Yeni tədris ili
üçün şagird yerdəyişməsi prosesi
başlanır
Avqustun 8-dən etibarən 2024-2025-ci tədris ili
üzrə şagird yerdəyişməsinə start verilib.
Yerdəyişmə proses sy.edu.az elektron sistemi üzərindən
həyata keçirilir. Yerdəyişmənin aktivləşdirilmə
vaxtı kimi 2-9 və 11-ci siniflər üçün 8 avqust
saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat
15:00 nəzərdə tutulub.
Şagird yerdəyişməsi siniflərin kompleksləşdirilməsi
məqsədilə II-XI siniflərdə təhsil alan şagirdlərin
bir məktəbdən digərinə, habelə eyni məktəb
daxilində yerləşməsi üçün nəzərdə
tutulub. Şagirdlərin yerdəyişməsi prosesi
www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil
müəssisələrində şagird kontingentinin sabit
saxlanılmasına, şagirdlər haqqında statistik
hesabatların dəqiq və optimal göstəricilər əsasında
formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə
yetirilməsinə rəhbərlik və nəzarəti
gücləndirmək, həmçinin, vətəndaş məmnuniyyətini
təmin etməkdir.
Elm və Təhsil Nazirliyindən verilən məlumata
görə, övladını digər məktəbə dəyişmək
istəyən valideyn (digər qanuni nümayəndə), ilk
növbədə, elektron sistemdə şəxsi kabinet
yaradaraq övladını qeydiyyatdan keçirir. Valideyn (digər
qanuni nümayəndə) övladını dəyişmək
istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül
istiqaməti uyğun gəldikdə müvafiq qruplar və
siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir.
Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi
barədə əvvəl oxuduğu məktəbə avtomatik
bildiriş göndərilir. Müvafiq sorğu və
bildiriş göndərildikdən sonra 5 iş günündən
gec olmayaraq valideyn (digər qanuni nümayəndə)
şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi
işini götürərək dəyişmək istədiyi
məktəbə təqdim edir.
Bildirilib ki, Azərbaycan vətəndaşları
üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin
FİN kodu, xarici ölkənin vətəndaşları
üçün isə miqrasiya sənədinin seriya nömrəsi
əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən
SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların
sistemə əlavə edilməsi üçün şəxsiyyət
vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi Təhsil
İnformasiya Sistemində şagirdə məxsus unikal kod) kodu
tələb olunur: "Müvafiq sorğu və bildiriş
göndərildikdən sonra 5 iş günündən gec
olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl
oxuduğu məktəbdən şəxsi işini
götürərək dəyişmək istədiyi məktəbə
təqdim edir. Yerdəyişmə dərs ilinin hər
hansı yarımili ərzində baş verərsə, valideynə
şagirdin fənlər üzrə summativ qiymətləndirmə
nəticələrinin əks olunduğu arayış da təqdim
edilir. Müəyyən edilən müddət keçdiyi
halda müraciət ləğv olunur və bu barədə
valideynin (digər qanuni nümayəndənin) şəxsi
kabinetinə məlumat göndərilir".
Nazirlikdən qeyd olunub ki, övladını digər məktəbə
dəyişmək istəyən valideyn (digər qanuni
nümayəndə), ilk növbədə, www.sy.edu.az
portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet
yaratmalı və övladını qeydiyyatdan keçirməlidir.
Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN
kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin
seriya nömrəsini) daxil etdikdən sonra əldə
olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə
etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil
olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq
açılan pəncərəyə daxil edir və qeydiyyat
tamamlanır. Valideyn FİN və ya UTİS kodu ilə övladının
qeydiyyatını tamamlayır.
Bəs yerdəyişmə sorğusuna hansı halda
imtina cavabı verilə bilər? Sistem tərəfindən
ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda
valideyn tərəfindən həmin siniflərə seçim
mümkün olmur. Xarici dil, təmayül istiqaməti
uyğun gəlmədikdə imtina verilə bilər.
İstisna hallar olduqda sorğu şəhər (rayon) təhsil
şöbələri tərəfindən təsdiq edilə
bilər.
II-XI sinif şagirdlərinin bir məktəbdən digərinə
yerdəyişməsi zamanı olan prosedur əsasında ailəsi
ilə birlikdə yaşayış yerini (rayonu, şəhəri)
dəyişdiyi halda (yerdəyişmənin məqsədəuyğunluğu
müvafiq sənədlər əsasında elektron sistemdə
və ya R(Ş)TŞ(İ) tərəfindən təsdiq
edildikdə) yol verilir.
Şagirdlərin ölkədən xaricə və ya
xarici ölkələrdən Azərbaycan Respublikasının
məktəblərinə yerdəyişməsi valideynlərin
(digər qanuni nümayəndələrin) ərizələrinin
qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata
keçirilir. Valideyn ilk əvvəl yerdəyişmə etmək
istədiyi məktəbə yaxınlaşaraq
övladının "Ümumi təhsil informasiya" alt
sisteminə daxil edilməsi üçün müraciət etməlidir.
Məktəb həmin uşağı bazaya daxil etdikdən
sonra valideynə övladının UTİS kodunu təqdim
edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi
sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.
Valideyn (digər qanuni nümayəndə)
övladının işğal olunmuş ərazilərin
yerli təhsili idarəetmə orqanlarının tabeliyində
olan məktəbə (bundan sonra - məcburi
köçkün məktəbi) yerdəyişməsi
üçün sorğu yerləşdirərkən onun məcburi
köçkün olması elektron sistem vasitəsilə yoxlanır.
Valideynin məcburi köçkün olmasını təsdiq
edən sənəd elektron sistemdə müəyyən edilməzsə,
bu barədə müvafiq sənəd skan olunmuş şəkildə
sistemə yerləşdirilir.
Nazirliyin məlumatında vurğulanıb ki, məcburi
köçkün ailəsindən olmayan uşaqların məcburi
köçkün məktəblərinə yerdəyişməsinə
yol verilmir. Vaxtilə məcburi köçkün məktəblərinə
qəbul edilmiş məcburi köçkün ailəsindən
olmayan şagirdlər bu və ya digər səbəblərdən
məktəbi dəyişmək istədikdə onlar təhsillərini
yalnız yerli məktəbdə davam etdirə bilərlər.
Məcburi köçkün ailəsindən olmayan
uşaqların məcburi köçkün məktəblərinə
yerdəyişməsinə yalnız həmin
köçkün məktəbindən ən azı 2 kilometr
məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi
halda razılıq verilir.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun
sözlərinə əsasən, şagird yerdəyişməsinin
elektronlaşdırılması bu prosesdə məktəb və
valideyn arasında olan məsafənin azaldılması,
valideynin təhsil müəssisəsi ilə təmasının
daha şəffaf şəkildə təşkilinə
yardım edir. Eyni zamanda prosesin elektronlaşdırılması
tədris ili ərzində şagird yerdəyişməsinin
hesabatlılığı, statistikası və digər bu kimi
məlumatların tez bir zamanda əldə edilməsinə
imkan yaradacaq.
Professor bildirib ki, şagirdlərin ümumi təhsil
müəssisələrinə elektron qaydada yerdəyişməsi
təhsilin inkişafı üzrə dövlət
strategiyası çərçivəsində həyata
keçirilən işlərin tərkib hissəsidir:
"Elektron xidmət ölkənin bütün ümumi təhsil
məktəblərində təhsil alan şagirdlərin bir məktəbdən
digər məktəbə yerdəyişməsini və ya eyni
məktəb daxilində sinfinin dəyişdirilməsi məqsədilə
müraciətlərini qeydə alan, bu müraciətlərin
elektron qaydada baxılmasını və icra edilməsini təmin
edən elektron xidmətdir. Bu elektron xidmətin
yaradılmasında başlıca məqsəd şagirdlərin
hərəkəti prosesinin elektron qaydada
avtomatlaşdırılması və nəticədə
mümkün qədər insan faktorunun azaldılması,
prosesin sadələşdirilməsi və vətəndaş məmnuniyyətinin
təmin edilməsidir. Sistem məktəb məlumatlarının
əldə olunması, yerli idarəetmə orqanları
üçün nəzərdə tutulan interfeys, valideyn
interfeysi, qeydiyyat, uşağın qeydiyyatı, yeni
sorğunun yerləşdirilməsi, özəl məktəblərə
keçid halı, gözləmə menyusu, sorğunun cari
statusunu görmək imkanı, onlayn dəstək kimi
funksionallıqlardan ibarətdir".
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, əvvəllər
bu prosesdə kənar müdaxilələr müşahidə
edilirdi: "Direktor, direktor müavininin razılığı
ilə baş tuturdu məsələ. İndi isə valideyn
belə hallarla qarşılaşmır. Bu gün Azərbaycan
məktəblisi yaşayış yerini dəyişəndə
rahatlıqla məktəbini də elektron yolla dəyişə
bilir. Bu proses 9 və 11-ci siniflərə şamil edilmir. Onlar
buraxılış imtahanlarına görə yerdəyişmə
edə bilməzlər".
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə əsasən,
şagirdlərin ümumi təhsil müəssisələrinə
elektron qaydada yerdəyişməsinin tətbiq edilməsində
əsas prinsiplər - şəffaflıq, səmərəlilik,
keyfiyyətlilik və hesabatlılıqdır: "Şagird
yerdəyişməsinin elektronlaşdırılması vətəndaşlara
keyfiyyətli və səmərəli xidmətin təqdim
edilməsi, şagirdlərin yerdəyişməsi prosesində
məktəb və valideyn arasında olan "məsafə"nin
azaldılması və valideynlərlə təhsil müəssisələri
arasında əlaqənin daha münasib şəkildə təşkil
edilməsi ilə nəticələnir. Eyni zamanda, prosesin
elektronlaşması təhsilin elektron idarəedilməsi
işinə öz töhfəsini verir. Belə ki, tədris
ili ərzində şagird yerdəyişməsinin
hesabatlılığı, statistikası və başqa bu kimi
məlumatların tez bir zamanda əldə edilməsinə nail
olunur".
Sevinc QARAYEVA
525-ci qəzet .-2024.- 9 avqust.(№141).- S.11.