"Ölüm adası"nın Malıbəyli sakini  

 

 

Malıbəylidə arabaçı İsmayıl zəhmətkeş, namuslu, xeyirxah bir adam kimi tanınırdı. Bu halal kişi bir tikə çörəkpulu qazanmaq, balalarına bir gün ağlamaq üçün özünü oda-közə vurur, ikiatlı arabası ilə günlərlə, bəzən də aylarla uzaq səfərlərə çıxır, tacirlərin yüklərini müxtəlif şəhər və stansiyalara daşıyırdı. İsmayıl özü savadsız olsa da, həmkəndlilərinin əksəriyyəti kimi elmi, maarifi, mədəniyyəti sevir, uşaqlarında oxumağa, təhsil almağa həvəs oyadırdı. Böyük oğlu Əyyub yeddi yaşına çatanda artıq ona dəftər-kitab da almış və məktəbə getməyə hazırlaşdırmışdı. Lakin 1905-ci il erməni-müsəlman davasında Malıbəyli məktəbi bütün əmlakı ilə birlikdə daşnaklar tərəfindən yandırıldı və iki il fəaliyyətini dayandırdı. Nəhayət, camaatın xahişi və tələbi ilə 1907-ci ilin oktyabrında yenidən açıldı və kənd əhli övladlarını böyük həvəs və məmnuniyyətlə məktəbə qoymağa başladı.

Əyyubun da yarımçıq qalmış arzusu həyata keçdi, heybəsini çiyninə aşırıb, məktəbə yollandı. Lap ilk günlərdən dərslərinə qızğın həvəs göstərməsi və çalışqanlığı ilə atasının ümidini doğrultdu, anasını fərəhləndirdi, müəllimlərinin - Məmməd bəy Qarayevin, Mirmehdi Ağamirovun, Bəylər İbrahimbəyovun, Mirabdulla Ağcabədilinin, Mirzə Hüseyn Varşabovun sevimlisinə çevrildi. Dərslərini əla oxumaqla yanaşı, həm də məktəbin direktoru Məmməd müəllimin təşəbbüsü ilə hazırlanan ədəbi-bədii gecələrin, səhnəciklərin, müsamirələrin, teatr tamaşalarının fəal iştirakçısı oldu, kiçik formalı əsərlərdə, satirik səhnəciklərdə müxtəlif rollar oynadı. Aydın, səlis danışığı, məharətli və məzmunlu ifa tərzi Əyyubu təkcə məktəb kollektivinin yox, həm də kənd camaatının arasında kiçik bir aktyor kimi də tanıtdı. Onun da iştirak etdiyi xeyriyyə gecələrində əldə olunan maddi vəsait maarif işlərinə, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə, daha çox ehtiyacı olan şagirdlər üçün dərs vəsaiti alınmasına, müxtəlif şəhərlərdə təhsil alan azərbaycanlı tələbələrə və başqa xeyirxah işlərə sərf olunurdu.

Əyyubun heç yadından çıxmazdı. Onda ikinci sinifdə oxuyurdu. Bir gün məktəbin müdiri Məmməd bəy Qarayev və şəriət müəllimi Mirmehdi Ağamirov onların sinfinə girdi. Uşaqlarla salamlaşıb, hal-əhval tutandan sonra Məmməd müəllim əlində tutduğu "Zaqafqazye" qəzetində dərc olunmuş bir məktubu oxumağa başladı. Elə həyəcanla oxuyurdu ki, uşaqlar nəfəslərini dərmədən diqqətlə qulaq asırdılar. Məktubdan aydın oldu ki, Novoçerkassk Politexnik İnstitutunda oxuyan bir tələbənin - şuşalı Mirhəsən Vəzirovun pula böyük ehtiyacı var. Əgər o, 50 manat təhsil haqqını vaxtında ödəyə bilməsə, institutdan qovula bilər. Məmməd müəllim üzünü uşaqlara tutub dedi ki, biz ona kömək əli uzatmalıyıq, həmyerlimizin təhsildən kənar edilməsinə razı ola bilmərik. Sizin köməyinizlə təcili olaraq ədəbi-bədii gecə hazırlamalı, yığılan pulu ona göndərməliyik.

Elə həmin gün məktəbin kollektivi ədəbi-bədii gecə hazırlamağa başladı. Şagirdlərdən ibarət xor dəstəsi düzəldildi, bəzilərinə qiraət üçün oxu materialları və şeirlər verildi. Gecə bir neçə günlük məşqdən sonra, 1909-cu il noyabrın 7-də məktəb binasının geniş zalında keçirildi. Demək olar ki, bütün valideynlər də bura toplaşmışdı. Şuşadan və qonşu kəndlərdən də gələnlər vardı. Əyyub İbrahimov, Müseyib Əliyev, Musa Hacıyev, Talıb Məhərrəmov, Kərim Bədəlov, Yusif Hacıyev və başqa şagirdlər tədbirin yüksək səviyyədə keçirilməsində fəal iştirak etdilər. Saat 12-dək davam edən gecə çox uğurlu keçdi. Sonra ianə toplandı və yığılan puldan 50 manat Mirhəsən Vəzirovun ünvanına göndərildi. İanə dəftərində Əyyubun da adının qabağında 50 qəpik yazılmışdı...

Əyyub artıq məktəbi bitirirdi. Lakin gələcəkdə oğlunun təhsilini davam etdirməsini arzulayan atası İsmayılı fikir götürmüşdü. Axı Əyyubu uzaqlarda oxutmağa onun o qədər pulu nə gəzirdi? Lakin Malıbəyli xeyirxah adamlardan xali deyildi. Kəndin dünyagörmüş mütərəqqi adamları, maarifi sevən, təbliğ edən ziyalıları yeri gələndə kasıb-kusuba əl tutur, şəxsi yardımlarını əsirgəmirdilər. Günlərin bir günü xeyirxah bir əl onun da qapısını döydü.

...İsmayıl uzunmüddətli səfərdən təzəcə qayıtmışdı. Çoxdan üzünü görmədiyi külfətini - arvadı Şəkəri, oğlanları Əyyubu, Mikayılı, Xosrovu, qızı Rayanı başına yığıb, axşam yeməyi yeyir, arabir də səfər təəssüratlarından söhbət açırdı. Bu vaxt onu həyətdən kimsə səslədi. İsmayıl cəld yerindən qalxıb, qapıya tərəf tələsdi. Məşə Miri ağanı (Kənddə böyükdən kiçiyə hamı hörmət əlaməti olaraq Məşhəddə İmam Rzanın qəbrini ziyarət eləmiş müəllim Mirmehdi Ağamirovu belə çağırırdı) görəndə "xoş gəlmisiniz, həmişə siz gələsiniz!" - deyə oğlunun müəllimini hörmətlə, ədəb-ərkanla yuxarı başa keçirib, stol arxasına dəvət elədi. Ancaq Məşə Miri ağanın onun evinə ilk dəfə ayaq basmasına təəccübləndi, elə bildi ki, oğlu məktəbdə nəsə bir qələt eləyib. Məşə Miri ağa gəlişinin məqsədini açıb-söyləyəndə isə yanıldığını başa düşdü.

- İsmayıl, bilirəm ki, oğlun Əyyub yaxşı oxuyan, ağıllı, tərbiyəli uşaqdır. Artıq bir həftədən sonra o, məktəbi bitirir. Kəndimizə savadlı adamlar lazımdır. Müəllimlərimizlə də söhbətim olub. Belə bir fikrə gəlmişik ki, sənin oğlun gələcəkdə bizim birimizin yerini tutsun. Yəni istəyirik ki, onu Qori Müəllimlər Seminariyasına - rəhmətlik Məmməd bəy Qarayevin oxuduğu məktəbə göndərək. Necə fikirdir, nə deyirsən? Bir ata kimi sənin razılığını istəyirik.

İsmayıl Məşə Miri ağanın bu sözlərindən həm diksinən kimi oldu, həm də sevincini büruzə verdi. Bir az fikrə dalıb dilləndi:

- Ağa, təklifinizə görə çox minnətdaram. Amma özünüz bilirsiniz ki, mən adi bir arabaçıyam, bir həsirəm, bir Məmmədnəsir! Boynuma böyük minnət qoyursunuz. Allah kasıblığın üzünü qara eləsin. Mən də istəyirəm ki, oğlum oxusun, elmli, bilikli olsun. Amma bu tifili oxutmağa mənim nə imkanım var?! - deyə üzünə qəmli bir ifadə verdi.

Məşə Miri ağa İsmayıla təsəlli verərək:

- Ay İsmayıl qardaş, sən elə şeylərin dərdini çəkmə, bunlar bizim boynumuzadır. Bizə ancaq sənin "hə" deməyin kifayətdir, - deyə onun könlünü almağa çalışdı.

Məşə Miri ağa Əyyub barədə məktəbdə müəllimlərlə olan söhbətini, onun Qoriyə göndərilməsinin artıq qərara alındığını, hətta kəndin bəzi ağsaqqalları ilə məsləhətləşdiyini də İsmayıla dedi. İsmayıl Məşə Miri ağaya ürəkdən razılığını bildirəndə arvadı Şəkər də özünü saxlaya bilməyib:

- Ağa, cəddinə qurban olum! Allah balalarını saxlasın! Nə yaxşı siz varsınız! Belə işləri həmişə siz boynunuza götürürsünüz! Allah-təala sizi bizim başımızın üstündən əskik eləməsin, camaatımıza çox görməsin! - deyə oğlunun müəlliminə dua eləməyə başladı...

İsmayılın razılığını alandan sonra Məşə Miri ağa xudahafizləşib getdi.

Əyyub oxumağa göndəriləcəyini hələ bir neçə gün əvvəl məktəbdə müəllimlərindən, elə Məşə Miri Ağanın özündən eşitmişdi. Lakin bu barədə evdə hələ heç nə deməmişdi, daha doğrusu, atası səfərdən elə bu gün qayıtdığından deməyə macal tapmamışdı. Həm də qorxurdu ki, atası onun uzaq bir şəhərdə oxumağa getməsinə birdən razı olmaz. İndi isə atası ilə müəlliminin söhbətini eşidəndə Əyyubun sevinci yerə-göyə sığmırdı, sanki qanad açıb, haqqında sevimli müəllimi Məmməd bəy Qarayevin çox danışdığı, lakin hələ görmədiyi Qori şəhərinə uçmaq istəyirdi. Bir anlığa Əyyub özünü səs-küylü seminariya siniflərində, müxtəlif yerlərdən gəlmiş tələbələr arasında hiss eləməyə başladı. Adlarını eşidib, üzlərini görmədiyi Firudin bəy Köçərlini, Rəşid bəy Əfəndiyevi gözləri önünə gətirdi. Sonra təhsilini başa vurub, doğma Malıbəylisinə qayıtmağını, bir vaxtlar özünün oxuduğu məktəbdə həmyerlilərinin balalarına dərs deməyini təsəvvüründə canlandırdı. Fikri-zikri Qori seminariyasında dolaşan Əyyub gecəni səhərə qədər yata bilmədi...

Ertəsi gün Məşə Miri ağa məktəbin müəllimlərini, kəndin sayılıb-seçilən adamlarını məktəbə dəvət elədi. Fikrini bildirəndə hərə səxavət boxçasının ağzını açıb, bacardığı qədər köməklik göstərdi. Məşə Miri ağa isə bu nəcib işin gələcək nəslə nümunə qalması üçün onların ad-familiyalarını və verdikləri pulun miqdarını dəftərinə qeyd elədi...

Nəhayət, 1914-cü il iyulun axırlarında müəllimlərinin, kənd ağsaqqallarının və valideynlərinin xeyir-duası ilə on altı yaşlı Əyyub İbrahimov Qoriyə yola düşdü. Anası, bacısı, qardaşları, qohum-əqrəbası ona uğurlar dilədilər, "yaxşı yol" dedilər. İsmayıl isə oğlunu araba ilə Yevlaxa qədər aparıb, ordan qatarla yola saldı...

Əyyub Qoriyə çatan kimi soraqlaşıb, Firudin bəy Köçərlini tapdı, hardan gəldiyini, kim olduğunu bildirdi, Məşə Miri ağanın salamını çatdırdı. Firudin bəy onu seminariyanın yataqxanasında yerləşdirdi, imtahanlara hazırlamağa şərait yaratdı, Əyyuba seminariya direktorunun adına ərizə yazdırtdırıb, sənədlərini qəbul etdirdi. Bir neçə gündən sonra imtahanlarını uğurla verən bu Malıbəyli balası seminariyanın Azərbaycan bölməsinə daxil oldu. Bununla o, həm kəndinin, həm müəllimlərinin, həm də gələcəkdə ona dərs deyəcək Firudin bəy Köçərlinin başını uca elədi.

Əyyub üç il burda təhsil aldı. Görkəmli pedaqoqlardan müəllimlik sənətinin sirlərini öyrəndi, hamıya nümunə oldu. Boş vaxtlarını səmərəsiz keçirmədi, rus, Avropa və Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərini mütaliə elədi, vaxtaşırı teatr tamaşalarına baxdı, seminariyada keçirilən müxtəlif tədbirlərin fəal iştirakçısı oldu. İntellektual səviyyəsini durmadan artırdı. Əyyub, əsasən, sevimli müəllimi Firudin bəy Köçərlinin təşkil etdiyi bütün ədəbi-musiqili, mahnı gecələrində, pedaqoji, mədəni-kütləvi tədbirlərdə, bədii qiraət və referat müzakirələrdə müntəzəm iştirak edirdi. Bu gecələrin keçirilməsində böyük pedaqoqun məqsədi həm nizam-intizamı, əxlaq və davranış qaydalarını möhkəmləndirmək, həm də onları Avropa, rus və Azərbaycan mütəfəkkirlərinin, şair və yazıçılarının yaradıcılığı ilə tanış etmək, onların əsərlərini oxumağa istiqamət vermək, həvəs və maraq oyatmaq idi. Əyyub Firudin bəyin bilavasitə rəhbərliyi altında "Sabirin əsərlərində müsəlman qızlarının ailə tərbiyəsi və ev şəraiti", "Lermontovun lirikası" və sair mövzularda yuxarı sinif şagirdlərinin hazırladıqları referatların müzakirələrinə getmiş, çıxış edərək öz mülahizələrini bildirmişdi.

Əyyub oxuduğu seminariyanın və yaşadığı yataqxananın dəmir nizam-intizamına, bütün qanun-qaydalarına həmişə riayət edir, intizamsızlığa yol verməməyə çalışırdı. Ona görə də onu tez-tez yataqxananın mətbəxinə növbətçi təyin edirdilər. Amma bəzən belə də olurdu: Əyyubda sənətə, teatra, müxtəlif mədəni tədbirlərə o qədər həvəs və maraq yaranmışdı ki, o, arabir müdiriyyətdən icazə almadan yaxından dostluq etdiyi şagird yoldaşları Səməd Mirzəyevi, Əyyub Hacıyevi, Nəsib Vəkilovu da özü ilə götürərək müxtəlif tədbirlərə aparır, hərdən də yataqxanaya gec qayıdırdı. Bu cür hallar da şübhəsiz ki, "Qəbahət" ("Konduit") jurnalında öz əksini tapırdı. Bu jurnal həm də "Cəza" jurnalı adlanırdı və şagirdlərin hərəkət və davranışları, intizamı, birgəyaşayış qaydalarını pozanların adları burda qeyd olunurdu ki, bu da gələcəkdə onlara xasiyyətnamə verilərkən lazım olurdu. 1917-1918-ci tədris ilində Firudin bəy Köçərli "Qəbahət" jurnalında 4 noyabr tarixli qeydində Əyyub İbrahimov haqqında yazmışdı: "Üçüncü sinif şagirdi Əyyub İbrahimov məzuniyyətdən çox gec - oktyabrın 6-da qayıtmışdır. Yaxşı çalışıb, yoldaşlarına çatmaq əvəzinə, o, başqalarından çox gəzir, zəif iradəli yoldaşlarını da heç kəsdən icazə almadan özü ilə götürüb, pansionatdan aparır... Noyabrın 1-də İbrahimov çay süfrəsi üstündə ikinci sinif şagirdi Qasımovla dalaşdı və onun üzünə iki dəfə zərbə endirdi. Şahidlər dindirilərkən hamı İbrahimovu günahlandırdı..." Lakin jurnalda seminariya müfəttişinin qeydi üçün ayrılan bölmədə Firudin bəy Köçərlinin belə bir qeydi də var: "İbrahimov günahını başa düşdü və yoldaşlarının iştirakı ilə Qasımovdan üzr istədi... Noyabrın 4-də isə İbrahimov heç kəsdən icazə almadan Əyyub Hacıyevi və Səməd Mirzəyevi özü ilə götürüb, kluba gürcü tamaşasına aparmışdır".

Nəhayət, 1917-ci ildə üçillik pedaqoji təhsilini başa vuran Əyyub İbrahimov doğma kəndinə qayıtdı və vaxtilə şagirdi olduğu məktəbdə müəllimlik fəaliyyətinin ilk səhifələrini yazdı. Məktəbin müdiri Mirmehdi Ağamirov, ikinci müəllimi isə Əyyub idi. Hər iki müəllim əl-ələ verərək həmkəndlilərinin balalarının təlim-tərbiyəsi ilə məşğul olurdu.

1920-ci ildə ermənilər bir çox Azərbaycan kəndləri kimi Malıbəylini də odlara qaladılar, viran qoydular, camaatı yurd-yuvalarından didərgin saldılar. Əyyubgilin də ailəsi Şuşaya pənah apardı. Çox çəkmədən Sovet hakimiyyəti quruldu və pərən-pərən düşmüş kənd camaatı öz doğma ocaqlarına qayıtdı. Həyat öz əvvəlki axarına düşdü, məktəb yenidən fəaliyyətə başladı.

Gənc müəllim elə həmin vaxtdan yenicə yaradılmış Şuşa qəza Maarif İşçiləri İttifaqına üzv yazıldı və 1920-ci ilin payızında nümunəvi və ictimaiyyətçi bir müəllim kimi Tərtərdə açılmış müəllimlər kursunun müdiri vəzifəsinə təyin olundu. Əyyub burda da fərqləndi, nümunə göstərdi, Tərtər İcraiyyə Komitəsinin sədri və bir çox dövlət qulluqçuları ilə birlikdə Aran Qarabağın kəndlərini gəzərək pedaqoji işə həvəsi olan gəncləri kursa cəlb eləməyə başladı. İki il müəllimlər kursuna rəhbərlik edən Əyyub İbrahimov 1922-ci ildə yenidən Malıbəyliyə qayıtdı.

Əyyub Malıbəyli məktəbində artıq yeni bir enerji ilə, şövqlə, xüsusi həvəslə işləyirdi. O, yalnız dərs deməklə kifayətlənmir, kənddə teatr tamaşaları, ədəbi-bədii gecələr, bir sıra mədəni-kütləvi tədbirlərin təşkilində, qadınlar şöbəsinin açılmasında, uşaq və gənclərin pioner və komsomol sıralarına yazılmasında fəallıq göstərir, ümumiyyətlə, kəndin mədəni həyatının canlanmasında əlindən gələni edirdi. O, eyni zamanda kənd şurasının üzvü kimi həmişə kəndlilərin təsərrüfatlarının yaxşılaşdırılmasına çalışır, kasıb-kusubun tərəfdarı kimi çıxış edirdi. Bu vətənpərvər müəllim kənddəki alverçilərlə fəal mübarizə aparır, torpaq bölgüsünə diqqətlə yanaşır, dövlətli adamların torpağı füqaraların əlindən zorla almalarına mane olurdu. Ona görə də o, alverçilərin əl-qolunu bağlamaq üçün kənddə kooperativ də açmışdı. Bu isə ona düşmən qazandırır və onu istəməyənlər də nəyin bahasına olursa-olsun bu yenilikçi müəllimi şərləyib, tutdurmaq məqamı gözləyirdilər...

Təzə hökumətin ilk dövrlərində Qarabağ ziyalıları, xüsusilə də, müəllimlər partiyanın milli siyasətindən narazı olduqlarından mövcud quruluşa qarşı çıxır, Sovet hakimiyyəti əleyhinə gizli mübarizə aparırdılar. Şuşadan bəzi müəllimlər tez-tez Malıbəyliyə gəlir, yaxından tanıdıqları, etibar elədikləri adamlarla söhbətlər aparır, onları Azərbaycanın müstəqilliyi uğrunda siyasi mübarizəyə səsləyirdilər. Əyyub artıq hiss eləmişdi ki, böyük həmkarı Məşə Miri ağa Şuşadan gələn qonaqlarla yaxın münasibətdə olur, vaxtaşırı qəza mərkəzinə gedərək onlarla tez-tez görüşür. Həftə səkkiz mən doqquz Şuşaya getməyinin, şuşalı müəllimlərlə sıx əlaqə saxlamağının səbəblərini Məşə Miri ağadan bir neçə dəfə soruşmaq istəmişdi, lakin bunu ədəbsizlik hesab edərək etika xətrinə susmağa üstünlük vermişdi. Amma keçmiş müəlliminə verəcəyi suallar həmişə onu narahat edirdi. Məşə Miri ağa da sabiq şagirdinin ona "birtəhər" baxdığını hiss eləmişdi. Ona görə də bir gün ikilikdə olarkən ürəyini ona açdı, məqsədini bildirdi, hətta çoxdan qəlbində gizlətdiyi istəyini - Əyyubun da bu hərəkata qoşulmasını təklif elədi:

- Bilirsən, Əyyub, Azərbaycanda gizli Müsavat partiyası fəaliyyət göstərir. İndiyə qədər sənə deməmişəm. İki ildir ki, mən də onun üzvüyəm. Partiyamız İstanbuldan Məhəmməd Əmin Rəsulzadənin göstərişi ilə hərəkət edir. Bizim məqsədimiz hakimiyyət başına gəlməkdir, ancaq dinc yolla. Əgər bu yol baş tutmasa, onda silahlı üsyana əl atacağıq. Və məqsədimizə nail ola bilsək, Müsavat partiyasının üzvlərinə bir çox üstünlüklər, imtiyazlar və yaxşı vəzifələr veriləcək. - Sonra Məşə Miri ağa partiyanın proqram və nizamnaməsini Əyyuba izah elədi. Partiyanın hər bir üzvü və onun ailəsi üçün təhsilin, maariflənmənin vacibliyi barədə danışdı, onun işinin istiqamətinə toxunaraq qeyd elədi ki, bu iş partiya-tərbiyə işi təmayülü altında aparılmalıdır. Bunlar ona görə edilir ki, əgər bolşeviklər hakimiyyətdən əl çəksələr, bizim əsas kadrlarımız hakimiyyəti ələ keçirməyə hazır olsunlar. Daha sonra Məşə Miri ağa Əyyuba "Yeni Qafqaziyyə" jurnalı və sair barədə də danışdı.

Məşə Miri ağanın sözləri Əyyubun ağlına batdı. Geniş dünyagörüşlü, millətini sevən gənc müəllim onun təklifini qəbul elədi və elə həmin vaxtdan, yəni 1924-cü ildən Müsavat partiyası sıralarına keçdi, siyasi fəaliyyət dairəsini daha da genişləndirdi. Çox çəkmədən Məşə Miri ağa məktəbin direktorluğu vəzifəsini də ona verdi və Əyyub İbrahimov Malıbəyli birinci dərəcəli məktəbinə rəhbərlik eləməyə başladı.

Əyyub müəllim bütün enerjisini və qüvvəsini təhsilin mənafeyi naminə, şagirdlərin inkişafına, təlim-tərbiyəsinə həsr elədi, məktəbi Qarabağın ən nümunəvi və qabaqcıl təhsil ocaqlarından birinə çevirdi. Şəxsi qabiliyyəti ilə Şuşa qəzası müəllimləri arasında seçildi, həm həmkəndliləri, həm də maarif ictimaiyyəti arasında dərin hörmət və nüfuz qazandı

 

Çox çəkmədən Əyyub Ağdamda müəllim işləyən həmkəndlisi Yusif Hacıyevin də Müsavat partiyasının üzvü olduğunu bildi və onlar Malıbəylidə üç nəfərdən ibarət özək yaratdılar. Məşə Miri ağa sədr, Yusif və Əyyub isə üzv oldular. Bu üçlüyün əsas işi hər ay vaxtlı-vaxtında 50 qəpik üzvlük haqqını ödəmək və özəyə yeni üzvlər cəlb eləmək idi.

Lakin doğma kəndinə yenilik gətirməyə, onu inkişaf etdirməyə çalışan bu gənc müəllimi bəzi bədxahların təhriki ilə Malıbəyli məktəbindən başqa bir məktəbə keçirmək istəyirdilər. Çünki qəza icraiyyə komitəsinə, Şuşa qəza Maarif Şöbəsinə onun barəsində bir-birinin ardınca anonim məktublar, şikayət ərizələri gəlirdi. Bu ərizələrdə yazılırdı ki, guya, Əyyub İbrahimov direktor olduğu üç il ərzində məktəbdə heç bir dönüş yaratmayıb, ciddi dəyişiklik eləyə bilməyib. Əmək haqqı 90 manat 25 qəpik olduğu halda, çox varlı və firavan yaşayır. Bəs pulu hardan alır? O, kart oynayır, əyyaşlıq edir, yeyib-içməklə məşğul olur. Hətta məktəbi əyyaşlıq, əxlaqsızlıq yuvasına çevirib. Qolçomaq tipli adamdır, alverlə məşğul olur. Sovet hakimiyyəti orqanlarına qarşı kəndlilər arasında intriqa yaradır və s. və i.

Bu şikayət ərizələrində göstərilən faktları yoxlamaq üçün Şuşa I dərəcəli Bünyadiyyə məktəbinin direktoru Əbdüləli Orucov Malıbəyliyə göndərildi. Lakin məktəbdə heç bir qeyri-normal hal olmadığının şahidi oldu, yazılanların böhtan olduğunu aşkara çıxartdı. Yoxlama başa çatandan sonra məktəbin işindən və onun direktorundan razı qaldığını bildirdi...

Artıq Qarabağ müsavatçılarının həbsi başlamışdı. 1927-ci il martın 10-da Sərkisov familiyalı bir erməni milis işçisi başının dəstəsi ilə qəflətən Malıbəyliyə gəldi və Əyyub İbrahimovun evində axtarış aparmağa başladı. Onu elə evindəcə həbs etdilər. Sərkisov yubanmadan "şahidlər" tapdı. Malıbəyli kənd sakinlərindən Əliş Əşrəf oğlu Axundov, keçmiş kənd soveti katibi Muxtar Cavad oğlu Tağıyev, Əyyubun qayınanası Dürüş Məmmədqızı, Kərkicahan kənd məktəbinin müəllimi Adil Salman oğlu Dadaşov Əyyubun "qanunazidd hərəkətləri" barədə yazılı ifadələr verdilər. Əliş Axundov, guya, Əyyubun kəndlilər və qulluqçular arasında dedi-qodu, intriqa yaratmasından, camaatın ondan narazı olmasından, Sovet hakimiyyətinin dağılmasına çalışmasından, hökuməti nüfuzdan salmasından, Muxtar Tağıyev onun öz şagirdi Maya Qasımqızı ilə nigahsız yaşamasından, Xan kəndindəki kitab mağazasının müdiri Əliş Zeynaloğlu ilə, müsavatçı Cəmil Quliyevlə əlaqə saxlamasından, şuşalı müəllim, müsavatçı Əbdüləli Orucov və başqaları Malıbəyliyə gələrkən onun evində gecələmələrindən, gizli və şübhəli söhbətlərindən, bu adi müəllimin varlı adamların yanında böyük nüfuz qazanmasından, tez-tez Ağdama, Tərtərə, Gəncəyə getməsindən, Adil Dadaşov Malıbəylidə kənd təsərrüfatı üzrə hesablayıcı işləyərkən, guya, vergi verənlərin siyahısında Əyyuba məxsus mal-qaranın və sairin göstərilməməsindən, vergi ödəməməsindən, qayınanası Dürüş Məmmədqızı Əyyubun onun qızını boşamasından, qabiliyyətsizliyindən və kəndlilərin dinc həyatına mane olmasından yazdılar.

Əyyub İbrahimova cinayət işi açmaq üçün bu "fakt"lar kifayət edirdi. Ona görə də bircə günün içərisində cinayət işi açıldı və baxılmaq üçün Bakıya göndərildi. Martın 12-də Azərbaycan Dövlət Siyasi İdarəsinin müvəkkili Vasin Əyyubun və onunla eyni vaxtda həbs olunanların sənədlərini başdansovdu gözdən keçirdi və "it itin ayağını basmaz" prinsipi ilə hərəkət edərək hamısının antisovet işlərdə iştirak etdiyi barədə Dağlıq Qarabağ Muxtar Vilayəti Siyasi İdarəsindən göndərilmiş qərarı təsdiq eləyib, məhbusları islah evinə göndərdi

 

Əyyubun anası Şəkər Hüseynqızı oğlunun dalınca Bakıya yollandı, onun nahaqdan tutulması və ifşa olunması barədə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinə aşağıdakı məzmunda belə bir məktub yazdırtdı: "Mənim külfətim yeddi başdan ibarətdir. Hamımızı dolandıran yalnız böyük oğlum Əyyub idi. İki aydır ki, o tutulub. Biz maddi cəhətdən tamamilə batıb-gedirik. Bakıya zorla gəlib çıxmışam və on gündür ki, burdayam. İndi küçələrdə qalmışam, qayıdıb evə getməyə pulum-pənəm də yoxdur. Artıq dərəcədə təvəqqə edirəm ki, oğlumun istintaqını tez aparasınız. Onun heç bir təqsiri yoxdur. Əgər bir az da keçsə, yeddi nəfər acından tamam ölə bilər. Yenə üzümü siz fəhlə-kəndli hökumətinə tuturam. Ümidvaram ki, mənə və yeddi başdan ibarət külfətimə yazığınız gələcək.

25.IV.1927"

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədrinə yazılmış bu məktub rəyasət heyətinin katibliyinin müdiri İ.Səmədzadə və texniki işlərə baxan katib B.İrzabəyovun imzası ilə Azərbaycan Dövlət Siyasi İdarəsinə göndərildi. Lakin məktuba heç baxan da olmadı. Təxminən bir il Bakıda həbsxanada yatandan sonra Əyyub İbrahimovu sürgün müddəti başa çatandan sonra üç il müddətində Moskva, Leninqrad, Kiyev, Xarkov, Odessa, Rostov və sair kimi iri şəhərlərdə və Qafqazda yaşamaq hüququndan məhrum edərək ona beş il iş kəsdilər və 35 nəfərlə birlikdə Moskvaya Butırsk həbsxanasına göndərdilər. Bir neçə aydan sonra məhbusları "Ölüm adası"na - Solovkiyə sürgün etdilər. Əyyubun və dustaq yoldaşlarının daha əzablı, daha dəhşətli günləri başlandı.

Ağ dənizin sərt soyuğuna bədəncə zəif və arıq olan Əyyub qəti dözə bilmirdi. Şaxta, külək onun sümüyünə qədər işləyirdi. O, tez-tez möhkəm soyuqlayır və həkimlərə müraciət edirdi. Lakin siyasi dustaqlara olduqca pis münasibət bəsləyən həkimlər ona da başdansovdu baxır, düzgün diaqnoz qoymurdular. Gündən-günə vəziyyəti ağırlaşan Əyyub ona görə də məktubla düşərgə rəisinə müraciət elədi və 1928-cı il dekabrın 14-də düşərgə rəhbərliyi onu Leninqrada xüsusi müalicəyə göndərdi. Bir müddət xəstəxanada yatsa da, dərdinə əlac tapılmadı və otuz bir yaşlı Əyyub İbrahimov (1898-27.IV.1929) ömrünü Malıbəylidə qoyub gəldiyi yeganə qızı Rəbiyyəyə tapşırdı.

 

Vasif QULİYEV

525-ci qəzet .-2024.- 9 avqust.(№141).- S.12-13.