərərək birinci katib vəzifəsinə qədər yüksəlmişdir. O, Goranboy, Neftçala, Sabirabad rayonlarının birinci katibi kimi yüksək vəzifələrdə işləmişdir. 15 il Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Daha sonra Vilayət Seyidov Azərbaycan Ekologiya Komitəsinin birinci müavini vəzifəsini icra etmişdir. 2 dəfə "Lenin" ordeni, "Şərəf nişanı" ordeni, "Oktyabr inqilabı" ordeni, Lenin yubiley medalı və bir sıra medallarla təltif olunmuşdur.  Ümummilli lider Heydər Əliyevin böyük etimadını qazanan Vilayət Seyidov kənd təsərrüfatının inkişafı, birinci katib kimi çalışdığı rayonların sosial-iqtisadi inkişafında mühüm xidmətləri ilə seçilmişdir.

Cəmiyyət üçün faydalı övladlar yetişdirən Məmməd Seyidov 1960-cı illərdə Naxçıvan duz mədəninin direktoru, Naxçıvan Rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışmış, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" "Qafqazın müdafiəsi üçün", "1941-45-ci illərin II Dünya müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif olunmuşdur.

Ömrünün son illərinə kimi Naxçıvana şərəflə xidmət edən Məmməd Seyidov 73 yaşında gözlərini bu işıqlı dünyaya əbədi yumur. 1980-ci ildə Bakıda müharibə veteranları ilə keçirilən görüşdə iştirak edən Məmməd Seyidov tədbirdən sonra özünü narahat hiss edir. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmur.

İşıqlı əməllər sahibini hər zaman qayğılarına qaldıqları sədərəklilər doğma torpaqda dəfn etmək istəsələr də, Naxçıvan şəhər qəbiristanlığında dəfn olunması məqsədəuyğun bilinir. Beləcə Bakıdan İrəvan yolu ilə Sədərəyə gətirilən Məmməd Seyidovun cənazəsi böyük izdihamla Naxçıvana yola salınır.

Üzərindən illər keçib, həmyaşıdları artıq dünyasını dəyişib. Lakin yaddaşdan yaddaşa, qəlbdən qəlbə köçən Məmməd  Seyidov xeyirxah əməlləri, Vətənə şərəfli xidməti fəaliyyəti ilə xatirələrdə yaşamaqda davam edir.

İnsan var vəzifəni, vəzifə də var insanı ucaldır: öz ləyaqəti, vicdanı, dürüstlüyü, vətənə, dövlətə əməli fəaliyyəti ilə. Xeyirxah əməlləri, fədakar xidməti fəaliyyəti ilə nəsillərə örnək Məmməd Seyidov şəxsiyyəti heç zaman unudulmayacaq.

 

Ruhiyyə RƏSULOVA

Naxçıvan televiziyasının baş redaktoru

525-ci qəzet .-2024.- 9 avqust.(№141).- S.15.