Dünya belə dünyadır  

 

 

"İNTƏHASIZLIQ", YOXSA "PARKLARIN ARASIKƏSİLMƏZLİYİ"?

 

 ("Dünyaya pəncərə" silsiləsindən)

 

İspan yazıçısı Xulio Kortasarın orijinal təhkiyə quruluşuna, maraqlı süjetə malik bu hekayəsini mən təxminən 25 il əvvəl tərcümə etmişəm. O vaxt mətn üzərində işi bitirib hekayənin adını tərcümə edəndə, düzü, xeyli fikirləşəsi oldum. İş burasındadır ki, rus dilində "Nepererıvnost parkov" kimi verilmiş adda bu iki söz leksik-semantik planda bir-biri ilə uyuşmurdu - birinci sözün mənası (fasiləsizlik, aramsızlıq) hərəkət aktı ilə bağlı anlayış, park isə yer, məkan bildirən isimdir. Sadə dildə desək, biz müəyyən vaxt intervalında hərəkət prosesinin fasiləsizliyindən danışa bilərik, parkların (deməli, həm də küçələrin, xiyabanların) yox...

Bəs onda müəllif nə üçün hekayəsinə belə ad vermişdi?

O vaxt mən bu sualın cavabını intuitiv şəkildə tapsam da, onu sözlə istədiyim kimi ifadə edə bilmədim və "fasiləsizlik həm də sonsuzluqdur" məntiqindən çıxış edib həmin söz birləşməsini "İntəhasızlıq" kimi tərcümə etdim.

Bu yaxınlarda həmin tərcümənin əlyazmasını arxivimdən tapıb yenidən diqqətlə oxudum və əmin oldum ki, bu iki sözün sərlövhəyə çıxarılması təsadüfi deyil və bu jest hekayənin məzmun planından irəli gəlib. Ona görə də hekayənin adını dəyişib "Parkların arasıkəsilməzliyi" kimi yazdım.

Müəllif bu kiçik hekayədə qəhrəmanın mövcud olduğu və oxuduğu romanın məkan və zaman koordinatlarını sinxronlaşdırır, üstəlik, bədii həqiqətlə reallıq arasındakı sərhədləri götürür və reallıqdakı palıdların əhatəsində yerləşən malikanəsində oturub roman oxuyan kişini elə bu  romanın süjetinini məntiqi ilə  həmin parkda öz arvadı və onun aşnası tərəfindən təşkil olunan xəyanətin qurbanı kimi təqdim edir. Nəticədə oxuduğumuz hekayənin hekayəçisi ilə personajın oxuduğu romanın hekayəçisi arasında dialoq yaranır. Bu mənada hekayə "mətn içində mətn" (yaxud "metamətn" ) anlayışının izahına parlaq əyani nümunə ola bilər.

Nəsr əsərlərində bədii məkanın ölçüləri və personajların məkandakı hərəkləri əsərin ideya-məzmun planı ilə sıx bağlı olur. Amma Kortasar bir az irəli gedir, əsərin strukturunu mətndən həyata (yaxud həyatdan mətnə) prinsipi ilə qurur, mətndəki məkan (park, malikanə) və həmin məkanla bir yerdə personajlar sanki mətni tərk edib həyata, reallığa keçir.

Təbii ki, bu hekayənin poetikasını ənənəvi, klassik təhkiyə şablonları, sxemləri ilə izah etmək mümkün deyil - Kortasar hekayənin son cümləsi ilə sübut edir ki, bədii sözün imkanları hüdudsuzdur, uzun illərin ənənələrini, şablonlarını səhifə yarımlıq hekayə və obrazlı şəkildə desək, o hekayədəki noqdaun gücündə olan bir cümlə ilə darmadağın etmək olar.

Bəs nəyin naminə?

Əlbəttə ki, böyük sənətin, ədəbiyyatın!!!

Gəlin həmin hekayəni bir yerdə oxuyaq.

 

lll

O, romanı oxumağa bir neçə gün əvvəl başlamışdı. Təcili işlərinə görə kənara qoyduğu kitabı bir də malikanəsinə qayıdanda yolda - vaqonda əlinə götürdü. Süjetin inkişafı, personajların xarakteri onu tədricən məftun edirdi. Axşamüstü vəkilinə məktub yazıb, işlər müdiri ilə icarə məsələlərini həll edəndən sonra pəncərələri palıdlı parka baxan kabinetinin sakitliyində yenə də kitabı açdı, sevimli kreslosunda arxasını görkəmi çağırılmamış qonaqlar haqqında xoşagəlməz duyğular oyadan qapıya çevirib yerini rahatladı, sol əli ilə kreslonun örtüyünü - yaşıl məxməri sığallaya-sığallaya son fəsilləri oxumağa başladı. Obrazların xarakteri artıq onun yaddaşına hopmuşdu. O, demək olar ki, anbaan son dərəcə maraqlı süjetin əsirinə çevrilirdi. Hər sətri oxuduqdan sonra real şəraitdən, məkandan qeyri-adi dərəcədə uzaqlaşır və eyni zamanda hiss edirdi ki, başı hündür söykənəcəyin məxmər örtüyü üzərində rahatca dincəlir, siqaret qutusu lap əlinin altındadır, pəncərədən o tərəfdə palıdların arasında xəfif axşam küləyi əsir. Xarakterləri tədricən açılan obrazların xoşagəlməz küsüşməsi barədə oxuduqca onların dağ komasındakı son görüşünün şahidinə çevrilirdi. Oraya birinci qadın daxil oldu, arxasınca aşnası göründü. Üzündə təzə ciyrintilərin yerləri qızarırdı - elə indicə ağac budağına ilişmişdi. Qadın fədakar öpüşlərlə yaralardan axan qanı saxlamağa çalışırdı. O, buraya yad gözlərdən quru budaqlar və cığırların labirinti ilə gizlədilən gizli ayinləri təkrar etmək üçün gəlməmişdi. Sinəsinin üstündəki xəncər elə bil od tutub yanırdı, onun altında isə çoxdan həsrətində olduğu azadlığa inam çırpınırdı. Həyəcanlı dialoq sap yumağı kimi səhifədən-səhifəyə keçirdi və hiss olunurdu ki, hər şey əvvəlcədən həll edilib. Hətta aşnasının vücudunu titrədən və onu saxlamaq, inandırmağa yönəlmiş nəvazişləri yalnız məhv edilməli olan başqa birisinin mənfur görkəmini yada salırdı. Heç nə unudulmamışdı - dəlillər, sübutlar, mümkün səhvlər... Bu məqamdan başlayaraq hər anın öz hökmü vardı. Onlar planı iki dəfə müzakirə etmişdilər və tələsik pıçıltılar yalnız üzdəki yaraları sığallayan əllərin hərəkəti ilə qırılırdı.

Qaranlıq düşürdü...

Artıq ümumi məqsədlə bir-birinə möhkəm bağlanmış bu adamlar bir-birinin üzünə baxmadan komanın qapısı ağzında ayrıldılar. Qadın şimala tərəf aparan cığırla getməli idi. Əks tərəfə istiqamət götürən kişi onun qaçmasına, yellənən və arxaya uçan saçlarına baxmaq üçün çevrildi. Ağacların arxasında gizlənə-gizlənə o da qaçırdı. Nəhayət, axşamın toranlığında evə aparan xiyabanı gördü. İtlər susmalı idi və onlar susurdular. İşlər müdiri bu anlarda gözə dəyməməli idi və o, görünmürdü. Aşna pilləkənlərlə aynabəndə qalxdı və evə girdi. Qulaqlarına vurmuş qanın şırıltısı içində qadının bayaq dediyi sözləri eşitdi: "Əvvəlcə mavi qonaq otağına girəcəksən, sonra qalareya, sonra üstünə kəbə salınmış pilləkən... Yuxarıda iki qapı görəcəksən. Onların ikisi də boşdur. Sonra kabinetin qapısı gəlir. Burada xəncəri çıxarırsan və yaşıl məxmərdən üz çəkilmiş kreslo.., həmin kresloda oturub roman oxuyan adamın başı qarşındadır..."

TOPUĞA DƏYƏN DAŞLAR

("Başıma gələnlər" silsiləsindən)

İnanan inansın, inanmayan inanmasın!

Müəyyən istisnaları çıxmaq şərtilə hal-hazırda magistratura, elmi ad diplomları biliyin, elmi axtarışların şəhadətnaməsi yox, qızların ər evinə apardığı cehiz statusu kimi dekorativ bir dəyər daşıyır...

İki cümləni bir-birinə calaya bilməyən fəlsəfə doktorları, cümləsinin xəbəri ilə mübtədası uzlaşmayan elmlər doktorları, akademiklər tanıyıram...

Bunlar azmış kimi plagiat, başqasının fikirlərini, kəşflərini mənimsəyib dədəsinin malı kimi öz adına çıxmaq baş alıb gedir (halbuki bir çox ölkələrin qanunvericiyində bu, cinayət əməli kimi təsbit olunub).

Elə sonuncu olayla bağlı başıma  gələn iki əhvalat danışım, keyfiniz açılsın.

Təxminən 13-14 ilin söhbətidir. Televizorda məşhur aktyorlarımızdan birinin həyat və yaradıcılığı barədə Aərbaycantelefilmin istehsalı olan videofilmi izləyirdim. Ssenari elə yazılmışdı ki, vizual görüntülər kadr arxasından müəllif nitqi ilə müşayiət olunurdu və mətni oxuyan da elə ssenari müəllifinin özü idi.

Filmin ortalarında qəfildən gördüm ki, müəllif illər əvvəl həmin aktyorun yaradıcılığı haqqında qələmə alıb çap etdirdiyim oçerkin mətnini oxuyur. Əvvəl çaşıb qaldım. Sonra fikirləşdim ki,  müəllif yəqin mənim oçerkimə ünvanlı mənbə kimi müraciət edib və nitqinin sonunda bunu qeyd edəcək. Amma belə olmadı - aktyorun oyun tərzinin spesifikası, ümumiyyətlə, yaradıcılığının estetik platforması barədə uzun illərin müşahidələrinə istinadən yazdığım fikirlər efir məkanına filmin xanım müəllifinin şəxsi mülahizələri, elmi tapıntıları kimi yayıldı.

Əvvəl fikir vermək istəmədim. Sonra fikirləşdim ki, bu, əslində mənim əqli mülkiyyətimə təcavüzdür (təsəvvür edin ki, biri gəlib girir sizin tikdirdiyiniz evə və deyir, bu ev mənimdir) və belə məqamda susmaq fikir, ideya oğurluğuna haqq qazandırmaq kimi bir şeydir.

Məlumat bürosundan televiziyanın nömrəsini tapıb zəng vurdum. Dəstəyi baş redaktor qaldırdı. Onu məsələdən agah edib narazılığımı, etirazımı bildirdim. O da məni sakitləşdirib məsələni araşdıracağına söz verdi.

Təxminən 1 saatdan sonra verilişin xanım müəllifi mənə telefon açıb üzürxahlıq elədi, bu biabırçı halı texniki qüsur kimi qələmə verdi (?). İncik şəkildə dedim ki, istifadə etdiyiniz mətnin müəllifi barədə məlumat vermək çətin iş idimi? Xanım dərhal dedi ki, filmin təkrar nümayişində bu xətanı aradan qaldıracaq.

Qaldırdı da...

Amma bu, məncə, daldan atılan daşın topuğa dəyməsi kimi bir şey idi. Çünki mən təsadüfən həmin filmə baxmaya da bilərdim. Bəs onda necə olacaqdı?

Bu əhvalatdan bir müddət sonra qəzetləri vərəqləyəndə adını çəkmək istəmədiyim bir qəzetdə kino mövzusunda böyük bir yazı görüb oxumağa başladım. Bir az keçmiş gördüm ki, öz əlimlə yazdığım məqalənin mətnini oxuyuram. Bir abzas... iki abzas... üç abzas... Nə dırnaq işarələri var, nə də müəllifə istinad. Ünvan bölməsindən redaksiyanın nömrəsini götürüb zəng vurdum. Dəstəyi qaldıran oğlan məni səsimdən tanıdı, dedi ki, Mədəniyyət və İncəsənət universitetində tələbəm olub. Dedim, hal-qəziyə belə-belə, bu, nədir - bu səviyyədə də plagiat olmaz, axı! Qayıtdı ki, yəqin gənc xanım müəllif (bu da xanım çıxdı!) dırnaq işarələrini qoymağı yadından çıxarıb (?). Dedim, tutaq ki, belədir, amma o yazını təkrar çap edəsi deyilsiniz ki, dırnaqları qoyub ədaləti bərpa edəsiniz!

Keçmiş tələbəm işi belə görəndə mərd-mərdanə dedi:

- Müəllim, neynəyək ey? Elə yazırsınız ki, adam özünü saxlaya bilmir. Düzü, elə mən özüm də 1-2 dəfə sizdən oğurlamışam.

Məni gülmək tutdu, dedim, filankəs, sən ki mərd-mərdanə günahını boynuna aldın, hamısını halal edirəm. İşində ol!

Bu da belə.

İNSANDAN MƏXLUQA...

Allah dünyanı - əvvəl təbiəti, sonra da canlıları, insanları yaratdı və dedi:

- Mən sizi yaratdım, ağıl və ruh verdim. Amma işlərinizə qarışmayacaq, sizə ancaq doğru yolu nişan verəcəm. Bundan sonra da hamınız bu dünyaya insan kimi doğulacaqsınız. Sonrası isə sizlikdir - nəyi seçmək, necə yaşamaq, insan kimi qalıb-qalmamaq öz seçiminizdir...

Və sayı bilinməyən illər boyu insanların öz istədikləri kimi  yaşamalarının yegənə "qazancı" bu oldu ki, insandan məxluqa çevrildilər və bu məxluqlar milyon illərdir dünyanı kəməndə salıb öz dallarınca sürüyürlər.

Haraya? Nə üçün?

Dəqiq cavab yoxdur hələ...

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet .-2024.- 9 avqust.(№141).- S.10.