Bilik və bacarıqların tətbiqini
əsas tutan təhsil proqramı - STEAM
STEAM təhsil proqramı şagirdlərin biliklərini
praktiki şəkildə tətbiq edə biləcəkləri
layihə əsaslı öyrənmə təcrübələrini
əhatə edir. Bu yanaşma şagirdləri öyrənməyə
cəlb etməyə və öyrənmənin onların həyatlarına,
eləcə də gələcək karyeralarına daha
uyğun olmasına kömək edir. STEAM təhsil
proqramının məqsədi təhsilalanlarda XXI əsr
bacarıqlarını formalaşdırmaq və inkişaf
etdirməklə real həyat problemlərinin həllinə nail
olmaqdır. Bir parçası olduğumuz rəqəmsal əsrin
tələblərinə uyğunlaşa bilmək
üçün XXI əsr bacarıqlarını özündə
formalaşdırmış mütəxəssislərə
ehtiyac duyulur. O, istənilən ölkənin inkişafı,
öz regionunda liderlik edə bilməsi üçün vətəndaşların
XXI əsr bacarıqlarının inkişaf etdirilməsinə
önəm verir. Bu baxımdan inkişaf etmiş ölkələr
təhsil sistemlərində STEAM, proqramlaşdırma, robotiks
və sair kimi innovativ istiqamətlərə
üstünlük verməkdədirlər.
Azərbaycan Respublikası Təhsil İnstitutunun
Metodik Dəstək Mərkəzinin Metodik xidmətin əlaqələndirilməsi
şöbəsinin əməkdaşı Səbinə Balayeva
deyir ki, STEAM metodikası təhsilalanlara bilikləri nəzəri
olaraq deyil, məhz tətbiqi xüsusiyyətlərini
aşkarlayaraq çatdırmağı hədəfləyir.
Bu zaman şagirdlər riyaziyyat və təbiət fənlərində
araşdıraraq mənimsədikləri müxtəlif məlumatları
gündəlik həyatlarında qarşılarına
çıxan problemlərə, layihələrdə tətbiq
etməklə öz yaradıcılıqlarını, komanda
şəklində işləmək bacarıqlarını, məntiqi
təfəkkürlərini, problem həlletmə
bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda
öyrəndikləri məlumatları tətbiq etdikləri
üçün daha yaxşı mənimsəyir, məlumat
daha uzun müddət onların yaddaşında qalır.
Seçilən problem və icra olunan layihələrin real həyatla
əlaqəliliyinə, həmçinin
şagirdyönümlü olmasına xüsusi diqqət edilir.
Onun sözlərinə görə, davamlı və
sürətli dəyişikliklərin baş verdiyi XXI əsrdə
üstünlük yaradacaq amillərin nəzəri biliklərdən
çox bacarıqlar olduğu artıq bir sıra beynəlxalq
qurumlar tərəfindən də təsdiqlənir.
Bütün bunları nəzərə alaraq, şagirdləri
xüsusilə XXI əsr bacarıqlarını inkişaf
etdirir və onları gələcək rəqabətə
hazırlayırıq: "Dünya İqtisadi Forumu tərəfindən
bu bacarıqlar 3 kateqoriyada təsvir edilib. Təməl savadlar
- şagirdlərin əsas bacarıqlarını gündəlik
fəaliyyətlərində necə tətbiq edəcəklərini
əks etdirir. Bu bacarıqlar şagirdlərdə baza rolunu
oynayaraq daha təkmil və əhəmiyyətli kompetensiya və
şəxsi keyfiyyətləri formalaşdırmağa imkan
verir. Bu bacarıqlara təkcə oxumaq və hesablama aparmaq
yox, elmi savadlılıq, İKT savadlılığı,
maliyyə savadlılığı, mədəniyyət və
vətəndaşlıqla bağlı savadlılıq
daxildir. Ənənəvi təhsil əsasən, bu
bacarıqların əldə edilməsinə fokuslanır,
lakin hazırda bu bacarıqlar XXI əsr bacarıqlarını
inkişaf etdirmək üçün baza hesab edilir.
Kompetensiyalar - şagirdlərin qarşılaşdıqları
mürəkkəb çətinliklərə necə
yanaşacağını açıqlayır. Məsələn,
tənqidi düşünmə, qarşılaşılan
problemləri həll etmək üçün vəziyyəti,
ideyaları və məlumatları aydınlaşdırma, təhliletmə
və qiymətləndirmə bacarığıdır. Şəxsi
keyfiyyətlər - şagirdlərin dəyişən
mühitə necə yanaşdıqlarını ifadə edir.
Sürətlə dəyişən bazar şəraitində əzmkarlıq,
uyğunlaşma kimi şəxsi keyfiyyətlər, maneələr
qarşısında çeviklik və müvəffəqiyyəti
təmin edir. Bəs bu bacarıqlar STEAM dərslərində
necə formalaşdırılır? Sadalanan kateqoriyaların hər
biri üzrə müəyyən bacarıqlar var ki, bu
bacarıqların STEAM dərslərində, eləcə də
layihələrin hazırlanması zamanı
formalaşdırılması və inkişafı prosesi həyata
keçirilir. Məsələn, tənqidi düşüncə,
problem həlli və analitik bacarıqlar - STEAM dərsləri
adətən praktik layihələr və real dünya problemlərinin
həlli fəaliyyətlərini əhatə edir. Bu,
şagirdləri tənqidi düşünməyə, məlumatları
təhlil etməyə və mürəkkəb problemlərin
effektiv həlli yollarını inkişaf etdirməyə təşviq
edir. STEAM dərsləri çox vaxt tənqidi
düşüncə və analitik bacarıqlar tələb edən
praktiki, layihə əsaslı öyrənməni əhatə
edir. Məhdud materiallardan istifadə etməklə
körpünün layihələndirilməsi və tikintisi
üzrə layihə - burada şagirdlər yükün
paylanması, struktur bütövlüyü və iqtisadi səmərəlilik
kimi amilləri nəzərə almalıdırlar".
S.Balayevanın dediyinə görə,
yaradıcılıq və innovasiya - İncəsənətin
STEAM-ə daxil edilməsi yaradıcılıq və
innovasiyaya təkan verir. Şagirdlər "dar çərçivə"
xaricində düşünməyə, müxtəlif
perspektivləri araşdırmağa və problemlərə
yaradıcı həll yolları tapmağa təşviq edilir.
Bu, sürətlə dəyişən dünyada çox vacib
olan innovativ təfəkkürün inkişafına kömək
edir. Məsələn, şagirdlərdən praktik işləri,
yaradıcı təxəyyüllərindəki fikirləri
texnoloji innovasiya ilə qarışdırmağı tələb
edən texnologiyanı özündə birləşdirən
incəsənət instalyasiyasının (tətbiqinin)
yaradılmasını təmin edirlər. VII sinifdə tədris
olunan "Oyuncaq robotun dizaynı" dərsi buna misal ola bilər.
Bu zaman "Tindercad" proqramının köməyi ilə əvvəlcə
3D çapa hazırlanacaq robotun yaradılması məsələsi
var, belə ki, burada şagirdlər öz
yaradıcılıq və dövrümüzün tələblərinə
uyğun dizanyda bir robot dizaynı ideası təklif edirlər.
Bir çox STEAM layihələri ümumi məqsədlərə
nail olmaq üçün müxtəlif komandaların əməkdaşlıq
etdiyi real dünya problemlərini, əməkdaşlıq
bacarıqlarını inkişaf etdirərək effektiv
ünsiyyət qurmağı, fikirləri bölüşməyi
və birlikdə işləməyi öyrənir. Robotun layihələndirilməsi
və proqramlaşdırılmasını əhatə edən
qrup layihələri - hər komanda üzvü əməkdaşlıq
və komanda işini təşviq edən proqramçı,
mühəndis və ya layihə meneceri kimi xüsusi bir rol
alır. Texnoloji savadlılıq və müasir texnologiyalara
inteqrasiya - Texnologiya STEAM-ın əsas komponenti olduğundan
şagirdlər müxtəlif alətlər, proqram təminatı
və aparatlarla işləyərək texnoloji
savadlılığı inkişaf etdirirlər. Bu, onları
XXI əsrin rəqəmsal tələblərinə
hazırlayır. STEAM dərsləri, xüsusən texnologiya və
kompüter elmlərini özündə birləşdirən dərslər
şagirdləri texnoloji savadlılıq, kodlaşdırma
bacarıqları, problemlərin həlli və
yaradıcılıq üçün texnologiyadan istifadə
etmək bacarığı ilə təmin edir. Belə dərslərə
misal olaraq proqramlaşdırma dərslərini göstərə
bilərik: "Kodlaşdırma dərslərinin fənn
kurikulumuna inteqrasiyası - burada şagirdlər sadə
proqramları proqramlaşdırmağı və ya
robotları idarə etməyi öyrənirlər, onların
texnologiya və kodlaşdırma dilləri haqqında
anlayışlarını artırırlar. Etik və sosial məsuliyyət
- STEAM dərsləri texnologiya və elmi irəliləyişlərin
etik təsirlərinə toxunur. Bu, sosial məsuliyyət
hissini, elmi və texnoloji inkişaflarla bağlı etik
mülahizələrin dərk edilməsini təşviq edir. Məsələn,
gen mühəndisliyi və ya süni intellekt kimi elmi nailiyyətlərin
sosial təsirləri və nəticələrinin müzakirəsi,
şagirdlərin etik mülahizələri araşdıran
debatlar və ya layihələrdə iştirak etməsi buna
misal ola bilər. Qlobal məlumatlılıq və perspektivlər
- Bir çox STEAM layihələri şagirdləri işlərinin
daha geniş təsirini nəzərə almağa təşviq
edən qlobal perspektivə malikdir. Bu, qlobal şüurun və
bir-biri ilə əlaqəli problemlərin
anlaşılmasına kömək edir. Bir çox müasir
çağırışlar qlobal xarakter daşıyır.
STEAM təhsili qarşılıqlı əlaqəyə
vurğu edərək şagirdləri qlobal perspektivləri və
həll yollarını nəzərdən keçirməyə
təşviq edir. Bu da XXI əsrdə fərdləri qlobal vətəndaş
olmağa hazırlamaq üçün vacibdir. Məsələn
fərqli region və ya ölkələrdən olan şagirdlərlə
ortaq bir layihədə əməkdaşlıq etmək,
şagirdləri müxtəlif perspektivlərlə
tanış etmək və qlobal düşüncə tərzini
inkişaf etdirmək buna misal göstərilə bilər.
Ömürboyu öyrənmə - STEAM təhsili öyrənmə
sevgisini və öyrənmənin davamlı, ömürboyu
davam edən bir proses olduğunu başa düşməyi təşviq
edir. Şagirdlər həyatları boyunca yeni informasiya və
texnologiyalara uyğunlaşmaq üçün lazımi
bacarıq və düşüncə tərzini inkişaf
etdirirlər. Şagirdlərdən dərslikdən kənar
mövzuları araşdırmağı, müstəqil
araşdırma aparmağı və nəticələrini
yaşıdlarına təqdim etməyi tələb edən
layihələr vasitəsilə öz-özünə öyrənmənin
təşviq edilməsi. Fənlərarası öyrənmə
və problemlərin həlli - STEAM təhsili mahiyyət
etibarilə fənlərarası əlaqəni qurmaq, təfəkkürün
inkişafi və problemlərin həllini, şagirdləri real
dünya problemlərini həll etmək üçün
müxtəlif sahələrdən biliklərdən istifadə
etməyə təşviq edir, mürəkkəb məsələlərin
vahid anlayışını gücləndirir. Elm, texnologiya və
incəsənəti birləşdirən layihənin
yaradılması. Məsələn, günəş enerjisi ilə
işləyən suvenir və ya stolüstü lampaların,
heykəllərin hazırlanması, küçə
işıqlandırma sistemləri və yol hərəkəti
nişanlarının layihələndirilməsi, qurulması,
problemin həllinə fənlərarası yanaşmanın təşviq
edilməsi buna misal ola bilər. Real dünya tətbiqləri və
real həyata adaptasiya - STEAM təhsili bilik və
bacarıqların sürətlə yenilənən
hazırkı dünyada tətbiqinin vacibliyini
vurğulayır. Şagirdlər gələcək
karyeralarında qarşılaşa biləcəkləri
çətinlikləri əks etdirən praktik layihələrlə
məşğul olurlar və bu, öyrənmə təcrübəsini
daha mənalı və praktik edir".
Sevinc QARAYEVA
525-ci qəzet.-2024.-10 avqust №(142).- S.23.